FOQTSLA "FOKS-MüSAHiBƏ"

ETİBAR CƏBRAYILOĞLU
44108 | 2009-06-16 16:52
Yenə futboldan? Bəs necə! Başqa cür ola bilərmi? Aşağı-yuxarı bu iki həftədə milli futbol komandamız Türkiyə yığması ilə qardaşlıq görüşü oynadı? Oynadı. Uduzdu? Uduzdu. Seçmə mərhələdə Uels millisini qəbul etdik? Etdik. Uduzduq? Uduzduq. Bu vaxta qədər görünməyən hadisə baş verdi, sonuncu Avropa Çempionatının qalibi İspaniya yığma komandası Azərbaycana gəlib yoldaşlıq oyununda meydana çıxdı? Çıxdı? Uduzduq? Uduzduq. Son iki həftədə telekanal və qəzetlərin ikicə mövzusu vardı - hamilə Röya və uduzmaqdan yorulan milli komandamızın futbolçuları. Ona görə bu dəfəki köşəmdə də futbolla bağlı mövzuya toxunmaq qərarına gəldim.
   
   Bu üzdən çox fikirləşməli olmadım. Bizim məmləkətdə kimdi mənə çox fikirləşməyə imkan verən? Nə isəg Dünyaca məşhur İspaniya millisinin oyunçuları qapımıza cəmi altı top vurub soyunub-geyinmə otağına gedincə, özümü verdim qarşı tərəfdəki odaya. Bircə məqsədim vardı - yığmamızın Almaniyadan gəlib-gedən baş məşqçisi Berti Foqtsla görüşüb ondan geniş müsahibə almaq. Türkiyə,Uels oyunlarında uduzmağımızın, ispanların qapımızdan niyə cəmi altı top keçirmələrinin səbəblərini ondan yaxşı kim bilərdi ki?
   
   İdman yazarlarımızın günün günortaçağı mobil telefonun işığında axtardıqları Berti Foqtsla üzbəüz gəlincə məni tanıdı. Bir-iki ay əvvəl Ağdamla Bərdənin sərhəddində - kababxanasındakı bir masada çörək kəsmişdik. Kababın dadı damağında, sifətim alman məşqçisinin yaddaşında qalmışdı! Səlis Azərbaycan dilində ondan müsahibə götürmək istədiyimi deyincə razılaşdı. Alman dilini təmiz Bavariya ləhcəsi ilə heç bir problemin olmadığını dedi. Beləliklə, oturmağa yer tapıb ayaqüstü müsahibəyə başladım.
   
   - Cənab Berti Foqts, son üç oyundakı məğlubiyyətləri nə ilə izah edərdiz?
   
   - Dünyanı bürüyən iqtisadi böhrandan hələ heç kim yaxasını kənara çəkə bilməyib. Sizin xalqın gözəl bir sözü var - elnən gələn bəla toy-bayramdı.
   
   - Təkcə son üç oyunda deyil, elə əvvəlki görüşlərdə də futbolçularımız meydanı qol vurmadan tərk edib. Millimiz dünyada rəqib qapısından top keçirməyən iki komandadan biridig
   
   - Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Avropaya , oradan da Amerikaya daşınması olduqca böyük hadisədi. İndi bəlkə də bunu bəzi adamlar lazımınca dəyərləndirə bilmirlər. Müdrik azərbaycanlıların sözü olmasın, hər şeyin zamana ehtiyacı var!
   
   - Xarici ölkə jurnalistləri ilə söhbətlərinizdə Azərbaycanda hücumçu probleminin olduğundan şikayətlənirsiz. Problemi necə həll etmək olar?
   
   - Qarabağın erməni işğalından azad edilməsi yolunda BMT-nin və ATƏT-in səylərini qiymətləndirməmək insafsızlıq olardı. Xüsusilə ATƏT-in Minsk Qrupu uzun müddətdi ki, bu problemin ədalətli həlli üçün əmək sərf etməkdədi. Mənə elə gəlir ki, həmsədrlərdə bir qədər alman dəqiqliyi çatmır.
   
