adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

GÖZüN, KÖNLüN UMDU

VƏSİLƏ USUBOVA
24825 | 2009-06-06 01:29
Bu televizor pultunun düymələrini nə qədər basmaq, kanalları nə qədər dəyişmək olar?! Heç olmasa, yarım saat, bir saat gözünü, könlünü oxşayacaq, duyğularına sığal çəkəcək, səni günün bezikdirici təəssüratlarından alacaq bir söhbət, musiqi, sənədli və ya bədii film tapmaq ümidiynən edirik bunu. Çox zaman da "əliboş" çəkilirik ekran qarşısından... Həmin axşam bu verilişi tapmağıma sevindim. Bəyəndiyimi, maraqla baxdığımı etiraf etməklə yanaşı, "Azərbaycan xalq rəqsləri" adlanan bu verilişin ("Space") oyatdığı təzadlı duyğulardan da söz açmaq istəyirəm. Bəri başdan deyim ki, çoxlarının dilindən düşməyən "asudə vaxt", "əyləncə", "vaxt keçirmək" ifadələrini hələ özümçün aydınlaşdıra bilməmişəm. Bunu, xüsusən televizor qarşısında oturan kəslərə heç cür aid edə bilmirəm. Məndən ötrü ekran qida mənbəyidi. Öyrədən, zövq verən, yönləndirən, dolğun, mənalı, ləyaqətli yaşam tərzini formalaşdıran, ruhun aclığına son qoyan bir mənbə. Fikrimcə, insan şənlənəndə də, oxuyub-oynayanda da, dinləyəndə də nəsə öyrənir, öyrədir, yaradır, yaşadır. Həm də xəyala dalır, kimlərisə, nələrisə xatırlayır, sevinc, qüssə, həsrət, nisgil qarışıq duyğular yaşayır və yaşatdırır. Rəqslərimizin yaranma, yaşanma tarixindən bəhs edən bu veriliş də məndə həmin axşam qarışıq duyğular oyatdı...
   
   Biz balaca olanda kəndimizdə toyları aşıqlar edərdi. İki-üç gün çəkərdi bu toylar. Hava qaralandan gecə yarısınacan nəfəsimizi içimizə qısıb ortalıqda sümük sındıran cavanlara tamaşa edərdik. İlahi, necə də gözəl oynayırdılar! Yəqin ki, rəqs eləmək qədər cana xeyir, ruhu oxşayan, gümrahlıq və sonda xoş yorğunluq yaradan ikinci bir incəsənət növü yoxdu. Həm də rəqslər oynayanın xarakterini, əhval-ruhiyyəsini çox incə bir şəkildə açıb göstərməyə qadirdi. Çox qaraqabaq, ağzını bıçaq açmayan adamları görmüşəm ki, qollarını qaldırıb ayaqlarını tərpədəndə sifəti işıqlanır, indiyəcən görüb tanıdığın adamdan sanki əsər-əlamət qalmır. Bu sirri, hikməti izah edəcək bir kəsi təsəvvür belə eləmirəm. Oğlanların sifarişlədiyi oyun havasından, mahnıdan anlaşılırdı: hə, deyəsən, bu oğlan eşqə düşüb, ya da, sevdiyi qız bu cavanın elçilərini əliboş qaytarıb. Filankəs filan toyda tək oynayırdı, deyəsən, dostuynan arası dəyib. Hələ çənəsindən yaşmağı düşməyən, çox vaxt da gözlərini yerdən qaldırmadan narın-narın süzən qız-gəlinlərimiz bir ayrı dünyaydı... Bir Güldəstə qarı vardı. Uşaqlıqda gördüyüm kənd toylarını onsuz xatırlaya bilmirəm. Qıvraq, incə, əlli-ayaqlı, əlvan xalı-xalça toxumaqda ətraf kəndlərə də səs salan, həm də ipək kimi yumşaq xasiyyətli, şirindil Güldəstə qarı, təsəvvür edirsinizmi, armudu stəkanla necə rəqs edirdi?! Peşəkar rəqqasələr belə ona həsəd apara bilərdi. Toylarda onu əl-əl axtarar, güclə ortalığa çəkib yarısınacan çay doldurulmuş qoşa armudu stəkanları ovcuna qoyardılar. Elə bil əngin səmada durna süzürdü. Uşaq-böyük nəfəsini də çəkmədən ona tamaşa edirdi...Bir-iki toyda görmüşdüm onun oynamağını. Pərqu üstündə gəzirmiş kimi zərif hərəkətləri, cingildəyən stəkanlarda çalxalanan pürrəngi çaylar hələ də gözümün önündədi... Kim deyir ki, bizim qadınlar avam, zövqsüz olublar?! Yox, sadəcə onları görmək, anlamaq, qiymətləndirmək istəyənlər olmayıb...
   
