adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

TƏRCÜMƏÇİNİN MÜQƏDDİMƏSİ

QƏZƏNFƏR PAŞAYEV
34108 | 2015-02-13 11:05
Hörmətli redaktor,
Məlumdur ki, epik yaddaşımız, düşüncə qaynağımız, yazılı və şifahi ədəbiyyatımızın başlanğıcı "Kitabi-Dədə Qorqud" elm aləminə 1815-ci ildən bəlli olmuşdur. Həmin ildə alman alimi Fridrix fon Dits "Dədə Qorqud" dastanını aşkara çıxarmış və "Basatın Təpəgözü oldürdüyü boy"u alman dilinə çevirərək çap etdirmişdir.
Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Multikulturalizm Mərkəzi və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə keçirilən "Kitabi-Dədə Qurqud" və Fridrix fon Dits - 200" beynəlxalq kollokviumu keçirilib. Azərbaycan alimləri ilə bərabər, Türkiyə, Qazaxıstan, Rusiya, İtaliya, Gürcüstan, Latviya və Almaniyadan məşhur qorqudşünasların, türkoloqların, nəşriyyat rəhbərlərinin iştirak etdiyi tədbirə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev rəhbərlik etmişdir.
Tədbirdə "Kitabi-Dədə Qorqud"un yayılma arealı, xarici dillərə tərcüməsi məsələlərinə xüsusi diqqət yetirilmişdir.
İki yüz ildir ki, dünya alimlərinin diqqət mərkəzində olan "Kitabi-Dədə Qorqud" bir çox dillərə tərcümə olunmuş, tarixçilərin, etnoqrafların, filosofların, folklorşünasların, xüsusən də dilçilərin tədqiqat obyektinə çevrilmişdir. Bu ölməz abidəyə İraqda da böyük maraq vardır. Əsər ərəb dilinə tərcümə edilərək "Hekayət Dədə Qorqud" adı altında çap edilmişdir (Bağdad, 2007, 264 s.). Kitaba ön sözü ədəbiyyatımızın böyük dostu Dr. Əbdüllətif Bəndəroğlu yazmışdır. Əsəri ərəb dilinə İraqda və Türkiyədə tərcüməçi, tədqiqatçı, eləcə də yazıçı kimi tanınan Cəlal Polad çevirmiş, ona çox maraqlı və geniş giriş məqaləsi yazmış, indiyə qədər aparılmış tədqiqatlardan və abidənin dünya şöhrətindən söz açmışdır.
Şükranlıqla Cəlal Poladın elmi xarakterli maraqlı məqaləsini oxucu və tədqiqatçılara təqdim edirik.

QƏZƏNFƏR PAŞAYEV
filologiya üzrə elmlər doktoru,
professor

Berlin Dövlət kitabxanasında "Bu risalə məşhur Oğuznamənin kəlamlarından olan atalar sözüdür" adlı bir kitab əlyazması vardır və qədim atalar sözlərinin qeyd olunduğu bu kitabda Dədə Qorqud dastanları ilə əlaqəsi olan adlar vardır. Bu kitabın tərtibat tarixi miladi XIV əsrə, Osmanlı dövrünə aiddir. Çox ehtimal ki, bu kitabda tərtib olunmuş məlumatlar Oğuznamə kitabının başqa bir nüsxəsi haqqında danışılanlardır.
Əli Yazıçıoğlu XIV əsrdə yazıb Sultan II Murada hədiyyə etdiyi "Tərixi əli-Səlcuq" adlı kitabı Dədə Qorqud haqqında xəbər verir. Eyni məlumatlar yaxud buna bənzər məlumatlar "Kitabi-Dədə Qorqud"un müqəddiməsində vardır və gizli deyildir ki, müəllif dastanın bir nüsxəsindən xəbərdar olub.
