adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

KiMLƏR GƏLDi, KiMLƏR GETDi...

20583 | 2009-06-20 00:55
(əvvəli ötən saylarımızda)
   
   
   
   Sovet Yazıçılarının I ?mumittifaq qurultayına Azərbaycandan 17 nəfər nümayəndə seçilmişdi. Onların kimliyini bilmək yəqin ki, maraqlı olar. Əvvəlcə partiya üzvü olan nümayəndələri sadalayaq: Məmməd Ələkbərli, Əli Nazim, A.Truniç , H.Yusif, M.Kamski, Y.Çubar (Çubar Yeqiya Kasparoviç milliyyətcə ermənidir. Yaradıcılığa jurnalist kimi başlasa da "Sovet Ermənistanı" filminə ssenari yazandan sonra əsasən kino sahəsinə meyl göstərib - E.B.) Sıra gəldi o dövrün komsomolçularına: Səməd Vurğun, Mehdi Hüseyn, Süleyman Rüstəm, A.Darbni. (Darbni Arşavir Mixayloviç milliyyətcə ermənidir. Əsl soyadı Mnatsakanyandır - E.B.) Nümayəndələrin bir neçəsi də bitərəf idi: Cəfər Cabbarlı, Salman Mümtaz, Əbül Həsən, Mikayıl Rəfili, A.Qasımov, Q. Stroqonov, N.Əfəndiyev.
   
   Azərbaycan ədəbiyyatının inkişaf yolu, çağdaş vəziyyəti, ən başlıcası da qarşıda duran vəzifələri barədə qurultay iştirakçılarını Yazıçılar İttifaqının təşkilat komitəsinin sədri Məmməd Ələkbərli tanış etdi. Natiq çıxışına ta qədim dövrlərdən başlayaraq ədəbiyyatımızın inkişaf mərhələləri, müxtəlif dövrlərdə yaşayıb yaradan görkəmli nümayəndələri haqda yığcam məlumat verərək böyük bir ədəbi təkamül yolunu yarım saata sığışdırmağa çalışdı. Bu ad müasir oxuculara az tanış olduğundan haqqında qısa arayış versəm, zənnimcə, yerinə düşər. Məmməd Kazım Ələkbərzadə (Məmməd Ələkbərli) 1905-ci il yanvarın 24-də Dərbənd şəhərində ziyalı ailəsində doğulub. Bakıda Pedaqoji institutun dil və ədəbiyyat fakültəsini bitirəndən sonra Moskvada təhsilini davam etdirib. Bir ara Gəncə, Mahaçqala şəhərlərində işləyib. Qırmızı Professorlar institutunun məzunu olaraq paytaxtdan qayıdandan sonra Azərbaycan Dövlət Universitetinin rektoru, Yazıçılar İttifaqı İdarə heyətinin sədri, "Kommunist" nəşriyyatının direktoru, "Ədəbiyyat qəzeti", "Bakinski raboçi", "Vışka" qəzetlərinin, "İnqilab və Mədəniyyət" jurnalının baş redaktoru kimi məsul vəzifəsində çalışıb. İstedadlı yazıçı, tədqiqatçı bir neçə kitabın müəllifi idi.
   
