adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

SUBSİDİYALARI "YEYƏNLƏR" KİMƏ ARXAYINDIRLAR?

FAİQ QİSMƏTOĞLU
19658 | 2015-02-12 08:17
Heç kimə sirr deyil ki, kənd təsərrüfatının inkişaf etdirilməsi üçün neçə illərdi ayrı-ayrı fermerlərə dövlət tərəfindən subsidiyalar verilir. Təbii ki, bunu da o məqsədlə həmin fermerlərə verirlər ki, onlar torpaq sahələrində taxıl əksinlər və yüksək məhsuldarlığa nail olsunlar. Əlbəttə, hər bir fermerə dövlət və hökumət belə bir qayğı göstərirsə bunu alqışlamaq lazımdır. Çünki tək fermer öz qüvvəsi ilə onlarla hektar sahədə taxıl əksə də onu becərib yüksək məhsuldarlıq əldə edə bilməz.
İnsaf naminə deyək ki, fermerlər həmişə hökumətin bu dəstəyindən razılıq əldə ediblər. Amma narazılıq edənlər də var. Ən azından ona görə ki, onlara verilən subsidiyaları ya vaxtında ala bilməyiblər, ya da kimlərsə bu fermerlərdən nəsə "şirinlik" umub. Bu deyilənləri eləməyəndə isə bəzi fermerlərin başı ağrıyıb, əkin və biçin zamanı olmazın çətinliklərlə üzləşib.
Gəlin onu etiraf edək ki, subsidiyalara göz dikənlər çox olub. Xüsusən də ayrı-ayrı icra orqanlarının maraqları burda özünü daha aydın göstərir. Təsadüfi deyildir ki, bir çox fermerlər subsidiyaların verilməsi zamanı yerli icra orqanlarını günahlandırırlar. Nə qədər qəribə olsa da deməliyik ki, yerli icra orqanları çox vaxtı bu ittihamları qəbul eləmir və sudan quru çıxırlar.
Bu gün bütün ölkədə ayrı-ayrı şəxslərin subsiyadaların mənimsənilməsindən danışılır. Axı nə vaxtsa gizli görülən bir iş günlərin bir günü üzə çıxmalıdır. Bir çox icra orqanları əkilməyən taxıl sahələrini də əkilmiş kimi göstərmiş və bunun müqabilində milyonlarla manat ayrı-ayrı şəxslərin cibinə axmışdır. Mütəxəssislər bildirirlər ki, bu cür hallar iki formada baş verib: ya əkilməyən sahələr əkilən sahə kimi qeydə alınır, ya da hər hansı fermerin 100 hektar torpaq sahəsi 500-1000 hektar kimi göstərilib. Burda da yavaş-yavaş torbada pişiyin olduğu hiss edilir. Deməli, ayrı-ayrı rayonlarda rəqəmlər şişirdilmiş və bunun müqabilində külli miqdarda dövlət vəsaiti bayaq dediyimiz kimi, kimlər tərəfindənsə mənimsənilmişdir.
Təsadüfi deyil ki, bu məsələlərə ölkə prezidenti cənab İlham Əliyev son müşavirədə toxunmuş, subsidiyaların mənimsənilməsi üçün rəqəmlərin şişirdildiyini qeyd etmişdir. Cənab prezidentin bu müşavirədə bir daha ayrı-ayrı icra orqanlarına xəbərdarlığı olmuşdur. Təbii ki, bütün bunlar onu göstərir ki, respublikamızın bir çox rayonlarında subsidiyaların verilməsi zamanı kobud qanun pozuntusuna yol verilmiş və dövlətin külli miqdarda vəsaiti kimlərinsə cibinə axmışdır.
O da heç kimə sirr deyil ki, ayrı-ayrı icra orqanları subsidiyalardan "öz paylarını" götürüblər. Təbii ki, bu pay isə heç də qanunauyğun bir əməl deyil. Məmləkətimizin əksər rayonlarında bu cür mənimsəmə faktları kifayət qədərdir. Aydındır ki, hər hansı icra orqanı heç də bu məsələləri öz xeyrinə asanlıqla həll edə bilməz. Çünki bəzi hallarda rayon icra başçıları subsidiyaların fermerlərə necə verilməsini xüsusi nəzarətdə saxlayıb. Amma görünür bəzi icra başçıları yenə burda öz maraqlarını güdüblər və onların xeyir-duası ilə bu pullar mənimsənilir.
2015-ci ili "Kənd təsərrüfatı ili" elan ediblər. Yəni bu il kənd təsərrüfatına və onun inkişafına ölkə prezidenti xüsusi bir diqqət göstərir. Bu məqsədlə kənd təsərrüfatını inkişaf etdirmək üçün dövlət büdcəsindən kifayət qədər vəsait də ayrılıb. Əlbəttə, həmin vəsaitlər təyinatı üzrə xərclənəndə istər-istəməz kənd təsərrüfatı məhsulları sahəsində bolluq yaranır.
Amma bizi bir məsələ narahat edir ki, bir vaxtlar subsidiyaları mənimsəyən ayrı-ayrı icra orqanları yeni ayrılan vəsaitlərə də göz dikə bilər. Əgər dövlətin külli miqdarda vəsaiti mənimsənilirsə, deməli, bu özü böyük bir iqtisadi cinayətdir. Təsadüfi deyil ki, belə cinayətlərdən biri Şəki rayonundakı Aqrolizinqdə baş verib. Aqrolizinqin rəhbəri və bəzi məsul şəxsləri 9 milyon manat məbləğində vəsait mənimsəyiblər. Bu barədə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi ictimaiyyətə geniş açıqlama verib.
Yaxşı olardı ki, hüquq-mühafizə orqanları respublikamızın müxtəlif rayonlarında fermerlərə subsidiyaların verilməsi zamanı baş verən qanun pozuntularını araşdırsın və mənimsəməyə yol verən ayrı-ayrı məsul şəxsləri cinayət məsuliyyətinə cəlb eləsin. Həmişə hüquq-mühafizə orqanları dövlət vəsaitini mənimsəyənlərə qarşı sərt mövqe tutub və inanırıq ki, bu dəfə də həmin mövqedə qalacaqlar.


TƏQVİM / ARXİV