Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | İLLƏR ÖTÜR, ARZULAR GERÇƏKLƏŞMİR... Adalet.az | İLLƏR ÖTÜR, ARZULAR GERÇƏKLƏŞMİR... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

İLLƏR ÖTÜR, ARZULAR GERÇƏKLƏŞMİR...

20924    |   2009-05-16 01:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(əvvəli ötən şənbə sayında)
   
   Çox düşünüb-daşınandan sonra Qorki Moskvaya gedib, Leninlə üzbəüz görüşüb, bütün gördüklərini, bildiklərini ətraflı şəkildə ona danışmaq, ziyalılar arasında artan narazılıq hissini olduğu kimi birbaşa liderin özünə çatdırmaq qərarına gəldi. Çünki bu şəraitdə artıq nə normal işləmək olurdu, nə adam kimi yaşa-maq. Nə olsun ki, ona verilən mənzildə otaqların sayı çox, sahəsi geniş idi. İnsa-nın qəlbi sıxılırsa, beyninin düşüncə qabiliyyəti məngənəyə salınırsa, otaqların sayının çoxluğu hüzur, rahatlıq gətirməz. İnsan öz şəfasını ruhunun sərbəst at oynatdığı məkanda tapar. Rahatlıq insana inam bəslənən, şəksiz iman gətirilən torpaqda tapılar. Bolşeviklərin dilinin əzbəri olan "bərabərlik", "azadlıq", "qardaşlıq", "demokratiya" gözəl çağırışlar idi. Zülmün ərşə qalxdığı məmləkətdə bu sədanın eşqinə insanlar birləşib padşahı devirdilər. İnqilab tonqalında bütün pislikləri yandırıb ağ günə çıxacaqlarını güman etdilər. Amma illər ötdü, arzularsa gerçəkləşmədi. Əksinə, kim ki adam kimi yaşamaq haqqına sahib olduğunu dilə gətirirdisə, xalqa verilən yağlı vədləri rəhbərlərin yadına salırdısa, dərdini qonşusuyla bölüşürdüsə, ürəyini iş yoldaşına açırdısa, adı "təxribatçı", "xalq düşməni" siyahısına düşür, qisməti sürgün, ya da qurşun olurdu. Ayaqlar Tayqa meşələrinin soyuğundan donur, ürəklər yalnız odlu silahlardan açılan güllələrlə qızınırdı. Daha bunun nəyi azadlıqdır, demokratiyadır, bərabərlikdir? Xarici dillərdə danışan hər kəsi potensial casus biləcəkdilərsə, yüz bilim adam bir dilbilməzin əlində girinc qalacaqdısa, yazıçı Nikolay Qumilyov sobasını odun əvəzinə qalın kitablarla, yazı masasının qalıqları ilə qalayacaqdısa, xalqı ayağa qaldırıb bu qədər qan tökməyə dəyərdimi? Hakimiyyətə gələn kimi xalq komissarları çar canişinlərdən də qansız çıxdılar. Qırmızı komandirlərin bir göz qırpımında neçə ananı, gəlini, qızı ağlar qoymasına bircə kəlmə şübhəli söz, yaxud çəp baxış yetərdi. Ağ generallar sözü üzə qırmızı deyən inqilabçıların heç bu qədər al qanını su yerinə axıtmamışdı. Günbəgün artan haqsızlıq, ədalətsizlik, səriştəsizlik dalğasına "dur" deyən tapılmasa betərin betəri olacaqdı. Qorki düşünürdü ki, Kremldə onun həyəcan təbili eşidiləcək, məmur özbaşınalığı barədə iradları anlayışla qarşılanacaq, dövlət nəzarəti güclənəcək və nəticədə nəsə dəyişəcək. Ən başlıcası da yeni hakimiyyətə, rəhbərliyə inam hissi artacaq. O, bu ümidlə yola çıxdı.