Dədə Qorqud haqqında məlumat verən başqa bir mənbə "Cami-cəm" kitabıdır. Bu kitabı Osmanlı silsiləsindən olan Həsən ibn Mahmud Bəyati ət-Təbrizi yazmışdır. O, Sultan Cəmin istəyi ilə onu Həc səfərində müşayiət etmişdir. "Oğuznamə"nin bir nüsxəsinə istinadən müəllif iddia edir ki, o, Oğuz xanları, xüsusilə də on səkkizinci hakim olmuş Qara xan haqqında kitablar saxlamışdır. Müəllif yazır: "Bu əmir İslam dinini qəbul etmişdir. O, taxta çıxanda Dədə Qorqudu Mədinə şəhərinə göndərmişdir". Müəllif əlində olan "Oğuznamə" haqqında danışaraq bizə xəbər verir ki, Dədə Qorqud Mədinədən qayıtmadan öncə Səlman Farsi ilə söhbət etmiş, Səlman Farsi ona Oğuz tayfaları arasında İslam dininin qayda-qanununu yaymağı tapşırmışdı. Bundan sonra müəllif Ay Qutluq haqqında danışır, onun tərbiyəçisi Qorqut ata oğlu Urkuc Dədədən söhbət açır və deyir ki, o, Xəlifə Osman ibn Affanın (Allah ondan razı olsun) xidmətində olmaq üçün göndərilmişdi. Lakin o, Kufəyə çatanda xəlifənin qətli ilə bağlı xəbərlərdən tərəddüd edir. Kəbəyə çatıb qayıtmaqda fayda görür. O, qayıtdığı yolda İmam Əli (ə) ilə Müaviyə arasında gedən döyüşün şahidi olur və Əliyə sadiq olduğunu bildirib öz vətəninə qayıdır.
Əlişir Nəvai isə "Nəsəimu-l-muhabbəti" (Sevginin həzin mehi) kitabında və tərcümə əsəri olan "Cami" kitabının "Naqahatu-l-unsi" (İnsanların sağlamlığı) fəslində Dədə Qorqud haqqında xəbər vermişdir. O, yazır: "Dədə Qorqud türklər arasında məşhur və şöhrəti yayılmış bir şəxsdir. O, insanlara dünyada baş vermiş və gələcəkdə baş verəcək hadisələrdən danışır. Onun sifətlərindən biri də budur ki, o, bəlağətli, mənalı, hikmətli kəlamlar deyir". Bu xüsusiyyətlər "Dədə Qorqud" dastanının əlyazmasının müqəddiməsində verilən məlumatlarla tam uyğunluq təşkil edir.
Osman Bayburdlu III Sultan Murad dövründə (1574-1595) yazdığı "Tərixi cədidi mirati cəhan" (Dünya güzgüsünün yeni tarixi) kitabında və Bayandur xan fəslində "Dədə Qorqud" kitabı və Dədə Qorqudun şəxsiyyəti ilə bağlı oxşar adlar haqqında mühüm məlumatlar vermişdir. O, bütün bunları "Bəhrul-ənsəb" (Əsil-nəsəb dənizi) adlı kitabdan götürdüyünü yazmışdır və bu, Dədə Qorqud tərəfindən yazılmış qədim "Oğuznamə"dən olan bu xəbərlərin saxlandığı sonuncu kitabdır.
