adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

Yevqeniy necə BOMJ-a çevrilib...

CEYHUN MUSAOĞLU
21431 | 2009-06-20 00:55
Xırda addımlarla 4-cü bloka doğru gedən 55-60 yaşlarında bir kişi ani olaraq zibil qutularının yanında dayandı. Yevqeniy sağ böyrü üstə uzanıb zibillikdən yığdığı yarımçıq siqaretləri bir-birinin odunda yandıraraq sümürürdü. Tüstü ancaq burnundan çıxırdı. Ərazidə 9 zibil qutusu qoyulmuşdu. Əksəriyyətinin içərisində pişiklər oynaşan zibil qutularına adam yaxınlaşanda pişiklər hiss edib tullanıb qaçırdı. Pişiklərin qəflətən sağa-sola sıçraması ruslar üçün adi idi. Yaxşı bilirsiniz ki, ruslar biz qoyunu sevdiyimiz qədər pişikləri sevir. Onların sevgisi daha qabarıqdı. Azərbaycanlılar qoyunu yataqlarına sala bilmrlər, amma ruslar pişiklə yatıb, pişiklə dururlar.
   
   Yevqeyniyin yaşadığı mənzilin yerindəki ərazidə ucaldılan binada cəmi bir azərbaycanlı ailə yaşayırdı. Evin kişisi bazarda işlədiyindən gecə yarısı qayıdırdı. Bütün ev işləri qadının boynuna düşürdü. Zibil atmaq çöl işi olsa da, qadın bu işi də boynuna götürmüşdü. 15 ildir Moskvada yaşamasına və Rusiya vətəndaşı olmasına baxmayaraq, kişi zibil atmağı aşağılanmaq hesab edirdi. Daim ovcunda sıxıb-saxladığı bəhanəsi də vardı: "Kişi əlində ərzaq səbəti daşıyar, zibil səbəti yox". Qadın hər dəfə zibil atmaq üçün 4-cü mərtəbədən aşağı enib, zibil qutularına yaxınlaşanda elə bilirdi ki, indicə qara pişik onun üstünə tullanacaq. Yəqin uşaq vaxtı belə bir hadisəni yaşayıb ki, yaddaşına əbədilik qorxu həkk olunub.
   
   Yevqeyniy qadının qutuya zibi atanı idi. Onun əlindən zibil səbətini alb qutuya atmaq Yevqeyninin gün ərzində gördüyü yeganə faydalı əmək hesab oluna bilərdi. Bu yaxşılığın əvəzində azərbaycanlı qadın onu ac qoymamağa çalışırdı. Əlinə keçən ərzaqdan oğlu ilə Yevqeyniynin də payını göndərirdi.
   
   Gəlin, zibil qutularının yanında dayanıb, Yevqeyniyə yaxınlaşmaq istəyən qocanı çox gözlətməyək. İşdən gəlib, yorğunluğuna üfunət iyini də əlavə etsək, bunu oxucu bağışlamaz. Elə başa düşər ki, yaşlı adam rus olduğundan ona təcavüz edirik və hirslənib kitabı kənara tullayar. Axı bizim millət başqalarını özündən çox sevmək xəstəliyindən 70 il ?mum SSRİ xəstəxanasında müalicə alıb. Xəstəxananı təmir adıyla tez bağladıqlarındandır ki, 20 faiz ərazimizin erməni işğalında qalmasına illərdir razılıq veririk. Sona qədər müalicə almadı mənim millətim.
   
