KLiNTON KiMi...

ETİBAR CƏBRAYILOĞLU
34562 | 2009-05-23 08:30
Amerikanın keçmiş prezidenti Bill Klinton işsizliyin daşını atdı. Onun adını işsizlər ordusunun siyahısından silmək olar. Bir zamanlar o boyda vəzifədə çalışan, dünyanın az qala hər nöqtə-vergülünə cavabdehlik daşıyan Klinton özünə yeni iş yeri tapa bildi. O, bundan sonra BMT-nin Haiti üzrə xüsusi nümayəndəsi olacaq. Bu vaxta qədər dünyanın yanan barmağına tüpürməyən BMT-nin Baş katibi Pan Gi Mun əmr imzalayaraq Klintona iş verib. Həmin əmrlə keçmiş prezidentə maaş da kəsilib. Bill Klinton yeni vəzifəsində ildə cəmi 1 dollar maaş alacaq. Min bərəkət, naşükürlük etməyin yeri yoxdu. BMT elə bir qurumdu ki, ondan ildə bircə dollar qoparmaq da qənimətdi.
   Düzünə qalsa, Bill Klintonun pula nə ehtiyacı? ABŞ prezidenti vəzifəsində çalışanda bəs deyincə yığıb. Yadımdadı, camaata arayış-filan yazanda pul almırdı, amma qubernator, nazir təyin edəndə "cib xərcliyi" almamış olmaz. İndi bu yazını "Ədalət"də oxuyub fikirlərimlə razı olmayan tapıla bilər. Həmin şəxs soruşa bilər ki, mən Klintonun ABŞ prezidenti işlədiyi zaman rüşvət aldığını harda görmüşəm? Bəlkə də haqlıdı, Klinton hansısa qubernatordan və ya nazirdən rüşvət alanda mən Amerikada olmamışam. Amma Amerikada olsaydım da prezidentin rüşvət aldığını görə bilməzdim. Kim pulu, rüşvəti üçüncü şəxsin gözü qarşısında verir ki... Dəqiq olan odur ki, Bill Klinton heç vaxt pul-para sıxıntısı yaşamayıb. Öz aramızdı, pulu olmasaydı Monika Levinskinin başına min cür oyun açardımı? Kasıb adam heç Azərbaycanda bazlıq edə bilmir, qalmışdı Amerika ola...
   Pul-paradan korluq çəkməyən Bill Klintonun əsas dərdi işsizlik idi. Axı, belə adamlar vəzifəsiz qala bilmirlər. Kreslodan düşən kimi xiffət edir, min bir xəstəlik tapırlar. Klintonun bəxti onda gətirdi ki, BMT onu Haitiyə vəzifəyə göndərdi.
   İndi bütün dünya işsizlikdən əziyyət çəkir. Böhran üzündən o qədər iş yeri bağlanıb ki, saymaqla qurtarmaq olmur. İş üçün hara gedirsənsə adamın əlini ətəyindən uzun yola salırlar. Nə yaşa fikir verən var, nə də başa. Hamı eyni sözü deyir - iqtisadi böhrandı, iş yoxdu, vəssəlam...
   Klintonun bəxti gətirdi ki, Haitidə də olsa ona iş tapıldı. Ölkədə vəziyyət gərginləşdiyindən BMT Klinton üçün ştat açdı. Yoxsa keçmiş ABŞ prezidentinin də adı hələ uzun müddət işsizlərin siyahısında qalacaqdı. Həmin siyahıda elə tanınmış şəxslərin adı var ki, adam oxuyanda dəhşətə gəlir. Mən bir dəfə siyahını vərəqlədim, heyrətdən tüklərim biz-biz oldu. Elə bil Aqata Kristinin detektiv əsərini oxudum.
   BMT-nin köməyi ilə keçmiş ABŞ prezidenti Bill Klintonun adı işsizlər siyahısından çıxarıldı. Dünyaca məşhur dövlət xadimi, siyasətçi, həmişə rəsmi səfərlərə gedən, böyük adamlarla oturub-duran, gülə-gülə şəkillər çəkdirən, mətbuatın diqqətindən düşməyən Bill Klinton ildə bir dollar maaşla iş tapdı.
   Qaldı sən, mən, biz, onlar...

TƏQVİM / ARXİV