NADAN

FAİQ QİSMƏTOĞLU
38382 | 2009-06-06 01:30
Hər zəmanənin öz adamı var. Yəni elə adamlar var ki, zəmanəsindən və məkanından asılı olmayaraq, elə həmişə eyni sifətdə qalır. Daha doğrusu, belələrinin nə sifəti dəyişir, nə də düşüncəsi. Bunlar üçün dəyişən yalnız var-dövlət, vəzifə və bir də gündəlik kef-damaqdı. Əgər əvvəllər hansısa nadan öz istirahətini məcbur olub yaşadığı məkanda keçirirdisə, indi sərhədlər açıldığına görə, belələri bir gün Türkiyədə, başqa bir gün Parisdə, sonra da Nüy-Yorkda kef eləyirlər.
   
   Elə ki, yenidən doğulduqları yerə, yurda qayıdırlar və başlayarlır özlərindən çox razı halda camaatın arasına çıxmağa. Hətta belələri vaxtı ilə kimin yanındasa mövqe tutmasına və çörək qazanmasına baxmayaraq, onun yanında belə yekəxanalıq eləməkdən çəkinmir. Sanki dünyanın bütün nadan və yekəxana adamlarının eyni sifəti və eyni rəngi var. Bəzən adam elə fikirləşir ki, belə nadanlar kimlərinsə yanında oturub-duranda, işləyəndə bir müddətdən sonra dünyagörüşündə, hərəkətlərində və danışıqlarında yaxşılığa doğru nəsə bir dəyişiklik olacaq. Amma aylar, illər ötür, bu cür adamlar nə yerə sığır, nə də göyə. Elə bilirlər ki, onlar Allahın bacısı oğlanlarıdır. Və hamı da buna görə onların qabağına gəlib, görüşməli, qarşılarında baş əyməli və bir az da kobud demiş olsaq yaltaqlanmalıdır. Ona görə ki, bu nadan hər cür var-dövlətə və imkana onun-bunun qabağında quyruq bulamaqla və yaltaqlanmaqla nail olub. Özü də onlar bir şeyi yaxşı bilirlər ki, ağıllı-kamallı və zəkalı insanların yanında bütün eybəcərlikləri üzə çıxır. Bir dəfə məclislərin brində ağ "Prado" markalı cipdə yaxşı geyinib-kecinmiş bir adam gördüm. Özündən çox razı halda avtomobili yas məclisi olan həyətdə saxlayıb, maşından yerə düşdü. O maşından yerə düşən kimi qapıda ayaqüstə duran adamların çoxu həmin adama qarşı yeridi, hətta bir-iki nəfər yüyürərək onunla ikiəlli görüşdü. Sözün düzü mən çaşıb qaldım. Yanımdakı adamların birindən soruşdum ki, bu adam kimdir belə hamı onun qabağına qaçır? Dedim icra başçısıdı, prokurordu, rəisdi, millət vəkilidi? Yanımdakı adam isə başını bulayaraq, dedi ki, ay rəhmətliyin oğlu, bu dəli Dilşadın oğlu eşşək Əhməddi. Ursetdə alverlə məşğuldur, iki eşşəyin arpasın da bölə bilmir. Amma neynirsən, onun Rusiyada 2-3 evi, Bakıda 5-6 mənzili, kənddə də topdağıtmaz malikanəsi var. O gördüyün "Prado" maşını eşşək Əhmədin ən ucuz avtomobilidir. Keçən dəfə kəndə gələndə 250 min dollarlıq bahalı bir maşın minmişdi. İndi isə "Prado"da gəlib. Ancaq camaat onu yaxşı tanıyır. Bilir ki, adını və soyadını yaza bilmir. Baxma ki, kimlərsə onun qabağına qaçıb, ikiəlli görüşür və ona yaranmaq istəyir.
   
   Həmin adam özündən çox razı halda məclisə girib, ordakılara başı ilə salam verdi, sonra da keçib mollaya yaxın yerdə əyləşdi. Molla az qala durub, gəlib onun yanında oturmaq istəyirdi. Yanındakı adamların dediyinə görə, həmin adam yas məclisinə gələndə hər dəfə mollaya 50 dollar pul verirmiş. Və bu molla da yerində ona görə qurcalanırmış ki, gəlib eşşək Əhmədin yanında otursun. Eşşək Əhməd 3-4 dəqiqə keçmədi ki, kiminləsə mollaya pul göndərdi. Bundan sonra molla başladı ki, el-obamızın ən qeyrətli oğullarından biri Əhməd Ursetdə əziyyət çəkib bu yasa gəlib. Allah onun ölənlərinə rəhmət eləsin və özünə də cansağlığı versin.
   