   - Mahmud Qurbanov kimi təcrübəli oyun qurucusundan imtina etmək sizin fikrinizcə, yalnış addım deyildimi? Nə olsun ki, yaşı çoxdu? Bu günlərdə sizin komandanı məğlub edən Türkiyə millisi Yusuf Şimşəyi millidə oynadır. Türkiyədə futbolçu bolluğu olsa da, heç kim Yusuf kimi təcrübəli və yaşlı futbolçudan imtina etmirg
   
   - Dəqiq yadımda deyil, Latviyanın, yoxsa Litvanın hazırkı prezidenti Adamkusu xəstəxanaya yerləşdiriblər. Deyilənə görə, ürəyində problem olduğundan prezident ciddi müayinədən keçməlidi. Bu onun şəxsi həkimimnin rəyidi. Onunla hesablaşmamaq düzgün olmazdı. Azərilər demişkən, yastığı yüngül olsun!
   
   - Millimizin əcnəbi baş məşqçisinə bu sualı vermək bəlkə də qəribə səslənər, yığmada legioner futbolçuya ehtiyac varmı?
   
   - Yenə qəzetlərdən sitat gətirməli olacağam. Deyəsən, Türkiyə mətbuatı da bu məsələnin peşindədi. Azərbaycan xarici ölkələrdən, o cümlədən, mənim vətənim Almaniyadan xeyli eşşək alıb. ?zü də bunun üçün külli miqdarda para xərcləyib. Görünür müasir dünyada proseslər başqa ssenari diqtə edir, gərəkirsə xaricdən eşşək də almaq lazım olur! Yeri gəlmişkən, burda olduğum müddətdə maraqlı atalar sözü öyrənmişəm - eşşək nə bilir zəfəran nədig
   
   - Sizi daha çox müdafiəmeylli, daha doğrusu, qorxaq futbol oynatmaqda ittiham edirlər. Sözün açığı, bu iradla mən də razıyam. Bəs siz?
   
   - Mən durub desəm ki, metronun "İçəri şəhər" stansiyası "donuz qripi"ndən müdafiə üçün bağlanır, bu o qədər də inandırıcı səslənməz. Sürücümün məsləhəti ilə "Koroğlu" dastanını oxuyub başa vurmuşam. Koroğlu da öz zamanında deyib ki, igidlik ondu, doqquzu qaçmaqdı. Təbii ki, vəziyyət tələb edəndə heç gözə görünməmək də olar. Məncə, bu sualımıza doğru cavab verdim.
   
   - Milli komandamızın qarşıdakı planlarını bilmək maraqlı olardıg
   
   - Bu gün və ya qarşıdakı aylarda NABUKKO layihəsindən imtina düzgün addım sayıla bilməz. Belə yalnış qərar bütün ölkələrə ziyan vurar. Siz azərbaycanlılar addım atmaqdan öncə yüz ölçüb, bir biçməyi xoşlayırsız. Necə deyərlər, saxla samanı, gələr zamanı.
   
   - Və yaxud saxla Foqtsu, çıxar fokusug
   
   - Mən elə deməzdim. Hər halda Barak Obamanın "Ağ Ev"ə gəlişindən sonra İrana münasibət xeyli dərəcədə dəyişib. Tehranda keçirilən son prezident seçkiləri çox şeyə aydınlıq gətirəcək.
   
   Söhbətimizin bu yerində alman Berti Foqts oturduğu yerdən qalxıb ayaqüstü müsahibəni yarımçıq saxladı. İnsafən, buna görə məndən üzr istədi. Dedi ki, Bakıda yaşayan ingilis dostları ilə domino oynamağa tələsir. Ayrılarkən əlimi möhkəm sıxdı və yenə alman dilinin Bavariya ləhcəsilə "Oyunçu aparsın" - dedi.
   
   
   
   Onsuz da Berti Foqts baş məşqçi gələn gündən elə oyunçu aparır. Hələ bizim futbolçuların qalib gəldiyi oyun olmayıb...
   
   

TƏQVİM / ARXİV