adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

UNUDULMAĞA ÜZ TUTAN JANRLAR VƏ UNUDULMAZ ŞAİR HÜSEYN KÜRDOĞLU

QƏZƏNFƏR PAŞAYEV
25504 | 2015-02-07 01:45

(əvvəli ötən sayımızda)

Çağdaş ədəbiyyatımızda tez-tez rast gəlinən, çap və təqdir edilən satirik şeirlər də vardır. Bu şeirlərdə cəmiyyətdə kök salan rüşvətxorluq, eybəcərlik və s. tənqid atəşinə tutulur. Burada araqatanların, çuğulların, mərdimazarların, haqqı olmadığı halda xalq adından danışanların, insanlara ləkə vurmağa çalışanların, böhtanla məşğul olanların ümumi obrazı yaradılır. Hüseyn Kürdoğlunun da bu sayaq satirik şeirləri çoxdur. Onlar şairin "Bu dünya bir karvan yolu" (Yazıçı, 1989) kitabında toplanmışdır. "Sən hara, mən hara", "Düdük Səlo", "Həmzəbala və Qəmzəxatın", "Qurama", "Gizlənir", "Altdan-altdan", "El adından", "Yamaqlar", "Bu dağda gədələr köhlən oynadır" və s. maraqla oxunur. Şeirlər mətbuatda çap olunduğundan nümunələr verməklə kifayətlənirik:

Başını əyə-əyə,
"Başüstə" deyə-deyə.
Yağlı yerə, rütbəyə,
Çatırsan altdan-altdan...

Kürdoğlunu rişxənd ilə süzənlər,
Sinəsinə dəmir-dümür düzənlər.
Eldən ayrı süd gölündə üzənlər,
Kürsülərdə el adından danışır.

Özləri də bilir sönmüş oddular,
Zərrəcən iş görüb dağcan uddular.
Bunlar da bir cürə antipoddular,
Antipod deyəndə mırıldaşırlar.

Çoxdur quyu qazıb qurğu quranlar,
Böhtan qılıncıyla qəsdə duranlar.
Dədələr adına ləkə vuranlar,
Qabardıb döşünü dədələnməsin.

Nümunə kimi göstərdiyimiz şeirlərindən də göründüyü kimi Hüseyn Kürdoğlu həcv, satira, yumor motivli şeirlərini qoşma, gəraylı, təcnis, qəzəl, dördlük janrlarında yazmışdır. Yuxarıda dediyimiz kimi, şairin bu qəbildən olan şeirləri indiyə kimi nə çap olunub, nə də tədqiq edilib. Odur ki, bəzi təhqiramiz həcv və satirik şeirlərini çıxmaqla, bəzisini burada verməyi münasib bildik. İnanırıq ki, çoxu yumorla yazılan, həqiqətdən xəbər verən bu şeirlər oxucuların diqqətini cəlb edəcək, yaddaşları təzələyəcək, şairin həyat və yaradıcılığındakı bəzi örtülü məqamları açacaq.

HAMI FALA BAXDIRIR

Aman Allah, gör nə günə qalmışıq,
Alim, şair gedir fala baxdırır.
Filosoflar falçılıqdan söz açır,
Eləsi var, kora, lala baxdırır.

Neyləsən də nur zülmətə qarışmır,
Yaxşı, yaman bir-birinə sarışmır.
Taleyini aşiqindən soruşmur,
Nişanlı qız ay camala baxdırır.

Tələ qurub ayaq altı eşənlər,
El malını yeyib-yeyib şişənlər.
Baxtı dönüb uca taxtdan düşənlər
Fal açdırır, istiqbala baxdırır.

Baxıcıya bəxşiş verir naşılar,
Yapalaqlar öz tayına qoşular,
Bir-birindən şübhələnən qonşular,
Vay-həşirlə itmiş mala baxdırır.
Yol uzundur dünyanın düz vaxtına,
Yalan çıxır hökmranlıq taxtına.
Ana var ki, itkin oğul baxtına,
Ana var ki, cah-calala baxdırır.

Zəkasıyla bu zülməti yaran yox,
Şeytanların tilsimini qıran yox,
Bu dünyada bir fərqinə varan yox,
Kim harama, kim halala baxdırır.


Köçmək gərək daha yer üzündən,
Nur tükənib ağlın qoca gözündən.
Bir gözəl də Kürdoğlunun sözündən,
Ürəyinə düşən xala baxdırır.
Fəlakətdir, hamı fala baxdırır.


MƏŞƏDİXUMAR DOSTLARA

Düşgünlərə kar eyləməz nəsihət,
Əriş-arğac söyəndə də içillər.

Sözün odlu qırmancına dolayıb,
Təpə-dırnaq döyəndə də içillər.

Bu qıtlıqda yağlı tikə tapılmır,
Soğan-çörək yeyəndə də içillər.

Arvad-uşaq zara gəlib, dığlanıb,
Ağız-burun əyəndə də içillər.

Acıqlanıb, qəzəblənib, hirslənib,
Alovdan don geyəndə də içillər.

Bəsdir deyə ətəkləyib-yalvarıb,
Sözü yumşaq deyəndə də içillər.

