BİTMƏMİŞ ÖMRÜN NAğILI

VAQİF YUSİFLİ
44528 | 2015-02-06 01:52
O, cavan ikən həyatı, bu işıqlı dünyanı tərk elədi. Amansız xəstəlik onu heç də arzulamadığı, haqqında belə düşünmədiyi ölümə ürcah elədi.
Mahir İsmayıl oğlu Səmədov.
Şair kimi öz yaşıdları arasında seçilirdi və inanırdıq ki, poeziyada yeni uğurlara imza atacaq. Mahir Səmədov imzasına oxucuların diqqəti, marağı da artmışdı. Ədəbi-tənqidi icmallarda gənc bir şair kimi adı çəkilir, şeirləri haqqında xoş sözlər deyilirdi.
1989-cu ildə "Yazıçı" nəşriyyatı onun "Bir ocaq başında" şeirlər kitabını çap elədi. Amma bu kitabın doğurduğu sevinci yetərincə yaşamamış qəfil ölüm yaxaladı onu.
Mahir Səmədov Ordubadın Tivi kəndində dünyaya göz açmışdı. Tivi kəndi Kiçik Qafqazın ən uca zirvəsi olan Qapıcıq dağının ətəyində yerləşir. Qapıcıq dağının bir tərəfi Gəmiqayadır-bu qədim yaşayış məskəni bir tərəfi Qız-gəlin çuxurudur, o tərəfdə Naxçıvanın mərcanı adlandırılan Göygöl yerləşir. Tivi belə yüksəklikdə, uca dağlar əhatəsindədir. Rəssam dililə desək, Tivi Naxçıvan torpağının ən gözəl təbiət rəsmlərindən biridir. Bu kənd təkcə təbiəti ilə deyil ziyalıları ilə tanınır. Bircə onu demək kifayətdir ki, Tividən təxminən on nəfər Yazıçılar Birliyinin üzvü olub. Onlardan mənim tanıdığım Elman Həbib (allah rəhmət eləsin!), Sərdar Zeynal və bir də Mahir Səmədovu tanımışam.
Mahir Səmədovun Azərbaycanla, Naxçıvanla, yurdumuzun əsrarəngiz təbiəti ilə bağlı şeirləri də elə bilirəm, öz ilham qaynağını Tividən götürüb.

Çəmənlər boy atar bu ağ yağışla,
Çəmənlər boy atar gün işığında.
Baharın sevgisi çiçək baxışla
Boylanar güllərin yaraşığından.

Yaz günü loğmandı günün istisi,
Buğlanır quzeydə qışın sazağı.
Bu dağın dumanı, ocaq tüstüsü
Bəlkə də könlümün bir qərib çağı.

Yaz günü-dədəmdən, babamdan ulu,
Sevinci işıqlı, arzusu güldü.
Yaz günü-yamyaşıl ömrümün yolu,
Mənə bu yollardan uzun göründü.

Mahir Səmədov səksəninci illərdə ədəbiyyata gəlmişdi. Həmin dövrün poeziyasına xas olan bir çox xüsusiyyətləri onun şeirlərində də izləyə bilirik: vətənpərvərlik, yurd sevgisi, torpağa, təbiətə vurğunluq, özünüdərk, azərbaycançılıq. Həm də bu motivlər əvvəllki onilliklərdən fərqli olaraq yeni bədii təsvir vasitələrə, yeni, təravətli poetik boyalar tələb edirdi. Hiss olunurdu ki, Mahir də bu prosesdən geri qalmır və o da Bəxtiyar Vahabzadə, Xəlil Rza, Məmməd Araz, Sabir Rüstəmxanlı kimi vətənpərvər şairlərin poetik çağırışlarına qoşulur.

Dilimin hər sözü bayatı soyda,
Mən ki ağ olmuram haqqın üzünə.
Mənim ana yurdum Nizami boyda
Görünsə bəsimdi bu yer üzünə.

Sünbülü dən tutar gün işığından,
Ocağı qəlbimdən od alıb yanar.
Yaşıl çinarların yaraşığından
Yaşıl işıq kimi ümid boylanar.

Nankorlar o yerə qoymaz özünü,
Qəriblər qürbətdə ağı deyəcək.
Köksümdə əkmişəm "Vətən" sözünü-
Dilimin ucunda çiçəkləyəcək.

Onun şeirlərinin bir çoxunda ünlü şairimiz Məmməd Arazın yaxşı mənada təsirini hiss edirik. "Tarix müəlliminə" şeiri Məmməd Arazın "Tarixçi alimə məktub" şeirinin təsirindən yaranıb. Bu şeirdə tariximizin yaralı səhifələrinə, qaranlıq guşələrinə poeziya işığı tuşlanır. "Gör hardan başlanır ömrümün yolu" şeirində isə yurda bağlı həməsrimizin sevgisi ifadə olunur. O insanın-o yurddaşımızın Vətən məhəbbəti isə o balaca kənddən, o dağlardan, o şiş qayalardan, o çeşmələrdən başlayır, sonra böyük Vətən sevgisinə çevrilir.

Gör hardan başlanır ömrümün yolu,
Ana öyüdündən, torpaq "dərs"indən.
Gör hardan başlanır ömrümün yolu,
Bir ocaq başından, od istisindən.

Məmləkətimizdə baş verən xaos, hərc-mərclik, onların doğurduğu ağrı-acılar Mahirin şeirlərindən də yan keçmədi: "Bazar bu şəhərə uzanan bir əl, burda yüz tapmaca, burda min nağıl. Hər şeyin tərifi özündən gözəl, Hər şeyin çəkisi özündən ağır".
Nə gördük o illərdəğ "Cib kəsəndi əlimiz, bir də gördük ürəyimiz daşlaşıb. Bir də gördük şum yerində söz bitib". Zaman və meyarlar dəyişilmiş, insanlar da başqalaşmış, özgələşmişdi. Çoxu öz təbiiliyindən uzaqlaşmış, yeni "dəblərə" meyl etmişdi. Amma hələ insanlıq ölməmişdi və Mahir Səmədov da inanırdı ki, "Ömür yollarında yaxşı adamlar İşıq gələn yeri göstərər bizə". Onun şeirlərində kontrastlar güclü idi, mərdliklə namərdlik, həqiqətlə yalan, səmimiyyətlə riyakarlıq sanki döyüşə girmişdilər:

Gəl möhkəm yapışaq haqqın əlindən,
Gəl öz başımızın çarəsin qılaq.
Bir nadan şər deyib, yalan danışsa,
İnanıb sözünə bu yurd, bu oba,
Mərdi qova-qova namərd eyləsə
Onda yaşamağın nə şirinliyi-
Yalan ayaq tutub yeriyəcəksə.

Heyf... Çox az yaşadı Mahir Səmədov. Yaşasaydı, öz poetik istedadıyla daha da irəliyə, şeirinin yeni üfüqlərinə addımlayacaqdı. Amma sözü qaldı, yarımçıq ömrünün təsəllisi olan şeirləri.

Mən bir vaxt gözümü torpağa sıxdım,
Yerində bənövşə bitmədi ancaq.

TƏQVİM / ARXİV