Bayandur xanın xüsusiyyətləri haqqında:
"Bəhrul-ənsəb"də deyildiyinə görə, Gök Alp xan öz əcəli ilə vəfat etdikdə Qaydur xan və Turmuş xan səltənəti iki yerə böldülər və onların hər biri öz məmləkətinin xanı oldu. Sonra onlar qardaşları Bayandur xanla birlikdə Xorasandan Ani-Qarsa gəldilər, kafir gürcülərlə müharibə edib Tiflisi tutdular. Sonra Dərbənd qapısına yetişdilər Kustask xanını mühasirəyə aldılar. Onu öldürdülər, sonra isə başını kəsdilər. Dərbənd üzərində nüfuzlarını möhkəmləndirdilər. Həmin tarixdə İsa (a) peyğəmbər zühur etmişdir. Burada bizim peyğəmbərimizin zühuru ilə bağlı heç bir işarə yoxdur. Onlar İslam dini və dini məzhəblər haqqında heç nə bilmirdilər. Lakin onlar Allahın birliyinə inanırdılar. Sonra müəllif əmirlər və onların qəhrəmanlıq şücaətləri haqqında yazır. Onların apardığı döyüşçülərin sayı 90 min olmuşdur. Onların ruhi mürşidi Dədə Qorqud idi. Oğuzlar kafir gürcülərlə müharibə vəziyyətində idilər və bu, qırx il davam etmişdir. Onların əmirlərindən xərac alınmışdı. Məhəmməd (s) Peyğəmbər Məkkədə zühur edəndə, deyilənə görə, Bayandur xan Onu yuxuda görür və Ona iman gətirir. İslamın Oğuzlar arasında yayılması üçün o, Qazan xanı və Dündar bəyi Onun yanına göndərir. Qazan xan yanındakı şəxslə peyğəmbərin qarşısına gəlir. Peyğəmbər məsciddə oturmuşdu. Onlar ucaboylu idilər, saçları qısa deyildi, dırnaqları da uzun idi. Peyğəmbər onları görəndə özünü narahat hiss etdi, divara söykəndi. Deyilənə görə, divarda mehrab yeri göründü və həmin gündən etibarən mehrab məlum oldu. Sonra Peyğəmbər onlara İslamı təqdim etdi və onlar iman gətirdilər. Sonra O, Səlman Farsini onlarla birlikdə Dərbənd qapısınadək göndərdi. Səlman Farsi onlara namazı və orucu öyrətdi. Bundan sonra Səlman Farsi onların şeyxi olan Dədə Qorqudu tərk edir. Uzun Həsən (Bayandur xanın oğlanlarından biri) Əcəmə şah göndəriləndə də İslamı bu diyarda yaymışdır.
Osman Bayburdlu bu məlumatları "Kitabi-Dədə Qorqud"un bir nüsxəsinə istinadən tərtib etmişdir. Bu, hazırda tanınan hər iki əlyazmanı daha çox əhatə edir. Lakin o, Uzun Həsən və Elxani əmiri Qazan xanın adları arasında şübhə etmişdir. XVII əsrin əvvəlində osmanlı tarixçisi Ruhi Ədirnəvinin tərtib etdiyi kitabda Dədə Qorqudun səltənətin Qayi qəbiləsinə qayıdacağını xəbər verdiyi qeyd olunur. Bu xəbəri tarixçi Münəccimbaşı Ruhi Ədirnəvidən sonra çatdırmışdır. Lakin bununla bağlı diqqəti cəlb edən digər bir cəhət də Dədə Qorqudun xüsusiyyətlərindən biri olan peyğəmbərlik xüsusiyyətidir. Həqiqətən bu, Oğuz xanın vəsiyyətlərindən biri idi və bu barədə artıq "Səlcuqnamə" kitabında da qeyd olunmuşdur.
1659-1660-cı illər arasında Əbu-l-Qazi Bahadur xanın yazdığı "Şəcəreyi-tərakimə" kitabında da müəllif Qorqud Ata ilə bağlı geniş məlumatlar vermişdir. Onun fars dilində yazılmış "Oğuznamə"də türkman nağıl söyləyicisi, qüdrətli dövlət adamı, böyük bir müşavir olduğu qeyd olunur. əl-Həmədaninin "Cami ət-təvarix" və bundan başqa bəzi təfsirlərdə, dastanlarda mövcud olan şəxsiyyətlər haqqında, Salur Qazanın xan Beycənə Toymaduqla apardığı mübarizə yer almışdır. Bu xan şah Qazanın anasını əsir almışdı. Lakin üç aydan sonra onu geri qaytarmış və o, hamilə olduğu üçün öldürülmüşdür. Burada qadınlar haqqında, Qazanın arvadı Burla xatunun bəzi xüsusiyyətləri haqqında müəyyən məlumatlar vardır. Həmçinin "Kitabi-Dədə Qorqud"un əlyazma nüsxəsində olduğu kimi, burada da Əkrək və Səkrək kimi adlar da qeyd olunmuşdur.