   Aleksey Maksimoviç paytaxta gedəndə Yekaterina Pavlovna Peşkovanın yanında qalırdı. Bu səfərində Leninlə Kremldə deyil, elə həmin mənzildə görüşdülər. Ev şəraitində insan daha sərbəst olur düşüncəsində Qorki, təbii ki, haqlı idi. Amma o gün İliçlə təkbətək danışmaq ona nəsib olmayacaqdı. Yekaterinanın daha iki nəfər mötəbər qonağı vardı: Feliks Dzerjinski və Lev Trotski. Hadisənin şahidi yazır ki, Lenin görüş yerinə tək gəlmişdi. Dzerjinskini isə cəmi bir nəfər əli silahlı çekist müşayiət edirdi. Amma Trotskinin gəlişi möhtəşəm oldu. Öncə bir dəstə qızıl əsgər binanı mühasirəyə aldı. Bir qədər sonra iddiaları özündən qat-qat böyük olan Lev Davidoviç şəxsən təşrif buyurdu. Süfrə arxasında oturub çay içə-içə, özlərini işgüzar söhbətə hazırlayırdılar. Hər üçü diqqətlə Maksim Qorkini dinləyirdi. Yazıçı təbiətən çox həssas adam idi. İnsanın ürəyindən keçəni, səmimiyyət dərəcəsini bir kəlmə sözdən, bircə baxışdan hiss etməyə alışmışdı. Odur ki, eyni məzhəbə xidmət edən üç fərqli adamın yanında ürəyindən keçənlərin hamısını deyil, deməli olduğunu dilə gətirməklə kifayətləndi. Ona bildirdilər ki, qəti qərara gəlməzdən öncə Zinovyevin mövqeyini öyrənmək lazımdır. Qorkiyə nə bir söz, nə bir ümid verən oldu. Əksinə, məsələni belə görüb onu bura gətirən ümidini də "yedi". Amma tezliklə Kremldən şanlı məktub aldı. Lenin yazırdı ki, gedin, əməlli-başlı müalicə olunun, yoxsa biz özümüz sizi göndərməli olacağıq.
   Qorkinin ciyərlərindəki problem təkcə soyuqdəymənin acı nəticəsi deyildi. Gənclik illərində nakam məhəbbət ucbatından özünə qəsd cəhdi barədə bəhs etmişdim. O zaman tapançadan açılan atəş canını almasa da, ciyərini ciddi zədələmişdi. Onun fəsadlarını ömür boyu çəkirdi. Bir yandan da damağından əskik olmayan tütün-tənbəkinin zəhəri zəifləmiş ciyərlərində halət qoymamışdı. Fəsillər dəyişəndə, yaxud əsəbləri ipə-sapa yatmayanda canındakı ağrılar daha da kəskinləşirdi. Qorki xüsusi zərfdəki məktubda yazılanları son xəbərdarlıq kimi qəbul etdi. 1921-ci ilin yazında Aleksandr Blokun ölümü, avqustun 3-də Nikolay Qumilyovun həbsi və bir neçə gün sonra 60 nəfərlə birlikdə dövlət çevrilişi cəhdində ittiham edilərək güllələnməsi onu yaman məyus etmişdi. "Dünya ədəbiyyatı" nəşriyyatının redaksiya heyəti üzvü, tanınmış rus şairi Nikolay Stepanoviç Qumilyovun cəzasının yüngülləşdirilməsi barədə rəsmi müraciətinə də əhəmiyyət verən tapılmamışdı. Belə şəraitdə yeganə çıxış yolu kimi, deyəsən, həqiqətən ölkəni tərk etmək ola bilərdi. Getmək, bu mühitdən uzaqlaşmaq ən doğru qərar idi. Servantesin qəhrəmanı Don Kixot kimi yel dəyirmanları ilə vuruşmaq ona nə verəcəkdi ? Qarşısında dayanansa yel dəyirmanı yox, çərxi-fələyi tərsinə döndərən qan rənginə boyanmış qara qüvvələr idi. Xəstə canıyla əlbəyaxa döyüşlərə də heç cür tab gətirə bilməzdi. Həyatın dibindəkiləri qələminin gücüylə üzə çıxaran yazıçı yeni siyasətin dibinə endikcə kötüksüz hakimiyyət ağacının gerçək mahiyyətini anlamağa başlamışdı. Qorki oktyabrın 16-da Petroqraddan Helsinkiyə səfər etdi. İki həftəyə yaxın orada qalandan sonra yolunu Stokholmdan salıb Berlinə yetişdi. Həkimlərin məsləhətinə görə müalicə üçün İsveçrə daha münasib idi. Bir müddət də orada tədavi gördü. Sonra yenə Berlin... Yenə özlədiyi, səbrsizliklə gözlədiyi Mariya İqnatyevna ilə görüş...
   
