adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

BiZ YAMSILAMALIYIQ, SUSMALIYIQ?..

BABƏK YUSİFOĞLU
53814 | 2009-07-11 00:09
Bu gün Çin dövlətinin ərazisində yerləşən Şərqi Türkistan deyilən coğrafi məkanda soy köklərinə görə türklərin bir qolu olan uyğurlar Çin hakimiyyətinin qurduğu siyasət nəticəsində dəhşətli soyqırım yaşayırlar. Çinlilərin uyğurlara qarşı zorakı hərəkətlərinə cavab olaraq Urmiçidə başlanan etiraz səslərini boğmaq üçün mərkəzi hakimiyyət böyük sayda əsgəri bölgəyə yeridib. Guya sakitliyin qorunması üçün bölgəyə gələn güclər yüzlərlə uyğurun qətlə yetirilməsinə baxmayaraq kütləvi şəkildə uyğurları evlərdən, küçələrdən yığaraq həbsxanalara doldurublar. Vəziyyətdən sui-istifadə edən azğınlaşmış çinlilər isə soyuq silahlarla silahlanaraq uyğurları öldürməkdə davam edir.
   
   
   
   Ermənilərin öz müqəddəratlarını təyinetmə hüquqlarını 20 ildir bizim gözümüzə soxan Qərb məmnuniyyətlə susur. Öldürülən türklərin qanını görmür, ucalan fəryadları eşitmir, onların pozulmuş hüquqlarını insan hüququ saymır. Çünki Çin xristian dövləti olmasa da bu gün məhz onların antitürk, antimüsəlman siyasətini həyata keçirir. Və məntiqə görə, onlar özlərinin əzəli və əbədi siyasətlərinə qarşı gedə bilməzlər. Bunu onlar yüz illərdi bilir, nəhayət bizim də bilməmiz, dərk etməmiz lazımdı. Özümüzü aldatmaqla, nəyinsə düzələyəcəyinə inanmaqla heç nə dəyişməyəcək.
   
   Şərqi Türkisanda başlanan və bu gün də davam edən soyqırım haqda, ümumiyyətlə, orada cəryan edən olaylar haqda mətbuat kifayət qədər məlumat yayıb. Yəni Çindəki qapalı rejimdən nə qədər məlumat əldə etmək mümkündürsə, o qədər yazılıb. Bu yazımda onları təkrarlamaq istəmirəm. Qabartmaq istədiyim başqa məqamlardı.
   
   Baş verən bu qətliama Türkiyədən artıq sərt təpkilər gəlməyə başlayıb. İndi Türkiyədə Çin istehsalı olan bütün mallara embarqo kampaniyasına hazırlaşırlar. Və əlbəttə, 70 milyonluq Türkiyədə bu proses başlayarsa, Çin bir dövlət olaraq bunun iqtisadi acısını mütləq çəkəcək. Amma çox vacibdir ki, Çin istehsalı olan mallara ictimaiyyətin embarqo hərəkatına digər türk və müsəlman ölkələri də qoşulsun. Əgər türk və müsəlman ölkələrində təkcə ictimaiyyət bu prosesə qatılsa, Çinin iqtisadi cəhətdən şübhəsiz ki, dizi büküləcək. Onda anlayacaqlar ki, dünyada onlardan da başqa güc var və bu güclə hesablaşmaq lazımdır.
   
   Amma çox təəssüf ki, hələ başqa türk respublikalarını demirəm, Azərbaycanda baş verən olaylara bəzi hallarda çox fərqli münasibətlər ortaya qoyulur. Özü də ən pisi odur ki, məsələlərə bu cür münasibət məlumatsız, sıravi vətəndaşlar tərəfindən deyil, özünü siyasətçi hesab edən şəxslər tərəfindən səsləndirilir. Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev mətbuata ("Bakı Xəbər") verdiyi açıqlamalarında bildirir ki, bütün bunlara Çinin daxili işi kimi baxmaq lazımdır.
   
