adalet.az header logo
  • Bakı 17°C

MiLYARDERLƏR YUXU GÖRüRMü?

MƏZAHİR ƏHMƏDZADƏ
49651 | 2009-07-11 00:09
... AST Telman mövzusu ara-sıra səngisə də heyrətamizlik və aktuallıq perspektivini saxlayır. Qəzetlər Rusiya-Türkiyə-Azərbaycan üçbucağında bu məşhur milyarderin biznes və yaşam marşrutunu izləməkdədir. Antaliyada inşa edilən 1,4 milyardlıq 7 ulduzlu "Mardan Palace"dən sonra az qala ucu-bucağı görünməyən Çerkizovo da kölgədə qaldı. Və doğrudan da "İkibaşlı" nəhəng qartalın qanadları deyəsən elə öz soyuq kölgəsini bu varidatın üstünə çəkməkdədir. Hələ başqa-başqa qorxulu şeylərdən də söhbət açılır. Axı Rusiya gerçəkdən böyük dövlətdir və bu dövlətin diqqətində olmaq o qədər də sadə anlaşılmamalıdır.
   
   Bizim bunlarda işimiz yoxdur. Hər halda Azərbaycan əsilli, Göyçay doğumlu Telman İsmayılovun daha böyük uğurlar qazanmasını arzulayırıq. Mətbuatda isə məsələnin başqa tərəfi də müəyyən məqamlarda gündəmə gəlir, bəzən öləziyir, bəzən də yenidən istiqamətlənir. Bunlardan biri də AST Telmanın Azərbaycanla, xüsusilə doğulub boya-başa çatdığı Göyçayla bağlı faktların araşdırılması cəhdləridir. Qəzetlər milyarderin nisbətən qapalı qalan bu dövrünü də əfsanələşdirmək, fantastik çalarlarla qabartmaq həvəsindədirlər. Çox böyük sərvətə - AST Şirkətlər Qrupuna, nəhəng ticarət obyektlərinə, villalara, otellərə, avtomobillərə, yaxtalara, qızıla tutulmuş özəl təyyarəyə , "Mardan Palace" kimi unikal dəbdəbəyə sahib olan Telman İsmayılovun Göyçayla bağlılığı hansı səviyyədədir, Telman İsmayılov göyçaylılar üçün varmı? Mənim hər gün həvəslə baxıb oxuduğum bir sıra qəzetlər, o cümlədən "Yeni Müsavat" da AST-nin Göyçay izlərini iki qəzet məqaləsində istədiyi kimi tapa bilməyib yarımçıq saxlamışdı. Başqa cür mümkün də deyildi - Göyçayda Telmanı çox adam tanıyır. AST Telman haqqında isə hamı necə, göyçaylılar da eləcə üzdə olan məlumatlara malikdirlər, azərbaycansayağı qürur məsələsi də öz yerində. Ancaq burada bir sıra yanlış fikirlər, yoxlanılmamış faktların əks-sədası sonralar diqqəti cəlb etməli, mövzuya bir daha qayıtmağı zəruriləşdirirdi. Müxbiri qınamaq da olar, qınamamaq da. Əgər dünyaca məşhur milyarderin valideynlərinin məzarlarını "Simon dayısı" ilə cuhud qəbristanlığında axtarmağa gedib tapa bilmirlərsə və sonradan Bakıdakı qohumlar vasitəsiylə Moskvada olduğunu öyrənirlərsə, bu hansı məntiqin və peşəkarlığın fantaziyasıdır? ?stəlik hələ "sonuncu mogikan" keçmiş keqebeşnikdirsə. Yəni Simon Raxamimov dayı...
   
   Mən bu mövzuya toxunmaq istəmirdim, macəraçılıq da mənim stilim deyil. Ancaq bəzi məsələlərə konkret münasibət bildirmək, lazım gələrsə şərh etmək mümkündür.
   
   Mən əslən göyçaylıyam. Əvvəlcədən deyim ki, Telman İsmayılov AST olmayınca Göyçayda onu tanımaq və xatırlamağın özü çox məhdud mühitin tərəddüdləridir. Atası Mərdan kişini isə həqiqətən adla deyiblər: "Mərdanın dükanı". AST fenomeninin gözqamaşdıran işığından azca keçmişə qayıda bilsək, bəzi başqa suallara da cavab taparıq.
   
