BACI DOST OLARSA

ƏBÜLFƏT MƏDƏTOĞLU
458686 | 2015-02-12 08:28
Həyatda dost olan hər kəs daha səmimi və doğma olur

Mənim bu yazımı oxuyan hər kəs mütləq içindən müxtəlif fikirlər keçirəcək. Mən o fikirlərin hansı istiqamətdən, hardan və necə qaynaqlanacağını az-çox təxmin edirəm. Tam səmimiyyətimlə, əlimi ürəyimin üstünə qoyaraq bir Allah qarşısında etiraf edirəm ki, bu yazını yazmaq mənim üçün çox çətindi. Deyə bilərsiniz ki, onda yazma. Amma yazmaya da bilmərəm. Çünki içimdəki adamların sırasında bu yazının qəhrəmanı öz yerini çoxdan müəyyənləşdirib. Çoxdan deyəndə ki, o, "bacı" sərhəddini keçib dost taxtında əyləşəndə artıq mən anladım ki, o da mənim iç dünyamın adamlarından biri oldu və elə həmin o gündən də bu dostuma bir az fərqli yanaşdım. Çünki onun həyatı, düşüncələri, dünyaya baxışı, hətta ayrı-ayrı adamlara verdiyi qiymət o qədər maraqlı idi ki, mən bu dostumun özünü oxumağa başladım. Həmin o qiymətlərdə, bu yanaşmada bunun özünü gördüm... Və nəhayət, günlərin birində əlimə bir dəftər düşdü. Unudub stolun üstündə qoyduğu bu dəftəri icazəsiz vərəqlədim. Yazdığı beş-üç cümləlik kiçik qeydlər məni əməlli-başlı düşündürdü və...

Bilməyənlərə xatırladım ki, bizim nəsil, qan qohumluğu çox-çox uzaq illərə gedib çıxır. Elə bir tarixə ki, onda Ermənistandan insanların ikinci köçü, yəni 30-cu illər köçü başlamışdı. Dağlardan köçüb gələn bu insanlar Azərbaycanın müxtəlif bölgələrində məskunlaşdılar və təbii ki, bir-birindən uzaq düşənlər də oldu. Nə isə...

Deməli, əlimdəki dəftəri vərəqləyəndə bu sözləri oxudum və düşündüm: "Həyatda elə anlarım olub ki, yaşamaq istəmirəm. Çünki arzularım, xəyallarım daşlara dəydi, özü də gözüm görə-görə. Amma uşaqlarım məni yaşamağa məcbur edir..." 

Mən onun həyatını beş barmağım kimi bilirəm. Orta məktəbi necə oxuduğunu, bu əl boyda arıq, çəlimsiz qızın müəllimlərin necə sevimlisi olduğunu, hətta Mirzənağılar kəndindən qonşu Cocuq Mərcanlıdakı məktəbin yuxarı siniflərinə necə həvəslə getdiyini, az qala yol boyu uşaqlarla dərs sorğu-sualı... Bütün bunlar onun həyatından xəbərdar olanların hamısının yadındadı. Hamının ümidlə baxdığı bu qız özünə bir ideal seçmişdi. O da Süleyman Rəhimovun Mehmanı idi. Ancaq həmin illərdə bu arzuya qovuşa bilmədi. Çünki universitetin hüquq fakültəsinə daxil olmaq üçün əmək stajı lazım idi. İlk istəyi beləcə nəhs gətirdi. Məcbur olub şəhərdə fabriklərin birində işə girdi. Oxuya-oxuya sənədlərini yenidən ali məktəbə təqdim etdi. Bu dəfə isə onu zorla, necə deyərlər, ən sərt güc tətbiq etməklə oğurladılar. Düzdü, buna el arasında qaçırma deyirlər. Ancaq sevmədiyi, sevməyi hətta ağlından keçirmədiyi, sadəcə, bir elli kimi tanıdığı insan onu dostlarının gücü ilə gəncliyindən, arzularından qopardı. Sonralar öyrəndik ki, avtomobillə aparılarkən qəflətən qapını açıb özünü atmaq istəyən bu şıltaq qızı maşındakı dəliqanlılar zorla tutub saxlaya biliblər. Amma ona kifayət qədər zədələr toxunmuşdu və bu zədələr onun həyatını bugünə qədər də ağrılar içərisində saxlayır.
Bir milli mentalitetimiz var. Şəxsən mən onunla barışmıram. Amma bugünün özündə də söyləyirlər ki, qaçırılmış qız artıq kimsəyə lazım deyil. Mən başa düşə bilmirəm ki, istəmədən, zorla adamları necə bir dam altında yaşamağa məcbur etmək olar?! Amma görünür, həmin o mentalitet o qədər güclüdür ki, biz hələ də onun təsirindən çıxa bilmirik. Mənim qəhrəmanımın da taleyi belə gətirdi. O, qohum-əqrəbanın, ağsaqqal-ağbirçəyin öyüd-nəsihəti ilə taleyi ilə barışdı. Amma bilmədi ki, onu qarşıda daha ağır bir sınaq da gözləyir. Belə ki, üçüncü övlad dünyaya gələndə artıq Qarabağ savaşı başlamışdı. Həyat yoldaşı bu savaşda aldığı streslərdən, kontuziyadan qəflətən dünyasını dəyişdi. Beləcə, təhsili də, həyatı da alt-üst oldu. Bir ildən artıq bir müddətə o, ev dustağı kimi yataqdan tərpənmədi. Bacılar, yaxın qohum-əqrəba onu bir an da olsun tək buraxmadı. Onu həyata qaytarmaq üçün hər kəs bacardığını etdi. 

