TüRKiYƏ FUTBOLçULARINA QARDAŞLIQ YARDIMI

ETİBAR CƏBRAYILOĞLU
43807 | 2009-06-06 01:29
Mən futboldan yaza-yaza idman yazarı olmağı öyrəndim, bizimkilər futbol oynamağı öyrənə bilmədi. Sonuncu yoxlama oyunundan da məğlub ayrıldılar. Həftənin əvvəlində Türkiyədə keçirilən qarşılaşmanı unutmamısız? Yəqin ki, belə tezliklə yaddan çıxmaz.
   
   Kayseri şəhərində müasir standartlara uyğun inşa edilən "Kadır Has" stadionunda keçirilən oyun 2:0 hesabı ilə Türkiyə millisinin xeyirinə başa çatdı.
   
   Qapımızı topla dolduran türk futbolçuları olduğundan həmin qarşılaşmanın yoldaşlıq yox, qardaşlıq matçı saymaq lazımdı. Təki qapımıza Halil Altıntopla İbrahim Üzülməz qol vursun. Qoy bir dəfə də Fatih Terimin yaralı barmağını biz sarıyaq...
   
   Həftə boyunca bəzi qələmdaşlarım milli futbolçuları eninə-uzununa tənqid etdilər. Qarşıdakı iki gün ərzində belə yazılar yəqin ki, qəzet səhifələrindən, İnternet saytlarından əskilməz. Bəzi həmkarlarım barıtı lap çox edirlər. Elə sərt yazırlar ki, elə bil bizim futbolçular Ermənistan yığmasına uduzublar. Qəzetçi dostlarıma diplomatiyadan dərs keçmək fikrim yoxdu. Ən azından bu düzgün anlaşılmaz. Elə bilərlər ki, Malaziyaya və ya Hondurasa səfir getmək istəyirəm. Nəyimə lazım, mənim üçün elə buralar da pis deyil.
   
   Diplomatiya məsələsini elə-belə yazmıram. Kayseridəki məğlubiyyət əslində futbolçularımızın, onlara rəhbərlik edənlərin diplomatik bir jesti idi. Çünki bu arada ermənilər sərhəd söhbətini ortaya atmaqla Azərbaycan-Türkiyə münasibətlərində gərginlik yaratmaq istəyirdi. Bəzən bu gərginlik kəllə-çarxa qalxırdı. Yaxşı ki, həm Azərbaycanda, həm də Türkiyədə yüksək maaş alan insanlar düşmənin mənfur planını pozmaqda özlərində güc tapdılar. İki qardaş dövlət arsında münasibətlər pozulmadı, hələ üstəlik bir qədər də sıcaqlaşdı. Ermənilər də yana-yana qaldılar. O qədər yandılar ki, işğal etdikləri ərazilərimizi yenə yandırdılar...
   
   Milli futbolçularımız ermənilərə sarsıdıcı zərbə vurdular - Türkiyə yığması ilə Kayseridəki oyunda qəsdən uduzdular. İnanmırsız? Sizi bilmirəm, şəxsən mən özüm oyunun ilk 10-15 dəqiqəsinə baxan kimi futbolçularımızın niyyətini anladım. Bildim ki, bizimkilər Türkiyə millisindəki qardaşlarımızı, stadiona toplaşan azarkeşləri peşman etməyəcəklər.
   
   Qarşılaşmanın sonrakı dəqiqələri və son nəticəsi bunu açıq-aydın göstərdi. Cəmşid Məhərrəmov, Rail Məlikov, Aqil Nəbiyev özləri topu hara gəldi vururdular. Azərbaycanın ən hündürboylu futbolçularından sayılan Samir Abbasov topu görən kimi gizlənirdi. Daniel Axtyamov qəsdən ayaqlarını bir-birinə dolaşdırırdı ki, millimizin hücumu alınmasın. Fatih Terim yenicə əməliyyat olunmuş əlini ürəyinin üstünə qoyub Volkan Demireli oyundan ala bilər, qapını boş saxlaya bilərdi. Onsuz da qapıya tərəf zərbə vurası deyildik. Hiss etmədiz? 90 dəqiqə ərzində cəmi iki künc zərbəsi vurduq. Özü də necə, vurmasaydıq ondan yaxşı...
   
   Qardaşlıq qarşılaşmasının bəzi dəqiqələrində türklər də qapımıza qol vurmaq istəmirdi. Rəqib qapıçılarına göz açmağa imkan verməyən Semih Şentürk 11 metrlik zərbəni qəsdən Fərhad Vəliyevin üstünə vurdu. Başqa komanda olsaydı Semih qapı torunu çoxdan dəlmə-deşik etmişdi. Yaxşı ki, Almaniyadan gələn baş məşqçimiz Berti Foqts arada imkan tapıb Fatih hocaya işarə etdi ki, qardaş, bir-iki qol vurun çıxıb gedək. Yenə sağ olsun Saşa Yunisoğlu, özünü Halil Altıntopun zərbəsinin üzərinə necə atdısa top düz gəlib bizim qapıya daxil oldu.
   
   Bəzi həmkarlarımdan fərqli olaraq milli komandamızdan razıyam. Komandaya cəlb olunanlar diplomatiyanı futboldan tez öyrəndilər. Ermənilərin planını pozmaq üçün Türkiyə yığmasına qəsdən məğlub oldular. Amma bu gün Bakıda Uels yığmasına güzəşt etmək fikrində deyillər. Uelsli futbolçular bu gün oyuna mərkəzdən başlamaqdan yorulacaqlar.
   
   İnanmırsız? Onda bu gün axşam Azərbaycan-Uels oyununa baxın...
   
   

TƏQVİM / ARXİV