   Qurultayın səkkizinci iclasında bizim nümayəndələrdən Əli Nazimə çıxış üçün söz verilib. O, nitqində milli ədəbiyyatımızın inkişaf mərhələlərinə ciddi təsir göstərən dörd cərəyanın varlığından söz açıb. İlk olaraq kökləri qədim dövrlərə gedən şifahi xalq ədəbiyyatından danışıb. Müəyyən mərhələlərdə klassik fars ədəbiyyatının güclü təsirindən bəhs edib. Füzuli yaradıcılığına, onun başlıca xüsusiyyətlərinə, sufiliyin təsirinə toxunub. ?çüncü mərhələnin ən parlaq nümayəndələri kimi isə Mirzə Fətəli Axundovun, Cəlil Məmmədquluzadənin adlarını çəkib, onların bədii təfəkkürünün formalaşmasında XVIII-XIX əsr mütərəqqi ədəbi cərəyanlarının müsbət təsirindən danışıb. Tənqidi realizmin təsiri ilə yaranan milli əsərlərin məziyyətləri, müsbət qəhrəman obrazı problemi ətrafında mülahizələrini söyləyib. Dördüncü amil olaraq XX əsrin ilk dövrlərində mürtəce xarakterli burjua-mülkədar ədəbiyyatının mənfi təsirini etiraf edib. Sosializm realizmi üslubunun aktuallığından, ona daha çox meyl göstərən gənc yazıçıların yaradıcılıq uğurlarından konkret misallar gətirərək fikirlərini daha tutarlı şəkildə ifadə etməyə çalışıb. Əliəkbər Mahmud oğlu Mahmudzadə (Əli Nəzmi) 1906-cı ildə Cənubi Azərbaycanın Təbriz şəhərində doğulub. Bakıda Pedaqoji texnikumu bitirəndən sonra ali təhsilini Leninqradda davam etdirib. 1927-ci ildə Şərqşünaslıq fakültəsində tələbə ikən qısa müddətə Türkiyəyə ezam edilib. (On il sonra əksinqilabçı, pantürkist, xalq düşməni "titulları ilə mükafatlandırılacaq" istedadlı gəncə qarşı siyasi ittihamlar irəli sürüləndə İstanbulda "Türk yurdu" jurnalında dərc olunan bir məqaləsini də ona xatırladacaqlar - E.B.). Moskva Kommunist Akademiyasında aspirant, elmi işçi, SSRİ xalqları ədəbiyyatı və incəsənəti bölməsinin elmi katibi olub. Azərbaycan ElmiTədqiqat İnstitutu ədəbiyyat şöbəsinin rəhbəri, Pedaqoji İnstitutda kafedra müdiri vəzifələrində işləyib.
   
   
   
   "Söz verilir türk dramaturqu
   
   yoldaş Cabbarlıya"
   
   
   
   Qurultayın 1934-cü il avqust ayının 28-də keçirilən sayca 19-cu axşam iclasına Belorus yazıçısı Mixas Klimkoviç sədrlik edirdi. Azərbaycan nümayəndə heyətindən çıxış üçün söz Cəfər Cabbarlıya verildi. Klimkoviçin təqdimatı belə səsləndi: söz verilir türk dramaturqu yoldaş Cabbarlıya.
   