   Eşşək Əhməd isə məclisdə dil boğaza qoymur, elə hey danışırdı. O qədər quru, savadsız, mənasız və bayağı söhbət eləyirdi ki, çoxlarının əti tökülürdü. Amma danışmasaydı, bəlkə də kənd camaatı elə biləcəydi ki, eşşək Əhmədin varı-dövləti olduğu kimi, savadı və dünyagörüşü də var. Ancaq Əhməd boş-boş çərənnəməklə öz savadsızlığını və nadanlığını göstərdi. Özündənrazı halda dedi ki, mən Almaniyanın paytaxtı Parisdən dünən gəlmişəm. Camaat bu sözü eşidəndə özünü gülməkdən güclə saxladı. Eşşək Əhməd yalan danışmırdı, doğrudan da o, Avropanın və Amerikanın bütün şəhərlərini gəzib. Həqiqətən də Parisdən bir neçə gün qabaq qayıdıb. Ancaq neynəmək olar ki, eşşək Əhməd danqabaşlığını və savadsızlığını özü etiraf eləyir.
   
   Həmişə məclislərdə və şadlıqlarda iki qəbildən olan insanları çox danışan görmüşük. Biri hər şeydən xəbəri olub danışan adamlar, biri də heç nədən xəbəri olmayıb və hər şeydən danışan insanlar. Təbii ki, eşşək Əhməd kimiləri dünyada tək deyil. Amma bizim kənddəki Əhmədin bir yaxşı xasiyyəti var ki, kəndə gələndə özünü təriflətdirmək üçün toyda tamadaya, yasda isə mollaya çoxlu pul verir. Bunları görən tamada və molla isə dil boğaza qoymadan üyüdüb tökürlər ki, bəs Əhməddən yaxşı və karlı oğlan bu kənddə yoxdur. Əhməd də bu sözləri eşidəndən sonra hər şey canına kərə yağı kimi yayılır və özündən razı halda duraraq camaata yuxarıdan aşağı baxır. Doğrudan da eşşək Əhməd elə bilir ki, bu kənddə və bu eldə, obada ondan karlı adam yoxdur. Qoy, Əhməd elə bilsin, ancaq elin gözü həmişə tərəzi olub. Yəni bu tərəzidə kimin karlı və kimin karsız olması zamanından və məkanından asılı olmayaraq, həmişə bəlli olub.
   
   Deyirlər ki, bütün dövrlərdə ağıllı, savadlı və səviyyəli adamların taleyini nadan adamlar həll edir. Yəni nadan adamlar heç cür anlamır ki, onun qarşısındakı dünya şöhrətli alimdi, siyasətçidir, yoxsa şairdir. O nadan bir şeyi bilir. Yuxarıdan kim nə deyirsə onu da həll eləmək. Əgər yuxarıdan deyirlər ki, filankəsin başına bir daş salmalısan, deməli, vəssalam. Həmin nadan da o daşı savadlı, istedadlı və elimli adamın başına salacaq. Daha soruşmayacaq ki, ay qardaş, mənim başına daş saldığın bu adam kimdir, nəçidir və hansı işlərlə məşğul olur? Əgər belə olmasaydı, vaxtı ilə bir fərmanla bir nadan Nəsiminin dərisini soymazdı, Babəkin qollarını doğramazdı, Nəimini atın quyruğuna bağlayıb sürüməzdi. Elə blirsiniz bugünki zəmanəmizdə bu cür nadanlar yoxdur. Vallah, o qədər çoxdur ki, onların əlindən tərpənmək mümkün deyil. Bir idarəyə işin düşür, görürsən ki, orda vəzifə kreslosunda əyləşən adamın 10-cu sinif səviyyəsində savadı yoxdur. İşi ancaq arayışa möhür vurmaq və pul almaqdır. Bir dəfə bir xalq şairi hansısa "Jek"ə gedib arayış almaq istəyir. Rəisə deyirlər ki, bəs, qapının ağzında durub gözləyən şairdi, özü də xalq şairi. Rəis isə özündən razı halda katibəsinə bildirir ki, mən şair-mair tanımıram. Görün, pul gətiribsə, buraxın içəri, pul gətirməyibsə, qovun getsin. Katibə də deyir ki, ay rəis, sadəcə bu arayışa möhür vurdurmaq istəyir. Rəis axır ki, o şairin də pulunu aldırıb, üzünü görmədən arayışa möhür vurdurur və sonra da deyir ki, şairə deyin ki, biz ona hörmət eləyib, pulun yarısını aldıq.
   
   Beləcə, nadanlar bu dünyanı qumara qoyub. Alıb, satır və camaatı da boşlu çıxarır. Camaat da elə bilir ki, sən öl, o kabinetdə əyləşən çox ağıllı və savadlı bir adamdır. Amma görəndə ki, o kabinetdə əyləşən rəis, müdir adi bir arayış yaza bilmir, camaatın dərisini soyub, içinə saman təpmək isətyir, bax onda bir o nadana tüpürürlər, bir də o nadanı vəzifə kreslosunda əyləşdirən yekə nadana tüpürürlər.
   
   

TƏQVİM / ARXİV