   Gözünü ağardırsan, demək istəyirsən ki, siyasətə keçməyim? İncidərlər bizi? Qorxma bütün diqqəti bizim qəhrəmanımıza yönəldəcəm. Birazdan bütün dünya ondan danışacaq. Müəlliflər də Allah kimidi: qəhrəmanı yaradırlar və taleyini onun öz ümidinə buraxırlar. Necə bacarır elə də yaşasın. Oxucunu çəkib kənara harda nə söhbət edirlər, harda hansı razılığa gəlirlər öz işləridir. Mənim bir Anar adlı həmkarım var. Beşmərtəbəli evin altıncı mərtəbəsi" əsərindəki qəhrəmanı fahişə Təhminədir. Oxucu Təhminəni özünə o qədər doğma bilir ki, əsər yazılan ildə doğulan uşaqların statistikasını aparmışam, əksəriyyətinin adı Təhminədir. Fahişəliyin fəlsəfəsində ana xətti ögeylik təşkil edir. Fahişə hamının oldğu üçün kimsəyə doğma sayılmır. Təhminə Anarın oxucularının doğmasıdır. Lap elə "Axırıncı aşırım" filminin qəhrəmanı Qəmlo. 1990-cı ilin sonuna qədər Qəmlo tamaşaçının nəslini, kökünü qıran düşmən idi. 90-dan sonra Qəmlo tamaşaçının nəslində, kökündə ən doğma adama çevrildi.
   
   Zibil qutularının yanındakı rus kişisi də Yevqeyniyi əvvəl terrorçu bilmişdi. 30*40 ölçüdəki çərçivədən boylanan uşağın belinə partladıcı maddə sarınmadığını milislərin araşdırması nəticəsində başa düşəndən sonra isə onu qucağına götürüb BOMJ-un yanını kəsdirmişdi. Uşağı tanıyırdı, Yevqeyniyi isə yox.
   
   Qonşu olmuşdular. Xatirələri yada saldıqca gözlərindən ötən kadrlar bir-birini arxada qoyurdu. Yevqeyniy cəld ayağa durub kişinin çiyinlərindən tutaraq, gözlərini gözlərinin içinə necə zillədisə, orda, lap dərinlikdə balaca oğlanın sürdüyü üç təkərli velisoped dayandı. Uşaq ağlayırdı. Sifəti yaxşı seçilməyən bir nəfər velisopedin arxa ramasından tutub saxlamışdı. Uşaq pedalı hərləməyə çalışır, amma alınmırdı. Qışqırıq səsi get-gedə ucalırdı. Sanki arxadan təpiklə vurulub 3-cü blokdan maykada çölə atılan müqəvvaya oxşayan kişi uşağın üstünə necə şığıdısa, balaca şalvarına işədi. Əvvəl sillə, sonra təpik, ardınca söyüş... Uşaq top kimi diyirlənib ikinci zibil qutusunun yanına düşdü. Daha ağlamırdı, hıçqırırdı. Velisopedin ramasına yapışan əl velisopedlə birlikdə müqqəva kişinin boyunca qalxıb elə o hündürlükdə açıldı. Velisoped müqəvva kişinin dizinə dəyib yerə düşdü. Müqəvva kişi heç bir müqavimət göstərmədi, eləcə gözü kölgəli adamlar kimi, başını aşağı salıb susdu.
   
   Həmin blokdan, elə həmin sürətlə ətli döşləri ağ kətan köynəyindən göz çıxaran qadın özünü bayıra atdı. Bir əli ilə velisopedi götürüb, o biri əli ilə müqəvva kişinin sinəsindən arxaya itələmək istəyirdi ki, velisopeddən yapışan əl qolundan tutdu. Əvvəl bərk sıxdı, sonra barmaqlarını boşaldıb, qadını ayağa qaldırdı. Vəhşi kimi sinəsinə çəkdiyi qadının döşlərinin arasından öpəndən sonra onu müqəvva kişiyə doğru itələdi. ?zü isə dördüncü bloka tərəf getməyə başladı. Blokun ağzına çatanda geri dönüb dedi: "İdite k çortovoy materi"...
   
   Yevqeyniy gözlərində film göstərən kişinin qolları arasından şəklini çəkib çıxaranda artıq titrlər gedirdi. Hərifləri oxumaq olmurdu. Diqqətlə baxanda bu hərflər baş daşına çevrilirdi. Baş daşının ayaqları da vardı. Yevqeyniy ayaqlı başdaşılarının tullana-tullana 3-cü bloka doğru getdiyini, bloka çatan kimi əriyib yox olduqlarını gördü.
   
