YARPIZ SÖHBƏTİ

ƏBÜLFƏT MƏDƏTOĞLU
33141 | 2015-02-07 01:37





Hərdən folklora dair kitabları vərəqləyirəm. Elə-belə həvəsə yox, necə deyərlər, vaxt öldürmək, gün yola vermək istəyi ilə deyil, sadəcə, deyilən sözlərin yadigar olduğunu bildiyim üçün xalqın minillik yaddaşından süzülüb gələn deyimlərə, atalar sözlərinə, müdrik kəlamlara nəzər yetirirəm. Və tam səmimiyyətlə deyim ki, hər dəfə bu müdrik kəlamların doğruluğu önündə bir anlıq susuram. Düzdü, bunu müdriklər də deyib və bildiriblər ki, atalar sözləri zamanın, tarixin ələyindən keçib sonra bizim anladığımız, dərk etdiyimiz formada doğulub, dünyaya gəlib. Bu da bir həqiqətldir ki, indiki zaman prizmasından baxanda bəzi atalar sözlərimiz, deyimlərimiz öz dövrünü başa vurublar. Məsələn, "atı atın yanında bağlarsan, həmrəng olmasa da, həmxasiyyət olur" və yaxud "qonşunu iki inəkli istə ki, sənin də biri olsun"...
Bu atalar sözlərini ona görə deyirəm ki, indi atın yanında at bağlamırlar, maşının yanında maşın saxlayırlar. Həmçinin artıq əksər kəndlilər də şəhərli olublar. İnək saxlamaq zor bir iş olduğundan süni qatıq, süd, qaymaq bazar-dükanda at oynadır. Deməli, həmin atalar sözünü belə demək olar "qonşunu iki millalı istə ki, sənin də biri olsun". Nə isə bu zarafatları qoyaq bir kənara. Amma unutmayaq ki, hər zarafatın arxasında bir gerçək dayanır. Elə bunu da atalar deyib ki, sözün doğrusunu zarafatda deyərlər. Bax, mən də yavaş-yavaş sözün doğrusuna tərəf getmək istəyirəm. Əgər tutdura bilsəm, yəni hala gətirib onun neçə gündü içimdə atını sağa-sola çapan formadan hər kəsin qəbul edəcəyi bir duruma keçirə bilsəm, onda bu yazını istədiyim kimi alındığına sevinəcəm. Əgər tutdura bilməsəm, necə deyərlər, onda günah qalacaq boynumda...
Hə, bir deyim də, bir atalar sözü də var. Deyirlər ki, "ilanın zəhləsi yarpızdan gedir, o da tərs kimi gəlib onun yuvasının ağzında bitir". Bilmirəm, bu nə qədər doğru bir hikmətdi. Çünki mən Süleyman Peyğəmbər kimi heyvanların dilindən xəbərdar deyiləm. Ona görə ilanların nə düşündüyünü, niyə yarpızdan zəhlələri getdiyini yüzdə yüz söyləyə bilmərəm. Ancaq bidiyim bir həqiqət var ki, o da həmin o dediyim atalar sözüdü. Və bu sözün də yaşı mənim yaşımdan aşağısı bir yüz dəfə çox olduğundan və üstəlik də bu boyda bir məsafəni keçib gəldiyindən deməli, onun damarında mütləq bir həqiqət var. Daha bir sadə formada desəm, ilk dəfə o sözü deyən kim olubdusa, deməli bu adamın ilanın dilini bilməsi şübhəsizdi və ilanla söhbət eləyib, məsələdən agah olandan sonra bizlər üçün o deyimi yadigar qoyub. Əvvəldə də yazmışdım ki, deyilən söz yadigardı...
Bəli, indi fikirləşəcəksiniz ki, bu ilan məsələsinin siz oxuculara nə dəxli var? Hələ üstəlik onu da fikirləşəcəksiniz ki, yəqin Əbülfətin yazmağa sözü qurtarıb (aşığın sözü qutaran kimi - Ə.M.), mövzusu tükənib, ona görə başlayıb ilandan-çayandan yazmağa. Yox, yanılırsınız, dəyərli oxucular. Hələ ki, çox şükür, Allahım məni yazı məsələsində darda qoymayıb. Sadəcə mən bu ilanın quyruğundan tutub onun yuvasına tərəf gedirəm. Axı bildiyimə və deyilənlərə görə hər yerə qıvrıla-qıvrıla gedən ilanlar təkcə yuvasına, yəni evinə qıvrılmadan, dümdüz daxil olur. Yəqin ki, burda da bir hikmət var, bir məna var. Elə məni də düşündürən həmin o hikmətdi, o mənadı...
Təsəvvür edin ki, bir para insanlar da ilan kimi qıvrıla-qıvrıla, qapıları, künc-bucaqları saya-saya, onun-bunun qoltuğunun altından keçib dəsmalını gəzdirə-gəzdirə yaşamağı çox rahatlıqla qəbul edib. Və təəsüf ki, bu adamlar həmin o vərdişi evlərinin qapısından çöldə unuda bilmirlər. Özləri ilə evin, otaqlarının içinə də gətirirlər. Nəticədə evdəki zəhmli xanımın yumuruğu, səsi, zabitəsi onu yenə çöldəki xarakterini büruzə verməyə məcbur edir. Uşağın da, böyüyün də yanında əli dəsmallı bir ömür yaşayır. Neyləmək olar, hər kəs seçimdə sərbəstdi və bunlar da yaşamaq üçün bu üsulu, bu yolu, bu qaydanı seçiblər. Mən sadəcə, nə nifrət, nə həsrət hissi bəsləmədən bircə kəlmə deyirəm:
- Şükür, kərəminə İlahi!!!
Həyatım boyu ən ciddi zərbəni, ən sərt baxışı sevdiklərimdən, ürəyimə yaxın saydıqlarımdan almışam. Yəni qardaşdan, bacıdan, əmidən, dayıdan, eləcə də özüm sevib-seçdiklərimdən, dost deyib ürəyimə buraxdıqlarımdan. Görünür, bu bir alın yazısıdı, bir qismətdi, taledi. Və yaxud da böyük Yaradan məhz bu üsulla, bu qayda ilə məni sınağa çəkir, mənim dözümümü yoxlayır. Çünki mən həmişə sərt baxışlarını, ağır təpkilərini aldığım insanları heç vaxt nə atıb getməmişəm, nə də həyatımdan silməmişəm. Yadımdadı, bir vaxtlar mənim barəmdə yazı yazmış bir xanım haqqımda gedən verilişdə söyləmişdi ki, "Əbülfət Mədətoğlu heç kimi həyatından silmir, heç kimə də get demir. Amma gedənə də dur, dayan, qal söyləmir". Doğurdan da belədi, gedəni saxlamaq olmaz. Əgər o getmək qərarını veribdisə, onu bu gün saxlasan da, sabah yenə boxçasını bağlayacaq. Odur ki, gedənə "yaxşı yol" söyləmək və yeni xatirə səhifəsi açmaq mənim prinsiplərimdən biridi, qəbul olunsa da, olunmasa da. Ancaq elə gedən var ki, onun ardınca mütləq bir göynərti, bir fəryad içimə hakim olur, yandırır məni, ağrıdır məni. Onda öz-özümə pıçıldayıram:

