GECƏ SAATLARINDA SƏRXOŞ SÜRÜCÜLƏR NECƏ SAXLANILDI?

FAİQ QİSMƏTOĞLU
147596 | 2015-02-10 01:12
Axşam saat 19-dan sonra Bakı şəhərində hərəkətin təhlükəsizliyinin təmin edilməsində və eləcə də baş verə biləcək qəzaların qarşısının alınmasında gecə saatlarında xidmət aparan yol polisi əməkdaşlarının üzərinə yüksək məsuliyyət düşür. Ən azından ona görə ki, gecə saatlarında bəzi intizamsız sürücülər daha da fəallaşır, bir-biriylə ötüşür, avtoxuliqanlıq edir və bir çox halda sükan arxasına səxoş vəziyyətdə əyləşirlər.
Məhz gecə saatlarında da Bakı şəhərində keçirilən reydin əsas məqsədi bu cür kobud qayda pozuntularının qarşısını almaqdan ibarətdir. Gecə saatlarında bir də görürsən ki, hansısa "atasının gül balası" yolunu azdı və başladı bahalı avtomobili saatda 140-150 ilə idarə etməyə. Təbii ki, bu cür sürücülər ancaq onda kobud qayda pozuntusuna yol verirlər ki, yol polisi həmin istiqamətdə gözə görünmür və bundan da istifadə edən məsuliyyətsiz sürücülər kefləri istədiyi kimi nəqliyyat vasitəsini idarə etməyə başlayırlar.
Gecə saatlarında 8-ci tağımın əməkdaşları xidmət apararkən bu cür qanun pozuntularının qarşısını almaqdan ötrü var qüvvə ilə fəaliyyət göstərirlər. Belə ki, onların xidmət apardığı Neftçilər, Nəriman Nərimanov, Mətbuat prospekti və 20 Yanvar istiqamətində qayda pozuntusuna yol verən kifayət qədər sürücülər olur. Bizim də gecə saatlarında iştirak etdiyimiz reyddə yol polisi əməkdaşlarının ərköyün sürücüləri necə ram etdiklərinin bir daha şahidi olduq.
Xarici markalı avtomobilin sükanı arxasında əyləşən cavan oğlan yol polisinə tabe olmaq istəmirdi. Amma buna baxmayaraq, onu 8-ci tağımın əməkdaşları çətinliklə də olsa saxlatdıra bildilər. Sürücü avtomobilin sükanı arxasından düşən kimi yol polisləri onu sorğu-suala tutdu. Çox danışmağa da ehtiyac qalmadı. Məlum oldu ki, atasının "gül balası" alkoqollu içki qəbul edib. Həkim müayinəsindən keçən sürücünün orta dərəcəli sərxoş olduğu aydınlaşdı. Onun barəsində inzibati protokol tərtib edildi və avtomobil sürücüdən alınaraq müvəqqəti duracağa qoyuldu.
Ümumiyyətlə, həmin gecə adlarını çəkdiyimiz küçə və prospektlərdə 8-ci tağımın əməkdaşları 20-yə yaxın sərxoş sürücü aşkar etdilər. Özü də bu sürücülərin əksəriyyəti cavanlar idi. Düzdür, onların arasında qadınlar da var idi və ən təəccüblüsü o idi ki, sərxoş halda avtomobili idarə edən qadın sürücü yol polisinə hədə-qorxu gəlir, ona tabe olmaq istəmir və mobil telefonla tanışlarına zəng edərək kömək istəyirdi. Ancaq o xanımın bütün cəhdləri boşa çıxdı. Xarici markalı avtomobil onun əlindən alındı və dayanacağa aparıldı. Bundan sonra xanım yenidən yol polislərini hədələməkdə davam etdi. Dedi ki, görün mənim adamım sabah sizin başınıza hansı oyunları açacaq. Sizi yarandığınıza peşman edəcəyəm.
Aydındır ki, bu cür intizamsız sürücülər özlərinə bəraət qazandırmaq üçün hər cür vasitələrə əl atır. 8-ci tağımın komandiri, polis baş leytenantı Nurlan Əliyev bildirir ki, gecə saatlarında xidmət aparmaq gündüzə nisbətən bir qədər çətindir. Çünki bəzi intizamsız sürücülər yağışdan sonra göbələk kimi gecə saatlarında bəd niyyətlərini həyata keçirmək üçün daha da fəallaşır, kobud qayda pozuntularına yol verir, avtomobilləri ziqzaq hərəkət etdirməklə qəfil əyləci basır və tükürpərdici səslər çıxarırlar. Bu da təbii ki, insanların həddindən artıq əsəbləşməsinə gətirib çıxarır. Biz birmənalı olaraq kimliyindən asılı olmayaraq, kobud qayda pozuntusuna yol verirsə, onu inzibati məsuliyyətə cəlb edirik. Avtoxuliqanlar barəsində isə tərtib olunan protokollar məhkəməyə göndərilir və məhkəmənin qərarı ilə onlar məsuliyyətə cəlb edilirlər. Hətta elə avtoxuliqan var ki, onlar barəsində 30 sutka həbs-qəti imkan tədbiri seçilir.
