adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

HARALARDASAN, ƏVƏZ NƏBİOĞLU?

VAQİF YUSİFLİ
52973 | 2015-02-11 01:55
O, bizdən iki kurs yuxarıda oxuyurdu. ADU-nun filologiya fakültəsində şeir yazmayan çox az tələbə olardı, amma o şeir yazanları heç də hamısı mətbuatda çap olunmurdu. Əvəz Nəbioğlu isə üçüncü-dördüncü kurslarda artıq respublika mətbuatında şeirləri dərc edilən cavan şairlərdən biriydi. Yaxşı yadımdadır ki, o, Ağacavad Əlizadənin Lenin adına kitabxanadakı Ədəbiyyat dərnəyinə gedirdi, elə Ağacavad müəllimin köməyilə "Azərbaycan" jurnalında bir neçə şeiri işıq üzü gördü. Bu, o zaman üçün gözlənilməz bir hadisə idi. Tələbə olasan, respublikanın 1 nömrəli ədəbi orqanında şeirlərin çap oluna. O şeirləri mən də oxumuşdum, sevdiyi qıza həsr olunan bir şeirin son misraları indiyə kimi yadımdadır:

Mən səni sevməyi bilirəm ancaq,
Səni unutmağı öyrənməmişəm.

Əvəz Nəbioğlunun bir şair kimi parlayacağına, tezliklə mətbuatı "zəbt" edəcəyinə inanırdım.
Amma belə olmadı. ADU-nu bitirdi, təyinatla öz doğma kəndinə-Masallı rayonunun Bədəlan kəndinə qayıtdı, dil-ədəbiyyat müəllimi oldu. Bir neçə ildən sonra Əvəz Nəbioğlu Nizami adına Ədəbiyyat İnstitutunun qiyabi aspiranturasına daxil oldu. Bu dəfə gözəl şairimiz Qasım Qasımzadənin rəğbətini qazanmışdı.
Qasım müəllim sonralar mənə danışırdı ki, Əvəzdən istedadlı bir ədəbiyyatşünas olmağı gözləyirəm. "Bədii yaradıcılığın psixologiyası" kimi mürəkkəb bir mövzuya girişmişdi, bir məqaləsi də EA-nın "Xəbərləri"ndə çap olundu. Amma..g
Əvəz elm yolunu davam etdirmədi. Ailə-məişət qayğıları onun bir alim kimi parlamağına imkan vermədi. Əvəz rayondan kənara çıxmadı, evləndi, oğul-uşaq sahibi oldu, Bədəlan orta məktəbində direktor da oldu.
Hərdən rayona yolum düşəndə görüşür və təəssüfümü bildirirdim. Əvəz isə taleyindən narazı kimi görünmürdü. Mənim isə ürəyimdə bir şair və bir alim ulduzu sönməyə başlamışdı.
Amma budur, "Renessans" nəşriyyatında Əvəz Nəbioğlunun "Haralardasan" şeir kitabı işıq üzü gördü. Sevindim buna. Deməli, bu adamın içində şeir odu sönməyibmiş, böyük bir ailəni öz müəllimlik maaşı ilə dolandıra-dolandıra, maddi çətinliklərə tab gətirə-gətirə içindəki şeir alovunu sönməyə qoymayıb.
"Haralardasan" kitabındakı şeirləri oxudum və artıq yaşının yetmişinə doğru addımlayan, amma şeirləri özündən cavan bir müəllifin varlığını hiss elədim.
Rayonda yaşasa da, Əvəzin çağdaş ədəbiyyatdan, dünya ədəbiyyatından mütaliəsinin aramsız olduğunu bilirdim. Çünki o, "Ürəyimdə daha yox qönçə dodaqlar dərdi, vardın ev dərdi, qadıın dərdi, uşaqlar dərdi" (Abbas Səhhət) deyib istedadını yalnız çörək qazanmağa, hətta müəllimliyini atıb alverə qurşanan bəzi kənd ziyalılarına oxşamır. Nə olsun ki, Bakının qaynar ədəbi mühitində Əvəzin izi-tozu yoxdu, nə olsun ki, Allahın sənə verdiyi istedadı şeir kitablarına, elmi əsərlərə paylamırsan, susursan. Amma günlərini balaca bir otaqda, kitablar arasında keçirirsən, oxuyursan, qəlbindən ürəyinə gedən yolla addımlayırsan.
Mən Əvəz Nəbioğlunun şeirləri ilə üzbəüzəm və bu şeirlər bugünkü kütləvi şeir axınından tamamilə fərqlənir. Budur, "Qələm" şeiri:

Hökmünlə deyirlər yaranıb aləm,
Yaratdın bir "ol" sözüylə, qələm.
Niyə qədəm qoydu bu yerə Adəm,
Nə vaxt bu müəmma çözülər, qələm?

Körpəykən ayrıldın öz bələyindən,
Xəbərin olmadı yad kələyindən,
İndi ərinirsən quş lələyindən,
Üstünə daş-qaşlar düzülər, qələm.
Alıb ələ səni hər gələn naşı,
Cəlalına baxan gözlər qamaşır,
Sənin öz əlinlə özünə qarşı,
Sui-qəsd edirlər sözünə, qələm!
Sonra şax dururlar üzünə, qələm.

