adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

ƏDALƏT MƏHKƏMƏSi,

17632 | 2009-07-11 00:09
1938-ci ilin mart ayının 2-dən 13-nə kimi Moskva şəhərində keçmiş partiya və hökumət rəhbərləri, eləcə də bir qrup səhiyyə işçisi üzərində növbəti məhkəmə qurulmuşdu. Tarix kitablarında onun adı üçüncü Moskva prosesi deyə qeyd olunur. ?lkənin Baş Prokuroru A. Vışinskinin dövlət ittihamçısı kimi iştirak etdiyi məhkəmə hakim V. Ulrixin sədrliyi ilə keçirdi.
   
   Vasili Vasilyeviç Ulrixin (1889-1951) tərcümeyi-halında peşə ixtisası qrafasında professional inqilabçı sözləri yazılıb. Yəni, bu adamın nə ali təhsili var, nə də ixtisası. 1910-cu ildən Sosial-Demokrat Fəhlə partiyasının üzvü kimi gizli fəaliyyətlə məşğul olduğu üçün professional inqilabçı sayılıb. 1918-ci ildə Petroq-radda ÇK-nın maliyyə şöbəsinə rəhbərlik edib. Xalq Komissarları Sovetinin sədri Vladimir İliç Leninin katibliyində işləyən Anna Kassellə (1992-1974) ailə həyatı qurmağı, görünür karyerasında müəyyən irəliləyişə səbəb olub. 1919-cu ildə daxili mühafizə qoşunları qərargahının komissarı, az sonra Qara və Azov dəniz hərbi qüvvələrinin xüsusi şöbə rəisi təyin edilib. 1922-ci ildə Krımda ağ qvardiyaçı zabitlərin həbsində və güllələnməsində canfəşanlığı ilə fərqlənən Vasili 1926-1948-ci illərdə artıq Ali Məhkəmənin Hərbi kollegiyasının sədri vəzifəsinə yiyələnmişdi. Hüquq təhsili olmayan bu adam 1935-38-ci illərdə eyni zamanda SSRİ Ali Məhkəməsinin sədr müavini vəzifəsini də daşıyırdı. Otuzuncu illərin siyasi baxımdan ən səs-küylü məhkəmə prosesləri onun rəhbərliyi ilə aparılıb. 1934-cü ildə Kirova qarşı törədilən terror aktından sonra cinayətdə nəinki əli, hətta tozu olmaqda belə şübhəli bilinənlərə ağır cəza kəsən 35 yaşlı prinsipial inqilab keşikçisi öz mövqeyini kifayət qədər möhkəmlətdi. Bu minvalla ədliyyə general polkovniki rütbəsinə qədər yüksəldi.
   
    Andrey Yanyaryeviç Vışinski (1883-1954) isə V. Ulrixdən fərqli olaraq professional təhsil görmüşdü. Hələ inqilabdan əvvəl Kiyev universitetinin hüquq fakültəsini bitirmişdi. Maraqlıdır ki, inqilabı fəaliyyətinə görə 1905-ci ildə həbs olunanda cəzasını Bakının Bayıl həbsxanasında çəkmişdi. Stalinlə kamera yoldaşı olmağı gələcəkdə işinə çox yarayacaqdı. Hətta, müəyyən mərhələdə ciddi sıxıntılarının qarşısını alacaqdı. O da məlumdur ki, Vışinski Bakı gimnaziyalarından birində müəyyən müddət dərs deyib, həm də vəkillik praktikası ilə məşğul olub. Rusiyada Fevral inqilabı nəticəsində Kerenski hakimiyyətə gələndə o, Petroqradın bir rayonuna milis komissarı təyin edilib. Həyatının ən qəribə hadisəsi də elə o vaxt baş verib. Müqvəqqəti hökumət tərəfindən Almaniyanın xeyrinə casusluqda günahlandırılan Leninin həbs olunması üçün komissar öz ərazisində geniş miqyaslı axtarış tədbirləri aparılması barədə sərəncam imzalayıbmış. Oktyabr inqilabından sonra Stalinlə Bayıl həbsxanasından başlanan şəxsi dostluğu məsələnin açıbağardılmasının önünü kəsdi. Əslində hüquq elmləri doktoru Vışinskinın bəxt ulduzu Leninin vəfatından sonra parladı. 1925-ci ildə Moskva Dövlət Universitetinin rektoru oldu. Müəyyən fasilələrlə müxtəlif vəzifələrdə çalışdı. 1935-ci ildən 1939-cu ilə kimi SSRİnin Baş prokuroru təyin edildi. Eyni zamanda elmi fəaliyyətini davam etdirən prokuror SSRİ Elmlər Akademiyasına həqiqi üzv seçildi. Haqqında danışdığımız məhkəmədə isə Andrey Vışinski dövlət ittihamçısı olaraq çıxış edirdi. Cinayət məsuliyyətinə cəlb olunan 21 nəfərin arasında bir vaxtlar Leninin yaxın silahdaşı, StalinTrotski qarşıdumasının həlledici mərhələsində Stalin tərəfdaşı, Kobanın ərklə "Buxarçik", deyə çağırdığı " partiyanın sevimlisi" Nikolay Buxarin (1888-1938), Xalq Komissarları Sovetinin sədri vəzifəsində Vladimir İliçi əvəz edən Aleksey Rıkov (1881-1938) kimi tanınmış simalar da vardı. Fəqət bizim mövzu bilavasitə Maksim Qorki ilə əlaqəli olduğundan məhkəmə prosesinin yalnız ata və oğul Peşkovların ölümünə aid epizodlarına toxunmaq istəyirəm.
   