Əbu-l-Qazi Bahadur xanın əsaslandığı nüsxə hazırda mövcud olan əlyazma nüsxəsinə aid fərqli bir nüsxədir, həmçinin özündən əvvəlki və sonrakı nüsxələrdən də çox fərqlənir.
"Tarixi dost Sultan" adlı kitabda da Dədə Qorqud, onun müdrik hakimlərdən biri, tanınmış ozanlardan sayılması haqqında məlumatlar vardır. Baxşılar (ozanlar) onu müqəddəs peyğəmbər hesab etmişlər. Kitab İslam dininin möminlərindən olan Özbək xan haqqında və müsəlman alimləri arasında yayılmış bir əfsanəyə bənzər rəvayət danışır. Bu beytlər təsvir olunur:
Hakim Elxan onlardan tələb etdi ki, Dədə Qorqudun yolu ilə getsinlər
Kahinlər onun kəramətini öz gözləri ilə gördülər
Onlar başlarını qoltuqları ilə sıxmalı
Və ona baş əyməlidirlər
Osmanlı tarixçisi Övliya Çələbi özünün məşhur "Səyahətnamə" kitabında Dədə Qorqudun həyatına toxunmuş və burada yalnız Dədə Qorquda mənsub edilən məzarla bağlı müəyyən məlumat vermişdir. Övliya Çələbi 1647-ci ildə Dərbənd bölgəsində Qorqudun qəbri ilə bağlı gördüyü belə bir hadisəni danışır: "Onun qəbri qırx dağın, yəni qırx qeyb olmuş şəxsin arasındadır. Burada insanlar tərəfindən ziyarət olunan qırx mötəbər məzar vardır. Böyük sultan Dədə Xorxutun qəbri də onların arasındadır. Şirvanlılar da onun əzəmətinə etiqad edirlər". 1655-ci ildə Övliya Çələbi Əxlət bölgəsində həmin dövrdə mövcud olan qədim qəbirləri ziyarət etmiş və öz kitabında belə yazmışdır:
"Əxlətdə son mənzilində yatanlar arasında osmanlıların qədim əcdadlarından sayılan Qorqud xan da vardır".
Burada istərdik ki, yuxarıda qeyd edilən məlumatla birbaşa əlaqəsi təsdiq olunan Qərb mənbələrindəki mühüm tarixi məlumatı əlavə edək. Leypsikdən olan professor Adam Olearis 1638-ci ildə Almaniya hökumətinin Rusiya və İrana göndərdiyi diplomatik missiyanın tərkibində iştirak etmişdir. O, Dərbənd şəhərindən keçərkən şəhərdən kənarda düzülmüş və insanların ətrafına toplaşdığı qəbirləri müşahidə edir.
Yerli sakinlər Olearisə bu qəbirlər haqqında danışırlar ki, uzun əsrlər bundan öncə, peyğəmbərin vəfatından sonrakı dövrdə "oğuz" qəbiləsinə mənsub olan Qassan ləzgilərə qarşı amansız müharibələrə başlamışdır. Qassan öz əcəli ilə vəfat etmiş və Acı çay sahilində dəfn olunmuşdur. Onun arvadı Burla isə Urmi qalasında yəni Urmiyada dəfn olunmuşdur. O, imam "Kurchud"un qəbrini görür və ona danışırlar ki, bu, müsəlman övliyalarından biri olmuşdur. O, əshabələrdən biridir. O, Peyğəmbərin vəfatından sonra üç yüz il yaşamışdır. Bu Qorxudun Qassanla sıx əlaqəsi olmuşdur. Onun məclislərində iştirak etmiş, saz çalmış, dastanlar deyib söz qoşmuşdur, onu bütpərəst ləzgiləri öldürməyə təhrik etmiş, İslamın çağırışı ilə ləzgilərdən bir qrupu onların arasına qatıla bilmiş, qalanları öldürülmüşdür.