Mən buz tıxamışam, kül ələmişəm,
Qəlbimin oduna, közünə, qələm,
Hansı üzlə çıxım üzünə, qələm?

Mükəmməl bir şeirdir və bu şeirdə həm də Əvəzin öz taleyi əks olunub. "Hansı üzlə çıxım üzünə, qələm?" - amma qələmin, sözün üzünə çıxmağa pərişanlığın olmamalıdır. Çünki kitabdakı şeirlərin səni və bizi nigarançılıqdan qurtaracaq.
Beləcə, birnəfəsə Əvəzin şeirlərini oxudum və bu şeirlərin içindəki o poetik ruhu dipdiri gördüm. Şairlər var ki, bir ildə beş-altı kitabları çıxır, amma o beş-altı kitabdan heç bircə şeir də poeziya nümunəsinə çevrilmir. Çünki o şeirlərdə ruh yoxdu.
Daha başqa bir şeir: "Vətən uğrunda döyüşlərdə itkin düşmüş oğul atası atlı-piyada müharibə meydanlarını ələk-vələk edib, torpağı eşim-eşim edib; əl qalmayıb, qol qalmayıb, dırnaq qalmayıb, can qalmayıb. Sonda uzanıb evdə "Sən gəlməsən, mən də bu yataqdan durmayacağam". Elə də eləyir, pəhləvan cüssəli kişi qapıya-baxa can verir".

Aylar, illər oldu axı getdiyin,
Ölənlər öldülər, sağlar qayıtdı.
Çinar boylu oğul olurmu itkin,
Uca boyun qurban, haralardasan?

Daha dağ qalmadı, kövşən qalmadı,
Kənd qalmadı, yuva, məskən qalmadı,
Ağıl-huş zay oldu, bədən qalmadı,
Necə tapşırım can, haralardasan?

Çinar boylu, qolları qulac bala,
Gözüm nuru, sirrini de, aç bala,
Nişansız, məzarsız, başa tac bala,
Haralardasan, haralardasan?

"Haralardasan" nidası Əvəzin bir çox şeirlərinin məğzini, mənasını ifadə edir. İtkin düşmüş oğlunun dərdiylə yataqda qovrulan, sonda da o dərdlə dünyadan köçən bir atanın harayını eşitdik. Bəs illər boyu bir hicranın alovunda qarsıyan dəli könül neyləsin?

Könül dostum, qəlb həmdəmim, hardasan?
Dönüb aşdı başdan qəmim, hardasan?
Tufanlarda batan gəmim, hardasan?
Yet haraya, dalğalardan al məni!

Bundan ağır günüm olmaz, gəl yetiş,
Çatıb axır, dönüm olmaz, gəl yetiş,
Bir də sənə yönüm olmaz, gəl yetiş,
Davalardan, qovğalardan al məni.

Baş-başadır aramızdakı dağlar,
Əl yetməz əlinə, gözlərim ağlar.
Yetiş son nəfəsdə gözümü bağla,
Asta-asta məzarıma sal məni.

Əvəz Nəbioğlunun şeirlərini mövzuca qruplara ayırmıram, deyim ki, burada təkcə nolstalji hisslər, kədərli duyğular deyil, həm də həyatın, gerçəkliyin doğurduğu müxtəlif hisslər öz əksini tapır. Amma nədən yazıbsa, hamısını yaxşı yazıb. Bunlar "şeirdir" deyirsən və əyalətdə yaşayıb qaynar ədəbi mühitdən uzaq düşsə də, şairin şairliyi ölmür.
Olsun ki, Əvəz Nəbioğlunun taleyi başqa səmtə də yönələ bilərdi. Səsini tez-tez eşidərdik, şair kimi şeir məclislərinin qəhrəmanı olardı, ya alim kimi özünü layiqincə sübut edərdi. Haçansa bir şair şöhrətinə, bir alim zirvəsinə yetməliydi. Nə etmək? Amma bunlar mənim düşündüklərimdi. Əvəz də Musa Yaqub kimi yaşadığı kəndi özünə dünya sanır. Amma Musa Yaqubun dünyası böyük dünyanın özü idi. Əvəz isə:

Dünya varlığımdan xəbər tutmadı,
Bu gəlməklə gəlməməyin nə fərqi,
Bu olmaqla olmamağın nə fərqi.
Burda qalacağam mən elə burda,
Yiyə durammadım verdiyim sözə.
Həsrət o diyara, həsrət o gözə,
Daha çalınmadı köç təbilləri,
Verdim küləklərə ötən illəri.
Burda qalacağam, mən elə burda,
Burda öləcəyəm, mən elə burda.

Əvəz Nəbioğludan - Masallının Bədəlan kəndində yaşayan, artıq müəllim kimi yaşına görə pensiyaya çıxan bu istedadlı qələm adamına-söz adamına heç bir təsəlli lazım deyil. O ŞAİRDİR!


TƏQVİM / ARXİV