Xoş söz ilə dönəllərmi bu yoldan,
Tərif qoşub öyəndə də içillər.

Meyxananı qəfil topa tutsalar,
Qəlpə-güllə dəyəndə də içillər.


Qədəh nədir, kasa nədir, cam nədir,
Aftafada, ləyəndə də içillər.

Can Kürdoğlu, daha yorma özünü,
Qoy içsinlər, yelə vermə sözünü


ARAĞIN MÜSİBƏTİ

Siz təki aləmə çox gəldi araqbaz kişilər
Şuşətək daşə dəyib, sındı o sınmaz kişilər.

Salamat çıxmaq olar hər neçə daşqın gəlsə,
Arağın qanlı selindən çıxar az-maz kişilər.

Dəmiri daşa kəsib doğrayır almaz balta,
Kəsərindən araq ilə düşür almaz kişilər.

Yer ilə yeksan olur da, ayaq altında qalır
Başı əflakə bərabər uca Qafqaz kişilər.

Nə ləyaqət qalır insanda, nə qeyrət, nə vüqar.
Arağa dustaq olur idraka nasaz kişilər.

Adamın qənşərinə indi hər addımda çıxır
Neçə sərxoş, neçə lopbaz, neçə danqaz kişilər.

Aparır ağlını badə, itirir öz başını
Həm qara telli çoban, həm də qoca, daz kişilər.

Qoca Kürdoğlu sözüylə qayıdın düz yola siz
Bu cahan mülkünə tək-tək gəlir ecaz kişilər.
MƏŞƏDİ XUMARA

Sən kiçik bir təpəsən, oynama dağ ilə, qədeş,
Duzlu göl bəhs eləməz buzlu bulaq ilə, qədeş!

Bir "dayandoldurum"u tuşlayıb at dovşana sən
Şiri-nər ovlamaq olmaz bu yaraq ilə qədeş!

İçdiyin şüşələri yığsan olur bir uca dağ,
Dirilik şərbətini qatma araq ilə, qədeş!

Get qatıq sat, a bala, fayda ver insanlara sən,
Vaxtını vermə yelə çoxlu varaq ilə, qədeş!

Bu ki söz təbli deyil, aləmi güldürmə bizə,
Taxtanı döymə belə taqqataraq ilə, qədeş!

Sən hara, şer hara, ay gözümün nuru mənim,
Batırırsan özüvü böylə maraq ilə, qədeş!

Bir Günəşdir ki, bu Kürdoğlu enib dağ başından,
Axtarallar onu hər yanda çıraq ilə qədeş!


ÜZ TUTURUQ İNDİ BUZOVNAYƏ BİZ

Toplaşın ətrafıma, məstanələr,
Rəqs eləyin, ey dəli-divanələr!
Dopdoludur yan-yana peymanələr,
Göz yumuruq qəm dolu dünyayə biz,
Üz tuturuq indi Buzovnayə biz!

Xəyyam özü meyxanadan parlamış,
Meyxanalar dahilər aşkarlamış.
Ustadımız zəng edib, ismarlamış,
Mehman olaq seyyidi-şeydayə biz,
Üz tuturuq indi Buzovnayə biz!

Yazda Buzovnanı qızıl gül bəzər,
Zurna çalan ağcaqanatdan həzər.
İçdiyimizcə ola bilməz Xəzər,
Damcı deyək bəlkə bu dəryayə biz,
Üz tuturuq indi Buzovnayə biz!

Bizdən uzaq həsrət onu təkləyir,
Mürşüdümüz qəm sazını kökləyir.
Toğlu kəsir, müğbeçələr bəkləyir,
Qeyrisini salmarıq heç sayə biz,
Üz tuturuq indi Buzovnayə biz!

Bir o bilir badəpərəstlik nədir,
Aylı gecə bağçada məstlik nədir,
Dostdan uzaq qəlbişikəstlik nədir.
Ömrü qoyaq badəyə sərmayə biz,
Üz tuturuq indi Buzovnaya biz!

Arif odur bilməyə dövran nədir,
Dərdi nədir, dərdinə dərman nədir.
Biz ki varıq, şah ilə sultan nədir,
Rəqsi kəsin, bir baxaq aynayə biz,
Üz tuturuq indi Buzovnayə biz!

Ustadı şahanə görək dağ kimi,
Heyran olaq bağına yaylaq kimi.
Bağ olamaz böylə gözəl bağ kimi,
Səcdə qılaq sevgili mövlayə biz,
Üz tuturuq indi Buzovnayə biz!

Şərqə günəş əvvəla Çindən çıxır,
Bizdə fəqət badə içindən çıxır.
Badə vuran guya ki dindən çıxır,
Görməmişik bundan uca qayə biz,
Üz tuturuq indi Buzovnayə biz!

Məclisə Kürdoğlunu da səsləyin,
Həcvini yazmışsa da sərməstləyin.
Şairi görcək geriyə həsləyin,
Xar olarıq saxlamasaq hayə biz,
Üz tuturuq indi Buzovnayə biz!
Mehman olaq seyyidi-şeydayə biz!



TƏQVİM / ARXİV