adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

MEYXANA-BƏDiHƏ VƏ GÖYçAYLI OLMAQ

MƏZAHİR ƏHMƏDZADƏ
41143 | 2009-07-04 01:56
Hələ başıma nələr gələcəyindən xəbərsiz olduğum, yəni xəstəxana, ağır cərrahiyyə əməliyyatı barədə düşünmədiyim, ancaq bu ərəfədə narahat və müəmmalı halların da basqısıyla yaşadığım günlərin birində ciddiliyi şübhə doğurmayan tanışımdan demək olar ki, gözləmədiyim təbrik aldım. Təbrikin müəyyən mənada jarqonlaşdırılmış ifadələrlə süslənməsinə görə deyil, sadəcə hadisəyə münasibət baxımından elə o vaxt bir köşə yazmaq istədim. Bacarmadım. Bəzi səbəblərdən elə indi də asan deyil. QARDAŞ demiş, gedib o dünyadan qayıtdıq.
   
   Kiminsə qəlbinə dəyməyi ağlımdan belə keçirmirəm, öz qənaətim, öz baxışımdır: mənim qəbul edə bilmədiyim, eşidəndə ət tökdüyüm bəzi əlamətlər, ifadələr, nə bilim adətlər g var. Tamada, quda, yek (filankəs yekdir, Qarayazı kəndi yekdir), meyxanag
   
   Və xüsusilə həmən bu meyxana. Tanışım da məni hansısa göyçaylı cavan oğlanın meyxana yarışmasında qalib gələrək avtomobil qazanması münasibətiylə təbrik edib, növbəti yarışda da yenə göyçaylı bir gəncin bərk getdiyini deyirdi, qələbələr arzulayırdı. Beləcə deyirdi: "Son vaxtlar bu meyxana meydanında yaman bərk gedirsiniz hag". Yəni mənim göyçaylı olmağımı xüsusi vurğulayırdı. Ola bilsin ki, tanışım meyxana həvəslisidir və ya bu vaxta qədər aramızda belə söhbət olmadığından mənim zövqümün hüdudlarına bələd deyildi. Bəlkə də əksinə, çoxbilmişliyindən münasibətini zarafatqarışıq lağnan, məsxərəynən bildirirdi.
   
   Etiraf edirəm ki, mənim o dönəmlərdə çox şeylərdən xəbərim olmayıb. Televiziya kanalları vasitəsiylə informasiyalara, ciddi verilişlərə, ciddi filmlərə, elmi bəlgəsəllərə və idmana güclə vaxt çatdırıram. Seriallar-filanlar da mənlik deyil. Azərbaycanda əgər bircə nəfər varsa "Kurtlar vadisi"nə baxmasın, o da mənəm.
   
   Nə isə. Heç demə adını da unutduğum o cavan oğlan, meyxana yarışının qalibi olub udduğu maşınla Göyçaya qayıdanda gecə yarıdan da keçibmiş. Buna baxmayaraq, soyuq qış gecəsində qalibi yüzlərlə həmyerlim qəhrəman kimi qarşılayıb. Elə bil "Qalatasaray" UEFA kubokunu alıb qayıdarkən yolunu Göyçaydan salıb. Bundan həvəslənən göyçaylı gənclər çayxanalarda, pivəxanalarda, pitixanalarda, park və bağlardakı oturacaqlarda əyləşib meyxanalaşır, öz əxlaqi-bədii-estetik zövqlərindən riqqətə gələrək televiziya kanallarına, məxsusi olaraq ATV-yə doğru yeni triumfa hazırlaşırlar. Axı burada meyxananın, son vaxtlar isə bədihə adlanan bu əcaib söz düzümünün əsl sənət, şer nümunəsi, milli yaradıcılıq olduğunu onlara cani-dildən başa salan, təbliğ edən mədəniyyət və incəsənət xadimləri, ziyalılar var, Şeyx Əbdül var! Başqaları var. Hərdən bic-bic gülümsəyən jürilərdən biri də bütün bunların boş və mənasız şey olduğunu bilə-bilə meyxananı millətin sərvəti kimi təqdim edirdi. Mən bütün bunları ikinci həmyerlimizin yarışı zamanı oğlumun da çox vurnuxduğunu, həyəcan keçirdiyini görüb zorən baxmalı olduğum bir-iki verilişin gedişində anladım. SMS oyununu, iştirakçıların "bəy tərifini", yəni siyahı tutub təmsil etdikləri rayon və ya bölgənin hörmətli, vəzifəli, pullu şəxslərinin adlarının çəkilməsini və başqa mətləbləri həm ön, həm də arxa tərəfdən özümçün işıqlandıra bildim.
   
