adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Böyük ədəbiyyatın ünvanı

330159 | 2009-07-04 01:56
adyazar.az adlı bir sayt var. Ədəbiyyat adına nə istəsən orda tapa bilərsən. "Ədəbiyyat" qəzetini sıxıb yerə atsan canı çıxar, adyazar.az isə başqalarına can verir. Ora tapınan yazarları oxuyanda adam dirçəlir, dönüb arxasından gələn balacalara baxıb gülümsünür, göz vurur onlara. Yəni demək istəyir: darıxmayın, sizin gələcəyinizin mayakı hüseynbəylilər, qabillər, gülağatənhalar, qəşəmnəcəfzadələr olmayacaq. Qan Turalı var, "Ciyələkli gecə"si ilə, Elnur Astanbəyli var "Murdar"ıyla, Həmid Herisçi var "Nekroloq"u, Rasim Qaraca var, "?lüm adlı günəş" ilə.
   
   Yazarı oxucu adam eləyib üzə çıxarır. Anarı gənclərin hədəfinə çevirən onun oxucuları oldu. Qapalı sovet rejimində alternativ görməyən oxucu Anarı tərifləyə-tərifləyə tamada səviyyəsinə endirdi. adyazar.az-ın oxucuları çox qəddardır. Onlar Rasim Qaracanın "Dünyanın ən qorxusuz yeri" hekayəsindəki" "qorxusuz" ifadəsi yerinə "təhlükəsiz" yazılmamasına irad tuturlar. Onlar Ceyhun Musaoğlunun, həqiqətən ədəbiyyatçı ola bilməyəcək, gəncliyi arxada qalan, gələcəyi isə görünməyən bir jurnalistin "Tüstülənən arzu" hekayəsindəki "şalvarı kəmərdən çıxardı" cümləsində "şalvar"ın artıq olduğunu qızıl-qırmızı yazarın üzünə çırpırlar. Onlar Aqşini fəlsəfə qanadlarında uçmaqda qınayır, kimsədən çəkinmədən şairi dartıb yerə salırlar. Qoy əzilsin, qoy başı partlasın, birdəfəlik başa düşsün ki, oxucunu dolamaq olmaz.
   
   Bir oxucu belə, Bəxtiyar Vahabzadəyə deməmişdi ki, "hər şey bölünürkən çoxalır, bəs bu nədəndir, ancaq yox olur yarı bölünmüşsə məhəbbət" sualını o bizə yox, biz ona verməliydik. Şairin borcu cavabı tapılmayan suallara cavab verməkdir, təbii ki, öz məntiqi ilə. Yoxsa Qabildən soruşan olmuşdu ki, hürufiliyin tam əksinə, hürufiliyə ironiya həyat tərzi keçirdiyin halda "Nəsimi" poeması yazıb, o nəhəng insanı necə təbliğ etdin? "Sənin səmimiyyətinə necə inanaq, ay Qabil?" deyən olmuşdu?...
   
   Yəqin ki, Rəşad Məcidi hamınız tanıyırsız. Sizi bilmirəm, mən onu özümə dost və qardaş hesab edirəm. Səmimiyyətinə inanıram dostum və qardaşımın. Rəşad bəy bu yaxınlarda "Ədəbiyyat" qəzetini yaş yudu, quru sərdi. "Ədəbiyyata xidmət eləmir" dedi, bu qəzet. Azərbaycan Yazıçılar Birliyində gənclər üzrə katib postunu tutan adamın belə yanaşması ciddi qəbul olunmalıydı. AYB rəhbərliyi anında reaksiya verməli, qəzetdə araşdırma aparmalı, günahkarları cəzalandırmalı, büdcədən ayrılan pulları göyə sovurduqlarına görə onları redaksiyanın qapısından çölə atmalıydı. Belə olmadı. Əslində, Rəşad Məcidə hörmətsizlik edildi.
   
   Bilirsizmi niyə? Çünki Rəşad bəy alternativ göstərməmişdi. "Bu pisdir" deyənlərədən həmişə soruşulur: "Bəs nə yaxşıdır?" Rəşad Məcid ədəbiyyata xidmət edən yaxşı orqanın adını çəkməmişdi.
   
   ?ç səbəb ola bilər: Birinci, belə bir orqanın olmasından xəbərsizmiş, ikinci, dağıdıcı qocalar onu yaradıcı gənclərlə əlbir olmaqda qınayar, üçüncü, bir vaxtlar tənqid olunduğu düşərgəyə dost əli uzatmaq istəmir. Rəşad Məcid informasiyalı adamdır, hər şeydən xəbəri var. Deməli, birinci səbəb getdi. İkinci səbəb də boş çoxluğa bərabərdir ona görə ki, prezidentin seçkidə vəkili olandan sonra Rəşad Məcidin hər hansı bir qocadan qorxacaq yeri yoxdur. Bəli, Rəşad bəy "düşmən" düşərgəyə dost əli uzatmaq istəmir. adyazar. az-ın kiminsə əlinə ehtiyacı da yoxdur. Sadəcə, etiraf etmək lazımdır: böyük ədəbiyyat adına nə varsa, bu saytdadır, daha heç yerdə. Yaxşı olardı, yaxşı olardı ki, bu etirafı AYB-nin gənclər katibi etsin.
   
   Mən sizə əsl ədəbiyyatın ünvanını göstərdim. Adyazar.az-ı tıklayın ədəbiyyat dünyasına düşün. Azadlıq nə arxadadı, nə öndə. Azadlıq Yolun Ortasındadır. Sadəcə, əyilib götürmək lazımdır, tapdalayıb keçmək yox.

TƏQVİM / ARXİV