HƏR ŞEYƏ QULP QOYANLAR...

FAİQ QİSMƏTOĞLU
65878 | 2015-02-11 01:52
Dünyada elə adamlar var ki, hər şeyə bir qulp qoyur. Onun gözündə sanki yaxşı heç nə yoxdur və hər tərəf zülmət içindədir. Hətta belələri günəşin də çıxmasını, işıq saçmasını və aləmi nura bələməsini utanıb qızarmadan inkar edirlər. Yadımıza böyük yazıçı və gözəl ziyalı Mir Cəlal Paşayevin "Qulp" hekayəsi düşür. Hekayənin mənfi qəhrəmanı nə görürsə, ona bir qulp qoyur. Deyir ki, nə olsun ki, metro var, amma bu metro yerin altı ilə gedir. Sən demə, bu qulp qoyan mənfi qəhrəmanın heç nədən, xüsusilə də yaxşı şeylərdən xoşu gəlmirmiş.
Bu gün də zəmanəmizdə rəhmətlik Mir Cəlalın o mənfi qəhrəmanları az deyil. Hər tərəfdə, hər eldə-obada bu cür insanlar var və onların içinə qaranlıq bürüyüb. Bir damla da olsun bu insanların qəlbində, ürəyində işıq, nur yoxdur. Onlar qarışqa boyda bir nöqsanı böyüdüb fil boyda edirlər. Fil boyda yaxşı işi isə qarışqa boyda görürlər.
Ölkəmizi də gözü götürməyən və paxıllıq edən qüvvələr var. Bunları başa düşmək olur. Çünki onlar bizim düşmənlərimizdi və Azərbaycanın sürətli inkişafından az qala ürəkləri partlaya və elə partlayacaq da. Amma onu başa düşmək olmur ki, sapı özümüzdən olan baltalar nə üçün ölkəmizdə və regionlarda gedən möhtəşəm abadlıq, quruculuq işlərini görmürlər. Bəlkə onlar kordurlar, kardırlar və laldırlar. Xeyr, onların gözü də var, qulaqları da eşidir, dilləri də danışır. Amma nə etmək olar ki, belələrinin içi paxıllıqla, xəbislik və xainliklə doludur.

