BiZi iNCiDƏNLƏR...

FAİQ QİSMƏTOĞLU
30580 | 2009-07-04 00:48
Bir neçə gün bundan əvvəl Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev informasiya agentliklərindən birinə bildirib ki, bir çox şadlıq saraylarında yoxlamalar aparılıb. Yolamalar zamanı 41 adda dondurma nümunəsi götürülərək yoxlanılıb. Yoxlama nəticəsində 17 nümunədə bakterioloji çirklənmə üzə çıxıb. Təlimata uyğun olaraq həmin dondurmalar təkrar müyinədən keçirilib. İndi isə təkrar müayinələrin nəticələri araşdırılır. Əgər təkrar müayinələr zamanı yenidən bu cür nöqsanlar üzə çıxsa daha ciddi tədbirlər görüləcək. Yoxlamalar zamanı o da müəyyən olunur ki, 81 soyuq qəlyanaltı nümunəsindən ikisində bakterial çirklənmə aşkarlanıb. Çox qəribədir ki, Bakıdakı şadlıq saraylarında aşkar olunan soyuq qəlyanaltılardakı bu cür nöqsanlar çoxlarını narahat eləmir. Yoxlama zamanı "Röya", "Azər", "Anar", "Fərhad", "Qismət" şadlıq saraylarında soyuq qəlyanaltılarda bakterioloji çirklənmə müşahidə edilib.
   
   İndi görün şadlıq saraylarında camaatın başına hansı oyunları açırlar. Təbii ki, bu yoxlamanı Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin həkimləri o qədər də "bərkgedən" şadlıq saraylarında apara bilməyiblər. Hansı şadlıq sarayınınsa "krışası" zəifsə, elə orda da bu yoxlamalar baş tutub. Doğrudan da sanitar həkimlər qanunun aliliyinin və insanların taleyini fikirləşirlərsə, onda bəs niyə bu yoxlamaları Bakıdakı "Tural", "Kral", "Neolit", "Yeganə", "Sarı Gəlin", "Madonna", "Xudafərin", "Qızıl Tac", "Mono Liza", "Sultan", "Kleopatra" və digər şadlıq saraylarında keçirə bilmirlər? Ona görə keçirə bilmirlər ki, həmin yoxlama komissiyasının üzvləri heç biri ürək eləyib həmin şadlıq saraylarının nəinki mətbəxinə, heç yaxınlığına belə düşə bilməzlər. Hamı bilməsə də Gigiyena və Epidemiologiya Mərkəzinin həkimləri yaxşı bilirlər ki, bu şadlıq saraylarının arxasında hansı vəzifəli şəxslər durur. Həkimlərdən kimsə ürək edib yoxlama məqsədi ilə bu şadlıq saraylarından birinin qapısına ayaq bassa, onda onu elə günə qoyarlar ki, dünyaya gəlməyinə də peşman olar.
   
   Bu şadlıq saraylarında toy zamanı bir stolun qiyməti (yəni bir adama xidmət) 70-80 manat və hətta 110-120 manata qədər çatır. İndi gəlin görək, bu qədər soyuq qəlyanaltını və isti xörəkləri hansı adam yeyə bilər? Təbii ki, həmin soyuq qəlyanaltıların və isti yeməklərin çoxu spirtli içkilərlə bir yerdə toy başa çatanda stolun üstündə qalır. Başqa şadlıq saraylarından fərqli olaraq həmin "bərkgedən" şadlıq sarayları stolun üstündə qalan yeməkləri toy sahibinə vermir, stolun üstündən yığışdıraraq soyuduculara qoyub və sabahı gün yenidən həmin yeməkləri növbəti toyda stolun üstünə qoyurlar. Hətta dəfələrlə bu cür şadlıq saraylarında müxtəlif salatlardan yeməyi toyda iştirak edənlərin ehtiyat etdiyini görmüşük. Amma nə olsun? Yenə bu şadlıq sarayları öz bildiklərini eləməkdən çəkinmirlər. Ona görə ki, onlar nə Gigiyena və Epidemiologiya Mərkəzinin yoxlamalarından qorxurlar, nə də kimlərinsə hədə-qorxusundan. Elə ona görə də şadlıq saraylarında özbaşınalıq baş alıb gedir. Sanki şadlıq sarayları əhalini soyub-talamaq üçün bir vasitəyə çevrilib. Elə çoxları da toy eləyəndə nə qədər pul yığılsa belə, bu pullar yeyib-içməyin və müğənninin haqqını güclə ödəyir. Təsadüfi deyil ki, bu yaxınlarda Yeni Günəşlidəki "Günəş" şadlıq sarayında toy edənlərdən biri 7 min manat borclu olduğuna görə, bəylə gəlini bir müddət toyxanada saxlayıblar. Pul qaytarılandan sonra bəylə gəlin evlərinə yola düşüb.
   