   Cəfər Cabbarlının çıxışı ilə tanış olanda bəzi məqamlar xüsusilə diqqətimi çəkdi. Birincisi, Cabbarlı çoxlarından fərqli olaraq xitabət kürsüsündən bir dəfə də olsun ölkə rəhbərlərinin adını çəkmir, kimsənin ünvanına bəy tərifi söyləmir. Qazanılan qələbələrdən danışanda da bunu konkret adamların qəhrəmanlıq hünəri, yaxud başda duranın atalıq qayğısı kimi dəyərləndirmir. Hətta müxtəlif xalqların ən yaxşı ədəbi qüvvələrini bir araya toplayan ilk qurultayın tərbiyəvi əhəmiyyətinə, onun ədəbi proseslərə təkan verəcəyinə əmin olduğunu ifadə edəndə belə, sovet yazıçılarının ilk ali məclisinin keçirilməsinə görə partiya və hökumətə nə öz adından, nə də təmsil elədiyi nümayəndələr adından minnətdarlıq bildirmir. Çıxışının əvvəlindən birbaşa mətləbə keçərək deyir ki, yazıçının peşəkar məziyyətlərindən biri doğru-düzgün mövzu seçimidir. Mövzu onu ilhama gətirməli, gördüklərini, duyduqlarını, dövrün tələbini, başqalarının hələ müşahidə edə və ya bu barədə danışa bilmədikləri mətləbləri oxucuya söyləmək, tamaşa çıya çatdırmaq imkanı yaratmalıdır. Cabbarlı "ictimai sifariş"lə "xüsusi sifariş"i bəzi yoldaşların səhv saldığını salondakıların diqqətinə çatdırır. Ona şüşə zavodu, yaxud ipək fabriki barədə nə vaxt yazacaqsan, deyə müraciət edənləri məzəmmət edir. Cabbarlı əsl yazıçıya, vətəndaşa yaraşmayan belə işlərlə məşğul ola bilmədiyini bəyan edir. Dəzgahların necə işləməsini müşahidə etmək üçün yazıçıları zavodlara, fabriklərə məxsusi göndərənləri başa salmağa çalışır ki, çarxların fırlanmasına, mexanizmlərin hərəkətinə tamaşa etməklə əmək qəhrəmanının bədii obrazını yaratmaq olmur. Belə bəsit yanaşmanın nəticəsidir ki, əksər halda müsbət qəhrəmanlar cansız-qansız alınır, yeni nəslə nümunə olacaq, xalq kütləsinə emosional təsir göstərəcək qədər yüksək səviyyəyə ucalmır. Xitabət kürsüsündən etiraf edir ki, sifarişlə pyes yazmaq barədə cəmi bircə dəfə müqavilə imzalayıb. Lakin o hadisədən sonra beş yeni əsər yazsa da, müqavilədə nəzərdə tutulan pyesi ərsəyə çatdıra bilməyib.
   
   Cabbarlı müsbət qəhrəman anlayışı ilə bağlı orijinal fikirlər səsləndirir. O, "26-lar" filmini misal gətirərək deyir ki, texniki cəhətdən görülən işlərin səviyyəsi qənaətbəxş olsa da, ədəbi materialın bədii cəhətdən zəif olması nəticəsində hətta qəhrəmanların güllələnmə epizodu da tamaşaçıda faciə ovqatını doğurmur. Çünki filmdə hadisə var, qəhrəman yoxdur. Nəql olunası süjet tapılıb, nümunə olacaq qəhrəman obrazı yaranmayıb. Onun fikrincə, şüarlarla, sitatlarla danışan cansız süni qəhrəmanlar yaratmaq lazım deyildir. Coşqun ehtiraslara malik canlı, dolğun obrazlar səhnəyə, ekrana gəlməlidir. Cabbarlıya görə Tolstoyun Haçı Muradı sənətkar mövqeyinin aydınlığına, yazıçı qələminin təntənəsinə bariz nümunədir. Cabbarlı daha öncə çıxış edən dramaturq Kirşonun Poqodinə məsləhətlərini də əsassız və əhəmiyyətsiz sayır və öz fikrinin doğruluğunu tutarlı şəkildə təsdiqləyir. Natiq Qorkinin məruzəsindən də bir məqama toxunaraq bədii əsərlərdə dil məsələsinə də toxunur. Bu baxımdan Azərbaycan yazıçılarının qarşısında duran mühüm və mürəkkəb vəzifələrdən danışır. Dilimizin yad və ağır kəlmələrdən təmizlənməsində, saflaşdırılmasında, yeni ifadələr hesabına zənginləşməsində söz sərraflarının məsuliyyətinin nə qədər böyük olduğunu bir daha vurğulayır. Maksim Qorkinin Millətlər teatrı yaratmaq ideyasını dəstəkləyən Cabbarlı təklif edir ki, bu teatrın daimi fəaliyyət göstərən rus truppası formalaşsın. Qardaş xalqların dramaturgiyasından seçmə əsərlər rus dilinə tərcümə edilərək paytaxt səhnəsində tamaşaya qoyulsun. İş prosesində lazım gələrsə, milli teatrların rejissorları məsləhətçi kimi Moskvaya dəvət olunsun.
   