   Həmyerlimiz olan o gənc birinci mərhələni böyük üstünlüklə başa vurdu. Oğlum az qala tavana qədər hoppanırdı. Sonra da tay-tuşlarla zəngləşmə, qələbənin naməlum eyforiyası və sairə. İkinci mərhələ ərəfəsində ürəyimdə gənc həmyerlimizə başqa sahələrdə uğurlar, böyük-böyük vəzifələr və var-dövlət arzulayıb onun uduzmağını istəyirdim. Düşük təntənə, düşük təbrikləşmələrg görüb eşitməyim deyə.
   
   İkinci mərhələdə SMS çatışmazlığından gənc həmyerlimiz meyxana yarışmasını tərk etdi. Və ətrafda bu cür əndrəbadi gileylər eşidildi: "Qoymazlar axı göyçaylılar dalbadal ikinci dəfə meyxana qalibi olsung", "AST Telman bilsəydi, 100 min SMS birdən göndərərdi".
   
   Yeniyetmə və gənclərin, eləcə də böyüklərin müəyyən kəsimini bu meyxana deyilən əcaib sənətə çəkən təbii ki, camaatın inandığı televiziya və münsiflərdəki tanınmışlar idi. O birilərini, xüsusilə Göyçay çayının sağ sahilindəki dağ kəndində evdə başqa dillə, çöldəysə Azərbaycan diliylə böyüyən, oxuyan və sonralar da yazan münsifi qoyuram bir kənara, o ömrü boyu meyxana söyləməyib. Münsiflərdə də millətə lağ etmək üçün əyləşib. Şeyx Əbdülsə hiss olunur meyxanaya - bədihəyə çox meyllidir. Bu, onun öz işidir. Ancaq Şeyxin Göyçay və göyçaylılar haqqında söylədikləri yanlış idi. Guya ki, Göyçay bir Şirvan eli olaraq əzəldən meyxana deyilən və meyxananı yaşadan yer olub.
   
   Mən Göyçayda doğulub böyümüşəm, iyirmi il bundan əvvələ qədər də Göyçayda işləmişəm və müntəzəm yaşamışam. Bizim gənclik meyxana nə olduğunu bilməyib. Heç qonşu Ucar, Zərdab, Ağdaş, İsmayıllı, Qəbələ rayonlarında da gənclik belə bir deyişməni və yaxud çırtıq çalaraq tamam başqa aksentdə söylənən söz yığınını qəbul etməyib. Naxçıvanda, Qarabağda da eləcə. Şəki-Zaqatala bölgəsində isə adın tutmağa dəyməz.
   
