adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

ATA İZİNİN SORAĞINDA

ƏBÜLFƏT MƏDƏTOĞLU
58955 | 2015-02-13 10:46
O, təkcə övlad borcunu yerinə yetirmir

Redaksiyamıza qürbətdən bir qonaq gəlmişdi. Bir vaxtlar indi qürbət dediyimiz həmin o məkan bizim də aid olduğumuz böyük bir dövlətin vilayəti idi, elə indi də vilayətidi. Amma indi artıq biz o SSRİ deyilən məkandan ayırılıb öz müstəqil cümhuriyyətimizin bayrağı altında yaşayırıq. Müstəqilliyimizin gücü, əhəmiyyəti və möhtəşəmliyi danılmaz bir faktdı. Amma dana bilmədiyimiz bir məqam da var. O da Azərbaycanın həm çar dövründə, həm də sovet dönəmində Rusiya ilə bağlılığı, onun içərisində olmasıdı. Təbii ki, bu da bizim tariximizə etdiyi təsir qədər də həyatımıza, yaşayışımıza, dünya görüşümüzə öz naxışlarını vurub. Hətta biz o böyük imperiyanın təəbəsi kimi onun müdafiəsi uğrunda da döyüşmüşük. Yəni o imperiyaya edilən basqılarda, hücumlarda öiz də sildaha sarılanlar arasında olmuşuq. Tarixə nəzər salmaq, Azərbaycanın ən böyük generalları çar ordusunda xidmət edibdi, sonar sovet ordusunda. Eləcə də Azərbaycanın ən əfsanəvi qəhrəmanları şücaətləri ilə hər kəsi heyrətə salan Mehdi Hüseynzadəsi, Gəray Əsədovu, Həzi Aslanovu, İsrafil Məmmədovu, Qafur Məmmədov və daha neçə-neçə övladı sovet-alman müharibəsində adlarını hərb tarixinə qızıl hərflərlə yazdılar.
Yazının əvvəlində bir ifadə işlətmişdim. Söyləmişdim ki, redaksiyamıza qürbətdən, yəni uzaq Sibirdən təşrif buyuran, əslən Azərbaycanda, daha doğrusu, Naxçıvanda, onun Şərur rayonunun Qarabağlar kəndində doğlumuş bir həmyerlimiz təşrif buyurmuşdu. Tanış olduq. Bu ortayaşlı insan ömrünün son 15 ilini Rusiyada yaşayıb-işləməyə həsr etmiş Hüseynqulu Nağı oğlu Nağıyevdi. Öncə hal-əhval tutduq. Sonra gəlişinin məqsədinə keçdi. Bildirdi ki, atamla bağlı danışmaq istəyirəm. Təbii ki, onun bu sözü diqqətimi çəkdi və maraqla:
- Buyurun, eşidirəm - dedim.
O, söhbətə başlamadan öncə çantasını açdı və bir xeyli sənəd çıxarıb yazı masamın üzərinə qoydu. Onların arasında şəkillər, qəzetlər, kataloqlar, şəxsiyyətini, fəaliyyətini göstərən möhürlü kartlar və sairə var idi. Bundan sonra Hüseynqulu müəllim ağır-ağır söhbətə başladı. Başlayan kimi də ilk öncə vurğuladı ki, atam Nağı Nağıyev partiyaz olub, özü də əfsanəvi partizan. Təəssüf ki, onun döyüş yolunu, onun qəhrəmanlıqlarını Azərbaycanda, ümumiyyətlə keçmiş sovetlər birliyində çox adam bilməyib. Çünki o, 1946-cü ildə, yəni müharibədən sonra qalib əsgər kimi döndüyü vətəndə vətən xaini damğası ilə həbs olunaraq Sibirə sürgün edilib. Ancaq əsl həqiqətdə isə o, vətən xaini yox, vətənin övladı olmuşdu.
Bu sözləri söyləyən Hüseynqulu müəllim masanın üzərindəki sənədləri bir-bir mənə göstərərək fikrini daha geniş şəkildə şərh edir:
- Mən atamın son istəyini yerinəç yetirmək üçün bütün çətinlikləri nəzərə alıb Bakı şəhərində özümə məxsus iki mənzili dəyər-dəyməzinə satıb onun döyüş yolunun izinə düşüb getdim. Özü də Sibirə qədər. Sürgün həyatı yaşadığı Miassi şəhərində Poladəritmə zavodunda işləyən atam burda hər kəs tərəfindən qafqazlı, azərbaycanlı kimi yox, fransız kimi tanınmışdı. Sifət görkəmi ilə daha çox fransızlara bənzəyən atama burda məhz bu adla tanımışdılar. Özü də türk, rus, alman, fransız dillərini əzbər bilən atam ağır zəhmətdən qorxmamışdı. Onun həmin o zavoda işlədiyi beş il ərzində əldə etdiyi göstəriciləri arxivdən çıxarıb baxanda gözlərimə inana bilmədim. Bu adam üzərinə düşən işi demək olar ki, bütün növbələrdə 120 faiz yerinə yetirirmiş. Zəhmətkeşliyi, həm də intellegent olması, yəni ziyalılığı ətrafındakıların ona diqqətini o qədər artırmışdı ki, bu şəhərdə demək olar ki, onu hamı tanıyırmış. Mən həmin şəhərdə nəşr olunan qəzetlərdə tək bircə dəfə çıxış edəndən