   Cəfər Cabbarlının çıxışını dəyərli və əhəmiyyətli edən əsas cəhət mənim fikrimcə, yığcam və konkret, dərin məzmunlu, rahat qavranılan, aydın və ünvanlı olmasıdır. Məruzə və çıxışlarda səslənən fikirlərə münasibət bildirən, maraqlı təkliflər irəli sürən Cabbarlı öz çıxışını Xızı dağlarında, yaxud Bakının dağlı məhəlləsində yaşadığı iki otaqlı mənzilində hazırlanan "ev hazırlığı" deyildi. Onun çıxışı, qurultayın gedişində dinlənilən məruzə və çıxışlar əsasında formalaşan işgüzar və orijinal fikirlərin obrazlı ifadəsi idi. Təsadüfi deyil ki, bu çıxışa sentyabrın ayının 1-də " Pravda " qəzeti birinci səhifədə geniş yer ayırdı.
   
   Qurultayın stenoqram materialları ilə tanış olarkən onu da öyrəndim ki, avqustun 30-da keçirilən səhər iclasına Cəfər Cabbarlı sədrlik sədrlik edib.
   
   Şübhəsiz ki, qurultayın gedişindən razı və narazı qalanlar da olacaqdı. Hazırlıq dövründən başlayaraq tədbirin bütün mərhələlərini daim nəzarət altında saxlayan NKVD əməkdaşları gilə-gilə toplanan məlumatlar əsasında məxfi arayışlar hazırlayırdılar. Bu sənədlər ədəbi mühitdə mövcud olan əhval-ruhiyyəni əks etdirməliydi. Xəfiyyələrin dediyinə görə, rus yazıçısı Mixail Prişvin bu fikirdə idi ki, qurultay dözülməz dərəcədə darıxdırıcıdır, hamı nə vaxt öz evinə dönəcəyi haqda düşünür. Maksim Qorkinin yaxın dostu, bir vaxtlar Kapri adasında onun uzunmüddətli müsafiri yazıçı Aleksey Novikov-Priboy da fikirlərini oturub-durduğu adamlarla bölüşərkən söyləmişdi ki, ədəbiyyatın birmənalı şəkildə bürokratikləşmə dövrü başlayır və burada deyilənləri yalnız ürək ağrısı ilə dinləmək olur. Odessalı yazıçı İsaak Babelin dediyinə görə, Ukrayna nümayəndələrinin əksəriyyəti qurultayı əhəmiyyətsiz komediya adlandırırdı. Bütün bu mülahizələr həmin arayışlarda öz əksini tapırdı. Neçə-neçə dəyərli sənət adamının müqəddəratını ilk baxışda əhəmiyyətsiz görünən bu cür fikirlərin yazıldığı bəyaz vərəqlərdə cinayət tərkibi axtarıb tapan qaradinməz çekistlər həll edirdi. Yavaş-yavaş onların arasından gələcək repressiya qurbanlarının siyahıları hazırlanacaqdı.
   
   Şübhəsiz ki, öz aralarında nə qədər açıq danışsalar da, müxtəlif mübahisələrdə iştirak etsələr də, İttifaqlar evinin sütunlu iclas salonunda deyilənləri yekdilliklə alqışlayırdılar. Qurultayın yekununda Stalin yoldaşa ünvanlanan daha bir məktubun mətni oxunanda isə hamı bir nəfər kimi ayağa qalxıb elə bərkdən əl çalırdı ki, bu səs-sədadan Soçidə istirahət edən böyük rəhbərin qulaqları cingildəyirdi. Həmin günlərdə Stalin Andrey Jdanovu da, Sergey Kirovu da öz yanına çağırmışdı. Heç şübhəsiz ki, öz yetirməsi olan A.Jdanov qurultayla bağlı rəhbərə ətraflı məlumat vermişdi. Amma köhnə inqilabçı Koba təkcə Maksim Qorkidən, yaxud özünə yaxın olan İvan Qronski, Vladimir Kirşon kimi yazıçılardan və ya Mərkəzi Komitə katibi Andrey Jdanovla bərabər qurultayın işində iştirak edən, MK mədəniyyət və təbliğat şöbəsinin müdiri Aleksey Stetski kimi yüksək vəzifəli məmurlardan eşitdikləri ilə də kifayətlənməzdi. Bunun üçün o günün baş çekisti Yaqodanın rəhbərliyi ilə məxfi şəkildə siyasi araşdırmalar aparan, müxtəlif ideoloji təxribatların qarşısını almaq üçün hər vasitədən istifadə edən kifayət qədər güclü təşkilat vardı.
   
