adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

"DiFFAMASiYA" QANUNU QƏBUL OLUNSAYDI...

OQTAY SALAMOV
12347 | 2009-06-20 00:55
KİV əhlinin böyük bir hissəsi çox canfəşanlıq eləyir ki, təhqirə, böhtana, qarayaxmaya görə jurnalistlərin məhkəməyə verilməməsini təmin edəcək "Diffamasiya haqqında" qanun qəbul edilsin. Şəxsən mən ciddi vaxtlarımda bunun tam əleyhinə olmuşam və yazılarımda da fikir bildirmişəm ki, təhqirə, böhtana görə jurnalisti başqa vətəndaşlardan ayırmağın, hansısa güzəştlər eləməyin özü cinayətdir. Tutulursa hamı tutulmalıdı. Yoxsa o boyda naziri təhqirə görə qolu qandallı aparsınlar, sərxoş jurnalist azad buraxılsın? Bilirəm ey qolu qandallı nazir, obyektdə sərxoş jurnalist utopiyadı, sözgəlişi deyirəm. Ciddi fikrim belədir ki, təhqirə və böhtana görə hamı cəzalandırılmalıdır. Amma bəzən adamın elə ürəyindən keçir ki, söyüş söysün, acı danışsın. Məsələn, bugünkü yazımı elə mətbuatdan bircə həftə ərzində oxuduqlarım arasında ilk baxışda da, sonradan oxuyanda da məntiqə uyuşmayan, absurd, bir sözlə, sərsəm sözlər və hərəkətlərə həsr eləyirəm. Özünüz deyin, bunun başqa adı var?..
   
   Mən Azərbaycan futbolunu "Neftçi"yə görə tanımışam və elə indi də elə bilirəm ki, varsa odur, yoxsa da yoxdur. Amma deyəsən neft intisadiyyatda aparıcı rol oynamağa başlayandan sonra "Neftçi" gözdən də düşüb, kəsərdən də və deyəsən sərsəmləyib də. Sübut istəyirsiniz? Buyurun! "Neftçi" "Standart"dan Ruslan Əmircanov adlı bir oyunçunu transfer eləyib. Deyəcəksiniz ki, burada nə var ki? Heç nə, sadəcə olaraq çox fəxrlə elan eləyirlər ki, Ruslan Əmircanov 121 oyunda 1 qol vurub. Görəsən, bu oyunçu "Neftçi"də neçə oyun keçirməlidir ki, heç olmazsa 1 qol da burada vursun? Qəribə transf(f=x)erdir...
   
   Qəzetlərimizdən biri başlıq yazır: Bu gün parlamentdə ara qarışacaq". Ay başına dönüm, bu nə proqnozdu, bəlkə heç qarışmayacaq. Dəlinin yadına daş salırsan? Başqa mənada başa düşməyin, Koroğlunun igidlərinə də dəli deyirdilər. İndi işdi, birdən bu gün parlamentdə ara qarışmasa gərək sabah qəzetdə düzəliş və üzrxahlıq verəsiniz ki, bağışlayın, dünən parlamentdə ara qarışmadı. Hələ birdən iclas təxirə düşsə lap biabır olarsınız ki. Ya da elə həmin qəzet yazır ki, "Bakının ortasında bir kəllə ilə adam öldürdü". Belə çıxır ki, Bakının qırağında öldürsəydi iki kəllə lazım idi? Sərsəmləmə elə belə olur daa... Polis də "interesni" məlumat verir: "Naməlum şəxs Bakı sakini filankəsə başı ilə üz nahiyəsindən zərbə endirib, filankəs hadisə yerində keçinib". Canım-gözüm, ölmüş adama zərbənin hansı orqanla vurulduğunu bilirsiniz, adamın özünü müəyyənləşdirə bilmirsiniz?..
   
   Deyir əgər bir rayonun təhsil şöbəsinin seyfindən 2 milyon manat çıxıbsa və bu pulların rüşvət olduğu təsdiqlənibsə, gör Azərbaycanda neçə rayon var. Hər rayonun da rüşvət ala bilən təşkilatları, maşallah, saymağa əl-ayaq barmaqları azlıq eləyir. Bunun hələ şəhərləri var, nazirlikləri var, paytaxtı var... Bu hesabla rüşvətin həcmi dövlət büdcəsindən çox çıxır ki. Deməli, bunu verə bilirlərsə, hansı kasıblıqdan, hansı işsizlikdən, hansı imkansızlıqdan danışırıq? Bu abzasdakı sərsəmləmənin yerini özünüz müəyyənləşdirin, yuxarısı da olar, aşağısı da, lap istəsəniz ortası da. Hətta bunu yazmağın özü də... Deyir Korrupsiyaya qarşı Mübarizə İdarəsi (köpəyoğlunun "qarşı" ifadəsinin dayısı yoxdur, adını da kiçik hərflə yazırlar) məsələ qaldırıb ki, bütün rayonların təhsil şöbələrində yoxlamalar keçirmək lazımdır. Yazıq müəllimlər, bu yayın istirahəti ya batdı, ya da Bayılın köçürüləcəyi yerlərdə istirahət edəcəklər. Əşi, bunu vaxtında eləyəydiniz ki, kasıbın pulu batmayaydı dəə...
   