   Hər şey aydın idi. Ona gözlərində film göstərən kişini də tanımışdı. 4-cü blokun 21 saylı mənzilinin sakinini Yevqeyniy uşaq olanda günortadan sonra evlərində tez-tez görürdü. Düzdü, onda belə qarın buraxmamışdı, amma belə duruşu, belə baxışı həminkiydi. Saçının tellərini 11 il öncə sayan olsaydı və həmin sayıcı funksiyasını indi davam etdirsəydi eyni nəticə ilə qarşılaşacaqdı. Evlərinə tez-tez gələn qonşusuyla rastlaşandan və onu evdə anasıyla birgə qoyub həyətə düşəndən, həyətdə özünə yer tapa bilməyib evə dönəndən sonra Yevqeyniyin qarşılaşdığı nəticə də eyni olurdu. O, azərbaycanlı olsaydı, nəticəni dəyişə bilərdi, yaxud dəyişməyə cəhd göstərərdi. Hər dəfə qapını açıb, anasının çıxardığı eyni səsləri eşitməməyin üç yolu var: qətl; ataya xəbər vermək; evdən baş götürüb getmək. Birinci yol Şərqdən gəlir, ikinci yol Qərbdən. Yevqeyniy üçüncü yolu seçdi-Şimal yolunu. O, yoxa çıxdığı ilk günlərdə valideynləri narahat olsa da "Yevqeyniyi görməmisiz" klassik sualı ilə bir-iki qonşunu narahat etməklə axtarışları sona çatdırdılar. Dəhlizə açılan giriş qapısının küncünə yığılan araq şüşələrinin sayı çoxaldıqca Yevqeyniy itgisi adiləşirdi. Ərlə-arvad eyni stol ətrafında oturub içməzdi. İçmək üçün stol arxasında oturmaq vacib deyildi. Hər ikisi harda, necə gəldi, "zakuska"sız içmək vərdişinə çoxdan yiyələnmişdi. İşə bax e, Yevqeyniyin ailəsi pərən-pərən olmasaydı, qəhrəmanımız - Azərbaycanın paytaxtı Bakının Abşeron rayonundakı kiçik kəndin həyətlərindən birində ərik ağacnın altında oturub planını həyata keçirmək üçün detallarla əlbəyaxa çıxan bədbəxt oğlu bədbəxt həmin ailədən nümunə kimi istifadə edərdi. Yevqeyniyin ailəsində çatışmayan nifrət hissinin qalmasıydı. Sevgiyə zaman özü teror etmişdi: arvadın xəyanətləri atanı müqəvvəya döndərmiş, oğulu isə evdən-eşikdən soyutmuşdu. Bədbəxt oğlu bədbəxtin işi asanlaşırdı: təkcə nifrəti yoxa çıxarmaq lazımdır. Heyf, alınmadı. Mən artıq romana başlayanda Yevqeyniyin valideynləri ruha dönmüş və (ata vərəmdən ölmüşdü, ananı həyət qapısının üstündə küləyin bir-birindən ayırdığı işıq naqillərini birləşdirəndə elektrik cərəyanı vurmuşdu) qəhrəmanımın təcrübə sahəsi olmağa ən layiqli məkanı Moskva meri Lışkov kürütdürmüşdü.
   
   Anasından çıxan səslər Yevqeyniyin sevgi hissini ayağını-ayağının üstunə aşırıb şelləndiyi küncdən dartıb kökündən çıxarmışdısa da toxumlayan sevginin toxumlarından bir neçəsinin düşüb yerdə qaldığından 11 yaşlı uşağın xəbəri olmamışdı. Toxumlar cücərmiş, gülün ətri Yevqeyniyin ağızından çıxıb daxilini sarmış, onu arxasınca sürüyə-sürüyə 11 il yaşadığı məkana gətirmişdi. Gözlərində film göstərən kişinin əli uzun idi, hər yerə çatırdı. ?ç nəfərlik ailənin içinə soxulub oranı darmadağın edən adam üçün bir nəfərin daxilində bitən sevgini qopartmağa nə vardı... Yevqeyniyi o günlərə qaytarmaq kifayət edirdi.
   
   

TƏQVİM / ARXİV