    Rəsmən açıq Məhkəmə adlansa da, prosesin gedişində qaranlıq məqamlar yetərincə vardı. Salonda yerli mətbuat nümayəndələri ilə yanaşı, xarici jurnalistlərin iştirakına icazə verilmişdi. Əslində bu məhkəmə futbol yarışmasının videoyazısına bənzəyirdi. Hesab əvvəlcədən bəlli olduğundan nəticəni 90 dəqiqə gərginliklə izləməyə dəyməzdi. Qalib də, məğlub da məlum idi. Məhkəmə sanki günahı sübuta yetiriləsi müttəhimləri deyil, aqibəti bəlli olan məhkumları mühakimə edirdi. Sən dünyanın işinə bax ki, 1937-ci ilin qurbanları sırasında öndə cərgədə kim olsa yaxşıdır? Daxili İşlər xalq komissarı Yaqoda!
   
    Yaqodanın köməkçisi mayor Pavel Bulanov (1895-1938) məhkəmədə mıx kimi onun üzünə durdu ki, komissar öz şkafında saxlanılan zəhərli maddələri xüsusi tapşırıqla məxfi agentlərə verərmiş. Məxfi laboratoriyanın varlığından ölkə başçısının bixəbər olması inandırıcı səslənmir. Hadisələrin gedişi göstərirdi ki, təhlükəsizlik Baş komissarı Yaqoda mahiyyət etibarı ilə ali dərəcəli buyruq qulu idi. Qulu istənilən vaxt almaq da olar, satmaq da. Xalq komissarına xalq hökumətində xalqın böyük rəhbərindən başqa kim tapşırıq verə bilərdi? Yaqoda öz başıyla iş görən olsaydı, bəlkə də çanaq onun öz başında sınmazdı. Yaqodaya qarşı bir neçə ittiham irəli sürülmüşdü: L.D.Trotrski ilə gizli əlaqə saxlamaqda, "antisovet sağtrotskiçi blok" la əməkdaşlıqda, Kremldə dövlət çevrilişi hazırlamaqda, keçmiş rəisi V.Menjinskinin, görkəmli dövlət xadimi V.Küybışevin, Maksim Qorki və oğlunun ölümündə, xarici dövlətlərin xeyrinə casusluq fəaliyyətində, S.M.Kirova qarşı törədilən terror aktında müqəssir bilinirdi. Yaqoda iki epizodu istisna etməklə demək olar ki, bütün ittihamları boynuna aldı: casusluq fəaliyyəti və Kirovun qətli ilə bağlı məsələlərə qətiyyən əlaqəsi olmadığını məhkəmənin diqqətinə çatdırmağa çalışdı. Hətta onu da dedi ki, əgər mən xarici dövlətlərin maraqlarına xidmət etsəydim, həmin ölkələrdə kəşfiyyat idarələrini çoxdan ləğv edərdilər.
   
