MÜASİR AZƏRBAYCAN ROMANI

VAQİF YUSİFLİ
44914 | 2015-02-07 01:47

(Əvvəli ötən şənbə saylarımızda)

Kamal Abdullanın "Sehrbazlar dərəsi" və "Unutmağa kimsə yox..." romanları da daxil olmaqla bu üç əsəri bir-birini tamamlayan və bir ideyanın daşıyıcısı olan romanlar kimi qiymətləndirmək olar. İdeya bundan ibarətdir ki, bu romanların üçündə də "eyni dünya qavrayışı və eyni anlam yaradıcı mexanizmləri fəaliyyət göstərir; fərqli müstəvilərdə və fərqli miqyaslarda gerçəkləşən ifadə tərzi isə onların arasındakı fərqləri meydana gətirir (Arif Acaloğlu)".
Gerçək həqiqətlər, dünyada, məmləkətdə baş verən hadisələr və bunların sonsuz dünyanın Böyük Ahəng qanunu ilə tənzim olunması... Yaşadığımız gerçəklik və "paralel dünyalar"ın mövcudluğu (Elə Sehirbazlar dərəsi özü "paralel dünya" kimi düşünülüb). Kainat, "paralel dünyalar" başdan-ayağa sirr içindədir. Bu sirlərin açılması, çözülməsi insanın əqli qüvvəsindən asılı deyil. "Hadisələrin üfüqü" deyilən bir anlayış var, amma "hər nə istəsəydin ona yetişmək mümkün deyildi, amma həm də gözlə görünürdü, yaxın idi. Həm uzaq idi, həm yaxın. ...Əslində, hadisələrin üfüqündə heç nə baş vermir. Yox, daha doğrusu, hadisələrin üfüqündə heç nə baş verir. ...Orda zaman yoxdur, yaddaş yoxdur, aşağı, yuxarı da yoxdur ("Unutmağa kimsə yox")" . Kamal Abdulla "Sehrbazlar dəprəsi"ndə bizi orta əsrlərin şah saraylarına, qaranlıq hücrələrinə, sehrbazlar məkanına çəkib aparır. Bu məkanda ruhlar aləminin həqiqətləri ilə qarşılaşırıq. Bu məkanda sufilərin, ürfan alimlərinin var olan dünya - əslində, "yalan dünya" və həqiqət dünyası ilə bağlı düşüncələri ilə tanış oluruq. Real hadisələr tamam mistik bir dona bürünür. Dünyanı, kainatı, təbiəti sanki tərsinə yozmalı olursan; yağış yerdən göyə yağır, Qarağac, Vəng dağı, Çoban papağı, göydən şirlərin, sonra dəvələrin yağması... həmin o "paralel dünyalar"ın mövcudluğundan xəbər verir. Hələ sirri bilinməz Çiçəkli yazı. Ümumiyyətlə, fəlsəfi xətt, hadisələri elmi təfəkkür işığında mənalandırmaq cəhdi sonuncu romanda daha artıq hiss edilir.
Beləliklə, Kamal Abdullanın bu üç romanı tarixə və gerçək dünyamıza fərqli bir münasibətin ifadəsi kimi maraq doğurur. Romanların təhkiyə üsuluna, yazılış tərzinə, dilinə gəldikdə isə ... "Yarımçıq əlyazma"da dilçi alimlə yazıçı müştərək fəaliyyət göstərir, "Dədə Qorqud" kontekstindən, onun leksik-semantik "ərazisi"ndən tamam sıyrılmaq mümkün deyil. "Sehrbazlar dərəsi" və "Unutmağa kimsə yox.." romanlarında isə Kamal Abdullanı biz sırf yazıçı pozasında görürük. Obrazların keçirdiyi yaşantıların, baş verən hadisələrin məntiqilə təsirli, yaddaqalan lövhələrlə heç də az qarşılaşmırıq. "Sehrbazlar dərəsi"ndəki iyirmi üç şəyirdin intiharı, özlərini uçurumdan atmaları heç vaxt yaddan çıxmır.
Kamal Abdullanın bu üç romanı Azərbaycan nəsrində postmodernizm dünyabaxışının ilkin nümunələri kimi dəyərlidir. Ən əsası odur ki, müəllif həmin dünybaxışı milli nəsrdə reallaşdırmaq üçün ilk addımı atdı. Bu addımın necə dəyərləndirilməsinə gəldikdə isə, hər bir yenilik ya ifrat təriflərlə, ya da kəskin etirazlarla qarşılanır. Ancaq bir opta-həqiqi yol da var ki, hər ikisindən imtina edib obyektiv həqiqəti söyləsən.
