Sadəcə iki kəlmə söz - Qarabağ amanatı

ETİBAR CƏBRAYILOĞLU
68981 | 2015-02-07 01:43

Əməkdar jurnalist, tarix elmləri namizədi Natiq Məmmədli ilk romanını - "Körpüdə ümid"i oxucuların ixtiyarına verib. Qəzetçilikdə sözünü deməyi bacarmış istedadlı həmkarımız yazıçı kimi də adından söz etdirməkdədir. Xalq yazıçısı Anarın "Ön sözü"ü ilə işıq üzü görən "Ləyaqət düsturu" hekayələr kitabı ədəbi mühitdə hadisə kimi qəbul olundu.
Çapdan yenicə çıxan "Körpüdə ümid" kitabı da geniş müzakirələrə yol açıb.
Jurnalist Natiq Məmmədli yeni romanı, ədəbiyyata baxışı və bu sahədəki hədəfləri barədə danışır.

- Jurnalist Natiq Məmmədli yazıçı Natiq Məmmədli ilə söhbətləşirmi?
- Aradabir söhbətləşir. Yazıçı Natiq Məmmədli jurnalistikada deyə bilmədiyi bəzi məsələləri ədəbi müstəvidə deməyə, yazmağa çalışır. Bu baxımdan dialoqumuz bəzən maraqlı alınır, bəzən də alınmır, fikirlər üst-üstə düşmür. Mənə elə gəlir ki, dialoqumuzda bəzi məqamlar üst-üstə düşmürsə, bunun özü də maraqlıdır. Ən azından rəngarənglik yaranır. Jurnalist soruşur ki, görən bu fikri yazıçı niyə məhz belə yazıb? Yazıçı da soruşur ki, bu məsələyə jurnalist niyə mənim yanaşdığım kimi yanaşmır? Belə bir fikir müxtəlifliyinin yaranması maraqlı və təbiidir. Amma onu da deyim ki, sonda ağırlıq yenə də ədəbiyyatın üstünə düşür.
- Sirr deyilsə, hansı məsələlərdə fikirləriniz üst-üstə düşmür?
- Daha çox müşahidələrin bədii inikası prosesində. Ədəbiyyatda publisistikadan fərqli olaraq, əsərin bütün ruhu, mahiyyəti bədii şəkildə, canlı obrazlar vasitəsilə çatdırılmalıdır. Bunlar isə hamısı bir boyda, bir biçimdə ola bilməz. Axı real həyatın özündə müxtəliflik var və bu müxtəliflik bədii ədəbiyyatda da görünməlidir. Bədii əsər yazanda həyatdakı müxtəlifliyi, rəngarəngliyi göstərməyə çalışıram. Üç il öncə nəşr etdirdiyim "Ləyaqət düsturu" kitabındakı hekayələrimdə də məsələyə belə yanaşmışam. Bir müəllif kimi mənim özüm üçün də xoş oldu ki, kitabda toplanan hekayələrim haqqında dəyərli fikirlər səsləndi. Kitabın qısa müddət ərzində satılıb qurtarması da öz yerində.
Düzdür, "Ləyaqət düsturu"nda toplanan hekayələrimi fərqli metodla yazmışam, o zaman tənqidi realizmlə maraqlandığım üçün daha çox bu məsələyə üstünlük vermişəm. Azərbaycan ədəbiyyatında tənqidi realizmin çox gözəl nümunələri var, mən də Mirzə Cəlildən, Əbdürrəhim bəydən gələn hekayəçilik ənənələrindən faydalanmışam. Həm də bu ənənələrin XXI əsrin əvvəlində də yaşatmağa çalışmışam. Bir məsələni də qeyd edim, həmin hekayələr üzərində çalışanda əgər belə demək mümkünsə, ədəbi bir kəşf etdim.
- Həmin ədəbi kəşf nədən ibarətdir?