   Əli müəllim hətta uyğur qətliamına bu və ya digər şəkildə reaksiya verən siyasi partiyalara "məsləhət" görür ki, Azərbaycanın müxtəlif partiyalarının etiraz aksiyası keçirməsi Çində baş verənlərə təsir göstərməyəcək. "...Avropa Birliyinə üzv olan dövlətlər həmin hadisləri Çinin daxili işi hesab edirsə, Azərbaycanda hakimiyyət uğrunda mübarizə aparan partiyaların bu məsələyə münasibəti uyğur toplumuna heç bir fayda verməyəcək".
   
   Əli müəllim, siz partiya sədri olduğunuz üçün gərək biləsiniz ki, etirazın ən müxtəlif formaları var. Əgər bilirsinizsə sadalamağa ehtiyac görmürəm, yox, bilmirsinizsə onda məsləhət görürəm ki, öyrənin, sonra bu haqda danışın. Amma bəzi məqamları aydınlaşdırmaq istəyirəm. Sizcə insanlığa, daha konkret desək, uyğurlara qarşı soyqırım həyata keçirilirsə, ona etiraz səsini qaldırmaq üçün qabaqcadan Çin iqtidarından müsbət nəticə haqda arayış almaq nə qədər vacibdir? Yəni deyirsiniz, öldürənlərə ETMƏYİN də qışqırmayaq? Yəni əlimizdə işimiz var deyib heç səsimizi çıxarmayaq? Yəni - uyğurlara faydası olmayacaq - sözləri ilə vicdanımızı susdurub daşdan, qayadan olaq? Nə olaq, Əli müəllim, nəyi məsləhət görürsünüz?
   
   Yəni biz öz ölkəmizdə də ən azı ictimai rəyi Çinin ziyanlı "şmotkaları"na qarşı, çin mallarına qarşı yönəltməklə də var olduğumuzu onlara hiss etdirə bilmərik? Nə üçün cəmiyyətə bu fikirləri aşılamağa çalışırsınız? Niyə siz hesab edirsiniz ki, biz mütləq Avropa Birliyinə üzv dövlətlərini yamsılamalıyıq? Onlar susurlarsa, biz də susmalıyıq. Doğrudanmı siz partiya sədri kimi yox, lap bir insan kimi orada günahsız insanların öldürülməsinə, ümidsizlik içərisində qovrulan uyğur qadınların fəryadına belə acımadan reaksiya verə bilirsiniz?
   
   İddia edirsiniz ki, hakimiyyət uğrunda mübarizə aparan partiyaların bu məsələyə münasibəti uyğur toplumuna heç bir fayda verməyəcək. Haradasa kimlərsə bu fikirinizi bölüşə bilər. Elə isə niyə onda mübarizənizin heç vaxt sizi hakimiyyətə gətirməyəcəyini bilə-bilə bu işlə məşğulsunuz? Niyə axı özünüz heç bir fayda verməyəcək bir işin sədr kreslosunda oturursunuz? Əslində bu sualların cavabını çoxları bilir, bəlkə indi özünüz onları ictimaiyyətə açıqlayasınız.
   
   Mən isə belə hesab edirəm ki, bu gün hamı bir nəfər kimi səsini bacardığı səviyyədə soyqırıma məruz qalan uyğurların səsinə qatmalıdır. Orada kommunist rejimi, azğınlaşmış çinli şovinsiltər türkləri qırırlar, İraqdakı türkmənlər tək. Orada müsəlmanlar kütləvi şəkildə qətl edilirlər, eynən Xocalıda olduğu kimi. Orada insanlığa qarşı qətliam keçirilir, Qarabağda keçirilən kimi... Amma mən inanıram ki, bunun üçün danışa bilən danışacaq, yaza bilən yazacaq, yardım edə bilən yardım edəcək, ultimatum verə bilən ultimatum verəcək. Hamı da Çindən gələn heç nəyi, bir kibriti belə almayacaq. Əks "faydası"nı siz duymasanız da çinlilər bunu yetərincə hiss edəcək...

TƏQVİM / ARXİV