adalet.az header logo
  • Bakı 20°C

XEYİRXAHLIĞIN FACİƏSİ...

BABƏK YUSİFOĞLU
51491 | 2015-02-10 01:09
Tanrının göndərdiyi bütün peyğəmbərlər, nazil etdiyi hər bir Kitab bəşər övladına hallallığın, kamil insanlağın, düzlyün, möminliyin, nəfs üzərində hakimliyin... yollarını öyrətsə də, insanları mərhəmətli, xeyirxah, səbrli, inanclı, imanlı... olmağa səsləsə də dünya heç vaxt bu çağırışların əleyhinə gedənlərdən qurtulmamışdır. Peyğəmbərlər sürəkli olaraq gəlmişlər, özlərini bu yolda fəda edənədək çalışmışlar, lakin insan oğlu şərdən, pisliklərdən, qandan-qadadan uzaq durmamışdır... 

Dünyanı, insanlığı möhtəşəm sevgi ilə yaradan Tanrı sonuncu peyğəmbərindən sonra da yaratdıqlarına mərhəmət göstərib onların özünü, ruhunu xilas etmək üçün böyük qəlb sahibi olan insanları da həmin yola yönəltdi. Yönəltdi ki, hər kəs gözü önündəki sıradan bir adamın mənən necə böyük ola biləcəyini nümunə kimi digərlərinə göstərsin. İnsanlar peyğəmbər olmağı bacarmazlar, amma İnsan ola bilər...

Kim bilir, məhz belə şəxsiyyətlər olmasaydı bugünkü dünyanın halı nəyə bənzərdi? Kim bilir, mərhəmət və xeyrxahlıq fədailəri, yaxşılıq mücahidləri seçdikləri əzablı, məşəqqətli yollları yarımçıq qoyub geri dönsəydilər cəmiyyət adlandırdığımız toplumlar sonradan dönüb özlərinə bir insan olaraq baxa biləcəkdilərmi?..

Nə yaxşı ki, Yaradan Anri Dünan və onun kimiləri bu dünyadan əskik etməyib... 
(Əvvəli qəzetin 2 fevral sayında)

Amma heç fransız bürokratlar da əlcəzairlilərdən çox fərqlənmirmiş. Parisdə də müxtəlif aidiyyəti təşkilatların qapılarını dəfələrlə döyən Dünan müsbət nəticə əldə edə bilmədi. Lakin məğlubiyyəti onu həvəsdən salmadı. Hələ ümidləri tükənməmişdi. Hər şeyin düzələcəyinə inanan Jan bu dəfə sonuncu instansiyaya - imperator III Napoleonun özünə müraciət etməyə qərar verdi. Bu xeyirxah işin qarşısı niyə kəsilməliydi ki?..

Ancaq aydın oldu ki, imperator Parisdə deyil. O, hərbi əməliyyatlara rəhbərlik etmək üçün yazının əvvəlində bəhs etdiyim İtaliyadakı Solferino döyüşlərindədir və nə vaxt paytaxta dönəcəyi isə məlum deyil. Jan Anrinin isə gözləməyə çox zamanı yoxdu. O, İtaliyaya gedib imperatora elə oradaca müraciət etməyə qərar verdi. Təki iş həll olunaydı...

                                      
                                              HƏMİN SOLFERİNO DƏHŞƏTLƏRİ

Həyatsa həmişə gözlənilməz təsadüflərlə, ağıla gəlməyən hadisələrlə dolu olub. Nələrlə qarşılaşacağını heç təxmin belə etməyən Jan Anri Solferinoda elə dəhşətlərlə qarşılaşdı ki, onun sonrakı həyatı tamamən dəyişdi, planlaşdırdığı bütün işlərin mahiyyəti fərqli şəkil aldı. 

Həmin vaxt təsadüf elə gətirdi ki, o, qanlı Solferino vuruşmasından sonra döyüş meydanındakı həmin dəhşətli görüntülərin şahidinə çevrildi. III Napoleonun ordusu üstünlük qazanaraq irəlilədikdən sonra qalaqlanmış minlərlə əsgər cəsədləri, hələdə zarıyan yaralılar taleyin hökmünə tərk edilmiş vəziyyətdəydilər. Kimsə onlarla maraqlanmırdı. Elə bu üzdən də yaralıların bir çoxu tibbi yardımlar göstərilmədiyindən ordaca dünyasını dəyişirdi. Bu, sözün əsl mənasında cəhənnəm idi...

