OğLAN, "DƏYiRMi MASA" VƏ AT

FAİQ QİSMƏTOĞLU
34915 | 2009-06-16 16:56
Adətən dünyaya oğlan uşağı gələndə hamı valideynlərə göz aydınlığı verir ki, şükür Allaha, oğlun olub. Hətta oğlu olan adamlar sevincindən papağını göyə atıb-tutur, bir neçə gün şadyanalıq edir, dost-tanışa qonaqlıq verir. Elə adamlar da var ki, oğlu olanda qoyun, dana və dəvə qurban kəsir. Axı, kişinin oğlu olub.
   
   Amma qız uşağı dünyaya gələndə isə sanki çox qəbahətli bir iş baş verir. Onda da bir çoxları validenylərə başsağlığına bənzəyən təsəlli verib bildirirlər ki, canın sağ olsun, bu dəfə qız olub, gələn dəfə oğlunuz olar.
   
   Təbii ki, dədə-babalar çox gözəl deyib: "Oğul düşmən çəpəridir". Bunu ona görə dədələrimiz belə deyib ki, vaxtilə yağılar məmləkətimizə hücum edəndə onun qabağına əli qılınclı və qalxanlı oğlanlar çıxarardılar. Elə buna görə də həmişə çoxları oğul arzulayıb ki, düşmən çəpəri olsun.
   
   Bunları başa düşmək olur. İstər oğul, istərsə də qız Allahın göndərdiyi çox gözəl bir şirin paydır. Əgər bu paya görə, xüsusən də qız payına görə, kimsə bəxtindən gileylənirsə, o çox naşükürlük eləyir. Bir neçə gün bundan əvvəl "Xəzər" TV-nin "Xəbərlər" proqramına baxanda sözün düzü, çox həyəcanlandım. Həmin proqramda ginekoloq həkimlər çox narahatlıqla gizli bir faciədən danışırdılar. Deyirdilər ki, əksər analar gəlib aparatdan keçəndən sonra qız olduğunu biləndə, onu abort elətdirirlər. ?zü də bu abort olunan qız uşaqlarının çoxu bir neçə ay gec, hətta böyüyəndə bu cür ölümə məhkum edilirlər. Süjetdə abort olunmuş, əlləri və qolları kəsilmiş körpələrin faciəli anları göstərilirdi. O anlar ki, bu süjetə heç cürə həyəcansız baxmaq mümkün deyildi. Mütəxəssislərin dediyinə görə, bu cür hərəkətlər ən ağır cinayətə bərabər tutulmalıdır. Həm abortu eləyən həkim, həm də aborta məruz qalan ana görəsən Allahdan və qanundan qorxmurlarmı? Bir həkim də deyirdi ki, qız uşaqlarının abort olunması nəticəsində son vaxtlar qızların sayı azalıb, oğlanların isə sayı artıb.
   
   Kim nə deyir desin, Allah o uşaqları yaradanda hərəsinin öz qismətini verir. Ancaq bu qisməti yerdəki bəndələr qəbul eləməyəndə və oğlan uşağı axtarışına çıxanda təbii ki, onlar da bir çox halda cəzalarına çatırlar. Yəni oğlu olan adamlar sonradan bu oğulu çox ərköyün böyüdür və həmin oğul da ürəyi istədiyi kimi həyat tərzi sürür, siqaret çəkir, araq içir, narkotikə qurşanır və "avtoşluq" eləyir.
   
   Bununsa fəsadlarını zaman-zaman çoxları yaxşı görüb. Gözünün ağı-qarası bir oğlu olan adam həmişə ümidini ona bəsləyib ki, oğlu ona arxa olacaq. Amma bu oğul arxa olmaq əvəzinə, ya narkoman çıxıb, ya da bivecg
   
   Mən ailə qurandan sonra Bakının Sovet küçəsində düz 8 il kirayəşin qalmışam. ?zü də kirayəşin qaldığım qoca qadın və kişi çox əməli-saleh adam idilər. Yəni hər ikisi nur cucuğuna bənzəyirdi. Elə bir adam yox idi ki, üzündən nur yağan bu qocalara hörmət eləməsin. Elə mənim özüm də onlara əzizlərim kimi münasibət bəsləyirdim. Bu qocaların dörd oğlu, dörd qızı vardı. Qızlar hamısı ali savad almışdı. Hətta onların içərisində biri tibb elmləri namizədi idi və Tibb Universitetində müəllim işləyirdi. Kişinin övladlarının hamısı da oğul-uşaq sahibi idilər. Həmin dörd qız tez-tez, bəlkə də elə hər gün valideynlərinə baş çəkirdilər. Dörd oğul isə bütün günü yeyib-içməkdə, kef-damaqda idi. Bir dəfə qocalardan biri, daha doğrusu, Minə xala xəstələnib yorğan-döşəyə düşdü. Oğlunun hansı isə arvadın verdiyi pulla dərman alırmış. Bir gün elə oldu ki, həmin dərmanı arvad mənə almağı xahiş elədi . Beş manat da pul verdi. Dedi ki, oğlum bu dərmanı beş manata alır, elə ona da beş manat verirəm. Mən o beş manatı almadım. Dedim ki, dərmanı alım gətirim, sonra pulu verərsən. Aptekdən dərmanı almaq istəyəndə satıcı dedi ki, onun qiyməti 20 qəpikdir. Bu sözlərdən sonra tüklərim biz-biz oldu. Az qaldı yer ayağımın altından qaçsın. Sən demə, hər dəfə anasına dərman alanda oğlu 20 qəpik əvəzinə, 5 manat pul alırmış. Mən də dərmanı Minə xalaya verdim və 20 qəpiyi almadım. Dedim ki, bu dərman 5 manata deyil, 20 qəpiyə satılır. Gördüm ki, arvad çox pis oldu. Onsuz da həmişə oğluna o pul verirdi. Oğlu da uşaq-zad deyildi. Onun 50-dən çox yaşı vardı. Sən demə, 20 qəpik dərmana pul verəndən sonra yerdə qalan 4 manat 80 qəpiyi də o oğlan arağa verib içirmiş.
   