   
   
    ***
   
   
   
   Ekranda musiqiçilər, rəqqaslar, baletmeysterlər danışırlar. Ağ-qara arxiv kadrları da hələ rəngli televizorlar çıxmamışdan sevə-sevə seyr elədiyimiz konsert proqramlarını bu günümüzə çatdırırlar. Diqqət edirəm: rəqqas və baletmeysterlərin çoxu azərbaycanca güclə danışırlar. Amma vaxtında necə də peşəkarcasına sənət nümayiş etdirirdilər. Deməli, o zaman bu işlərə nəzarət edən ciddi və işgüzar qurumlar fəaliyyət göstərirmişlər. Elə bilirəm, siz də təsdiq edərsiniz ki, o dövrdə incəsənətimiz indikindən qat-qat peşəkar və milli idi. Arxiv kadrları ilə indikilərdə xeyli fərq vardı. Məsələn, zurnaçı "Heyvagülü"nü düz çalmırdı, necə deyərlər, havanı döndərə bilmirdi. Vaxtilə radioda Ələsgər Şəkilinin və şamaxılı Əli Kərimovun idarəsilə zurnaçılar ansambllarının çıxışlarını çox dinləmişəm. Kürdəmirli Həsrət Hüseynovun, lap elə öz kəndçimiz Xanoğlan Bayramovun apardığı toylar hələ də el-obanın dilindən düşmür. Onlar payız gecələrində toy edəndə səs Kür boyunca yayılıb neçə-neçə kəndi bürüyürdü, nağara səsi tuğay meşələrində əks-səda verirdi. İndi bütün çalanları diqqətlə dinləyirəm, onların yerini verən yoxdu. Məncə, bu kifayət qədər narahat olmalı bir məsələdi...
   
   Ən çox qarmonda ifa olunan "Qıtqılıda" adlı bir oyun havası (adını düz yazdığıma şübhəm var) da səsləndi. Onu ifa edən məlahətli, xoşsifət rəqqasənin də oynamağını xoşlamadım. Gülnazın xınayaxdısında ("O olmasın, bu olsun") Münəvvər Kələntərli kimi ağır çəkili aktrisa bu rəqsi daha gözəl və koloritli oynayır.
   
   Yuxarıda qeyd elədiyim kimi, verilişin məqsədi, qayəsi təqdirəlayiqdi. Amma rəqslərin və çalğıların ifası bir tamaşaçı kimi məni qane eləmədi. Bütün narahatçılığım da elə bu səbəbdəndi. Bəs, peşəkarlığın azalmasının səbəbi nədi? Bəlkə gənclərimiz incəsənətin bu növünə daha az maraq göstərirlər? Bəlkə yox, həqiqətən belədi. Toylarımızın bü günkü vəziyyəti hamımıza bəllidi. Bu barədə kifayət qədər yazılıb, deyilib.Təkrarlamaq istəmirəm. Doğrudan da, daha toyxanalarımıza girməli deyil. Bilmirsən, nə oxuyurlar, nəyə oynayırlar. Bizim rəqslərimizdə heç bir zaman bayağı elementlər olmayıb. Şuxluq, naz-qəmzə, zəriflik istənilən qədərdi, amma adamı bezdirmir, yormur. İndi oynayanlara baxmaq istəmirsən. Bir zamanlar "Lambada" deyilən bir rəqs havası yaman zəbt eləmişdi ekranlarımızı, məclislərimizi, hətta toylarımızı da. Çox şükür ki, yaddan çıxdı. Cavanlarımız "Lambada"ya oynayanda düşünürdüm ki, görəsən, bu rəqsin məxsus olduğu millətin nümayəndələri də nə zamansa bizim "Tərəkəmə"yə, "Heyvagülü"yə oynayarlarmı? Təbii ki, yox! Bəs, elə isə, bizə nə düşüb?
   
   Hələ sovet dövründə "Kommunist" qəzetində Seyfəddin Dağlının "Tərəkəmə oyna, qızım" adlı hekayəsi çıxmışdı. O hekayənin qəhrəmanı da iştirak etdiyi bir məclisdə kiçik yaşlı uşaqlarını vals, tanqo oynadan valideynlərə etiraz edir, buna cavab olaraq pianoda "Tərəkəmə" çaldırıb öz qızını bu havaya oynatmaqla cavab verirdi....
   
   
   
   ***
   
   Hər xalqın öz milli incəsənəti, bu incəsənəti fərqləndirən dəyərləri var. Özününkünə xor baxıb başqalarının havasına oynayanların züy tutanı da çox olur və adamı məcbur edirlər ki, onların çaldıqlarına oynayasan. Yad havalara oynayanın öz havasını da yadlar əlindən alır...
   
   

TƏQVİM / ARXİV