Zaman bütün ağrıları müalicə edir. Doğrudur, sağaltmır, sadəcə, yara qaysaq bağlayır, sızıltısı bir az azalır. Bir az da alışırsan, öyrəşirsən bu sızıltılara...

Əl boyda uşaqlarını böyütmək, onları sabahkı günə hazırlamaq onun üçün nə qədər çətin olsa da, o bütün bu çətinliklərə çiyin verdi, amma boyun əymədi. Qürurunu, ləyaqətini hər şeydən üstün tutdu. Hətta mərhum həyat yoldaşından sonra onun işlədiyi idarədən bu ailəyə verilmiş mənzilə qaçqın soydaşlarımız yığışanda da, onlara aid torpaq sahəsi zəbt olunanda da dözdü. Yataqxanadakı o balaca otaqların içində şam kimi əritdi ömrünü. Əritdi ki, balalarının üzündə həmişə təbəssüm olsun...
Onun bu dözümü, onun bu cəfakeşliyi bütün doğmalar kimi məni də həm təsirləndirirdi, həm də düşündürürdü. Elə bil ki, Allah özü səbəb saldı. Günlərin birində o, iş yerimə gəldi. Əlində bir məktub var idi. Dedi ki, mən yazmışam, şikayət ərizəsidi. Ancaq rəfiqəmin adındandı, ona haqsızlıq ediblər. Bunu qəzetdə çap edin.

Məktubu alıb oxudum. Çox səliqəli və əsl jurnalist peşəkarlığı ilə yazılmışdı. Başımı qaldırıb üzünə baxdım. 


- Sənin başqa yazıların da var? Bəlkə şeir də yazırsan? - deyə soruşdum. 

- Əvvəllər olub. Amma indi özüm üçün arabir qeydlər edirəm, - dedi.
Maraq mənə güc gəldi. Günlərin birində onun "168 saat" qəzetindəki məqalələrini, şeirlərini oxudum. Özümü qınadım ki, bu vaxta qədər onun bir söz adamı olduğundan xəbərsiz qalmışam. Amma gec də olsa artıq bunu bilmişdim. Dilə tutub qəzetlər üçün, xüsusilə "Ədalət" üçün yazmasını istədim. Öncə tərəddüd etdi, sonra razılaşdı. Günlərin birində onu mərhum dostum Qoşqar Qarayevin sahibi olduğu "Çinar-çap" nəşriyyatında korrektor kimi işləməsinə köməklik göstərdim. Nəhayət ki, onun üzünə təbəssüm gəldi. Çünki xəyallarını, arzularını, içində olanları yazmaq, bölüşmək imkanı qazanmışdı. Hiss olunurdu ki, hardasa tükənməkdə olan bir bulağın gözü yenidən açılır, yenidən həyata qayıdır. Təsəvvür edin ki, dünənə qədər ancaq beş-üç kəlmə kəsib özünə çəkilməyə üstünlük verən bacım indi mənimlə fikir mübadiləsi edir, kitablar barəsində, qəzetlər barəsində, hətta kəskin sözlər də dilə gətirirdi...

İndiki kimi yadımdadı. Adını çəkmək istəmədiyim bir müəllifin bir ay içərisində dördüncü kitabını korrektə etmək ona tapşırılmışdı. Axşam evdə söhbət düşəndə gözləmədiyim halda birdən dedi ki:

- Bu adamlar öz yazdıqlarından utanmırlar? Nə qədər mənasız və bir-birini təkrar eləyən yazıları kitab etmək, oxuculara sırımaq olar? Onlar başa düşmür ki, bunlar kitab deyil, zir-zibildi? 
Güldüm. Bu onu bir az da əsəbiləşdirdi.