   Göyçayda yerli camaatın cuhud adlandırdığı dağ yəhudiləri, qəzetlərin yazdıqları kimi 30-40 ailədən ibarət olmayıb. Cuhudlar Azərbaycanın şimal-şərq bölgəsinin müəyyən dağlıq ərazilərində yaşayıblar və müəyyən icmaları indi də İsrailə köçməkdən imtina edirlər. Burada siyasi bir çalar da yoxdur, sadəcə bəzi insanlar milliyyətindən və dinindən asılı olmayaraq Vətəni öz dünyagörüşlərinə və qəlb istəklərinə görə müəyyənləşdirirlər. Onların yaşadıqları yerlər Qubadan tutmuş Şəkiyə qədər kənd-kənd, məhəllə-məhəllə yaddaşlarda qalıb. Bir çoxlarının adları dəyişdirilsə də. Dağ yəhudilərinin İsmayıllının Mücü, Həftaran və bir neçə başqa kəndlərindən savayı Oğuz rayonunda da yaşayış məskənləri, yurdları mövcuddur. Qəribədir ki, dağ yəhudiləri şimal-şərq istiqamətində Oğuzdan o tərəfə - qədim və varlı Şəkiyə keçməyiblər. Hələ belə bir lətifə də yaranıb ki, hər yerdə çörəyini qazana bilən bu fərasətli xalq, xırda ticarətdən tutmuş gizlin qızıl-brilyant alverinə qədər bütün məqamlarda şəkililərə uduzublar. "Şəkidə cuhud da baş çıxara bilməz" deyimi də burdan qaynaqlanıb. Güman ki, keçmişlərdə belə olub. Mən şəkililəri çox sevirəm, ən çox dost-tanışım olan səmimi camaatdır. Yəqin məndən inciməzlər. İndi oralarda başqa cürdür, cuhud nədir, özbək də aldadır onları...
   
   ... Göyçay dağ yəhudilərinin kompakt yaşadıqları yeganə aran rayonu olub. Əvvəllər Birinci Ərəb kəndi adlanan, sonralarsa şəhər ərazisinə qatılan bir-birinə paralel üç küçədə təxminən 120-150 ailə olaraq yaşayıblar. Onların məşğuliyyəti nədən ibarət olub? Ayaqqabı təmizləyən, xörəkpaylayan, dərzi, şapkaçı, kiçik ticarət: sap, oymaq, iynə, qıyıq, düymə və yadımda qalmayan digər xırdavatlar. Əslində tədricən qızıl onluqlara çevrilən diqqətdənuzaq qəribə biznes. Bəzi hallarda iri ticarət. Məsələn, Mərdan kişi kimi: kostyum, parça, ayaqqabı... ?zü də Şılıx Nadir kimi as ticarətçi ilə yan-yana. Mərdan kişini, Mərdan kişinin mağazasını şəhərin əksər sakinləri tanıyırdı. Qohumum Sənan əmi deyirdi ki, Mərdan çox ağayana insan və dürüst ticarətçi olub.
   
   Bu bir təsadüf idimi, nə idimi, mən orta məktəbi bitirdikdən sonra, istər Bakıda təhsil alanda, istərsə də Göyçayda komsomol işində çalışanda həmyerlilərim olan cuhudlar arasında 10-15 nəfər müntəzəm görüşüb yoldaşlıq, dostluq etdiyim tay-tuşlarım vardı. Hətta sonralar qəzetdə işləyəndə redaktor müavinimiz olan Əli Süleymanovu hələ də unuda bilmirəm. Qəribəydi, bu kişi Sovet hökumətindən, Kommunist Partiyasından ötrü canından keçməyə hazır olan müharibə veteranı idi. Biz gənclərə də məsləhəti belə olurdu: "Partiyanın uğurlarından yazın, qurultaylardan, Brejnevdən sitatlar gətirin, bu çinar ağaclarından, güldən, yarpaqdan bir şey çıxmaz..."
   
   
   
