adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

ONUN BÖYüK MƏHƏBBƏTi

17966 | 2009-06-06 01:29
Bakının dəniz səviyyəsindən ən uca nöqtəsində böyük bir ərazidə yerləşən və bir vaxtlar hamıya çox doğma və əziz olan Azərbaycan Teleradio Verilişləri Komitəsində xeyli müddət onunla birgə çalışdıq. Hər ikimizə doğma və əziz olan bu küləkli cənub şəhərinin lap mərkəzində, dəniz sahilində ucalan yaşayış binalarından birində iyirmi beş ildən çox mehriban qonşu olduq. Hafizəmə həkk olan o qədər xatirə var ki... Hamısı şirin olmasa da, hər biri əzizdir.
   
   Mən Elşad müəllimin həyatda ən çətin və sevincli anlarının dəfələrlə şahidi olmuşam. Bir rəhbər kimi, mürəkkəb vəziyyətdə tələsmədən qəti qərar qəbul etmək bacarığına da bələdəm. Özünü itirdiyi, tərəddüd içində qaldığı məqamları da görmüşəm. Müəyyən müddət keçəndən sonra rəhbərlərin hansı addımı düz, hansını yanlış atdığı üzə çıxır. Əsas odur ki, bu və ya başqa səbəbdən vəzifədən gedəndə də adam üzünə çıxmağa üzün olsun. Prezident təqaüdçüsü Elşad Quliyev cəmiyyətdə sevilən, seçilən ziyalı kimi tanınırdı. Bu işıqlı aləmdə ona qaranlıq qalan bir çox suallar vardı. Onlar onu xəstəlikdən daha çox narahat edirdi. 2008-ci ilin may ayının 27-də əzizlərinə təmiz, ləkəsiz ad miras qoyub, bəlkə də o suallara cavab axtarmaq üçün qaranlıq və məchul dünyaya üz tutdu...
   
   
   
   ***
   
   
   