   
   
   ***
   
   
   
   Biz Bakı şəhərində sərnişinnəqliyyatda baş verən özbaşınalıqla bağlı dəfələrlə iradlarımızı bildirmişik . Çünki sözün açığı, bir çox avtobus və mikroavtobus sürücüləri sanki sərnişin yox, tikinti materialı və qum-çınqıl daşıyır. Belə ki, iyunun 2-də saat 11:30-da 172 saylı marşrutda işləyən 10 TO 729 nömrəli avtobus Nəsimi bazarının yaxınlığında digər avtomobili keçmək üçün qəza vəziyyəti yaratdı. Az qaldı 172 saylı marşrutda işləyən bu avtobus qarşısında dayanan "Mersedes"i vursun. Avtobus "ziq-zaq" edərkən sən demə, böyürdəki digər maşını əzibmiş. Elə ona görə də həmin maşındakı sürücü əli ilə işarə edərək 10 TO 729 nömrəli avtobusun saxlanmasını tələb etdi. Sürücü pəncərədən qışqırıb dedi ki, hara qaçırsan, mənim maşınımı əzmisən, saxla ziyanını ödə? Avtobusun sürücüsü isə heç nəyə məhəl qoymadan yenidən avtobusu yüksək sürətlə idarə edir, qəfil əyləci basır, sanki sərnişinlərə əzab-əziyyət vermək istəyirdi. Avtobusun salonundakı sərnişinlər isə buna etirazını bildirəndə sürücünün yanında əyləşən iki oğlan özlərindən razı halda dedi ki, biz qəsdən qabaqdakı "Mersedes"i sıxdıq. Qoy bilsin ki, heç kəs bizimlə lotuluq eləyə bilməz. Hansı ki, qaydanı pozan avtobus sürücüsü idi. Onun yanında əyləşən iki oğlansa sürücüyə dedi ki, heç nədən qorxub eləmə. Əzdiyin maşının sürücüsünə de ki, Gəncliyə gəlsin, orda danışarıq. Mən onu elə günə qoyacağam ki, həmin adam bizimlə danışmağına peşman olsun. Sürücü isə əliylə arxadan gələn maşina işarə elədi ki, gəl Gəncliyə. Gəncliyə çatana qədər 10 TO 729 nömrəli avtobusun sürücüsü yenə qanunu pozmaqda davam edir, gah sürət həddini artırır, gah da başqa avtomobillər üçün qəza vəziyyəti törədirdi. Sərnişinlər Gəncliyə çatanda dərindən köks ötürdülər. Dedilər ki, çox yaxşı qurtardıq. Nə yaxşı bu uşaq avtobusu aşırıb bizi qırmadı. Hiss olunurdu ki, avtobusun sükanı arxasında əyləşən sürücü təcrübəsiz və həm də çox məsuliyyətsiz bir adamdı. Əgər onun məsuliyyəti olsaydı, heç olmasa sərnişinlər etiraz edəndə belə avtobusu normal idarə edərdi. Görünür, hələ də sərnişin daşıyan avtobusların sükanı arxasında təcrübəsiz, məsuliyyətsiz və vəsiqəsiz sürücülər əyləşiblər. Nəqliyyat Nazirliyinin bəlkə də bu cür sürücülərdən xəbəri yoxdur. Xəbərləri yoxsa, bir daha həmin Nazirliyin vəzifəli şəxslərinin nəzərinə çatdırırıq: 172 saylı marşrutda işləyən 10TO729 nömrəli avtobusun sürücüsü nə vaxta qədər ağır qəza törətməyib və sərnişinləri bu qəza zamanı bədbəxt etməyib, tez bir zamanda həmin sürücünü tapıb marşrutdan çıxarsınlar. Bununla onlar böyük bir təhlükənin və faciənin qarşısını almış olarlar.
   
   
   
   ***
   
   
   
   O günü bir vaxtlar bizim qəzetdə çalışan İlham adlı bir dostumuz yanımıza gəlmişdi. Dedi ki, bu yaxınlarda "Bakı" mehmanxanasının yanından keçirdim, gördüm ki, yaxınlıqdakı qəzet köşkündə bir elan yazılıb. Yaxınlaşıb həmin elanı oxuyanda təəccübləndim. Elanda yazılmışdı ki, söz soruşmaq 10 qəpikdir. Çox qəribədir, biz indi elə hadisələrlə üzləşirik ki, adam ona məəttəl qalır. Yəqin bu da pul qazanmağın yeni bir variantıdır. Görünür, köşkdə əyləşib qəzet, jurnal və digər ləvazimatları satmaq istəyən adam pul qazana bilmədiyinə görə, indi də kimsə ondan bir söz soruşanda müftə cavab vermək istəmir. Elə bu cavabın müqabilində 10 qəpik pul istəyir. Qabaqlar kimə desəydin ki, ayaqyolunda adamdan 20 qəpik və hətta daha çox pul alarlar, heç kim buna inanmazdı. Əgər sovet dönəmində o işə görə kimdənsə pul istəsəydilər, vurub həmin adamın başını yarardılar. İndi zəmanə elə dəyişib ki. hər şeyə görə pul umurlar. Bu gün-sabah deyəcəklər ki, bu park mənimdir. Burda gəzməyə və təmiz hava udmağa görə pul verməlisən. Hansı cavan oğlansa istədiyi qızla parka getsə, işləri daha da çətin olacaq. Onda bilməyəcək ki, parkın pulunu versin, təmiz havanın pulunu versin, yoxsa ona gəlib yalvaran dilənçinin pulunu versin. Belə görünür ki, gələcəkdə işlərimiz daha da çətin olacaq. O qədər çətin olacaq ki, hətta parkda gəzdiyimizə və təmiz hava udduğumuza görə pul verəcəyik. Nə yaxşı ki, bunlar varlı obyekt sahiblərinin yadına düşmür. Yadına düşsə vallah, işimiz çox pis olacaq. Elə ona görə də yadına düşməsə yaxşıdı. Bir təhər hamımız kasıblığımızı edib günümüzü başa vururuq və şükür eləyirik ki, bu gün də sağ-salamatlıqla qurtardı. Təki hər günümüz sağ-salamatlıqla bitsin.
   
   

TƏQVİM / ARXİV