   Bir məktəbin qadın cinsli direktoru bir qəzetin redaksiyasına zəng vurub onların jurnalistinin olan-qalanını yaxıb divara. Deyir elə söyüşlər işlətdi ki, biz yazmağa utandıq. Jurnalist həmin məktəbdə rüşvət faktı haqda yazmaq istəyirmiş. Babal yuya bilmərəm a, bəlkə jurnalist rüşvət haqda yazmamaq üçün rüşvət umurmuş. Adama deyərlər vermirsən vermə. Lap söyürsən söy, daha öldürməklə hədələmək nədi? Özü demişkən, kiminsə adamısan, dalında duranlar var. Allah bir az da dalında duranların sayını artırsın, amma ölümlə hədələmək cinayət məcəlləsi ilə cəzalandırılır axı. İndi bu xanım istədiyini həyata keçirə, ya təhdidə görə onu məhkəməyə verələr, dünya da bar-bar bağıra ki, bəs Azərbaycanda qadın hüquqları pozulur. Başınızı sındırmayın, başdan ayağa sərsəmləmədir.
   
   Dilimizin başına bostan əkirik. Əvvəlcə təkcə turpla kifayətlənirdik, indi badımcan da var, soğan da, boranı da. Kişilər milli olub, "mesaj"ı "məsac" yazırlar. İsmarıcın canı gizildəyir. Cümlədəki sözü tərcümə eləyin: "Dünən onun ən üst düzeydəki himayədarları haqda maraqlı məlumatlar almışıq". Atam balası, "düzey" nədi? Sizin kənddə, məhlədə işlənirsə, lap türkün qədim sözüdü deyib soxuşdurmaq istəyirsənsə dili bərbad eləməyə sənə kim ixtiyar verib? Yeri döyül, vaxt tapıb bu haqda ayrıca bir yazı işləyəcəm, onda məhkəməyə verərsiniz. Hələlik başqa sərsəmliklərinizi eləyin...
   
   Uşaq əməyindən bəhrələnməyin qadağanlığı bəndinin pozulması ilə bağlı çox danışırlar, çox yazırlar. Bir qəzet hətta 1 səhifə yazı da həsr eləyib bu mözuya. Fakt da nə dilənən uşaqlardı, nə maşın yuyan, hamballıq eləyən uşaqlardı, toyda bəylə-gəlini müşayiət eləyən "mələk"lərdi. Yazıya bir yarımbaşlıq veriblər ki, adamın tükləri ürpəşir: "Bakı restoranlarında uşaq əməyi ifrat həddə istismar olunur". Əşi, gedin özünüzə iş və mövzu tapın, böyük iş olub, rəqs eləyən uşaqları 15 dəqiqə, özü də pulları verilməklə toyda oynadıblar. Deyəsən, kiminsə qazandığı pullar kimisə çox qıcıqlandırır axı. Yaxşı, sənin qardaşının toyunda ayağı tüklü kişiləri, əyriqılça arvadları "mələk" eləyib buraxarsan məclisə. Pullarını da yaşlı "stavkası" ilə verərsən. Ağ eləməyiniz cəhənnəm, ağappaq eləməyin dəə...
   
   Azərbaycan vətəndaşı bir arvadın anası azərbaycanlı, atası erməni olub. Belələri bir-iki deyil, söhbət birindən gedir. Vyaçeslav (qonşular arasında, əzizləmə mənasında Slavik) Aruşanyan azərbaycanlı arvaddan doğuzdurduğu uşağa Sevinc adı verib. İndi Sevinc dünyanın gərdişini görüb atasının soyadını qaytarıb anasının familinə keçmək istəyir. Məhkəmə də buna icazə vermir. İndi Ali Məhkəmədə baxacaqlar. Nəyə?..
   
   Xəbəriniz oldumu, Maliyyə Nizirliyimizin Hesablama Palatasına mətbuatla işləməyə qadağa qoyulub. Deyir bundan sonra Palatanın yoxlamaları barədə mətbuata informasiya verilməyəcək. Acığa düşüb Palatanın mətbuat xidmətini də ləğv eləyirlər. Səbəbi də odur ki, mətbuat xidməti son vaxtlar olanları olan kimi açıqlayıb. Xəbərlərin arasındakı bəzi neqativ açıqlamalar kimlərinsə xoşuna gəlməyib. Hələ istəyirsiniz bundan sonra da Palata mətbuatla işləsin? Heç mən demirəm, görmürsünüz ki, sərsəmləyən kimdir? Hər şeyi açıq danışan mətbuat xidmətinə də pul verərlər?
   
   Səudiyyə Ərəbistanı icazə verdi ki, ömürlük həbs cəzası alanlar donor kimi öz bədən orqanlarını sata bilərlər. Oranın Ədliyyə Nazirliyinin məsləhətçisi deyib ki, insanın həyatını xilas etmək tərifə və mükafatlandırmaya layiq bir addımdı. Sərsəm söhbətdi. Tərif nədi, mükafat evə buraxmaqdı? Yəqin onlarda ömürlüklər ömürlük yatırlar. Bizimkilər bilirlər ki, bayıra çıxmaq imkanları heç vaxt tükənmir. Tayböyrək, tay... kimə lazmdır ki?.. Deyəsən, çox sərsəmlədim axı. Qorxusu var, "Diffamasiya haqqında" qanun hələ qəbul olunmayıb. Olunsa lap açıq, lap ünvanlı söyəcəm. Hüquqi, məhkəmənin sərbəst olduğu dövlətdə yaşamıram? Nədən qorxacam ki?..
   
   

TƏQVİM / ARXİV