   İndi çoxsaylı televiziyaların Azərbaycanda 24 saat efirə çıxması adi haldır. Hər hansı bir ucqar dağ kəndində oturub dünyanın istənilən televiziya kanalını seyr etmək də çoxdan gerçəkləşmiş xəyaldır. Biz artıq buna alışmışıq. Amma o zaman Azərbaycanın gecələr tez "yatan", səhərlər "erkən qalxmağa" adət etməyən bircə televiziya kanalı vardı. Sovet quruluşunda hər şey dövlətin əlində olsa da, hər sıravi vətəndaş özünü dövlətin sahibi görürdü. Sovet hökuməti qurulandan bəri təbliğat maşını yetmiş il ərzində hər gün mütəmadi olaraq hər kəsin beyninə yeridirdi ki, bu dövlət və onun bütün mülkiyyəti xalqa məxsusdur. İndi başqa ictimai-siyasi mühitdə yaşayırıq. İndi kütləvi informasiya vasitələrinin də əksəriyyəti xüsusi mülkiyyətdədir. Təbii ki, yayımlarla əlaqədar məqsəd və məram da dəyişib. Zaman ötdükcə televiziyalar, radiolar, qəzet və jurnallar say etibarı ilə bir qədər də artacaq. Hər birinin öz sahibi, öz rəhbəri, hər rəhbərin öz komandası, hər kanalın öz əhatə dairəsi, proqram siyasəti, auditoriyası olacaq. Amma Elşad Quliyevin efir məkanında boş qalan yeri həmişə görünəcək. Çünki o, bütün mənfi-müsbət cəhətləri ilə televiziya aləmində fenomen kimi şöhrət qazandı. Elşad müəllim efir məkanında pillə-pillə qalxıb, əməyi, zəhməti ilə televiziya olimpinə yüksəlib orada möhkəm qərar tutmağı bacardı. Komitə sədri vəzifəsi ilə vidalaşandan sonra da insanların yaddaşında sədr olaraq qaldı. Bəzən onu yetərincə saymayan, ayağının altını qazan, qazanından yemək yeyib gününü qaraldan, qanını zəhərləyən, zövqünü bəyənməyən, haqqını itirən də tapıldı. Amma nə qədər qəribə görünsə də, onlar da cürət edib Elşad müəllimin peşəkarlığını danmadı. Bu insan gənc yaşlarından televiziyaya "əsir" düşdü. "Könüllü dustaqlıqdan" qurtulmaq istəməyən "məhkum"un bir etirafı vardı: " televiziya mənim məhəbbətimdir", deyərdi. Onu bu məhəbbət ucaltdı, yaşatdı. Sədrlik ona yaraşırdı. O vəzifəyə yaraşan rəhbər olmaqsa, bilənlər bilir ki, çox çətin işdir. Hər gün, hər an sanki imtahan verirsən və səndən imtahan götürənlər bir deyil, beş deyil, yüz minlərlə müxtəlif zövqlü, xarakterli, əqidəli tamaşaçıdır. Hamı səndən özünə lazım olanı gözləyir. Sənin lazım bildiyinsə bəzən çoxuna gərəksiz görünür. Elşad müəllim vəzifə kürsüsündə yerində olduğu üçün heç kim heç vaxt ona yertutan demədi. Yerində olanlar öz yerlilərini, süfrə dostlarını başına toplamaz, tabeliyində olanları dilinin altındakı zəhərlə hər an ruhdan salıb işdən bezdirən əzazilləri vəzifə sahibi etməz. Yaradıcı sərbəstliyə geniş meydan verənləri, öz sözü, fikri, düşüncəsi, mövqeyi olan insanları axtarıb tapar, irəli çəkər, dəstəkləyər. Belələrinin cibi yox, ürəyi dolu olar. Belələrinin ətəyinə yığdıqlarının çəkisi yox, ətəyindən yapışanların sayı artar. Onu gecə də, gündüz də iş başında görməyə hamı adət etmişdi. O, bütün verilişlərə diqqətlə baxardı, hər biri haqda fikir söyləyərdi. Ondan tərif də eşidərdik, tənqid də. Onun qiymətinin qiyməti vardı. Çünki illər boyu öz qiymətini, mənəvi dəyərlərini qoruyub saxlaya bilmişdi. Təkcə televiziya sahəsinin bilicisi, tənqidçisi, nəzəriyyəçisi deyil, həm də belə mürəkkəb qurumun mahir qurucusu idi. Bunlar başqa-başqa şeylərdir. Onun rəhbərliyi dövründə televiziyanın maddi-texniki bazası xeyli gücləndi. Binada əsaslı təmir, ərazidə abadlıq işləri aparıldı. Məlum həqiqətdir ki, texniki avadanlıqlar bir müddət işləyəndən sonra köhnəlib sıradan çıxır. Təmir işləri də hər yeni sədrin dövründə yenidən aparılır. Amma televiziyaları böhran vəziyyətindən təzələnən texnika, təmirdən çıxan otaqlar, studiyalar qurtarmaz, yeni fikir, yeni təsvir, yetkin və bitkin tərtib olunmuş proqram siyasəti, işə peşəkar yanaşma xilas edər. Elşad müəllim bu məsələləri gözəl bildiyindən ətrafına özəl siması, dəsti-xətti olan mütəxəssisləri yığmağa üstünlük verirdi. Onunla işləmək ona görə asan idi ki, yaxşını pisdən dərhal ayırırdı, gərəkli işçinin qədrini bilirdi, qiymətini verirdi, pisi yaxına qoymurdu. İstər yaradıcı, istər texniki sahədə işinə can yandırana, televiziyaya gərəkli olana hər zaman arxa-kömək çıxırdı. Ondan qorxmurdular, çəkinirdilər. Qapısı hər kəsin üzünə açıq olan sədrlə işçilər arasında saxlanan mənəvi pərdə dəmir qapıdan da möhkəm idi.
   