   Bu minvalla sovet yazıçılarının avqustun 17-də başlanan ilk Ali Məclisi öz işini sentyabrın 1-nə kimi davam etdi. SSRİ Yazıçılar İttifaqının rəhbər orqanlarına Azərbaycan nümayəndələri də təmsil olundu (Cəfər Cabbarlı, Məmməd Ələkbərli, Səməd Vurğun). Qısa zamanda bütün məruzələrin, çıxışların, qəbul olunan sənədlərin stenoqramı işlənib kitab şəklində hazırlanaraq "Xudojestvennaya literatura" nəşriyyatında çapdan çıxdı.
   
   Qarşıdakı illərdə isə tarixi qurultayın 218 nümayəndəsi həbs edildi. "Xalq düşməni" elan olunanların əksəriyyəti yubanmadan güllələndi. Digərləri həbs düşərgələrində çürüməyə məhkum oldu. Sürgündə, məhbəsdə bütün əzab-əziyyətlərə, işgəncələrə tab gətirən az sayda yazıçı uzun illər sonra azadlığa buraxıldı. Əllinci illərin ikinci yarısında onların əksəriyyəti bəraət aldı. ?lənlərin bir qisminə rəhmətlə bərabər, bəraət də düşdü. Amma, nə yazıq ki, ömrün gənclik payını yenidən qaytarmaq mümkün olmadığı kimi, ölənə yenidən nəfəs vermək də kimsənin hünəri deyil. Bu təskinlik olsaolsa sağ qalan ailə üzvləri üçündür. Mən bunu öz ailəmizin timsalında da görmüşəm. Axı, Qafar babamı 27 yaşında "xalq düşməni" kimi güllələyiblər. Atam atasını itirəndə 6 aylıq körpə idi. Atasına tam bəraət alan günə çatanda artıq 31 yaşı tamam olmuşdu. 31 il həm atasız qalasan, həm də adına "xalq düşməni" nin oğlu deyələr... Bu mənəvi sarsıntının nə olduğunu yalnız o dərdi çəkənlər bilər.
   
   "O illər ağır illər, getsin, bir də gəlməsin,
   
   O illərdən yara var ürəyində hər kəsin "...
   
   Bu yazıda adlarını çəkdiyim əksər insanların da başının üstünü qara buludlar aldı. 1936-cı il avqust ayının 21-də Minsk şəhərində ildırım sürəti ilə xəbər yayıldı ki, Belorusiya Yazıçıları İttifaqının sədri Mixas Klimkoviç boğazını kəsərək özünə qəsd edib. Həmin ərəfədə yazıçıların partiya iclasında ona qarşı ağır ittihamlar irəli sürülmüşdü. İlk təşkilat hətta onun partiya sıralarından xaric edilməsi barədə qərar çıxarmışdı. Belorus kommunistlərinin Mərkəzi Komitəsi xüsusi komissiya yaradaraq məsələni ciddi şəkildə araşdırmağa başladı. Düzdür, komissiya ilk partiya təşkilatının qərarını ləğv etdi. Amma, Klimkoviç İttifaqın sədri vəzifəsini itirdi və aldığı bədən xəsarəti nəticəsində normal danışıq tərzindən biryolluq məhrum oldu.
   