Jan Dünan heç bir tibbi savada malik olmasa da, kimsədən göstəriş almasa da vaxt itirmədən kömək gözləyən əsgərlərə yardıma girişdi. Özü də düşmən və ya dost əsgər fərqi qoymadan. Dünana görə, qanlarına boyanmış bu əsgərlər indi sadəcə yaralı insanlar idi, vəssalam. Amma düşmən sayılan yaralı əsgərlərin də eyni səviyyədə qayğı göstərən bu xeyrxah insana hamı tərs-tərs, acıqla baxırdı. Və əslində şəhərdəki xəstəxanalarda fəaliyyət göstərən vur-tut 6 həkim yalnız fransızları müalicə edirdilər. Dünansa bu münasibəti pozdu. O özü də durmadan əlindən gələn köməyi göstərirdi: yardıma qaçır, su paylayır, yaraları sarıyır, lazım olan dərmanları paylayır və tez-tez bir cümləni təkrarlayırdı: "Biz hamımız qardaşıq".

                                            FACİƏNİN "SİFARİŞ" ETDİYİ KİTAB


İtaliyaya nədən ötrü gəldiyini belə unudan Jan Anri burada bacardığı işləri başa vurduqdan sonra sarsılmış halda Cenevrəyə qayıtdı. O gördüklərini sinirə bilmirdi. İçində bəslədiyi mənəvi dəyərlərə, xeyirxahlıq duyğularına görə, ətrafında baş verən dəhşətləri insanlıqdan kənar şeylər hesab edirdi. O dözə bilmədiyindıən qələmə sarılıb gördüyü dəhşətləri, insan oğlunun düşdüyü acınacaqlı vəziyyəti yazmağa başladı. Və nə vaxtsa belə bir kitab yazacağını ağlından belə keçirməyən Jan Anri az sonra ortalığa sanballı bir əsər qoydu. Tezliklə işıq üzü görən kitab belə adlanırdı: "Solferino döyüşü haqqında xatirələr". 

"...İnsan bədənləri və at cəsədləri bütövlükdə döyüş meydanını örtmüşdü. Meyitlər səngərlərə, yollara, yarğanlara, açıq sahələrə səpələnmişdi. Solferinonun hər yerini ölülər tutmuşdu. Meydanlardakı meyitlərin basdırılması üçün düz üç gün-üç gecə lazım gəldi. Özü də qazılmış nəhəng qardaşlıq qəbirlərinə cəsədləri yüzlərlə yığırdılar". 

O, kitabında həm də yaralı insanlara kömək, yardım, dəstək göstərilməsiylə bağlı öz ideyalarındanda bəhs edirdi. Ona görə bunun üçün könüllü bir cəmiyyət yaradıla bilərdi. Ümumiyyətlə, Jan Anrinin burada müxtəlif ideyaları öz əksini tapmışdı.

                                                             YARDIM TƏŞKİLATI

1863-cü ildə çap olunan həmin kitab inanılmaz bir əks-səda yaratdı. Ünvanına Avropanın ən müxtəlif yerlərindən məktublar yağmağa başladı. Çoxları onu qızğınlıqla dəstəkləyirdi. Və bu ideya tezliklə gündəmə gətirildi. Elə həmin ilin fevralında Cenevrədə könüllü yardım gösrətməyi qarşsına məqsəd qoyan insanlardan ibarət kiçik bir komitə yaradıldı. Bu ideyanı irəli sürən, bu yolda bütün çətinliklərə sinə gərən, maddi imkanlarını sonunadək bu işə sərf etməyə hazır olan Jan Anri Dünansa o komitənin katibi oldu. Sonra daha da təkminləşən Komitə Beynəlxalq QırmızıXaç Komitəsi adını aldı. (Sonra Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Komitəsi).

Əlbəttə, bu təşkilatın yaranmasından sonra üzvlər heç də yalnız ayrı-ayrı şəxslərin göstərdiyi yardımlara ümid edərək gözləməyi düşünmürdülər. Komitə Avropanın dövlət liderlərinə məktublar göndərdi, bu işin regional və mövsümi xarakter daşımadığını müxtəlif orqanlara çatdırmaq üçün beynəlxalq masştabda konfranslar keçirməyə, müxtəlif millətlərin nümayəndələriylə iş aparmağa başladılar.