   Mən yəhudi dostlarımdan (indən belə cuhud yazmayacağam, artıq bu günlərə yaxınlaşırıq) Yefim dediyimiz İbrahimi, "Nos" çağırdığımız Rəhmanı, Vaqifi, Eldarı, Tahiri, Gülxanımı, Zahidəni... hər gün yalan olar, ancaq hələ də xatırlayıram, unutmuram. Onlar 15-16 il əvvəllərə kimi İsraildən, Almaniyadan, İngiltərədən Bakıya gələrdilər, sonra da Göyçaya baş çəkərdilər. Mütləq məni də axtarardılar, ya Bakıda, ya Göyçayda. Çünki bir zamanlar heç kimə deyə bilmədiklərini, müəyyən sirlərini mənə söyləyib dərdləşmişdilər, mənə etibar etmişdilər. Onlardan ən cavanı Arsen həkim sonuncu köçənlərdən idi, 15 il qabaq ağlaya-ağlaya getdi. Hələ də telefonda Göyçay, Nizami, çeçen İlqar, kənkan Nadir, Göyçay-Gəncə yolları deyib ağlayır. Bunun nə sirr olduğunu başa düşmək asan da deyil, yüz yerə yozulur. Hər halda bu insanlar üçün Göyçay və "cuhudlar məhəlləsi" doğmalıq baxımından insani hisslərə köklənir. Onlar 70-80-ci illərdə rayon əhalisinə elə qaynayıb-qarışmışdılar ki, bu, artıq ailəvi və nəsil dostluqlarına, müstəsna hallarda qohumluğa çevrilirdi. Xeyir-şər məclisləri, ümumrayon təəssübü, göyçaylı olmağın qüruru... Dostumuz İbrahimin yeznəsi, gözəl Gülxanımın əziz qardaşı Rəfael avtoqəzada həlak olanda bütün Göyçay yas içindəydi. Onun dəfnində küçələri və qəbiristanlığı insan axını tutmurdu... 200-300 nəfər yəhudi, 1000-1500 nəfər azərbaycanlı! Bu rəqəmlərin və bu faktın mənasını anlamaq bir elə çətin iş deyil.
   
   ... Telman İsmayılov həqiqətən Göyçaydakı 5 saylı məktəbin VIII sinfini bitirib. Daha qəzetlərdə hansısa ləzgi millətindən olan bir xanımın söylədiyi kimi, burada azsaylı xalqlar üçün rus bölməsini yox. Bu məktəbdə heç zaman əlavə bölmə fəaliyyət göstərməyib. Familiya məsələsi də digər fantaziyaların oxşar variantıdır. Elə sözləri Azərbaycan dilində yazılmış "venetka"nın özü də. Qaldı məşhur milyarderin əslən haralı olması, bu, təbii ki, araşdırma və müzakirə mövzusu ola bilməz. Baxmayaraq məşhurlaşandan, milyarder olandan, ad günlərində, müxtəlif təntənələrdə estrada ulduzlarına milyonlar xərcləməyə başlayandan sonra bir daha doğulduğu, böyüdüyü, təhsil aldığı, havasını udduğu, çay və arxlarında çimdiyi doğulduğu rayona gəlməyib, həmyerlilərinin, sinif yoldaşlarının, uşaqlıq dostlarının həyatı onu maraqlandırmayıb. Kimlərsə gedib on günlərlə əziyyətdən sonra Telmanın qəbuluna düşə bilibsə, müəyyən bir ehtiyacını bəlkə də həll edib. Və yaxud Moskvada yaşayanlardan onun obyektlərində çalışıb dolanıblar. Ancaq bu nəhənglikdə oliqarxın doğulduğu rayonda bir məktəb tikdirməməsi, bir müəssisə açmaması, göyçaylıyam deyib, bu şəhərin küçələrini gəzməməsi, uşaqlıq xatirələri ilə Məmli kişinin bamiyəsini, qırmızı siroplu suyunu axtarmaması, nostalji yaşamaması... Elə bu səbəbdən də müxbirlər Göyçayda AST barədə istədikləri məlumatları toplaya bilmirlər, mistik qaynaqlar axtarırlar. Yaxın qohumu Simon kişi də onu əməlli-başlı tanımır, eləcə "bizim Mərdanın oğludur" deyir.
   
   Mərdanın oğlu Telmanı isə bütün dünya tanıyır və ona heyran qalır. Fantastik varidatı, əliaçıqlığı, uğurları, müəyyən problemlərlə üzləşməsinə baxmayaraq xoşbəxtliyin ən uca zirvəsində qərarlaşması ilə dünyanı heyrətləndirən, ən məşhur "Mən"ləri ayağına gətirən Telman İsmayılov təkcə öz göyçaylılarını təəccübləndirə bilmir. Paradoksdurmu? İndinin özündə də düzənini, müəyyən koloritini saxlayan o məhəllə, oxuduğu məktəbin qarşısındakı şam ağacları, azca aşağıdakı bazar və dükanlar, evlərinin qarşısından keçən Əlvan çayı görən neçə dəfə yuxularına gəlib? Gəlibmi? Bəlkə milyarderlər yuxu görmürlər heç? Axı o, sənət adamlarıyla da dostluq edir. Qonorarları milyonlarla hesablanan kino, estrada ulduzları bir yana, eşitdiyimə görə bizim Zakir Fəxrinin də şerlərini xoşlayır. Bu səbəbdən bir az sentimentallığı olmalıydı...
   
   

TƏQVİM / ARXİV