adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

"BU DA KEçƏR..."

VƏSİLƏ USUBOVA
33101 | 2009-06-20 00:55
İnsan xəyalı mövcud zamandan qabağa uçmağa həmişə meyllidi. Bu da içində olduğumuz anlardan yetərincə zövq almağımıza, doya-doya yaşamağımıza yetərincə mane olur. Xəyal quşunun sürətli qanadları bir şeydə dadımıza çatır; qəlbimizi çulğamış kədəri, üzüntü və sıxıntıları yox etməyimizə, başımızı şişirdən gərəksiz düşüncələrdən yaxa qurtarmağımıza yardımçı olur. Yəni ki,..
   
   Qədim zamanlarda bir padşah həmişə barmağında gəzdirdiyi üzüyünə üç sözdən ibarət bir cümlə yazdırıbmış. Ən nəşəli anlarında belə həmin cümləyə gözü sataşanda kefi pozulur, qanı bərk qaralırmış. Dərdi-qəmi, əzabları artanda isə, o cümləni oxuyub səbir tapar, özünə gələrmiş. Nə imiş o üç söz, vəzirin, vəkilin, doğmalarının, əzizlərinin verə bilmədiyi təsəllini verən, yaxud aşıb-daşan bəxtiyarlığını bir anda yoxa çıxaran o cümlə?! Əslində, bu rəvayət deyil, tapmacadı. Ağrı-acılarla, sirr və üzüntülərlə, lap elə açması müşkül olan tapmacalarla dolu dünyanın özü qədər düşündürücü bir tapmaca. Həmin tapmacanın cavabı olan cümlə budu: "Bu da keçər..." Bütün nəşə və xoşluqları yarıda kəsən, eyni zamanda ağıla və ruha hakim kəsilə biləcək sərt bir təsəlli...Hər şey beləcə ötəridi, keçəridi... Çox təəssüf ki, belədi. Həm də... Yaxşı ki, belədi...
   
   Hər şeyin iki başı, iki ucu var. İki rəngi, iki tərəfi. Bu tərəflər, rənglər, tərəflər, uclar artıb haçalananda xaos yaranır, kələfin ucu itir, insan qarışıq əzablar burulğanında ilişib qalır, nə qədər çabalasa da, əl uzadanı, təsəlli verəni olmur. Çünki ətrafın artıq bu işdə sənə yardımçı olmaqda gücsüzdü. Bütün ağırlıqlar öz üstündədi. Çarə ancaq bundadı: bir üzük tapıb, o sehrli cümləni yazdır üstünə və istəyəndə də, istəməyəndə də oxu onu.Ya qanın qaralsıfn, ya kefin durulsun. ?mrün elə anları var ki, insan özü öz başını qatmasa, fikir və duyğularını aldatmasa, normal yaşaması, ağlının başında qalması yekə bir sual altına düşür. Bəlkə heç üzüyə və o cümləyə də ehtiyac yoxdu- o cümlə elə hər yanımızda, hər yerdə yazılıb. Sadəcə, biz onu görmürük, yəni, zamanında, məqamında görmürük. Bəlkə o cümləni bizdən ustalıqla gizlədənlər, məharətlə görməyimizə mane olanlar var?! Biz nəyi bilirik ki,... Kürəyimizin ortasında kimlərin nələr çevirdiyindən xəbərimizmi olur?!
   
   
   
   ***
   
   
   
   İnsan da torpaq kimidi. Qış yorğanını üstündən tez atmaq istəyir. Qış yuxusundan ayılan torpaqda cücərtilər görünməmiş onun köksündə saysız-hesabsız istəklər baş qaldırır. İlahi, düşündüklərini, arzuladıqlarını, xəyali planlarını gerçəkliklə tutuşduranda görünən fərqlərdən havalana bilərsən. Nədir bu? Niyə əl çəkmirik xəyal qurmaqdan, fantastik düşüncələrə dalmaqdan? Dönə-dönə oxumuz daşa dəyir, plan və qurğularımız puça çıxır, bizsə özümüzə yığılmırıq ki, yığılmırıq... Yəqin, Uca Yaradan belə xəlq edib bizi. Bir işi başa çatdırmamış, təzəsinin eskizlərini cızırıq beynimizdə. Nə reallığı nəzərə alırıq, nə də imkanlarımızı. Elə bilirik, hər şey xəyal qurmaq kimi rahat, asan başa gələcək. Bir səhər ayılıb görəcəyik ki,.. Yox, beləsini də istəmirik. Onda hər şey ucuz və mənasız olardı. Əslində, nə istədiyimizi həmişə bilirikmi?!
   