   Günlərin birində Minə xala rəhmətə getdi. Dörd oğuldan heç birisi irəli durub onun yas məclisini vermədi. Yenə də o dörd qız yığışıb çox urvatla, təmtəraqla analarını son mənzilə yola saldılar. 40 gün ehsan verdilər və bu 40 gündə də o dörd oğul utanıb-qızarmadan məclisin yuxarı başında əyləşib ehsandan yedilər və camaatın başsağlığını qəbul elədilər. Ancaq bu oğulları tanıyan adamlar başsağlığını onlara yox, o dörd qıza verirdilər. Analarının qəbirüstü abidəsini də bu dörd qız düzəltdirdi. Sonra ataları rəhmətə getdi, atalarını da anaları kimi urvatla son mənzilə yola saldılar.
   
   Belə dörd oğulun olmağından, o cür qeyrətli dörd qızın olması hörmətli oxucu, daha şərəfli deyilmi? Əgər bir oğul ən ağır gündə anasından dərman almağa qiymətindən qat-qat çox pul alırsa, vallah o oğuldan bir qara daş, bir eşşək daha yaxşıdır. Çünki eşşək ən ağıllı, ən zəhmətkeş və ən sədaqətli heyvanlardandır və çətin gündə də insana çox köməklik edir.
   
   Bax, belə oğulların olmağından olmamağı daha sərfəlidir. İndi qayıdaq oğul uşağı arzulayıb qız uşaqlarından üz döndərən ataların və anaların üstünə. Onlar heç də təsəvvür eləməsinlər ki, qızlardan üz döndərdiklərinə görə, oğlanları nə vaxtsa onları xoşbəxt eləyəcək. Əgər oğlanlar nə vaxtsa valideynlərini xoşbəxt eləyəcəkdilərsə, onda o dörd oğulun biri valideynlərinin yarasına məlhəm qoyardı. Deməli, xoşbəxtlik Allahın göndərdiyi şirin övlad payındadır. O övladı isə oğlan, yaxud qız olmağından asılı olmayaraq qəbul eləmək lazımdır.
   
   İndi yazacağım məsələnin isə nə oğula, nə də qıza dəxli var. Sadəcə olaraq mövzunu bir qədər yüngülləşdirmək və şirinləşdirmək üçün bir-iki "imprivizasiya" eləmək istəyirəm. Bir dəfə müdir yanındakı şairlərdən birini çağırıb deyir ki, bəs təcili "dəyirmi masa" təşkil eləmək lazımdır. Həmin şairdə düşür aşağı, müdirin adına bir məktub yazır və məktubu da verir təsərrüfat işləri üzrə müdirin müavininə. O da məktubu oxumadan aparıb qoyur stolun üstünə. Müdir də baxıb görür ki, söz tapşırdığı şair bu idarənin adından başqa bir idarənin müdirinə yazır ki, bizə on-on beş dəyirmi masa göndərin. Müdir də bu məktubu oxuyanda gözü kəlləsinə çıxır və sonra da sevinir ki, nə yaxşı digər məktublar kimi onu da oxumadan imzalamayıb. Yoxsa, yuxarılarda əməlli-başlı biabır olacaqdı. O tez söz tapşırdığı şairi yanına çağırtdırır. Deyir ki, ay oğul, mən sənə deməmişəm ey, idarəyə dəyirmi masa al, sənə demişəm ki, burda bir çox şair və yazıçılarla "dəyirmi masa" təşkil elə. Bundan sonra müdir həmin adamı işdən qovur.
   
   Bir dəfə də sovet hökumətinin vaxtında rayspalkomun sədri müavinlərindən birinə tapşırır ki, sabah deputatları icrayyə komitəsinə çağırsınlar. Həmin müavin də kəndlərin sovet sədrlərinə deyir ki, sabah rayspolkoma at göndərərsiniz. Hər kənddən beş-on at və bir yerdə yüzə qədər atı rayspalkomun binasının qarşısına gətirirlər. Atların kişnərtisini və ayaq səslərini eşidən rayspolkom pəncərədən çölə baxır. Görür ki, rayon mərkəzində yüzə qədər at meydanda durub. Soruşur ki, bu atları kim gətirtdirib? Həmin müavin də deyir ki, siz dediniz mən də gətirtdim. Hirsindən az qala ürəyi partlayacaq rayspolkom müavinin üstünə qışqıraraq deyir: "Ay qanmaz, mən sənə at deməmişəm ey, deputat demişəm".
   
   Bax, beləcə, bir çoxları oğulnan qızı dəyişik salır, bir çoxları "dəyirmi masa"yla masanı qarışdırır, bir çoxları da deputatla atı bir-birindən ayıra bilmir, işləri dolaşdırır. İşlər də dolaşanda aləm qarışır bir-birinə it yiyəsini tanımır. Elə bilirsiniz yiyəsi iti tanıyır? Yiyəsi də heç itin tanımır.
   
   

TƏQVİM / ARXİV