Burada Dədə Qorqud haqqında dastanların yaxud Dədə Qorqud dastanları haqqında mənbələrin bütün türk dünyasının müxtəlif bölgələrində yayıldığının şahidi oluruq. Bu yayılma Şərqi Anadoludan tutmuş, Xəzər gölü ətrafınadək, Qırğızıstana və Asiyada ən uzaq türk topluluqlarınadək olan geniş bir coğrafi ərazini əhatə edir. Nümunə üçün deyə bilərik ki, Dədə Qorqudun adı qırğızların "Manas" dastanında çəkilir, Qazılıq dağının adı dəfələrlə təkrarlanır. X əsrin əvvəllərindən başlayaraq türk xalqlarında - Azərbaycanda, Cənubi Azərbaycanda, İraq türkmanlarında, Türkmənistanda, Özbəkistanda, Qırğızıstanda, Gürcüstanın bəzi bölgələrində, cənub-şərqi Ukraynada və Krım yarımadasında Dədə Qorqud dastanlarından götürülmüş yüzlərlə şifahi xalq nağılları vardır. Türkmanlar arasında və Qafqazda bu gün də Qorqud Ata haqqında rəvayətlər vardır. Əlbəttə ki, onun ölümü yaxud ölümdən uzaq olması haqqında rəvayətlər də vardır. Bu rəvayətlərə əsasən, Dədə Qorqud zamanından çox yaşamış, öz qaçılmaz əcəlindən qaça bilmişdir. Həqiqətən insanın əcəli yetişəndə bir qəbir tapılıb basdırılır. Nəhayət o, üç yüz il ömür sürüb ölür və belə bir qəbirdə dəfn olunur. Burada bu məsələ ilə bağlı başqa bir rəvayət də vardır. Keçmişdə türkmanlar arasında belə bir xalq deyimi vardı. Deyirdilər ki, Qorqudun qəbrini qazıma. Velyaminov Zernov Sırdərya çayı sahilindəki ərazidə Qorqudun öz qaçılmaz əcəlindən qaçması ilə bağlı qafqazlılardan eşitdiyi bir rəvayəti bizə danışır.
Dünya yarananda dünyanın uzaq bir yerində Qorqud adlı müqəddəs bir insan yaşayırdı. Günlərin bir günündə o, yuxuda görür ki, bir dəstə adam qəbir qazır. Onlardan soruşur: "Bu qəbri kimin üçün qazırsınız?" Və bilir ki, bu qəbir onun üçün qazılır. O, səhər yuxudan ayılanda başa düşür ki, ölüm onu haqlayıb. O, qərara alır ki, öz əcəlindən qaçsın. O, insanlardan qaçaraq dünyanın ən qısa bir yerinə gəlib yetişir. Burada özünü yuxuda görür, hər iki tərəfin arasında orta olan başqa bir yerə köçür. Deyilənə görə, həmin yer (yəni Sırdərya çayının sahəsi) dünyanın mərkəzidir. Burada da onun yuxusu təkrarlandığı üçün o, ömrünün sona çatdığına əmin olur. O, əbasını çıxarır, onu Sırdərya çayının ortasında suyun üzərinə sərir və üstündə oturur. Deyilənə görə, o, suyun üstündə əbasının üzərində oturmuş halda daha yüz il yaşayır. O, vəfat etdikdən sonra camaat toplaşıb onu qəbri olan yerin yaxınlığında dəfn edirlər. Artıq onu qazaxlar tanıyır və bilirlər ki, o, şair və xalqın müdrik ağsaqqalı olmuş, qopuzu və təmburu yaratmışdır. Bunlar hər ikisi simli musiqi alətləridir. Qazax kahinləri isə qopuz çalır, Qorqudun əzəmətini şeirdə tərənnüm edir, onu öz şeyxləri hesab edir, ondan kömək diləyirdilər. Burada qazaxlar arasında bəzi məcazlar, məsələn, Dədə Qorqudun yandırdığı qəndillərə bənzər şamlar vardı. "Təpəgöz" dastanına bənzər "Ər Tuştuk" dastanı vardır. Bu dastanda çayda üzən ruh zühur edir. Hər yer titrəyir, nəhayət bir nəhəng məxluq çıxır.