Ümumiyyətlə, postmodernizm sənətdə daha çox "dağıdıcılıq" missiyasını yerinə yetirir. Söhbət ondan gedir ki, bu cərəyanın təsirilə, onun həqiqi mahiyyətini dürüst anlayana qədər bir təqlid ədəbiyyatı yaranır, postmodernizm adını cəfəngiyatlar yazılır, beləliklə, dəbə aludə olanlar üçün özlərini "novator" adlandırmağa məqam yaranır. Qərb ədəbiyyatında artıq indi o qədər də dəbdə olmayan bir cərəyanın Azərbaycan ədəbi mühitində qol-budaq atmasına, pərvəriş tapmasına da qısqanclıqla yanaşmaq olmaz. Qoy bizdə də belə əsərlər yaransın, yaşayıb-yaşamayacağı gec-tez bəlli olacaq.
Postmodernizm dünyabaxışının Azərbaycan nəsrində maraqlı nümunələri kimi İlqar Fəhminin və Aydın Talıbzadənin romanlarınından da söz açmaq yerinə düşər. İlqar Fəhminin "İlk sui-qəsd", "Qarğa yuvası", "Kölgədə əqrəb", Aydın Talıbzadənin "Kəpənək modeli-102" romanları postmodernizm "sxeminə" uyğun yaradılmış əsərlərdir və aydın hiss olunur ki, müəlliflər bu romanları qələmə alarkən mümkün qədər həmin "szemə" riayət etmişlər.
Yeni roman axtarışları. Roman yazmaq, bədii təfəkkürün bu geniş sahəsinə çıxmaq, təfərrüatlı epik lövhələrə, çoxşaxəli hadisələrin təsvirinə meyl etmək, yaradılan obrazları xarakter səviyyəsinə qaldırmaq, oxucuları bədii marağını "yenidən yaradılan dünya"ya cəlb etmək, əlbəttə, çətindir və ilk növbədə, ona görə çətindir ki, romançıda gərək həyatı, gerçəkliyi, tarixi və müasirliyi epikləşdirmək bacarığı olsun. Bu gün çoxlu romanlar yazılmasına baxmayaraq bədii nəsrimizdə sözün əsl mənasında əsl, həqiqi roman qıtlığı hiss olunur.
Biz tənqidçi İradə Musayevanın bir fikrinə tamamilə haqq qazandırırıq: "Povest janrının "yığışdırıldığı" bir dövrdə "roman" yarlığı istənilən nəsr nümunəsinin üstünə yapışdırılır. Hətta, hekayə ola bilməyən nəsrciklər özünü roman kimi təqdim etməkdən çəkinmir. Səhv etmirəmsə, Veyo Meyerin epik növün janrları haqqında maraqlı bir bənzətməsi vardı. O, romanı ailənin başçısı-ata, povesti ana, hekayəni qız, novellanı isə şıltaq və dəyişkən xarakterli oğula bənzədirdi. Bu bənzətmə ilə yanaşsaq, bu gün Azərbaycan ədəbiyyatında bu ağsaqqal atanın başına oyun açır, onu uşaq-muşaq yerinə qoyur, hüququnu, haqqını tapdalayırlar. Belə getsə, tezliklə yarımcan Roman babanı qocalar evinə sürüyüb salacayıq" ("Azərbaycan" jurnalı, 2011, № 12).
Roman adı ilə çap olunan əsərlərin bir çoxunda gözə dəyən başlıca əlamət keyfiyyət yox, kəmiyyətdir. Yəni açıqca görünür: müəlliflər süjet xəttinə çoxlu hadisələr və obrazlar cəm edib, romana xas dinamikanı hadisələrin məna və mahiyyəti, obrazların daxili inkişaf prosesi üzərində qurmurlar, sadəcə olaraq çoxlu hadisə təsvir etmək naminə roman yazırlar... Ən əsası isə bu romanlarda quraşdırılmış bir həyat, süni və saxta obrazlar, dil mədəniyyətsizliyi hökm sürür (Bu haqda söhbətimizi bir az sonraya saxlayaq).
Amma buna baxmayaraq roman janrı özü də inkişaf edir, yeniləşir, təkmilləşir və ədəbi inkişafın hər bir dönəmində həm məzmun, həm də formaca yeni xüsusiyyətlər kəsb edir. Azərbaycan romanı da bu inkişafla, keyfiyyət dəyişiklikləri ilə ayaqlaşmağa can atır... Çox yaxşı haldır ki, son illərdə Azərbaycan nəsrində də yeni roman axtarışları ilə qarşılaşırıq (öncə bəzi romanlardan söz açdıq), bunların bəzisi hələlik eksperiment səciyyəsi daşıyır, amma maraqlı bir fakt kimi qəbul olunur..
Yaxşı olar ki, yeni roman axtarışlarını ayrı-ayrı müəlliflərin əsərləri üzrə izləyək.