sonra göstərdiyim ünıvana, telefona saysız-hesabsız zənglər gəldi. Onunla birlikdə işləmiş, onunla birlikdə döyüş yolu keçmiş neçə-neçə insan atam barəisndə xatirələr danışdı. Bundan daha da ruhlanıb DTK-nın yerli şöbəsinə üz tutdum. Onların arxivindən atamın şəxsi işini, yəni kartını götürə bildim. Həmin kartda atamın keçdiyi döyüş yolu və sonra sürgün illərindəki davranışı öz əksini tapmışdı. Gördüm və inandım ki, mənim atam həm müharibədə, həm də əmək cəbhəsində nə qədər cəsarətli, nə qədər zəhmətkeş və cəsur olubdu. Məhz ona görə də 1941-ci ilin oktyabr aynının 18-də əsir düşmüş və almanlar tərəfindən ciddi rejimli kalonda saxlanılan atam onlara tabe olmayıb. Qısa bir zamanda əsirlikdən qaçıb və bir zabit kimi Fransanın müxtəlif şəhərlərində xidmət keçib. O, özü ilə birlikdə əsirlikdən qaçmış insanları da başına toplayaraq partizan dəstəsi yaradıb. Sonra fransız partizanları ilə birlikdə almanlara qarşı döyüşübdüg
Redaksiyamızın qonağı söhbət etdikcə mən həmin müharibənin qəhrəmanları barəsində az-çox bildiklərimi yaddaşımda təzələyirəm. Elə bu zaman sanki fikirlərimi oxuyan Hüseynqulu müəllim vurğulayır ki, mənim atam Azərbaycanın hər kəs tərəfindən tanınan Mehdi Hüseynzadə, Hadı Qiyasbəyov, Ataxan Məmmədov, Əhmədiyyə Cəbrayılov, Nuru Abdullayev kimi partizanlarla birlikdə Larzak şəhərindəki əsir düşərgəsində saxlanılmışdı. Buradan 1943-cü ilin avqusutnda qaçıb həmin o partizan dəstəsini yaratmışdılar. Maraqlıdır ki, Nağı Nağıyev hətta müharibə bitdikdən sonra da, yəni 1946-cı ilin sonuna qədər fransızlarla birlikdə həmin ərazidə olan faşistlərə qarşı döyüşmüşdülər. Onu şəxsən tanıyan məşhur fransız generalı Şarl de Qol bir neçə dəfə Nağı Nağıyevə SSRİ-yə qayıtmamağı, Fransada qalmağı təklif etmişdi. Ancaq vətənini canından artıq sevən Nağı Nağıyev onu Sovetlər İttifaqında nə gözlədiyini bilsə də, yenə vətənə döndü. Halbuki o, Fransada bir qəhrəman kimi bütün imtiyazlarla ən yüksək statuslu qəhrəman insan kimi yaşamaq haqqını qazanmışdı.
Mən masanın üzərindəki sənədləri vərəqlədikcə uzaq Sibirdə "fransız" kimi tanınan Nağı Nağıyevin barəsində bir-birindən maraqlı faktlarla qarşılaşıram. Onun partizan dəstəsinin komandir köməkçisi, sonra komandiri və hətta sıravi döyüşçüsü olanda belə, faşistlərə qarşı keçirdiyi uğurlu əməliyyatlar əsl sənədli filmlərin ssenarisini xatırladır. Maraqlıdır ki, Rusiyada telkeanallar həmyerlimizin qəhrəmanlığı ilə bağlı filmlər çəkiblər və filmlər internetin Youtub səhifələrində də yerləşdirilib. Üstəlik, qələbinin 70 illiyi ərəfəsində Nağı Nağıyev barəsində rusiyalı yazıçılar samballdı bir əsər də ortaya qoyublarg
Mən bir övladın öz atasının haqqını arayıb ortaya çıxarmaq, onun qəhrəmanlığını xalqının yaddaqşına qaytarmaq üçün etdiyi fədakarlıqları dinlədikcə, həmin o fədakarlığın sübutları olan sənədlərə baxdıqca doğrudan-doğruya Hüseynqulu Nağıyevin iradəsi, qətiyyəti qarşıdında baş əyirəm. Zarafat deyil, dünyanın indiki durumunda, necə deyərlər, zamanın sahibsiz at kimi hara gəldi çapdığı bir dönəmdə həm Azərbaycanın, həm də Rusityanın arxivlərini ələk-vələk etmək, ən rəsmi dairələr üz tutmaq, neçə-neçə keçmiş döyüşçünün qapısın döyüb suallara cavab almaq heç də asan iş deyil. Məhz Hüseynqulu Nağı oğlu Nağıyev bu işin öhdəsindən gəlib. İndi onun bir təmənnası, bir istəyi var. O da sovet dönəmində, yəni 1954-cü ildə sürgün həyatını əfv olunmaqla başa vuran Nağı Nağıyevin əslində bəraət sahibi olmasıdı. Çünki o, etmədiyi xəyanətə görə sürgün edilmişdi və onu da sonda əfv edib bağışlamışdılar. Əslində isə bu adam bəraət almalı idi. Düşünürəm ki, gec də olsa Nağı Nağıyev əsl qəhərman kimi bizim Azərbaycanın hərb tarixində öz yerini tutacaq, öz halal yerində dayanacaqdı.


TƏQVİM / ARXİV