   Yaz coşquları da tez ötüb keçdi. İşi-gücü, qayğıları da öz yerində. Əkən əkdi, biçən biçdi- kimi qazandı, kimi itirdi. Bu həyatdı; indiyəcən belə olub, indən belə də belə olacaq. Yayın gəlməsinə isə bir gün qalıb. Cəmi bir gün... Yay vaxtına çoxdan keçsək də, əsl yay vaxtı bundan sonra başlanır. Mənə görə, ən darıxdırıcı fəsildi yay. Xüsusən, aran yerində. Elə bil, təbiətdə də hər şey eyni ssenari üzrə baş verir. Artıq hamı sir-sifətini yerpikləyə-yelpikləyə bu yerləri birinci dəfə görürmüş kimi, yayın isti günlərinin başlanmasından şikayətlənir. Eynən keçən il, inişil, nə bilim, neçə illər bundan əvvəl olduğu kimi. Yenə deyirlər ki, bu yerlər insan yaşaması üçün nəzərdə tutulmayıb. Buralar vaxtilə çarın sürgün yeri olub. Burda cızığından çıxanları qarlı-şaxtalı Sibirə göndərdiyi kimi, oralarda şuluqluq salanları da bu ilan mələyən düzlərə göndərirmiş. Yəni, buralarda ancaq cəza çəkmək olar, normal yaşayıb gün-güzəran sürmək yox. Adam yaşayar Şamaxıda, Quba-Xaçmazda, İsmayıllıda, Qəbələdə, Astara-Lənkəranda... Hə... ən kədərlisi də budu ki, Şuşanı demirlər. Söz bu yerə çatandja reallıqla barışırlar, deyəsən. Ona görə demirlər ki, o cənnət torpaqlarımızın hələ ki, bizdən uzaqda, əlçatmaz olduğunu bilirlər. Ona görə demirlər ki, bu gün Şuşanın havasını udanların kimliyini bilirlər...
   
   Bir də Rusiya kurortlarının həsrətini çəkənlər var. Belələri lap çoxdu. Əvvəllər o yerlərə çoxları gedə bilirdi. O qədər gedib-gəliblər ki, o günlərin xatirələri bu günlərinə də bəs edir. Gedirdilər və öz gözəl torpaqlarımızın taleyinə də biganə qalırdılar. ?zgə torpaqlarını doğma bilirdilər. Bir də ayıldılar ki, gözümüz şimala açılanda başqaları bizim torpaqlarımızı ələ keçirməkdən ötrü planlar cızırmış. Hiyləgər, məkrli, hörümçək toru kimi çıxılması müşkül olan bir plan. Ayılanda artıq gec idi, iş işdən keçmişdi. Onsuz da hamı ayılmayıb hələ. Həm də daha hamı Rusiya kurortlarına gedə bilmir. Qurunun oduna yaş da yandı...
   
   
   
    ***
   
   Bir tərəfdən də boynumuza almadığımız, özümüzü görməzliyə vurduğumuz iqtisadi böhran xımır-xımır işini görür. Sağa-sola baxanda hiss edirsən ki, nə satan əvvəlki adamdı, nə də alan. Amma ümidsiz deyilsən. Padşah olmadığını, barmağında o hikmətli cümlə yazılmış üzüyü gəzdirmədiyini bilsən də, təsəlliverici sözləri unutmamısan. Arxayınsan ki, bu qoca dünyada heç nə əbədi deyil. Nə yaxşılıqlar, nə pisliklər, nə uğurlar, nə uğursuzluqlar. Yaxşı ki, bunları sənə vaxtında , həm də tez-tez eşitdiriblər. Və əminsən: bu da keçər... Təki , can salamat olsun...
   
   
   
   ***
   
   
   
   İndi də uzun yay günlərini başa vurmaqçın düz üç ay vurnuxacağıq. Sərin payız küləklərinin, yağışlarının həsrətini çəkə-çəkə, özümüzü inandıra-inandıra. Vurnuxmaq pis şey deyil. Vurnuxmasan, nəsə tapmazsan. Ən azından təsəlliyə bənzər şeylər bularsan. Hərə başını götürüb bir tərəfə çəkilmək istəyir. Hamı dincəlmək, qüvvə toplamaq hayındadı. Elə bilirəm, yayda kitablar, qəzet-jurnallar da maraqsız çıxır.
   
   İnsafla desək, bizim yerlərin axşamları sərin və romantik olur. Bütün günü od ələyən günəş batandan sonra axşamüstünün sərin yelləri adamın ruhunu oxşayır. Temperatur gündüzkünün yarısınadək enir. Cücülər, qurbağalar anlaşılmaz nəğmələriynən gecəyə xüsusi ovqat qatırlar. Amma aran yerinin axşamları qəriblik duyğusu oyadır, nədənsə...
   
   May ayında seyrələn toylar yenə çoxalıb. İnsanın təbii qayğılarına soyuğun, istinin qarışacağı olsa da, əngəlləməyi mümkünsüzdü... Yaxşı ki, belədi. Yaxşı ki, insan yorulub-usansa da, bezib darıxsa da, deyinib-danışsa da öz işini görür, həyatı dayanmağa, ömrü puçluğa varmağa qoymur. Deməli, insan bizim bildiyimizdən, tanıdığımızdan daha güclüdü, öz əzəli və əbədi xislətinə daha sadiqdi. Bir əli sökəndə, uçuranda, o biri əli tikir, qurur, yaradır. Bir gözüynən ağlayanda, bir gözüynən gülməyi bacarır. Çarəsiz insan...
   
   Yaxşı ki, insan " bu da keçər" fəlsəfəsinə sadiqdi. Bunu həmişə yadında saxlamaqçın heç üzüyə yazdırıb barmağına taxmasına da gərək yoxdu. Niyə də sadiq olmasın? Məgər, bu fəlsəfəni elə o özü yaratmayıb?!
   
   

TƏQVİM / ARXİV