   
   
   ***
   
   
   
   Bu vəfalı dünyada vəfasızlar həddindən çox artdığından efirlərin pəncərəsi onun üçün nəfəscik qədər kiçiləndə, xoşbəxtlikdən qəzetlər öz səhifələrini onun üzünə geniş açdı. Çünki bu sahədə ustad sözünə, dəyərləndirməsinə ehtiyac duyulurdu. Televiziya tənqidçisi kimi məqalələrini, müsahibələrini oxuyanda görürdün ki, şəkər xəstəliyi gilə-gilə əlinin gücünü əritsə də, ağlının qüdrəti, qələminin kəsəri azalmamışdı. Əlində hər şeyi möhkəm tutanların bir çoxuna öz ağlını qoruyub saxlamaq nəsib olmur. Fikir verin, dünyanın hər yerində bir qrup adam özəl qoruma saxlayır. Onlara cangüdən də deyirlər. Bəli, hamı canının hayındadır. Siz heç eşitdiniz ki, kimsə özünə abırgüdən, ağılgüdən saxlasın? Bu ixtisas üzrə yer üzündə mütəxəssis hazırlayan, heç olmasa, bircə Mərkəz varmı? Abır-həya oğrularına cinayət məcəlləsində də maddə tapmaq çətindir. Odur ki, abır-həyanı qorumaq hər kəsin öz ixtiyarına qalıb. Elşad müəllim abrını, həyasını, nəfsini yeddi qıfıl arxasında saxlayan kişilərdən idi. Onun tükənməyən güc mənbəyi, insanları öz cazibəsinə salmaq bacarığı məhz bu keyfiyyətlərindən bəhrələnirdi.
   
   
   
   ***
   
   
   
   Azərbaycan televiziya məkanı Elşad müəllimin simasında bir peşəkar rəhbərini itirdi. Mənim aləmimdə onun bilik və bacarığına Milli Televizia Şurasında da ehtiyac ola bilərdi. Ömrünün son illərini "Bilik" cəmiyyətində keçirən Elşad Quliyev burada da bir birlik rəmzinə çevrilmişdi. Onun başına könüllü olaraq toplaşırdılar, ondan öyrənirdilər, məsləhət alırdılar. Azərbaycan mətbuatı onun timsalında teleradio mövzusunda obyektiv və yüksək peşəkarlıqla yazan qüdrətli mütəxəssis qazanmışdı. Oxucular, mütəxəssislər onun imzasını daim izləyirdilər. Onun yazıları ictimai rəyin formalaşmasına təsir etmə gücünə malik idi. O, televiziyanın sıravi tamaşaçısı kimi də bu sahənin inkişafına yaxından xidmət edirdi. Kimlərəsə nöqsan tutma, iradları qabardaraq bu sahədə öz üstünlüyünü nümayiş etdirmək üçün yazmırdı. Cavanlar öyrənsin, telekanallar tamaşaçı qarşısında məsuliyyətini artırsın deyə, qələminə güc verirdi. Axı, onun gördüyünü çoxları görmürdü, görsə də kimlərisə özündən incik salmamaq üçün nöqsanları dilə gətirmirdi. Bu gün onlarla telekanalda çalışan yüzlərlə operator arasında nə yazıq ki, tək-tük operator işi görürük. Bu gün televiziya verilişlərində rejissor dəsti-xətti nadir hallarda nəzərə çarpır. Onların işi montajçıların, redaktorların ümidinə qalıb. Bu gün efirdə ədəbi-bədii ana dilimizə, səlist nitqə, doğru-düzgün tələffüzə həsrətik. Telegenik görkəm anlayışı tamamən unudulub. Rəngli televiziya proqramlarında rəngarənglik azalıb. Forma və məzmun yeknəsəkliyi baş alıb gedir. Elə bil bütün kanallar bir sim üstə köklənib. Cəmiyyəti düşündürən, narahat edən məsələlərin müzakirəsinə ayrılan efir vaxtı məhdudlaşıb. Şou proqramların əksəriyyətində sözün əsl mənasında şouya rast gəlinmir.
   
   Elşad müəllim bütün bunlar barədə televiziya tənqidçisi kimi həyəcan təbili çalırdı. Televiziyanın milli dəyərlərin qorunmasında, xalqın əxlaqi-mənəvi tərbiyəsində daha mühüm rol oynamasını arzulayırdı. Neçə vaxtdan bəri mədəniyyət kanalının açılmasının labüdlüyündən danışırdı. O da dünyanı bütün bəlalardan gözəlliyin, mədəniyyətin, ağlın, kamalın qurtaracağına inanırdı. Mən isə onu bilirəm ki, Elşad müəllimi cəmiyyətdə ucaldan da, o dünyaya aparan da, televiziyaya sonsuz məhəbbəti oldu.
   
   

TƏQVİM / ARXİV