- Sizdə də az günah yoxdu. Hərdən elə kitabları reklam edirsiniz ki, adamın əti tökülür.
Bəli, o, doğru deyirdi. Amma bu həqiqətin arxasında bir Azərbaycan gerçəkliyi də dayanır. O da bu gerçəkliyi görmək istəmirdi. Axı bu gerçəkliyə görə Azərbaycanın 10 milyona yaxın əhalisinin az qala 70-80 faizi bir-birinə dost, simsar, qohum, tanışdı. Bu gerçəklikdə bir atalar sözü də var: "Üz üzdən utanır". Bax, buna görə də sənə üz tutanı, sənə ərk edəni ümidsiz qoymaq olmur. Ümid demişkən...
Bir dəfə sözarası dedi ki, indi həyatda ən çox güvəndiyim, istinad etdiyim bir söz var. O da ümiddi! Soruşdum ki, niyə məhz ümid? Dedi ki, o ümid məni yenidən yaşamağa həvəsləndirdi, mənə qol-qanad verdi. Açığını deyim ki, hara işarə vurduğunu müəyyən mənada anladım. Bildim ki, həyatımda baş verən yenilikləri nəzərdə tutur və bir az da üstüörtülü elə mənə də minnətdarlıq edir. Amma mən bunu ona nəyisə xatırlatmaq, hansısa minnətdarlıq hissini dilə gətirmək üçün etməmişdim. Mən bunu onun daxilindəki odu-közü görüb alışmasına azacıq şərait yaratmışdım və istəmişdim ki, mənim bacım heç olmasa həyatının bu çağında bir az ətrafa, bir az dünyaya özünün dediyi kimi, ümid gözüylə, sevgi gözüylə baxsın. Yaşaya bilmədiyi gəncliyinin arzularının bir qismini heç olmasa indi gerçəkləşdirsin. Çünki onun buna bütünlüklə haqqı var! Və mən də həmin haqqın ona çatdırılmasında sadəcə və sadəcə bir qığılcım rolunu oynadım. Və üstəlik də mən bir dost qazandım. Özü də ÜRƏK DOSTU!
İllər ötür, hadisələr bir-birini əvəzləyirdi. Təbii ki, ötən illərin içərisində onun övladları da böyüyürdü. Günlərin birində o, qapısına gələn elçiyə istədiyini verdi... Nənə oldu... Sevinci, təbəssümü bir az da artdı. Doğrudu, qayğıları azalmadı. Əksinə, yataqxana həyatı onun bir qadın kimi neçə-neçə arzusuna sərhəd çəkdi. İstəyincə ev bəzəyib, mətbəx qurub, qapısına gələn qonağı ürəyincə qarşılayıb yola salmaq onun üçün mümkünsüz oldu. Amma əvəzində həyat sevgisi, nəvə əlindən tutub gəzmək, içindəkiləri yazmaq, gündəlik informasiyanın içərisində olmaq, bir sözlə, normal insanlar kimi cəmiyyətdə təmsil olunmaq imkanları genişləndi. Və günlərin birində mən onun mobil telefonunda yazdığı sözü oxuyanda bir anlıq fikrə, xəyala daldım. O, bütün doğmaların adını necə varsa, elə də yazmışdı. Bircə mənim nömrəmin qarşısında bütün hərfləri böyük olmaqla ÜMİD!!! Bilmirəm, mən ona nə qədər ümidəm, nə qədər ümid vermişəm, amma bircə onu bilirəm ki, o mənim təkcə doğmam kimi yox, bacım kimi yox, həm də yaxşı bir oxucum, özü də güzəşt etməyən, iradını birbaşa deyən oxucumdu. Üstəlik o, mənim fikirlərimi oxuyan, mənim nə düşündüyümü öncədən görən, duyan və bəzən də düşüncələrimə qol-qanad verən ürək dostumdu. Biz həm yazdıqlarımızı, həm oxuduqlarımızı, həm ailələrimizi, yəni evimizin içini o qədər rahatlıqla müzakirə edirik ki, bu müzakirəni kənardan dinləyən düşünər ki, bu adamların hər halda başqa bir problemi yoxdu. Amma...

Bəli, həyat başdan-başa qayğı ilə, problemlərlə doludu. Biz də onların daşıyıcılarından biriyik. Bizim əlavə bir problemimiz də var. O da özümüzün könüllü şəkildə qəbul etdiyimiz ÜMİD və ÜRƏK DOSTU olmağımızdı. Çünki ürək dostuna ümid olmaq, ümidin də ürək dostu kimi qalmaq çox böyük məsuliyyət tələb edir. Sevinirəm ki, mən bu yükü çəkə bilirəm və sevinirəm ki, içimdə olanı onunla rahatca bölüşürəm. Bölüşdüklərimə o həmişə diqqətlə, anlayışla yanaşır. Axı, o, mənim ürək dostumdu!..

Əbülfət MƏDƏTOĞLU

TƏQVİM / ARXİV