adalet.az header logo
  • Bakı 11°C

OT KÖKü üSTƏ BiTƏR...

VAHİD ƏLİFOĞLU
27160 | 2009-06-16 16:56
...Yorğanı güdən kişinin,
   
   Adı, şərəfi bizimdi.
   
   Anamız gedən kişinin,
   
   Ata tərəfi bizimdi...
   
   
   
   Tarixin ibrət dərsi və yaxud görk meydanı olduğuna bir kimsə şübhə edə bilməz. Amma bu dərsi almaq üçün gərəkdi ki, neçə-neçə kitabları vərəqləyəsən, bu görkü görmək üçün qollarını çırmalayıb hünər meydanlarına girəsən...
   
   Uzaq tarixdən:
   
   - Atilla ortaboylu, enlikürək, seyrəksaqqalı, qarasaçlı bir adam olub. Onun ensiz gözləri elə iti nəzərlə baxırdı ki, qarşısındakı adam tir-tir əsirdi. Atillanın dövründə imperatorluğun ərazisi şərqdə İdil çayından qərbdə Reyn çayına, cənubda Balkan yarmadasından, şimalda Baltik sahillərinə uzanırdı. 452-ci ildə Roma üzərinə yürüş edən Atillanın ordusu çox keçmədən Romanın ətrafında idi. roma papası III Leon xristian dünyasının adından Romaya rəhm etməyi ondan xahiş etdi. avropalılar ona "Tanrı qırmancı Atilla" deyirdilər.
   
   Yaxın tarixdən:
   
   - Kişilər çadırın gündöyənində şallağı oturub söhbət edirdilər. Həsən əlini belinə dayaq verib çətinliklə qalxdı, ufuldaya-ufuldaya qəddini düzəltdi:
   
   - Belin qırılaydı məni əkdiyin yerdə, ay dədə. Əvəz kişi onu ayaqdan-başa süzüb dedi:
   
   - Dədə neyləsin, ay Həsən, fərsiz oğula. Dədə sənə ev-eşik, yurd-yuva qoyub getdi ki, adam kimi yaşayasan. Tay demədi ki, yüz ilə tikdiyimi ver erməniyə, get uzan İran çadırına, belin də quruyub dönsün "pol taxtasına"...
   
   ... Bizə şair xalq deyiblər və biz də öz şairliyimizi təkcə füzulilərlə, nizamilərlə deyil, həm də koroğlularla, şah ismayıllarla sübut emişik... Ona görə də çalışmışıq ki, ədəbi qəhrəmanlarımızın, sərkərdələrimizin əlidnə ya saz, ya da qələm-dəftər olsun...
   
   ..."Seçilən" filmində təxminən belə bir epizod var. erməni azərbaycanlıya deyir:
   
   - Siz gedin şerinizi yazın...
   
   ... İndii millətin yarısı şairdi, yarısı da müğənni. Qanla alınası torpaqlarımızı artıq şeirlə, mahnıyla çoxdan almışıq...
   
   ... Zorla beynimizə yeridilən şairlik. "istedadı", incə müsiqi duyumu şar kimi üfürülə-üfürülə əslində milləti qılıncdan, topdan-tüfəngdən uzaqlaşdırıb. Döyüş meydanında qəzəl oxumurlar, meyxana "Rəvəyat" demirlər, kişi...
   
   Qələm qılıncın yazdıqlarının üzünü köçürmək üçündür... Qarabulaq kimi min illik bir adın İraqda yaşamış bir şairin Adı ilə örtməyə nə hacət?...
   
   ...Real dünyanın müvəqqəti olduğunu, axirətin əbədiliyini əlində, dilində bayraq etmiş ərəblər fani dünyanın az qala yarısını işğal etmişdilər...
   
   Şirvanşah İbrahim Nəimidən keçdi, Nəsimini didərgin saldı, amma dövləti, torpağı, milləti qorudu. Min şair, min bir aşiqanə qəzəl dəyməz vətənin bir ovuc torpağına...
   
   ...Kiçiklər böyükləri əritdilər. Əsilli, nəsilli kötüklərin üstündə saysız-hesabsız bic pöhrələr əmələ gəldi... Kökü heyva, budağı armıd. Kökü gilənar, budağı gilas... Əhəng daşından olan dağı parçalayan bir damcı su kimi...
   
   ... Mən də bu millətin "şair oğluydum", nə vaxtsa. 18-20 yaşlı, ağzından "süd iyi" gələn uşaqlar Ağdərədə erməninin anasını ağladanda alnımı ovuşdura-ovuşdura sevgi şeirləri yazdırdım naməlum qıza, Seyidəhmədlidə... Daha yazmıram. On beş ildi həmin günləri xatırlayanda şax Baxa bilmirəm vicdanımın gözlərinə...
   