- Mirzə Fətəli Axundzadəni, Cəlil Məmmədquluzadəni, Əbdürrəhim bəy Haqverdiyevi düşündürən müsbət obrazlar elə müsbət olaraq qalıblar. Maraqlıdır ki, mənfi obrazlar da dəyişməyiblər.
- İlk romanın - "Körpüdə ümid" barədə artıq ədəbi tənqid öz fikirlərini bildirməyə başlayıb...
- Bir neçə il əvvəl yazdığım "Korun gördüyü gələcək" adlı hekayəmdə görmə qabiliyyətini itirmiş insanla oğrunun düşüncələrindəki ziddiyyəti göstərməyə çalışmışdım. Torpağımızın gələcəyi ilə bağlı həmin hekayədəki narahatçılıq məni həmişə düşündürdüyündən bu mövzunun davamı olaraq daha bir hekayə yazmaq istəyirdim. Yazdıqca isə gördüm ki, demək istədiklərim hekayə formatına sığmır, amma dayanmadım və nəticədə "Körpüdə ümid" romanı yarandı.
Etibar, sənin də qeyd etdiyin kimi, ədəbi tənqid bu əsəri müzakirə etməyə başlayıb, tənqidçilər "Körpüdə ümid"i psixoloji bir roman kimi qiymətləndirirlər. Müəyyən mənada bu yanaşma ilə razıyam, lakin müəllif olaraq belə hesab edirəm ki, "Körpüdə ümid"ə hansısa bir dövrün bədii təhlili kimi də baxmaq olar.
- Tənqidçilərdən biri hətta bu romanın Markesin əsərləri ilə səsləşdiyini qeyd edib. Müəllifə bundan artıq daha nə lazımdır?
- Yəqin sən Yazıçılar Birliyində romanın müzakirəsi zamanı Əsəd Cahangirin dediklərini nəzərdə tutursan. Əsəd bəy yanaşmasını onunla əsaslandırır ki, Markesin magik realizm üslubunda yazdığı əsərlərdə olduğu kimi, "Körpüdə ümid" romanında da real mənzərələrlə irreal mənzərələr bir-birinə qarışır. Onu deyə bilərəm ki, mən bunu Markesi və ya başqa bir məşhur yazıçını yamsılamaq üçün etməmişəm, yazdığım romanda bu, sadəcə belə alınıb. Məni narahat edən mövzuları başqa cür təsəvvür eləmirəm, başqa cür yazsam onda adi bir publisistik yazı alına bilər.
Bu gün Xuan Rulfonun "Pedro Paramo" romanı çox populyardı, bizim dilimizə də mükəmməl tərcümə edilib. Əsrin magik tərəfini bir kənara qoysaq, adi bir kovboy filmini xatırladar. Təbii ki, yazıçının demək istədiyi, verdiyi mesaj süjet xəttinin üst qatında deyil, magikliyin qatlarında gizlənib. Azərbaycan ədəbiyyatında da belə əsərlər var və onların bəzisi uğurlu alınıb. Başqa yazıçılarımızı deyə bilmərəm, amma mənim özümdə bu yazı prosesində alınır.
- Hər halda romandakı kəndi Ümidqovan adlandırmaqla da tənqidçilərə xeyli mövzu vermisən...
- Bu, sadəcə bizim ədəbiyyatda olan məkan anlayışına ənənəvi münasibətə qiymətimdən irəli gəlir. Buzbulaq varsa, Ümidqovan da ola bilir. İsa Hüseynovun qəhrəmanları - Qılınc Qurbanın, Cümrünün yaşadığı quru budaqları olan kənd varsa, Ümidqovan niyə olmasın? Qırmızı Xudunun, Pirdəlinin Ümidqovanı olsa ədəbiyyat yəqin ki, heç nə itirməz. Mövlud Süleymanlının "Dəyirman"ındakı müqəddəsliyini itirməkdə olan həmin məkanla səsləşən bir Ümid pirinin olmasının nəyi pisdir ki? Təbii ki, Ümidqovan kəndi, müqəddəsliyini itirməkdə olan Ümid piri fikirlərimi ifadə etmək, oxucuya çatdırmaq üçün seçdiyim simvollar, belə demək mümkünsə, keşikçi məntəqələridir. Kəndin adının niyə məhz Ümidqovan olması oxucuya artıq nələrisə deməlidir. Müəllif kimi özümün özümə müəyyən iradım da var.