Burada akademik nöqteyi-nəzərdən əhəmiyyətini nəzərə alaraq bəzi mənbələri imkan daxilində qeyd etməyə çalışdıq. Bunlar orijinal olmaq etibarilə fars dilində yazılmış və müxtəlif əsrlərdə mövcud olmuş "Oğuznamə"lərdən əldə olunmuşdur. Bundan əlavə, Oğuzların keçmişinə, onların qəhrəmanlıq mübarizələrinə, ağsaqqalları olan Dədə Qorqudun həyatına, doğma ana dillərinə (bu, türkman dilidir - C.Polad) səyahət etdik. Həmin dövrədək rəsmi dil (yəni Osmanlılardan öncə kiçik dövlətlərin rəsmən istifadə etdiyi dil) fars dili olmuşdur. Onlar arasında xalqın dili türk yaxud türkman dili olmuşdur ki, bu dildə hacı Bektaş Vəli, Yunus İmrə və Dadal oğlu kimi şairlər öz əsərlərini yazmışlar. Qorqudun şəxsiyyətinə aid rəsmi məqamları əhatə edən bu mənbələrin əksəriyyəti onun haqqında ümumi xüsusiyyətləri vermişdir. O, xalq içindən çıxmış müdrik filosof, alim, şair, hakim və saz ifaçısı kimi uzun zaman və müxtəlif əsrlərdə öz millətinin yaddaşında xatırlanmışdır. Məlumdur ki, Oğuzlar yaxın əsrlərədək köçəri həyat tərzi keçirən qəbilələr olmuşdur. Bununla belə, onlar ilk vətənlərində yaşatdıqları mirası qoruyub saxlamışlar. Onlar köç etdikləri Xəzər dənizinin qərbində də, Şərqi Anadoluda da ona sadiq qalmışlar. Türklərin, yunanların və ərəblərin arasında sivilizasiyanın yaranması nəticəsində bu miras üslub və quruluş baxımından daha böyük əhəmiyyət kəsb etmişdir.
Dədə Qorqudun şəxsiyyəti isə xəyal və həqiqət arasında müəyyən məlumatlarla yadda qalmışdır. Onun müəyyən bir yerdə və tarixin müəyyən bir mərhələsində mövcudluğunu (yaşaması və ölməsi) iddia edən bir çox fikirlərin nəticəsi qəti əminlik yaratmır və bu amil həmin şəxsiyyətə əfsanəvi şəxs xüsusiyyəti verir. Dədə Qorqudun həyatı və ölümü haqqında formalaşan bu fikirlər və bu barədə tarixi faktın olmaması onun şəxsiyyətinin ehtimal olunması ilə bağlı fikirlərə yol açır. Hicri 918-ci ildə (miladi 1512-1513) dastan nüsxəsinin üzünü köçürən Seyid Əhməd bin Həsən Bali bunu babası Qorquda aid etmiş, Dədə Qorqud ilk dastanlarda bəzən nağıl söyləyicisi, bəzən də qəhrəman kimi qeyd olunmuşdur. Dastanların təhlili zamanı nüsxənin üzünü köçürəndən və Dədə Qorquddan başqa daha bir nağıl söyləyicisinə rast gəlirik. Əlyazmanın dilini araşdırdıqda deyə bilərik ki, bu dastanlar türkmanca olan ilk əsərdir. Bu dastanların təsiri ilə bir çox tarixi dövrlərdə çoxlu xalq nağılları, dastanları və hekayələri yaranmışdır.
Altı yüz il bundan öncə yazılmış bu əlyazmanı ilk dəfə ilk ədəbi bir əsər kimi ərəb dilinə tərcümə edib təqdim etməkdən şərəf duyuruq. Ümid edirik ki, hamı ondan yararlanacaq. Allah yardımçınız olsun.

TƏQVİM / ARXİV