Elçin Hüseynbəyli

Elçin Hüseynbəyli nəsrin "klassik" qanununa riayət edərək ədəbiyyata hekayə ilə gəldi, bu janrda bir sıra maraqlı nümunələr ortaya qoydu. Məsələn, onun "Şimallı gəlin", "Babam, nənəm və kommunizm", "Eşşək haqqında ballada", "Keçid dövrünün toyuğu", "Sular Günəşə nəğmə oxuyanda", "Qaracanın qara daşı", "Gözünə gün düşür" bir hekayəçi kimi süjet qurmaq, tipik obraz yaratmaq, real həyat hadisələrini ümumiləşdirmə bacarığını sübut elədi. Bundan sonra o, Qarabağ hadisələrindən söz açan "Əsirlər", daha sonra "Qoca", "Qurdun şərqisi" povestini yazdı və bu əsərlər heç də pis qarşılanmadı. Nəhayət, "roman mərhələsi" gəldi və o, "nəfəs dərmədən" 10 il ərzində 8 roman yazdı: "Tut ağacı boyunca", "Balıq adam", "Metro vadisi", "Yovşan qağayılar", "Don Juan", "Şah Abbas", "Yol ayrıcında qaçış", "Azıx". Əlbəttə, bu romanların heç də hamısı bədii səviyyəsinə, mükəmməl roman texnologiyasına malik deyil. "Don Juan" və "Şah Abbas" sırf tarixi xronika üslubunda yazılmışdı, məlum tarixi hadisələr bədiyyatın, yazıçı təxəyyülünün hesabına canlandırılırdı. Yaxud, sonuncu romanı - "Azıx" əvvəlki üç romanın kifayət qədər yaratdığı oxucu cazibəsini qoruyub saxlaya bilmədi. Amma "Tut ağacı boyunca", "Balıq adam", "Metro vadisi" və "Yovşan qağayılar" müəllifin yeniliyə meyl etdiyini, dünya və Azərbaycan roman ənənələrindən faydalandığını sübut edən əsərlərdir. Yeni roman axtarışları bu 4 romanın timsalında müəyyən mənada öz təcəssümünü tapır. Bu sırada "Balıq adam" əsəri Elçin Hüseynbəylinin roman təfəkkürlü bir nasir olduğuna bariz nümunə hesab oluna bilər.
Ədəbi tənqid də bu roman həqqında söz açarkən "yeni" təyinini işlətməkdən çəkinməmişdir. "Balıq-adam" sürrealizm ünsürləri ilə mifik təfəkkürün qaynayıb-qovuşduğunu əks etdirən bir romandır. Məlumdur ki, sürrealizmə görə, incəsənətdən gerçəkliyin mahiyyətini, onun qanunauyğunluqlarını üzə çıxarmağı deyil, bir-birindən təcrid olunmuş təsadüfi ünsürlər arasındakı açıqlanmanı tələb etmək lazımdır. Bu,Elçinin romanında konseptual şəkildə olmasa da, hər halda ünsür halında özünü göstərir.
Elçin Hüseynbəylinin "Tut ağacı boyunca" və "Yovşan qağayılar" romanlarında da maraqlı, orijinal təsir bağışlayan məqamlar diqqəti cəlb edir.
(ardı gələn
şənbə sayımızda)


TƏQVİM / ARXİV