Bizimlə söhbətində Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin növbətçi hissəsinin rəisi, polis mayoru İlqar İbrahimov bildirdi ki, son vaxtlar kobud qayda pozuntularına qarşı mübarizə daha da gücləndirilib. Belə ki, Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov vəzifəyə təyin olunandan sonra bizim qarşımızda daha böyük vəzifələr qoyulub. Yəni qanunu pozan hər hansı sürücü kimliyindən asılı olmayaraq, məsuliyyətdən yaxasını kənara çəkə bilməz. Eyni zamanda Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Nuşirəvan Səfərovun və Yol Patrul Xidməti Alayının komandiri, polis polkovniki Rəşadət Babayevin bizə xüsusi tapşırığı ondan ibarət olub ki, gecə saatlarında xidməti vəzifələrimizi daha yüksək səviyyədə yerinə yetirək, hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində ciddi addımlar ataq. Onu da qeyd edim ki, 2013-cü illə müqayisədə 2014-cü ildə baş verən qəzaların sayı aşağı enmiş, ölüm və xəsarətalma halları azalmışdır. Bu isə o deməkdir ki, keçirdiyimiz tədbirlər öz müsbət nəticəsini verməkdədir.
Onu da qeyd edək ki, növbətçi hissənin rəisi, polis mayoru İlqar İbrahimov nümunəvi işinə görə dəfələrlə müxtəlif qurumlar tərəfindən mükafatlandırılıb. Belə mükafatlardan biri isə "Avtosver.az" saytı və "Deyesta" hüquq şirkətinin birgə keçirdiyi tədbir olub. Həmin tədbirdə millət vəkilləri, tanınmış siyasətçilər və KİV nümayəndələri iştirak edib. Hər iki qurum tərəfindən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis mayoru İlqar İbrahimov yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsində nümunəvi xidmətlərinə görə diplomla təltif olunub. Bu isə o deməkdir ki, öz vəzifəsinin öhdəsindən bacarıqla gələn yol polisi əməkdaşlarını geniş ictimaiyyət də dəstəkləyir və onları ruhlandırır.
Əlbəttə, Bakı şəhərində son vaxtlar keçirilən reydlər zamanı çoxlu sayda qayda pozuntuları üzə çıxarılıb. Elə bir gecədə nə az, nə çox, 100-ə yaxın sərxoş sürücü müəyyən edilib. Bununla yanaşı, avtoxuliqanlar və digər kobud qayda pozuntularına yol verən sürücülər məsuliyyətə cəlb ediliblər. Keçirilən reyd zamanı toy karvanlarında qanunlara əməl etməyən 48 sürücü barəsində protokol tərtib edilib. 11-ci tağımın komandiri Mərdan Əliyevin rəhbərliyi ilə keçirilən reydlər də müsbət nəticəsini verib. Alay üzrə ən yüksək göstəricilərə malik olan bu tağım gecə saatlarında özündənrazı sürücüləri, avtoxuliqanları, sükan arxasında sərxoş vəziyyətdə əyləşənləri sözün həqiqi mənasında ram edə bilir.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirir ki, gecə reydləri mütəmadi olaraq davam etdiriləcək. Bizi ən çox narahat edən, ictimaiyyətin böyük narazılığına səbəb olan və insanların əsəblərini korlayan avtoxuliqanların özbaşınalığıdır. Amma birmənalı olaraq deyə bilərəm ki, nə gündüz, nə də gecə saatlarında kütləvi şəkildə avtoxuliqanlar at oynada bilmirlər. Tək-tək avtoxuliqanlar saxlanılır və onlar da məsuliyyətə cəlb olunurlar. Bir daha tövsiyə edirəm ki, kimliyindən asılı olaraq qanunlara əməl eləsinlər. Çünki əks təqdirdə, onlar yol polisi əməkdaşları tərəfindən saxlanılacaq və barələrində daha ciddi tədbir görüləcəkdir.

Reyddə iştirak edirdilər: Vaqif ƏSƏDOV - Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı; İlqar İBRAHİMOV - Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin növbətçi hissəsinin rəisi, polis mayoru; Cəmşid HƏNİFƏYEV - bölük komandiri, polis mayoru; Talıb QASIMOV - qərargah rəisi, polis mayoru; Nurlan ƏLİYEV - Yol Patrul Xidməti Alayının 8-ci tağımının komandiri, polis baş leytenantı; Mərdan ƏLİYEV - Yol Patrul Xidməti Alayının 11-ci tağımının komandiri, polis kapitanı;
Faiq QİSMƏTOĞLU -
"Ədalət"in əməkdaşı.

TƏQVİM / ARXİV