MiKAYIL CEKSONU KiM ÖLDüRDü?

ETİBAR CƏBRAYILOĞLU
41801 | 2009-07-04 00:48
Krallar öləndə həmişə dünya bir-birinə dəyir. Dünən də belə idi, bu gün də. Sabah belə olmaya bilər. Kral qalmadı ki...
   
   Bir türk mahnısında deyildiyi kimi:
   
   
   
   ?çdür, beşdir
   
   Dünya heçdir.
   
   
   
   Səhər varsansa, günorta olmaya, axşam da unudula bilərsən. Süleymana qalmayan dünya Mikayıla da qalmadı. Dünya popunun kralı 51 yaşında həyatdan köçdü. Kralın bütün planetə səpələnən milyonlarla pərəstişkarı, onu tanıyan, hətta bəyənməyib nifrət edən insanlar səhər tezdən gözünü açan kimi eşitdilər ki, Cekson gözünü yumub, özü də həmişəlik.
   
   Bilirəm, Mayklı Mikayıl kimi təqdim etməyim çoxlarının xoşuna gəlməyəcək. Elə başa düşəcəklər ki, yəqin yenə zarafat edirəm. Bizdə belədi, çox vaxt düz sözü zarafat kimi başa düşüb xeyli gülürlər. Sonra görürlər ki, zarafat-filan yoxdu. Onda da gec olur. Zarafatlıq bir şey yoxdu, özü də hələ soyumayan meyitlə nə zarafat? Cekson özü deyirdi ki, müsəlmanlığı qəbul etdiyimə görə, məni Mikayıl çağırın. ?zü deyəndən sonra niyə onun sözünə qulaq asmayaq. Səsinə qulaq asdığımız insanın sözünə də qulaq asmalıyıq.
   
   Bir də görürsən ki, mətbuatda Nadir Qafarzadəni "Əjdaha Nadir" kimi təqdim edirlər. Yazı müəllifindən səbəbini soruşmağa peşman olursan. Dərhal cavab verir ki, müğənni özü belə istəyir. Beləcə, "Primadonna İlhamə", "100 faiz F.A" Faiq Ağayev, "Toylar kralı Manaf", "Pişik Günel" və s. yaranır. Onların dediyi ola bilər, Ceksonun dediyi yox?
   
   Mikayıl Ceksonun ölümü ilə bağlı yazımı köhnə hesab etməyin. Məşhur sənətçilərin ölümü sıradan bir olay olmadığından günlər, həftələr və aylarla müzakirə obyektinə çevrilir. Krallar öləndə qəzet-juranllar televiziyalar dirilir. Mikayılın qəfil ölümü haqqında nələr yazmır, nələr danışmırlar? Əsl həqiqətin harda olduğunu bilmək indi çətindi. Onu Mikayıl özü ilə aparıb. Kimdi gedib özündən soruşan? Cekson sağlığında əlçatmaz, ünyetməz idi. İndi ona heç əl çatmır. Onun yanına getmək problem deyil, oradan qayıtmaq çətindi. Birinci olmaq istəyən varmı?
   
   Kim nə yazır, necə pozur özü bilər. Mən Mikayıl Ceksonun ölümündə bizim şou-biznesin "barmağını" görürəm. Eşitməmiş olmazsız, Mikayıl Cekson konsert fəaliyyətini bərpa edən kimi biz tərəflərə qastrola gəlmək istəyirdi. Bu üzdən Azərbaycan şou-biznesində baş verənləri diqqətlə izləməyə çalışırdı. Faiq Ağayevin adının pornokasetdə hallanması, ailəsindən boşanması, Aygün Kazımovanın Namiq Qaraçuxurlu ilə hər yerdə ər-arvad kimi gəzib, lakin ayrı-ayrı yaşamaları Mikayıl Ceksona pis təsir edirdi. Rəqsanənin evdən çıxarılması, Xuraman Şuşalının toyun gününü təyin edib, ərə gedə bilməməsi, Səmədin "Toylar kralı" taxtından salınması, "Əjdaha Nadir"in dənizdə çimməyi bacarmaması, Kərimə daha çox kişilərin mesaj yazması Ceksonun o dünyaya qastrolunu sürətləndirdi.
   
   Flora Kərimovanın İlhamə ilə, Brilyant Dadaşovanın Faiq Ağayevlə, Aygün Kazımovanın Röya ilə, faytonçu Nazimin Elariz Məmmədoğlu ilə dava-dalaşından elə bilirsiz Ceksonun xəbəri yox idi? Mikayıl da bizim kimi belə söz-söhbətləri, qarşılıqlı ittihamları eşitməkdən yorulmuşdu. Və bir gün Məleykə Əsədovanın ifasında mahnı eşidən Mikayıl Ceksonun əsəbdən ürəyi dayandı. Əkrəm Əylisli demişkən, ürək yaman şeydi. Biləcəridən o yana çıxarmalı ulduz yetişdirə bilməyən bizim şou-biznes Mikayı Cekson kimi pop kralının ölümünə bais oldu.
   
   Daha bir müsəlmanı elə müsəlmanın əli ilə aradan götürdülər...
   
   

TƏQVİM / ARXİV