Viktor Hüqo, Çarlz Dikkens, Florens Naytinqeyl... kimi dövrün məşhur simalarından, yazıçılarından ideoloji, mənəvi dəstək istədilər ki, bütün bunlar da sonucda komitəyə öz müsbət təsirini göstərdi. Onu da qeyd edim ki, şatb-mənzili elə Cenevrədə təsis olunan ziyan çəkənlərə yardım təşkilatının emblemi də yaradılmışdı: İsveçrə bayrağının əks rənglərində - ağ rəngin üzərində qırmızı xaçın şəkli olan emblem...

Əslində belə bir təşkilatın yaradılması ayrı-ayrı humanist, yardımsevər insanların ürəyincə idi. Belələri onsuz da imkanları düşəndə xeyriyyə işlərinə, kilsələrin fəaliyyət göstərməsinə vəsait xərcləyirdilər. Amma həm bunlara, həm də yaralılara edilən həmin köməklər nizamsız, plansız şəkildə olunurdu. Belə bir yardım komitəsinin olması isə onların işinə yarayırdı.

Proses gedirdi. Müxtəlif ölkələrdə yeni yaranmaqda olan milli təşkilatların işinin koordinasiya edilməsi, fəaliyyətlərinin planlaşdırılması üçün 1864-cü ildə Parisdə 16 ölkənin nümayəndələrinin iştirakıyla Cenevrə konvensiyası adıyla məşhurlaşan Razılaşma imzalandı.

                                        XEYİRXAHLIĞIN FANATI VƏ...


Əlbəttə, təşkilatın o dövrdəki inanılmaz işlər görməsi haqqında məlumatlardan xəbərdar olduqca insan heyrətlənir. Düşünürsən ki, adamlar öz şəxsi problemlərini arxa plana ataraq belə ağır zəhmət və səbr tələb edən ictimai işlərin öhdəsindən necə gəliblər? Amma bir qədər dərin təhlildən sonra məlum olanda ki, əslində görülən belə nəhəng fəaliyyət yalnız praktik olaraq bir nəfərin - Jan Anri Dünanın əməyidir, onda danışmağa söz belə tapılmır. Həyatından, maddi durumundan, mənəvi sıxıntılarından, əskiklərindən, çətinliklərindən bezməyən, özündən çox köməyə ehtiyac duyan yaralıları düşünən, köməyə qaçan Jan Anri Dünanın əməyi...

Özü də bu ürəyi xeyirxahlıqla dolu insan təkcə yaralılara humanitar, tibbi yardımlar göstərməklə fəaliyyətini bitmiş hesab etmirdi. O da, necə deyərlər, zaman-zaman Don Kixot kimi yel dəyirmanlarıyla vuruşmalı olurdu. Qanunların yaradılmasına çalışırdı. Əsirlərlə insani davranışların tətbiq olunması, yaralı əsgərlərə vacib tibbi yardımların göstərilməsi, insanların qul olaraq satılmasının qarşısının alınması... uğrunda yorulmadan, usanmadan, "gücüm çatmır" demədən çalışırdı...

Və özünə, şəxsi işlərinə yetərincə vaxt ayırmadığı üçün 2-3 il sonra aydın oldu ki, onun Əlcəzairdəki işləri tamamən dağılıb. Hesabındakı müəyyən məbləğdə pullar xərclənib. Çünki... Bioqraflar yazırlar ki, III Napoleonla nəhayət Parisdə olarkən görüşməyi bacaran Jan Anri iperatora həm qarşılaşdığı bürokratik əngəllərdən, həm də yenicə təsis etdikləri yaralılara yardım təşkilatının problemlərindən bəhs etmiş, ondan yardım sözü almışdı. Və həmin gün demək olar ki, bu xeyirxah, xeyirxah olduğu qədər də sadədil insanın həyatında ən xoşbəxt günlərdən biri sayıla bilərdi. Lakin Napoleon heç bir şey etmədi. Dünanın şəxsi işləri tamam pozuldu, beləcə, o hər şeyini itirərək iflas etdi. İndi Dünanın rəhmdil qəlbindən başqa heç nəyi yox idi. Qarşıda isə onu hələ amansız sınaqlar gözləyirdi...

(Ardı qəzetin 17 fevral sayında) 

BABƏK YUSİFOĞLU

babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV