adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

İşləyirlər, işləyirlər, axırda da xarab olub ölürlər

SAMİRƏ ƏŞRƏF
30708 | 2015-02-07 01:36


Oxucular yəqin ki, mənim səmimiyyətimə ürəkdən inanarlar. O günləri bir xanım rəfiqəmin felinə uyub gedib çıxmışdım instaqrama. Orada beş, on dəqiqəlik virtual gəzintidən sonra bir daha başa düşdüm ki, bizim insanların mənəvi durumları həqiqətən də çox acınacaqlıdı. Demək olar ki, məşhurundan tutmuş, qeyri məşhuruna qədər hamı həmin saytda özünə bir profil qaralamışdı. Hər yerdə olduğu kimi burada da müğənnilərimiz və yaxud da toy qəhrəmanlarımız həmişəki kimi boy göstərirdilər. Sözün açığı mən öz şou adamlarımızın bu qədər özlərinə vurğun olduqlarını təsəvvür etmirdim. Normal insan bir toydan uzağı üç şəkil, beş şəkil çəkdirirsə, müğənnilərimiz yüzəcən şəkil çəkdirib səhifələrinə düzmüşdülər. Nə bilim e küçədə, kafedə, hamamda, hətta yataqda belə şəkil çəkdirib instaqrama qoyan məşhurlarımız vardı.
Bir müğənni xanım var. Plastik terrora məruz qalan burnunun şəklini cürbəcür rakurslardan çəkib vızıldatmışdı səhifəsinə. İş burasındadı ki, şəkillərin altına hər cür şərh yazan adamlar vardı. Hətta küçə sözlərinə, təhqirlərə də rast gəlinirdi. Həqiqətən də ziddiyyətli məqam idi. Ətək-ətək pul töküb toylarına gətirdikləri adamları sonradan ağılasığmaz sözlərlə təhqir edirdilər. Ən maraqlısı isə məşhurların həmin şərhləri veclərinə almamalarıydı. Yəni araz aşığımdan, kür də topuğumdan məsələsi.
Əslində mənə elə gəlir ki, bizim başıbəlalı müğənnilərimiz hələ də qəribə oyunların içərisində olduqlarının fərqində deyillər. Görünür hər nə cürsə istifadə olunmaları onlara maraqlı deyil. Təki toy bol olsun, pul çox gəlsin. Çünki belə olmasaydı, tutaq ki, dünən müğənniləri verilişinə çağırıb onların hesabına reytinq yığan "aparıcılar" sonra müsahibə verəndə onları ağ yuyub qara sərməzdilər. Ötən günləri bir şou-palatka proqramının aparıcısının təmtəraqlı müsahibəsini oxudum. Aparıcı közü qoyub odu ayaqlamışdı. Müsahibəsinə ədəbi bər-bəzək vurmaq üçün Markesin adını çəkməyə cəhd edərək verilişinə çağırdığı müğənniləri o divardan bu divara çırpmışdı. Aparıcı müsahibəsinin sonuna yekə bir gül də vuraraq onun haqqında tənqid yazan jurnalistlərə üzünü tutub ağzından çıxıb qoynuna tökülsün tipli mesaj göndərdi. Və hamını onun arxasınca danışmaqda günahlandırırdı.
Həmin şou-palatka verilişinin aparıcısının ekran efir məziyyətlərinə mənciyəz də bir neçə dəfə əl buladığım üçün onun bu mesajına biganə qala bilməyib əxz edirəm ki, ay qardaş, mətbuatda məqalə yazmaq nə vaxtdan arxadan danışmaq, qiybət qırmaq hesab olunub? Əgər bir yazını yüzlərlə adam oxuyursa, bunun harası daldalıq olur?! İndi biz neyləyək ki, siz mətbuatı yaxından və uzaqdan izləmirsiniz. Bəlkə yazdıqlarımızı çap olunan günü səhəri gətirib iş yerinizin qarşısına yapışdıraq ki, işə gəlib gedəndə oxuyub öz dəyərli məsləhətlərinizi bizə verəsiniz. Nə deyim vallah. Öz şəxsimdə bəyan edirəm ki, mən içi siz qarışıq şou-biznes əhli barədə təəccüb sözünü ixtisar etdiyim üçün, sizdən hər hüsranlı məqamı gözləyirəm.