Mən öz sevinc hissimi
Daşa bağlayıb atdım...
Son kəs bağrıma basıb-
Öpüb, ağlayıb atdım!..

Gözümün görmədiyi
Əlimin hörmədiyi...
Heç kimin vermədiyi-
Sirri bağlayıb atdım!..

Ötəri buludları
Toplanmış, unut barı....
Yalançı umudları-
Bir az saxlayıb atdım.

Eləcə bilə-bilə
Üzünə gülə-gülə...
Könlümü gilə-gilə-
Bölüb, dağlayıb atdım...

Yəqin nə dediyimi az-çox təxmin etdiniz. Yəni o gedən də, paralanan, bölünən ürək də gərəksiz olur. O, öz payını, öz yerini özü ilə aparır. Deməli, çalışıb elə etmək gərəkdi ki, ürəkdən çıxmayasan. Əksinə, ürəyə sahib olasan. Axı, üzünə açılan, səni öz içərisinə buraxan ürək hansısa kirayə ev deyil. Pulunu ödəyə bilməyəndə və yaxud xoşun gəlməyəndə, hətta özünə daimi bir ev alanda onu tərk edəsən. Mənim bu yazdıqlarım hər kəsə bəlli olan bir gerçəkdi. Ona görə də bu gerçəyi təkrar etməklə sizi yorduğumu başa düşürəm. Lakin onu da unutmuram ki, mən quyruğundan tutduğum ilanın üzü geri sıçraya biləcəyini çox gözəl bilirəm. Yəqin siz də bilirsiniz ki, ilanın quyruğunu tapdayanda üzü geri necə sıçrayır. Amma indiki halda mən adam donundakı ilanları diqqətdə saxlayıram - sözüm, söhbətim onlardandı. Və o adamların yolunun üstündə yarpız olmağın nə demək olduğunu şərh etməyəcəyəm, özünüz düşünün. Bu ixtiyarı, bu haqqı sizə verirəm, özü də könüllü. Çünki hansı yükə çiyin verdiyimi, hansı mövzuya toxunduğumu kifayət qədər gözəl bilirəm. Quyruq tapdalamağın da nə demək olduğundan az qala bir kitablıq bilgim var. O bilgilərə istinadən deyə bilərəm ki, çömçə qazanın dibindən xəbərdar olduğu kimi, mənim də bu yaşımda nədən və niyə yazmağımı bilməyim təbii bir haldı. Nə isə...
Bir dəfə mənə çox doğma olan dostlardan biri ilə günümüzün gerçəkləri barədə söhbət edirdik. Söz sözü çəkdi. Ətrafımızda baş verən erroziyalar, xüsusilə əxlaq məsələləri fikirlərimizin haçalanmasına səbəb oldu. Mən bu gün yalançı şəkildə özünü avropalı kimi təqdim edən bəzən zərif cins nümayəndələrinin hərəkətlərini qınadım. Bildirdim ki, hər kəs özü olsa daha gözəl olar. Nəinki içi azərbaycanlı, çölü fransız, alman, daha kim... O, mənimlə zarafat etdi və söylədi ki, sənin də işin-gücün ancaq qızlara, xanımlara irad tutmaqdı, onların yerişləri, duruşları... Başqa mövzun yoxdu? Mən dönüb ona baxdım. Elə həmin məqamda yazının əvvəlində söylədiyim ilan məsələsini dostum da mənə xatırlatdı. Onda anladım ki, sən demə, bu yüz illəri arxada qoymuş məsəl istənilən yerdə, istənilən mövzuda sözə həm körpü, həm də şərh ola bilər. Axı həmin o özünü əndrəbadi aparan, o cür göstərməyə çalışan Allah bəndələri özləri də yaxşı bilirlər ki, necə gülünc görünürlər. Amma bilə-bilə də dəb xatirinə, fərqlənmək xatirinə, diqqət mərkəzində olmaq xatirinə özlərini haldan-hala salırlar. Necə deyərlər, cildlərini dəyişirlər. Bu da təəssüf doğurur. Çünki belə olanda:

