adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

MiRZƏ VƏ GüLÖYZƏ

VAHİD ƏLİFOĞLU
21963 | 2009-06-06 01:30
(Əvvəli ötən sayımızda)
   
   
   
   Tez qoyunlardan ikisini sağıb südü qoydu Mirzənin qabağına və dedi:
   
   - Qaradaş, görürəm ki, sən aşıqsan. Çörəyini doğra südə, ye. Mən yenim çadıra, Gülöyzədən sənə bir xəbər gətirim... Mirzə razılaşdı. Çoban, lənət olmuş tüpürdü dabanına...
   
   Əsəd müəllim əyləşmişdi həyətində, İran xurmasıynan çay içirdi. Səsə başını qaldırıb gördü ki, çoban oğru it kimi girir içəri. Durub yeridi çobanın qabağına və dedi:
   
   - Noolub, ə? Nə haydı? Qoyunları neyləmisən?
   
   Çoban dedi:
   
   - Qurban olum, Əsəd müəllim. qoyunları Mirzəyə tapşırıb gəlmişəm ki, sizə xəbəri çatdırım...
   
   Əsəd müəllim çobanı sorğu-sual edib bildirdi ki, Mirzə Gülöyzənin dalınca. Qayıdıb əyləşdi, başını əllərinin arasına alıb xeyli düşündü, daşındı və nəhayət çobana dedi:
   
   - Qayıt qoyunların yanına. Ora çatan kimi bir hay-küy sal ki, hamı tökülüb gəlsin. Özün də üzünü, gözünü cır, dağıt de ki, Mirzə qoyunların beş-üçünü oğurlayıb aparırdı, tutmuşam...
   
   Çoban "baş üstə" deyib üz qoydu qoyunları Mirzəyə tapşırıb gəldiyi yerə... İndii sizə kimdən deyim, Əsəd müəllimdən. Əsəd müəllim telefonunu çıxarıb milis rəisinin nömrəsini yığdı, tanış səsi eşidən ikiqat olıb dedi:
   
   - Salam, hörmətli rəis. Sizi Əsəd müəllim narahat edir.
   
   Rəis dedi:
   
   - Hə, tanıdım, Əsəd müəllim, buyurun. Bizə görə qulluq.
   
   Əsəd müəllim səsinə bir az da yaltaqlıq qatıb davam etdi:
   
   - Rəis , baxdım ki, vallah sizdən özgə üz tutmağa bir umud yeri yoxdu. Nə başınızı ağrıdım, o biri çadırda yaşayan Mirzə adlı bir gədə mənim qoyunlarımdan beş-üçünü oğurlayanda çoban tutub. Əsəd müəllim az qala pıçıltı ilə əlavə etdi:
   
   - Sizin uşağa qurban dediyim erkək də qoyunların içindədi.
   
   Rəis amiranə şəkildə dedi:
   
   - Heç narahat olma, on dəqiqəyə uşaqlar ordadı...
   
   On dəqiqə keçmişdi, ya keçməmişdi milislər Mirzəni "it maşınına" basıb apardılar rəisin hüzuruna. Rəis otaqda o başa- bu başa vargəl edib dayandı Mirzənin qarşısında və dedi:
   
   - Ə, qoduq, sən qudurmusan ki, o boyda hörmətli kişinin qyounlarını oğurlamağa cürət etmisən?
   
   Mirzə heyrətlə, təəccüblə dedi:
   
   - Rəis, and olsun Allaha mən oğru-zad deyiləm. Mən haqq aşığıyam...
   
   Rəis şaqqanaq çəkib güldü və dedi:
   
   - Ə, sən qoyun oğrususan, aşıq nədi? Sən öl, səni basaram qoduqluğa beş-üç gün yatıb olarsan aşıq yox ey, yazıçı...
   
   Rəis çox dedi, Mirzə az eşitdi. Mirzə çox dedi, rəis az eşitdi. Axırda rəis bərk əsəbiləşib əlini atdı "knopkaya". Uzun, enlikürək, milisdən çox qəssaba oxşayan bir pəzəvəng girdi içəri. Rəis peysərini ovuşdura-ovuşdura dedi:
   
   - Qulamov, apar bu aşığı "ağıllandı". Qulamovun başa ağıl qoyma işində o qədər biliyi və zəngin təcrübəsi var idi ki, "yest" deyib yapışdı Mirzənin boynunun şapalağından, sürüdü qapıya tərəf. Rəis Qulamovun qırımını, Mirzənin cüssəsini ani hesablayıb dedi:
   
   - Qulamov, bu mənə diri lazımdı.
   
   Yarım saatdan sonra Mirzə boş xaşa kimi Qulamovun qoltuğunda yenidən qayıtdı rəisin hüzuruna. Rəis Mirzənin dolma yarpağına dönmüş qulaqlarına, sınıb yana əyilmiş burnuna, altı tuluqlamış gözlərinə xeyli tamaşa edib dedi:
   
   - Hə, aşıq, necəsən? Qoyunları oğurladığını boynuna alırsan, ya yox?
   
   Mirzə zarıya-zarıya dedi:
   
   - Rəis, mən haqq aşığıyam. İcazə ver, sözümü sazınan deyim.
   
