DƏVƏ, YOXSA AT?!

FAİQ QİSMƏTOĞLU
63042 | 2015-02-07 01:33
Deyirlər ki, insana ən sadiq olan bunlardır: dəvə, at və bir də it. Bunu nə dərəcədə doğru və yalan deyirlər, onu yalnız çoxları yaxşı bilir. Çoxları yaxşı bilir ki, insanların ənr ağır, ən çətin və ən məşəqqətli günlərində bu heyvanlar onlara çox yaxın olublar. Hətta ağır yaralanmış və ölümcül halda olan sahibini at tezliklə evə çatdırıb. Burda elə bir sirr olmasa da, amma bir həqiqət var. Həqiqət də ondan ibarətdir ki, dəvənin, atın və itin sədaqətini görənlər var...
... Bu günlərdə İnternet saytlarında çox maraqlı bir görüntü vardı. Bu görüntüyə baxanda az qala tüklərim biz-biz oldu. Sahibi ölmüş dəvə onun məzarı üstünə gəlir, bir müddət orda dayanır, göz yaşı tökür və sonra da gedir. Bu hadisəni çox insanlar müşahidə edib. Şahidlər deyirlər ki, dəvənin sahibi 20 gündür dünyasını dəyişib. Və bu 20 gündə həmin dəvə hər gün məzarı ziyarət eləyir, orda dayanır, sonra göz yaşı tökür və çıxıb gedir. Bax budur, dəvənin insana olan sədaqəti.
Günlərin birində də birinin atı varmış. Atın sahibi də Allahın dərgahına qovuşur. Fikirləşirlər ki, bu at elə-belə at deyil. Az qala adam dili bilirmiş. Ona görə də hər adam o ata yaxınlaşar və onun yalmanına sığal çəkərmiş. Bu atı da əvvəllər kolxoz sədri minirmiş. Kolxoz sədri rəhmətə gedəndən sonra at nə ot yeyir, nə də su içir. Rəhmətliyin qırxı çıxandan sonra təzə kolxoz sədri onun həyətinə gəlir, ailəsindən, balalarından halallıq istəyib atı aparmağa çalışır. At həmin kişini görəndə fınxırır və ayaqları ilə yeri cırmaqlayır. Təzə kolxoz sədri görür ki, bu həna o hənadan deyil. O atı götürüb aparsa, at onu yerə çırpacaq, bəlkə də ayaqları ilə dəli inək balasını ayaqlayan kimi tapdalayacaq. Ona görə də bu fikrindən vaz keçir və geri dönür.
On-on beş gündən sonra kəndə xəbər yayılır ki, rəhmətə gedən kolxoz sədrinin atının ürəyi partlayıb. At sahibinin ölümünə dözə bilməyib və ölüb. Buna nə sözünüz? Yəqin ki, buna heç kimin sözü ola bilməz.
Gördüyüm bir hadisəni də xatırlatmaq məncə yerinə düşər. Amma bu nə atla, nə dəvəylə bağlıdır. Bu sadəcə olaraq, bir pişiklə əlaqədardır. Çox təmiz və ziyalı bir dostumuz səhər-səhər Şıx çimərliyinə gedir. O, hər səhər dənizdə çimməyi xoşlayırmış. Ona görə də bir-iki dostunu götürüb maşına əyləşər və çimərliyə gedərmiş. Səhər saatlarında yeyib-içəndən sonra suya girmək istəyir. Bu vaxt onun qabağını bir pişik kəsir. O pişiyi sağdan keçmək istəyəndə pişik yenidən onun qabağına keçir. Soldan keçmək istəyəndə yenə pişik ona imkan vermir. Və başlayır pişik onun ətrafında fırlanmağa. Fırlanır-fırlanır, axırda dostumuzu suya girməyə qoymur. Bu vaxt suda bir suiti görünür.
Pişik suitinin dənizdə olmağını sanki hiss edirmiş və buna görə də əməli-saleh insan olan dostumuzu onu gözləyən bəladan xilas edir. Dostumuz da deyir ki, hər səhər dənizə gedəndə həmin pişik qabağıma çıxardı, mən də kolbasadan-çörəkdən onun qabağına atardım. Özgə vaxtlar qabağımı heç vaxt kəsməzdi, cəmi bir dəfə qabağımı kəsdi, onda da məni böyük bir təhlükədən xilas elədi.
İtlə bağlı da bir neçə epizodu xatırlatmaq istəyirik: bu günlərdə yenə internetdə bir görüntü göstərdilər. Həmin görüntüdə itin birini maşın vurmuşdu. Digər it isə onun yanında durub tərpənmir və sanki dostluğa sadiqliyini nümayiş etdirərək onu yenidən həyata qaytarmaq istəyirdi. Hətta maşın sahibləri bu səhnəni görüb sürəti azaldır və maşını həmin səmtdən döndərərək istiqamətini dəyişirdilər. Bu anlara baxanda bir daha yəqin edirsən ki, dünyada bütün canlıların bir-birinə böyük sevgisi, məhəbbəti və istəyi var. Heç kimin xətrinə dəyməsin, illərlə çörək verdiyin, arxa durduğun adamdan sədaqət görmürsən, bir dəfə qabağına sümük atdığın itdən vəfa görürsən.
Bizim kəndimiz işğal olunanda evdən hamımız çıxmışdıq. Bir itimiz vardı, o da zəncirdəydi. İstəmədik ki, zəncirdə qalıb əziyyət çəksin. Qardaşım itin zəncirini boğazından açdı və onu azad elədi. Ancaq it yerindən tərpənmədi. Biz gedəndən sonra darvazaya qədər dalımızca qaçdı. Sonra ayaqlarını yerə qoyub uzanaraq uladı. Hiss eləyirdik ki, it ulamır, ağlayır...
Altı aydan sonra kəndimiz işğaldan azad olundu. Ermənilər qardaşımgilin evini yandırmışdılar. Ata evimizin dəmir darvazası isə güllələrlə deşik-deşik edilmişdi. Kəndə ilk girən qardaşımla mən oldum. Darvazanı açıb içəri keçəndə gördük ki, beş metr o yana tövlənin yanında itin cəsədi qalıb. Və ona o qədər güllə atıblar ki, dəlmə-deşik olub. Görünür, bizim it həyətə yad adam girdiyini hiss edib və ona hücum edib. Bundan da qəzəblənən ermənilər onu güllə yağışına tutublar.
Yazımızın əvvəlində biz sədaqətdən danışırdıq. Dünyagörmüş adamların dedikləri heç də nə nağıldı, nə də əfsanə. Bir daha bu iki epizodu yada salmaqla onu demək istəyirik ki, həqiqətən də insana ən sədaqətli olan dəvə, at, it və pişikdi. Əlbəttə, hər insanın öz düşüncəsi və yozumu var. Bəlkə kimsə bununla razılaşmaya da bilər. Ancaq biz gördüyümüzü və eşitdiyimizi qələmə aldıq...



TƏQVİM / ARXİV