   İndi sən Göyçaya bax ha, meyxananın vətəni statusuna ortaqlaşdırılır. O vaxt deyə bilmədim, indi deyirəm. 10-15 il bundan əvvəllərə kimi Göyçayda meyxanaya meyllik olmayıb və 100 minlik əhalisi olan rayonda elə 10-15 nəfər beləsi tapılıbsa, bu çox məhdud dairədə əriyib-itən məsələdir. Göyçayda keçmişlərdə 5-10 nəşəxor vardı və bu nəşəxorları da hamı tanıyırdı. Bəli, onlardan biri Qurdlar məhləsində yaşayan Tahir Sabir bağında nəşələnib nəsə oxuyurdu. Nəsə deyəndə ki, "indeyski" çalırdı fitdə. Yenə həmin məhlənin yetirməsi olan başqa bir yaşıdımız Mehrab isə bax həmin indiki meyxanaya bənzər qarışıq şeylər oxuyurdu. Müraciətində də "alə" işlədirdi. Biz altmışıncı-yetmişinci illərin yeniyetmə gəncləri jarqonlarla dolu gerçək meyxananı Bakıda tələbəlik illərində filarmoniya bağının dərinliyində - İçərişəhər divarları dibinə çömbəlib çırtıq çalan gənclərin, bəzən də onlara qoşulan böyüklərin dilində eşidib görərdik. İçərişəhərli Ağazəki və dəstəsi bizlərə, rayonlardan gəlib universitetdə, digər ali məktəblərdə təhsil alan "çuşkalara" rişxəndlə baxırdılar. Ancaq işləri də olmazdı. Çünki onların qədeşlik havası Qala divarlarını uzaqbaşı 4-5 metr aşa bilirdi, burdan o yana Bakı əsasən işıqlı gəncliyə məxsus idi.
   
   Və bir də Bakının bir neçə kəndində eşidirdik ki, toylarda və ya elə-belə əncir kölgəsində bekarçılıqdan meyxana deyişmələri olur. Bu qədər bəsit yəni.
   
   Məsələ müəyyən qədər Göyçayla bağlı olduğundan bəzi məqamları yada salmalıyam. Keçən əsrin doxsanıncı illərinə qədər Göyçayda gəncliyin paralel olaraq daha çox idman yarışlarına, musiqiyə, şer müsabiqələrinə, kitab müzakirələrinə və başqa faydalı işlərə diqqət yetirməsi, qoşulması, iştirak etməsi unudulmayıb. Nə toylarda, nə digər məclislərdə, nə küçə və parklarda meyxana adında quru budaq da olmayıb. Gənclər 1970-ci ildən fəaliyyət göstərən Əli Kərim adına Gənclik Poeziya Klubunun üzvlüyünə, heç olmasa məşğələlərin iştirakçılığına can atırdılar. Bizim yaşıdlarımız futbol, voleybol, güləş, şahmat, ağırlıqqaldırma, boksg bölmələrinə yazılmaq üçün hansı hisslər keçirmirdilər. Çünki bütün bunların ənənəsi və nümunəsi vardı. Qalib Əfəndinin yetişdirdiyi şahmatçıların səsi-sorağı Avropa və dünya birinciliklərindən gəlirdi. Mədəniyyət evində və ya kitabxananın 150 yerlik zalında Rəsul Rzanın, Məmməd Arazın, Əli Kərimin yaradıcılığına həsr olunmuş tədbirlərin qeyri-adiliyig Hətta bu tədbirlərin birinə canlı klassikin - Məmməd Arazın özünün gələcəyi xəbəri yayılmışdı və həmin gün mədəniyyət evinin qarşısına 2000 nəfərə yaxın göyçaylı toplaşmışdı. Əziz dostlar, Göyçay əsl sənətin, böyük poeziyanın, idmanın, gözəl ənənələrin, xan çinarların və meyvələr şahının fanatı və vətəni kimi tanınıb. İndi nələrsə öz səmtini itirib başqa istiqamətə yönəlirsə, burada Göyçay özəlliyinin günahı yoxdur. Günahkar Rəsul Rzanı, Əli Kərimi, Anarı, Ramiz Rövşəni, Aqil Abbası, Vaqif Bayatlı Odəri unudub gəncliyi meyxanaya şirnikləndirənlərdir. Ramiz Rövşənin, Aqil Abbasın, Vaqif Bayatlı Odərin də adlarını həmin o göyçaylı ədiblərlə birgə çəkməyim səbəbsiz deyil. Bu məşhur yazıçı və şairlər də mənim dostlarımdır, birlikdə Göyçayda çox olmuşuq. Onların kitabları, hələ çap olunmamış şerləri bu şəhərdə əl-əl gəzirdi. Və onlar da, Azərbaycanın bir çox tanınmış yazarları da doğulduqları şəhər və rayonlarının, kəndlərinin oğulları olmaqla yanaşı, həm də göyçaylı idilər...
   
   

TƏQVİM / ARXİV