Sovet dövrünün çox yaxşı qayda-qanunlarından biri də ondan ibarət idi ki, insanlar boş zamanlarını faydalı və səmərəli işlərə sərf etməyə təhrik olunmuşdular. Uşaqlıq illərim 80-ci illərə düşdüyündən deyə bilərəm ki, həmin dövrdə boş və avara adam tapmaq müşkül məsələydi. Olsaydı da çox az olurdu belə adamlar. Mənim valideynlərim dövlət işində işləyirdilər. Atam müəllim, anam mühasib idi. Hər ikisi tezdən çıxıb axşam evə gəlirdilər. Anam ev işləriylə, atamsa təsərrüfatla məşğul olurdu. İl boyu biz atamın bostanda əkdiyi meyvə və tərəvəzlərlə dolanırdıq. Maqazindən ancaq ət, yağ, qənd kimi ərzaqlar alınardı. Alça, gilas yetişənə qədər bizim evdə nar, heyva, alma, qoz, fındıq olurdu.
Dediyim odur ki, sovet insanı boş qalmamağa və yaxud da boş vaxtını səmərəli istifadə etməyə vərdiş etmişdi. Əgər kiminsə də boş vaxtı qalırdısa, teatra, kinoya, muzeyə gedib istirahət edirdi. Yadıma gəlir, hər həftənin beşinci günü bizi məktəbdən kinoteatra film izləməyə aparırdılar. Kinoya getməyib yayınanlar isə müəllimlərimiz tərəfindən cəzalanırdılar. İldə üç, dörd dəfə sinif rəhbərimiz bizi ekskursiyalara aparırdı, yayda lagerlərə və s.
İndi bu yazını oxuyan bircə müəllim ayağa qalxıb desin ki, axırıncı dəfə dərs dediyi uşaqları nə vaxt ekskursiyaya aparıb. Deyə bilməyəcək, çünki belə bir vaxtı xatırlamayacaq.
Məhz bu səbəbdəndir ki, bu günün insanı dəhşətli boşluğun içərisində əzab çəkməkdədir. İnsanlar nə edəcəklərini bilmirlər. Sanki, avtomat kuklalar kimi idarə olunurlar. İşləyirlər, işləyirlər axırda da xarab olub ölürlər. Kişilərin iş rejimi həddindən artıq ağır olduğundan onlar evə gəlib çatan kimi bir-iki tikə yemək yeyib yatmağa macal tapırlar. Qadınlarımız isə əksinə evdə bir az ala başına, kül başına ora bura qaçışıb otururlar televizorun qarşısında. İndi bir az bilgisayardan-filan anlayanlar da başlayırlar şou-biznes saytlarını izləməyə. Bir qadın tanıyırdım, Aygün Kazımovanın gündəlik yaşam tərzini elə gözəl əzbərləmişdi ki, heç müğənni özü haqqında onun qədər məlumatlı deyildi.
Bəli, bekarçılıq, mənasızlıq qadınlarımızın da həyatnı, gündəlik yaşamını işğal etmiş durumdadı. Qadın isə bildiyimiz kimi elə bir məxluqdur ki, qayğıya, nəvazişə daima ehtiyac duymaqdadır. Gecə-gündüz işləyən, sonra qazandıqlarını aparıb banklardakı borclarını ödəməyə məhkum olunmuş yorğun azərbaycanlı kişisi axşam evə gələndə ancaq şirin yuxunun hayında olur. Qadınlar da başlarını nə iləsə qarışdırmaq məcburiyyətində qaldığından bir müğənninin paylaşdığı əlli şəkilin altına elə əlli şərh yazmaqla başını qarışdırır. Ya da elə özünü ovudur. Ovunmayan qadın uşaqlarına da, evinə də biganə olur.
Təbii ki, bunların hamısının kökündə bircə sehrli kəlmə dayanır ki, o da oxumaqdır. Oxuyan, savadı, biliyi olan istənilən insan qaranlıqdan özünə bir işıq ucu tapıb çıxacaq. Oxuyan qadın və ya ər, oxumayan həyat yoldaşını da məcbur edəcək ki, onunla ayaqlaşsın. Bir dəfə teatra, bir dəfə kinoya, bir dəfə kitab yarmarkasına çəkib aparacaq. Beləcə vərdiş yaranacaq. Boşluqdan xilas olmaq vərdişi. Yazıma xitam verərək arzu edirəm ki, boşluq və bayağılıq insanlarımızın həyatından yox olsun.



TƏQVİM / ARXİV