   İsaak Babeli antisovet terrorçuluq fəaliyyətində günahlandıraraq 1939-cu ilin may ayının 15-də həbs etdilər. Dindirmələr zamanı ona amansız işgəncələr verildi. Ali Məhkəmənin Hərbi kollegiyası barəsində güllələnmə hökmü çıxardı. 1940-cı ilin yanvar ayının 27-də hökm yerinə yetirildi. Qətl olunanların siyahısı şəxsən İosif Vissarioniviç Stalin tərəfindən imzalanmışdı.
   
   1938-ci ildə Məmməd Ələkbərli (Məmməd Kazım Ələkbərzadə) 33 yaşında ikən "xalq düşməni" kimi həbs edilərək güllələndi. Şair Salman Mümtaz (Əsgərov Salman Məmmədəin oğlu) sürgünə göndərildi və cəzaçəkmə yerlərində də həlak oldu. İndi məlum olur ki, Əli Nazimə (Əliəkbər Mahmud oğlu Mahmudzadə) qarşı başlanan kampaniyada qələm dostları çox fəal iştirak ediblər. Yaman günə qalan Əli Nazimin, görünür, səhhəti yaman möhkəm imiş. Yazıçılar İttifaqının bir plenum iclası o qədər gərgin və kəskin keçib ki, hər adamın ürəyi bu haqsızlıq və böhtan yağmuruna dözməzdi. Ona cibində Maksim Qorkinin imzası ilə İttifaqın üzvlük kitabçasını gəzdirməsini də qəbahət bildilər. 1937-ci ildə həbsə aldılar. Dindirdilər, incitdiər və nəhayət oktyabrın 13-də məhkəmə qərarı ilə 10 il müddətinə azadlıqdan məhrum etdilər. Fəqət 10 illik məhkum həyatını da ona çox gördülər. Axı, adam yoxsa, problem biryolluq aradan qalxır. Odur ki, az sonra onu məhv etdilər. Həyat yoldaşını da kameraya salıb 5 il həbsdə saxladılar. Qurultaydan qayıdandan sonra çox güman ki, Cəfər Cabbarlını çox güman ki, qaralayacaqdılar. İnsan qanına susayan NKVD cəlladlarına baxanda, deyəsən, əcəl daha insaflı imiş. Vaxtsız da olsa, Cəfəri özüylə vaxtında aparmaqla onu namərd gülləsindən, düşmən tənəsindən, Müşfiq, Cavid aqibətindən qurtarmış oldu.
   
   Yazıçıların I qurultayında qərara alınmışdı ki, 3 ildən bir qələm əhlinin ali məclisi çağırılsın. Lakin görüş nə üç, nə beş, nə də on beş il sonra baş tutmadı. Çox böyük fasilədən sonra yalnız 1954-cü ildə çoxmillətli Sovet xalqının söz sərrafları Moskvada yenidən bir araya gəldilər. Artıq dövran nisbətən dəyişmişdi. Ədiblərin qarşısında duran vəzifələr bir qədər başqa şəkil almışdı. Məhz şəkil dəyişmişdi, istiqamət və magistral yol isə olduğu kimi qalırdı: hədəf yenə insanlara xoş gələcək bəxş edən kommunizm, ədəbi üslubsa yalnız sosializm realizmi idi. Hələ ki, kommunist partiyasının kapitanları Sovet Sosialist Respublikaları İttifaqı adlı nəhəng "gəmi"nin sükanından möhkəm yapışmışdı və nə vaxtsa onun " Titanik " gəmisi kimi batacağını təsəvvür etmək münəccimlər üçün də müşkül məsələ idi. Hərdən bir hər kəs bu "dünyaya kimlər gəldi, kimlər getdi?" sualını özünə verib bir qədər düşünsə, üstəlik cavab tapmağa cəhd göstərsə, faydalı olar. Elə ki, beyninin fikir qapılarının açıldığını hiss etdin, bir suala da cavab ara: bəs, bu dünyada qalan kimlər olur?
   
   

TƏQVİM / ARXİV