   ... Şuşa çox zaman İsa bulağıynan yada düşüb. Yediyimiz kababı, içdiyimiz arağı aranın bürküsündə sinirə bilməyəndə, bir qurtum sərin suya ehtiyac olanda xatırlamışıq, arzulamışıq, Şuşanı...
   
   ... Adamın gözləri ayaqlarının altını onda görmür ki, qarnı ayaqlarından qabaqda olur...
   
   ... Əbülfətgilin Tuğdakı evlərindən, evin ətrafındakı qarlı dağlardan daha çox yaddaşımda yediyim kabab, içdiyim tut arağı qalıb... Məşhur şəhərlərdən, ziyarət etdiyimiz tarixi abidələrdən yadigar gətirdiyimiz şəkillər - tüstülənən manqalların fonunda...
   
   ...Qəribədi, hacıların, şeyxlərin sayı artdıqca haqq yolundan azanların, şeytana qulluq edənlərin də sayı artır, elə bil...
   
   Elgün yenə məni "söykəyib" divara. Çingiz xanın, Əmir Teymurun şəkillərini göstərib soruşur:
   
   - Ata, niyə bizim də gözlərimiz qıyıq deyil?
   
   ... 1973-cü ildə tələbə inşaat dəstəsinin tərkibində Daşkənddə idim. Mərkəzi küçədə, piyadalar üçün nəzərdə tutulmuş səkinin üstünə çölü hisli, içi düyü ilə dolu iri qazanlar düzülmüşdü. Zolaqlı xalat geymiş, gözüqıyıq, seyrəksaqqal əkə əllərini dirsəyinə kimi qazanın içinə soxub aş çəkirdi gözüqıyıq, seyrəksaqqal əkələrə...
   
   ... Vasili Yan "Batı" əsərində yazır:
   
   - Monqol-tatarlar rus torpaqlarını işğal etməklə həm də bu torpaqlara mədəniyyət gətirdilər...
   
   Qəsəbənin orta yolu ilə hündür, enlikürək iki kişi addımlayıb. Birinin qolu boynundan asılıb, o biri ayaqlarının birini "çəkir"... Dilənirlər... Əsəd müəllim damağındakı siqaretin kötüyünü yerə tüpürüb, dərhal təzəsini yandırdı və dedi:
   
   - Budey, çıxın qabaqlarına, Atillanın nəvələri gəlir...
   
   ... Novella xanımın Kərim Kərimliyə verdiyi müsahibədən belə anladım ki, təkcə adını gizli saxladığı rəfiqəsi deyil, özü də aşiq olmuşumuş Zori Balayana...
   
   ... Amerikada təqaüdə gedən hərbçilər hərbi məktəblərə müəllim, bizdə Xatuna, Cəmiləyə cangüdən gedirlər...
   
   ...Aygün xanım Moskvadan iki min dollara it gətirdib... Əli kişi bu həftə Əhmədbəylidən kredit götürməlidi ki, bir inək alsın balalarını dolandırmaq üçün...
   
   ...Son vaxtlar "Buxara" papaqlar yenə dəbə minib. Hərənin başında biri var. haramıda belə papağa "çeçen papağıdı" deyirlər... Düzdü, papaq "çeçen papağıdı", di gəl ki, içindəki başların çoxu çeçen başı deyil...
   
   ...Mövlud Süleymanın "Yel Əhmədin bəyliyi" povestində dərviş sehri, dərviş möcüzəsi haqqında maraqlı deyimlər, inandırıcı əfsanələr var. dərvişlik cəmiyyətdən təcridlik, tərki-dünyalıq. Dərvişin milliyyəti, vətəni olmur. Dərvişlik madiyyətdən üz döndərmək, reallığa arxa çevirməkdi... Son məqamda ilahi bir eşqə qovuşmaqdı... İstəsək də, istəməsək də fasiləsiz olaraq yazılı, şifahi düşüncələrimizə, həyatımıza yeridilən dərvişlik təlimini hiss etdirirsinizmi?...
   
   ..."Olma bu dünyaya mail" deyə-deyə çəkildik içimizə, yığıldıq yorğanın altına. Xoşbəxtliyi, səadəti, haqqı, ədaləti və ən əsası da hər kəsə görk etməli olduğumuz kimliyimizi qumla səhralarda, kimsəsiz çöllərdə axtarardıq...
   
   ...Kamil insan, cahil insan mücərrəd və şərti anlayışdı... Real kamillik Əmir Teymurun qılıncıdı... Var olmaq, zor olmaqdı...
   
   ... Atilla dərviş deyildi. O Avropanın göbəyinə meyxana deməyə, qəzəl oxumağa getməmişdi. O fateh idi. fatehlər isə tərki-dünya olmurlar...
   
   ...Çörəyi kişi qazanar, arvad bişirər. Arvad qazanan çörəyin kündəsi küt gedər təndirdə...
   
   ...Tarixin ibrət dərsi artıq başlayıb. Zəngdən sonra gələnləri sinfə buraxmırlar...
   
   

TƏQVİM / ARXİV