   Qulamov bir də əl atdı Mirzənin boğazına ki, onu bir az da "ağıllandırsın", rəis əlini yelləyib dedi:
   
   - Qulamov, sən çıx...
   
   Qulamov "yest" deyib çıxdı. Rəis Mirzəyə dedi:
   
   - Yaxşı. Götür sazını, de görüm sən kimsən, nə karəsən?
   
    Mirzə sazın köynəyini soyundurub aldı görək nə dedi:
   
   
   
   Canım rəis, gözüm rəis,
   
   Rəis, mən şərə düşmüşəm.
   
   Budu doğru sözüm, rəis,
   
   Rəis, mən şərə düşmüşəm.
   
   
   
   Məhəbbətin zəliliyəm,
   
   Ayrılığın əliliyəm.
   
   Mən aşığam, vergiliyəm,
   
   Rəis, mən şərə düşmüşəm.
   
   
   
   Dağlarda raqı görmədim,
   
   Namusu, arı görmədim.
   
   Axtardım yarı görmədim,
   
   Rəis, mən şərə düşmüşəm.
   
   
   
   Xəstə Mirzə, vurğun sözə,
   
   Canım çıxdı dözə-dözə.
   
   Varım, dövlətim Gülöyzə,
   
   Rəis, mən şərə düşmüşəm.
   
   
   
   Rəis də elə-belə adam deyildi. Kitab oxumuşdu, saza, sözə toylarda az pul xərcləməmişdi. Gördü ki, bu həqiqətən vergili bir aşıqdı. Mirzədən sazı alıb kabinetdə əsil rəisə layiq gərdiş etdi və aldı görək nə dedi:
   
   
   
   Gəl kövrəlmə qərib-qərib,
   
   Səni buraxa bilmərəm.
   
   Əsəd müəllim ərizə verib,
   
   Səni buraxa bilmərəm.
   
   
   
   Harayına gəlməsək də,
   
   Şadlığına gülməsək də.
   
   Sübut tapa bilməsək də,
   
   Səni buraxa bilmərəm.
   
   
   
   Düşdün bura oğru kimi,
   
   Çıxammazsan doğru kimi.
   
   Dursan da Koroğlu kimi,
   
   Səni buraxa bilmərəm.
   
   
   
   Rəis deyər, qatmalısan,
   
   Gəmi kimi batmalısan.
   
   Bircə həftə yatmalısan,
   
   Səni buraxa bilmərəm.
   
   
   
   Rəis sözünü tamam edib barmağını basdı "knopkaya". Qulamov dərhal soxuldu içəri. Rəis dedi:
   
   - Apar bunu sal kameraya. Bircə həftə istirahət etsin. Amma nəbadə incidəsən...
   
   Mirzə gördü burdan çıxmağı qaldı həftənin sonuna dedi:
   
   - Rəis, sinəmə bir qatar söz gəlib. Qoy onu deyim. Sonra Qulamov durur, mən dururam.
   
   Rəis dedi:
   
   - Yaxşı, döşə gəlsin.
   
   Aldı Mirzə:
   
   
   
   Mən bir bəxtsiz ovçuyam ki,
   
   Pusqu uçub, bərə çatmır.
   
   Hərə dönüb xoruz olub,
   
   Hin dağılıb, fərə çatmır.
   
   
   
   Bilən varmı niyə cumub,
   
   Ala qarğa leyə cumub.
   
   Ət yeyənlər göyə cumub,
   
   Ot quruyub, tərə çatmır.
   
   
   
   Nadanlığı büküb haqqa,
   
   Haram toxum əkib haqqa.
   
   Nahaq pərdə çəkib haqqa,
   
   Fəryadım heç yerə çatmır.
   
   
   
   Mirzə deyər, duman artıb,
   
   Dəryalarda saman artıb.
   
   Tülkü, çaqqal yaman artıb,
   
   Bəylik üçün dərə çatmır.
   
   
   
   Qulamov gördü ki, rəis qapqara qaralıb. Elə bil gəmiləri qərq olub. Dedi:
   
   - Rəis, mənim də sinəmə söz gəlib, icazə ver, deyim.
   
   Rəis dedi:
   
   - De, Qulamov, de...
   
   Aldı Qulamov:
   
   
   
   Deyən az axıldı qanı,
   
   Boynunu gərim, təzədən.
   
   Alt-üst vurdu, rəis canı,
   
   Qoy yerə sərim, təzədən.
   
   
   
   Quluncuna dəyə kötək,
   
   Şillə, təpik aça "çiçək".
   
   Rəis, bunu kal armud tək,
   
   Kökündən dərim, təzədən.
   
   
   
   Qulamovdu şələ, burda,
   
   Şəlləyərəm şələ, burda.
   
   İcazə ver, elə burda,
   
   Dərsini verim, təzədən.
   
   
   
   Rəis başını bulayıb dedi:
   
   - Yox, lazım deyil.
   
   Qulamov Mirzəni qatıb qabağına apardı...
   
   Həmin gecə Əsəd müəllim Gülöyzəni yola saldı Bakıya, bacısıgilə...
   
   
   
   (Birinci hissənin sonu)

TƏQVİM / ARXİV