- Maraqlıdır...
- Reaksiyalardan belə başa düşürəm ki, ilk romanımda oxucuları dəqiq qiymətləndirə bilməmişəm. Açığını deyim ki, elə bilirdim bəzi məsələləri başa düşməkdə oxucu çətinlik çəkəcək. Bəzi hekayələrimdə də belə hallar olub, az qala hekayənin içində belə demək mümkünsə, bir izahlı lüğətdə göstərmişəm. Amma sonra məni duyanlar dedilər ki, oxucunun işini bu qədər asanlaşdırmaq olmaz.
- Bəlkə bu qəzetçilikdən gələn vərdişdir?
- Ola bilər. Romanı yazanda da müəyyən məsələlərin başa düşülməyəcəyindən ciddi narahatlıq keçirirdim, indi isə görürəm ki, demək istədiklərimi oxucular başa düşüb. Köhnə kişilərin sözü olmasın, gələcək əsərlərimdə gərək bu məsələni hökmən nəzərə alım.
- "Körpüdə ümid"dəki heç kimə əziyyət vermədən, günaha batmadan ölmək istəyən Qarı niyyətini yazdığı məktubu pirə aparanda kağıza bir söz əlavə etdirir - Qarabağ amanatı...
- Təxminən 200 səhifəlik romanda Qarabağla bağlı cəmi ikicə kəlmə söz var. Bu sözü mən əsərdə yazanda hansı hisslər keçirdiyimi bir özüm bilirəm, bir də Allah. Belə düşünürəm ki, bu ikicə kəlmə söz ürəyi itirilmiş torpaqlarla döyünən Qarabağ camaatının və bütünlükdə Azərbaycan insanının məişət müstəvisindən kənarda olan yeganə arzusunu ifadə edir.
Romanın sonunda Ümid piri üsyan edərək bütün məktubları çölə atır, məlum olur ki, kimsə oğlunu əsgərlikdən saxlatdırmaq, kimisi qızını ərə vermək istəyilə pirə məktub yazıb. Məktublarda yazılan bütün sözlər pozulur, yalnız Qarının sonradan əlavə etdirdiyi "Qarabağ amanatı" sözü qalır.
- Çalışdığın qəzetlərə, aldığın rəsmi titul və mükafatlara baxanda mətbuatdakı hədəflərinə çatdığın görünür. Bəs ədəbiyyatdakı hədəflərin nədir?
- İstər dünya, istərsə də Azərbaycan ədəbiyyatında yazıçılığa jurnalistikadan gələnlər çoxdur, bununla bağlı xeyli nümunə göstərmək olar. Görünür bu nə onların, nə də mənim xüsusi planı olmayıb. Bu mərhələni vaxtında və düzgün adlamaq lazımdır.
Hədəflərə gəlincə isə təbii ki, nələrsə var. Tutaq ki, jurnalist kimi yaxınlaşıb köşkdən yazım çıxan qəzeti soruşanda satıcı həmin qəzetin satıldığını, bir nüsxəsinin də qalmadığını deyir. Həmin anda jurnalist kimi dünyanın ən xoşbəxt insanı oluram. Yazıçı kimi də oxşar hissləri keçirmək mənin hədəfimdir. İstəyirəm ki, yazdığım kitabları alsınlar, oxusunlar, əsərlərimdə özlərini görə bilsinlər və məni başa düşsünlər.


TƏQVİM / ARXİV