Məmləkətimizin hər yerində olduğu kimi, Füzulidə də çox böyük, möhtəşəm işlər görülüb və görülür. Ulu Öndər Heydər Əliyevin apardığı böyük siyasət nəticəsində Füzulinin 22 kəndi və Horadiz şəhəri erməni işğalından azad olunub. Qısa zaman kəsiyində ölkə prezidentinin qayğısı və diqqəti nəticəsində Horadiz şəhəri və yaşayış məntəqələri əsaslı surətdə bərpa edilib. Xəstəxanalar, məktəblər, uşaq bağçaları, mədəniyyət abidələri yenidən tikilərək əhalinin istifadəsinə verilib. Bütün bunların hamısı Azərbaycan prezidentinin həyata keçirdiyi düzgün siyasət nəticəsində mümkün olub.
Ermənilər indi uzaqdan Horadizə baxanda köks ötürürlər və hərdən bir də atəşkəsi pozaraq həmin istiqaməti güllə-boran edirlər. Ancaq Milli Ordumuz tərəfindən cavablarını alandan sonra sakitləşirlər və bir müddət qorxularından dinmirlər. Əlbəttə, bayaq dediyimiz kimi, erməni bizim qatı düşmənimizdir, uzaqdan Horadizi və digər yaşayış məntəqələrini abad görəndə ürəyi partlayır. Erməni xisləti, erməni xainliyi həmişə özünü büruzə verib.
İndi qayıdaq sapı özümüzdən olan baltalara. Onlar Füzulidə, Horadiz şəhərində və eləcə də yaşayış məntəqələrində görülən möhtəşəm işlərə kölgə salmaq istəyirlər. Hər vəchlə çalışırlar ki, rayon icra hakimiyyətinin başçısı Alı Alıyevin camaat və sakinlər qarşısındakı nüfuzuna xələl gətirsinlər, xidmətini gözdən salsınlar. Ölkə prezidenti cənab İlham Əliyevin köməkliyi nəticəsində görülmüş möhtəşəm quruculuq işlərini görməməzliyə vursunlar.
Bir gün görürsən ki, bir saytda, sabah başqa bir KİV-də bu görülən möhtəşəm işlərə kölgə salınır və qulp qoyulur. Fikirləşirsən ki, yəqin bunların Füzulidə görülən abadlıq və quruculuq işlərindən xəbərləri yoxdur. Sabahı gün yenə başqa bir saytda Füzuli barəsində qarayaxmalar baş alıb gedir. Olmazın şərini, böhtanını yazmağa başlayırlar. Guya Füzulidə kiminsə haqqı tapdanır, kiməsə qarşı haqsızlıq olunur. Təbii ki, istənilən yerdə nöqsanlar da ola bilər, amma bu nöqsanlar da elə deyilməlidir ki, o şər, böhtan xarakteri daşımamalıdır. Ən azından haqqında yazılan adam obyektiv fikirlərə görə başqasından inciməməlidir. Təəssüf ki, bu belə deyil.
Sanki həmin KİV-lərə inansaq, elə bilərik ki, Füzulinin daşı-daş üstə qalmayıb. Amma elə ki, o yazılara nəzər yetirirsən, oxuyursan və görürsən ki, balam, burda yavaş-yavaş xoruzun quyruğu görünməyə başlayır. Yəni kimlərdənsə nəsə təmənna umulur. Bu təmənna da olmayanda onda başlayır qara yaxmağa və şər-şəbədə yazmağa.
Bir gün rayonun təhsilindən böhtan yazılır, bir gün səhiyyədən, bir gün mədəniyyətdən, bir gün də başqa sahələrdən. Bax beləcə haqsızlıq da, ədalətsizlik özünü göstərir. Həmin adamlar sanki təmiz suyu bulandırmaq istəyirlər və demək istəyirlər ki, biz də varıq ha. Sizin barənizdə nə gəldi yaza bilərik. Əlbəttə, qələm kimin əlində olsa, istənilən şeyi yaza bilər. Ancaq gərək bu yazı yazılanda heç vaxt haqq-ədalət və real vəziyyət unudulmasın.
Təəssüf ki, bir çox halda bu məsələlər yaddan çıxır, şəxsi mənafelər və maraqlar üstünlük təşkil edir. Amma nə yaxşı ki, bu qaralamalara və cızma-qaralara Füzulidə o qədər də məhəl qoyulmur. Çünki camaat başını aşağı salıb öz işiylə məşğuldur. Kimi çörəyini torpaqdan çıxarır, kimi ticarətlə məşğul olur, kimi də heyvandarlıqla çörək qazanır. Təbii ki, kim halal yolla, alın təriylə çörək qazanırsa onun qarşısını heç kim ala bilməz. Əgər Allah-Təala bir ruzunu verirsə, milyon bəndə istəsə onu həmin adamın əlindən ala bilməyəcək.
Bu gün Füzulidə çox sağlam, gözəl mühit var. Camaat rayon icra hakimiyyəti başçısının ətrafında birləşərək rayonda böyük abadlıq və quruculuq işlərində yaxından iştirak edir. Rayonda elə bir kənd yoxdur ki, ora asfalt yol çəkilməsin, mavi qaz verilməsin və abadlıq işləri görülməsin. Bir daha söhbət etdiyimiz adamlar rayonda görülən böyük quruculuq və abadlıq işlərinə görə ölkə prezidenti cənab İlham Əliyevə təşəkkür edir. Onlar bildirirlər ki, "ermənilərin ağzının içində" sakit və təhlükəsiz yaşayırlarsa, bütün bunlara görə ölkə prezidenti İlham Əliyevə minnətdardırlar.
Kim Füzuliyə getmək istəyirsə, buyursun, getsin! Bu rayonun camaatı çox qonaqpərvər insanlardır. Onlar görsünlər ki, gecələr atəşkəs pozulanda Horadiz şəhərində yaşayan insanlar hansı həyəcanları yaşayırlar. Çox yox, cəmi bir axşam Horadizdə qalsınlar və hər şeyi görsünlər. Əgər hər şeyi görmürlərsə, möhtəşəm abadlıq işlərini inkar edirlərsə, qarayaxmalarla məşğuldurlarsa, day bunlar onların öz işidi. Özləri bilər, bir də Allahları!


TƏQVİM / ARXİV