    Müttəhimlər kürsüsündə alışıb yanayana Yaqoda ilə yanyana əyləşən Kremlin mötəbər həkimləri L.Levin, D. Pletnyov, İ.Kazakov Maksim Qorki və onun oğlu, eləcə də iki yüksək vəzifəli dövlət xadiminin ölümündə günahlandırılırdı. Və məhkəmənin gəldiyi nəticəyə görə, baş verən bütün fitnəfəsadların mabədi şübhəsiz ki, xaricdə sığınacaq tapıb su bulandırmaqla məşğul olan Lev Davıdoviç Trotski idi. Belə çıxdı ki, Buxarin də, Rıkov da Trotskinin tapşırıqlarını yerinə yetirirmişlər.
   
    Hadisələri uzaqdan izləyən Lev Davıdoviçinsə Moskvada baş verənlərə öz münasibəti vardı. Peşkov ailəsinin məqsədyönlü şəkildə öldürülməsi ona inandırıcı gəlirdi. Onun fikrincə, mühakimə edilən həkimləri heç kim şərləmirdi. Çinayətin törədilməsində onların iştirakı olmuşdu. Fəqət əməliyyat Yaqodanın göstərişi deyil, rəhbərliyi ilə həyata keçirilmişdi. Trotski Qorkinin ölümünün ilk növbədə Stalinə lazım olduğunu izah etməyə çalışaraq deyir ki, Maksim Qorki nə siyasətçi idi, nə də suiqəsdçi olub. O, ürəyi yumşaq, rəhmdil adam idi. Haqsız incidilənlərə, günahsız tutulanlara qəhmər çıxan, köməksizə əl uzadan ziyalı kimi el-obada hörmət qazanmışdı. Sovetlərin ilk illərində, xüsusən birinci və ikinci beşilliklər dövründə cəmiyyətdə narazılıq dalğası xeyli artmışdı. Din xadimləri, ruhanilər çıxılmaz vəziyyətə salınmışdı. Narazılar arasında Stalinin həyat yoldaşı Nadejda Aliluyevanın da adı çəkilirdi. Qorki beynəlxalq aləmdə qazandığı nüfuzuyla heç özü də bilmədən hakimiyyət üçün get-gedə real təhlükə mənbəyinə çevrilirdi. O, daim Avropanın tanınmış simaları ilə əlaqə saxlayırdı, tez-tez evində xarici qonaqları qəbul edirdi. ?lkənin hər yerindən ona müraciət edənlərin dərdinə şərik çıxırdı. O, məmləkətdə də ictimai fikrin formalaşmasına təsir gücünə malik şəxsiyyət kimi tanınırdı. Onu bircə anda susdurmaq, həbs etmək, yaxud sürgünə göndərmək asan məsələ deyildi. Xalqın sevimlisi olan insanları təbii üsulla zərərsizləşdirmək daha məqbul sayılırdı. Bu isə ancaq Yaqodanın qapalı "əczaxana" xidmətinin köməyi ilə mümkün idi. Trotskinin fikrincə Kremlin sahibi Qorki probleminin həllində ona görə yanlış üsullarla tədavi aparma və zəhərlənmə vasitəsini seçdi. Bu barədə tapşırıq alan komissar həkimlərini təlimatlandırdı. Həkim Levin məhkəmədə etiraf edir ki, onun təklifindən imtina etmək mənim və ailə üzvlərim üçün ölüm demək idi. Çünki, heç nədən çəkinməyən bu qorxunc insandan qurtuluş olmadığını hər kəs bilir.
   
   Lev Levin haqlı idi. Yaqodanın necə qəddar və amansız olduğunu hamı bilirdi. Amma tək onun deyil, başqalarının da hansı əməllər sahibi olduğunu bilməyən yox idi. Adamın təkcə qollarını, ayaqlarını qandallamırlar. Qandalın ən yekəsi, özü də acarsızı dilə, ağıza vurulur. O zaman naçar qalırsan. ?zün azadlıqdan məhrum olmağın bəs deyilmiş kimi, hələ sözünü, diləyini içində dustaq edirsən. Qəlbin qırılsa da ürəyin yenə azadlıq sorağında çırpınır. Zülmə tab gətirməyən bircə ruhun olur ki, o da səni zalımların əlində yalqız buraxıb göylərə ucalır.
   
   
   
   (ardı var)
   
   

TƏQVİM / ARXİV