üşüyür bu şəhərdə
üşüyür baxışlarım...
üşüyür səkilərdə-
izlərim - naxışlarım...

gəlmir ki, fələyim də
qol açam bələyimdə!..
üşüyür bəbəyimdə-
sellənən yağışlarım...

tilsimli köynək geyim
meh tək telinə dəyim...
hər gün - sevirəm! - deyim
hər gün də bağışlanım!

Hə, hər kəs öz həyatını, öz taleyini yaşamağa çalışır. Və bu həyat da, bu tale də mübarizə aparmaq, çarpışmaq tələb edir. Əks halda, kiməsə heç nə sinidə pay verilmir. Ən azı onun dalınca durub getmək, onu istəmək lazımdı. Mən də bu fikirdəyəm ki, az-çox nəyim varsa, nə əldə edə bilmişəmsə, buna ömrümü, gücümü, həyatımı həsr etmişəm. Nəticəsi nə olubdusa, ona da bir insan kimi şükr etməyə çalışmışam. Düşünmüşəm ki, bu gün dünəndən yaxşıdı. Amma gerçəkdə, ortalıqda olan reallıqda bu gün bəlkə də dünəndən yüz dəfə pis görkəmdə, durumda, haldadı. Bunu bilsəm də ən azı yaşadığım günün xatirinə razılaşmışam. İstəməmişəm ki, yaşadığım bu gün bir sızıltı, bir xarabalıq kimi yaddaşıma köçsün, həyatımda iz salsın. Arayıb-axtarıb kül altından bir çınqı, bir qor tapmaq istəmişəm. Bu da sonda çarpışmaq, mübarizə aparmaq kimi daxilimdə qiymətləndirilib və mənə Allahın yazdığı günlərdən biri kimi bir növü halal olub. Ona görə ki, mən o günün boş-boşuna, ölüb-itməsinə, mənasız olmasına imkan verməmişəm. Hətta yağan yağışa, dolaşdığım küçələrə belə baxıb düşünmüşəm ki:

İndi şəhərdə
sənin də
dediyin kimi
dəlicəsinə sevdiyin
bir hava var -
yağış yağır...
indi şəhərin
dəlicəsinə sevdiyin
bu havasında
fikrim, xəyalım,
ürəyim
və bütün halım
orda -
sənin yanında...
təkcə gözlərim
burda!
Onlar da
gözlərin əvəzinə
indi şəhərə yağan
dəli yağışa baxır!..

Bəlkə də oxumaqdan artıq yorulduğunuz və istirahət etmək istədiyniz bu məqamda sizə bir sirr də açmaq istəyirəm. Demək istəyirəm ki, bu dünyada kim olursan ol, çalış, özün ol. Hətta ilan da olsan... Hətta yarpız da olsan... Çünki başqasının donunda, başqasının cildində olanda bu, uzağı qırx gün çəkir və sonra hər şey faş olur, kimin kim olduğu ortaya çıxır. Bax, mən də öz ətrafımın içərisində şahidi olduğum hər şeyi, hər oyunu, hər pıçıltını görəndə, izləyəndə, eşidəndə daxilən ağrısam da, amma həmişə demişəm ki, Allah hər kəsə ürəyincə versin. Lap elə ilana da, yarpıza da!

TƏQVİM / ARXİV