YILMAZ, BU KiM?

ETİBAR CƏBRAYILOĞLU
41546 | 2009-06-20 00:55
Türkiyəni bir-birinə qatan "Kurtlar vadisi-Pusu"nun da qorxduğu nəsə varmış... Biz elə bilirdik Polad Alemdar və onun dəstəsi heç nədən qorxmur. Gördüz də, havalar bir balaca istilənən kimi dəstənin üzvləri işləri yarımçıq qoyub hərə bir tərəfə qaçdı. "Kurtlar vadisi -Pusu"nun çəkiliş meydançası bomboş qalıb. Gir içəri, bəs deyincə meyxana de. Nə Polad var, nə Memati, nə də ki, İsgəndər Böyük...
   
   Mafiyalar bir-birini qıra-qıra televiziyadakı reytinqləri qırdılar. İndi də ağzımıza təzə söz salıblar - sezon finalı. Polad Alemdar güllə yarası alıb getdi sezon finalına. Sentyabra qədər müalicə olunacaq. Sonra yenə İsgəndər Böyükü qaynatasına, qaynatasını İsgəndər Böyükə qatacaq. Arada arvadı Ebru xanım qalacaq. Yazıq qız ərə gedəndən bir xoş gün görmədi. Necə deyərlər, kabab iyinə gəlmişdi, gördü ki, Poladı güllələyirlər... Gül kimi bağca müəlliməsi işləyirdin, sənin nə işin vardı Poladın yanında. Bayramlarda hər uşağın dədəsindən beş-on manat alsaydın əməlli-başlı yaşayardın özün üçün...
   
   Qardaşlar, sezon finalında Polad Alemdarın hansı xəstəxanada müalicə olunduğunu bilmirəm. Amma Cavad Akarsunu uşaqlar Bakıda görüblər. Deyirlər ki, dincəlmək üçün buralara gəlib. Cavad yaman allahsız adamdı. Ona baxandan sonra hamı, elə mən də qardaşı Cavid ağanın ölənlərinə rəhmət oxuyuram. Əlindən kibrit qutusu əskik olmayan Cavad ağanın köməkçisi Yılmazla Bakıda dincəldiyi deyilir. Onlar dincəldikləri oteldə bizim telekanallara baxıblar. Kanallarda da bütün günü nə göstərirlər? Çalıb-oynamaq. Ekranda müğənni görüncə Cavad ağa köməkçisi Yılmazdan soruşurmuş:
   
   - Yılmaz, bu kim?
   
   - Aygün Kazımova, ağam. Xalq artistidi, yaxşı yeyib-içməyi var. Deyirlər ki, meyxanaçı Namiq Qaraçuxurlunu saxlayır.
   
   - Yılmaz, bu kim?
   
   - Röyadı, ağam. Zurna-qavalla ərə gedib, indi hamilədi. Son günlər televizorda doğmaqdan o qədər danışıb ki, kişi tamaşaçılar da doğmağı öyrəniblər.
   
   - Yılmaz, bu kim?
   
   - Rəqsanədi, ağam. Başı plastik əməliyyatlara o qədər qarışdı ki, evini də əlindən aldılar.
   
   - Yılmaz, bu kim?
   
   - Məleykə Əsədovadı, ağam. Xalq artistidi, teatrda rollar oynayır. Oxumasa Azərbaycan xalqı ona heykəl qoyar.
   
   - Yılmaz, bu kim?
   
   - Nuradı, ağam. Hər gün musahibə verir, oxumağını görməmişəm.
   
   - Yılmaz, bu kim?
   
   - Xuraman Şuşalıdı, ağam. Deyirlər ki, nə vaxtsa toyu olacaq.
   
   - Yılmaz, bu kim?
   
   - Xumardı, ağam. Birindən küsdüsə, huri-qılmanlar da yığışıb gəlsə barışan deyil.
   
   - Yılmaz, bu kim?
   
   - Natavandı, ağam. Beş-altı maşını var.
   
   - Yılmaz, bu kim?
   
   - Xatirə İslamdı, ağam. Amma İslam Rzayev rəhmətə gedəndən sonra İslam təxəllüsünü ixtisara salıb.
   
   - Yılmaz, bu kim?
   
   - Ruhidi, ağam. Şirin söhbət eləyir.
   
   -Yılmaz, bu kim?
   
   - Yeganədi, ağam. Əvvəl onu heç kim bəyənmirdi. Amma indi Türkiyə kanallarına çıxandan o heç kimi bəyənmir.
   
   - Yılmaz, bu kim?
   
   - Bagiradı, ağam. Oxumağını eşitməmişəm, deyirlər, yaxşı soyunmağı var.
   
   - Yılmaz, bu kim?
   
   - Sulidi, ağam. Gürcüstanda iş-güc tapa bilmədiyindən Azərbaycana gəlib müğənni işləyir.
   
   -Yılmaz, bu kim?
   
   - Bağışla, ağam. Hamısını tanıya bilmirəm, qırılmamışlar bir eşalondu.
   
   
   
   "Kurtlar vadisi-Pusu"dan fərqli olaraq, bizim köşənin sezon finalı-filanı yoxdu. Gələn şənbə görüşərik...
   
   

TƏQVİM / ARXİV