   ***
   
   Qorkinin oğlu Nadya adlı gimnazistlə buz meydançasında təsadüfən tanış olanda heç ağlına gəlməzdi ki, tezliklə onunla Almaniyada nigah kəsdirib İtaliyada yaşayacaq. Gözəl yarı olan bu aşiqin özü də yaraşıqlı gənc idi. Kinoya, motosikl sürməyə, fotoşəkil çəkməyə həvəsli oğlanın güclü aktyorluq qabiliyyəti vardı. Deyilənə görə, bir müddət çekistlərin baş idarəsində işləmişdi. Yəqin ki, bağlı olduğu təşkilatdan aldığı ən böyük və ən məsuliyyətli tapşırıq xaricdə yaşayan atasına göz qoymaq, vaxtı gələndə onu dilə tutub Rusiyaya qayıtmaq idi. Almaniyaya getməsinə başlıca səbəb elə bu ola bilərdi. 1922-ci ildə Nadejda ilə Berlinə yollandılar. Sonra atası ilə bərabər İtaliyaya daşındılar. Qorki o yerlərə həqiqətən aşiq idi. Sorrentoda yaşadıqları villa onlar üçün xoşbəxtliyin dəyişməz ünvanına çevrilmişdi.
   
   ***
   
   Sorrento füsunkar təbiəti, təmiz suyu, havası, şəfalı iqlimi olan kiçik kurort şəhərciyi idi. Yerli əhalisi az, qonaqları çox olan cənnətməkan ta qədim zamanlardan nadir istirahət ocağı kimi tanınardı. Mariya ildə bir neçə dəfə uşaqlarıyla görüşmək adıyla onları tərk edib gedərdi. Bəziləri deyir ki, yolunu Londondan salıb həm köhnə dostu Lokkarta, həm də yeni sevdası Ulesə baş çəkirdi. Növbəti Estoniya səfərindən qayıdanda Tanya ilə Paveli də yanında gətirmişdi. Uşaqlar Maksim Qorkiyə tez isinişdilər. Bütün günü bərabər gəzib dolaşır, yaşıdlar kimi atılıb-düşür, oynayırdılar. Bir müddət Sorrentoda qalıb, anaları ilə birlikdə evlərinə döndülər. Gözlənilmədən Estoniyadan ona məktub gəldi. Mariya Alekseyə yazırdı ki, bu gəlişimdə hiss etdim ki, sizə daha əvvəlki tək aşiq deyiləm. Qorki bu etirafın nə demək olduğunu anlamadı. Cavab yazmağa münasib söz də tapmadı. Həqiqətən vəfasızlıq vərəmdən də betər dərddir. Bu dərdi çoxlarına çəkdirən Alekseyin özü indi zərərçəkənə çevrilmişdi. Belə məqamda ona yalnız özünü ələ alıb sakitcə gözləmək, dözmək, səbr etmək qalırdı. Bir gün yenə Mariyanın "ürəyi dözməyib" (ola bilsin Moskvadan tapşırıq alıb - E.B.) onun yanına qayıtdı. Hər şey yenə əvvəlki axarı ilə davam edəcəkdisə, bu yersiz etiraf görən kimə lazım idi? Axı atalar deyib: "ürək ki var şüşədir, sınsa onu kim yamar?" Qorki yenə ciddi surətdə yaradıcılıqla məşğul olur, qonaqlarını qəbul edir, oğlu, gəlini, sevdiyi qadınla məsud yaşayırdı. Mariyanın gizli vəzifəsi isə Qorkinin dost seçimində, yazı və davranış tərzində, mətbuat nümayəndələri ilə söhbətində, müsahibələrində, Sovetlərlə bağlı müxtəlif bəyanatlarında, fikir bildirmələrində siyasi səhvə yol verməsini önləmək idi.
   
   Stalin üsuli-idarəsinin bir özəlliyi də insanları qayğı və diqqətdən daha çox, xof və nəzarətlə əhatə etmək idi. Bunun üçün hər təşkilatda, hər ailədə hər şeyi görən göz, hər danışılanı eşidən qulaq olmalıydı. İndiki halda göz də, qulaq da iki cüt idi: mən oğlu Maksimi və sevgilisi Mariyanı nəzərdə tuturam.
   1925-ci ildə Qorkini baba eləyən ilk nəvəsinin adını sevincək düşüb Marfa qoydular. İkincisi də iki il sonra Neapolda doğuldu. Böyüyəndə Marfa memar, Darya Vaxtanqov teatrının aktyoru olacaqdı. Hələliksə, İtaliyanın bu dilbər guşəsində dünyanın qayğılarından bixəbər olan körpələr babalarının ətəyindən yapışıb yerimək öyrənirdilər.
   Maksim oğul şirinlikdə noğul olmasa da, acı zəhər də deyildi. Hər kəsə üzügülər, şən, mehriban, qayğıkeş insan təsiri bağışlayırdı. Amma hər gözəlin bir eybi var, deyiblər. Zəhmətsevərlik, çalışqanlıq əvəzinə, ona atasından şorgözlük mərəzi keçmişdi. Qürbət ölkədə ailəsindən daha çox özgə qadınlara meyl göstərdiyi azmış kimi, spirtli içkilərə də aludə olmuşdu. Bütün bunlar iki uşaq anası Nadejdanın ümidlərini parçalayırdı. Çox nadir hallarda ərlə arvad arasında qırılmış hissələri bir-birinə calayan anlar yaşanardı.
   
   ***
   
   1928-ci ildə Qorkinin SSRİ-yə uzunmüddətli səfəri baş tutdu. Böyük hörmətlə qarşılanan qonağı xüsusi proqram üzrə gəzdirir, ölkədə baş verən dəyişiklikləri, yenilikləri, əldə edilən nailiyyətləri bir-bir göstərirdilər. Elə bil Sovet hökuməti Maksim Qorkiyə görülən işlərin hesabatını verirdi. Məqsəd onu riqqətə gətirib bütün bunları dünyaya bəyan etməsinə nail olmaq idi. Bir il sonra "Sovet İttifaqında" adlı kitab böyük tirajla çapdan çıxdı və sürətlə yayılmağa başladı. 1931-ci ildə isə Maksim Qorki biryolluq vətəninə qayıtdı. Yeniləşən ölkədə həyatının sonuncu və ən ziddiyyətli mərhələsi qurbansız ötüşmədi. Axırda elə oldu ki, sağlığında adı əbədiləşən yazıçının ağzının dadı büsbütün qaçdı.
   
   ***
   
   Vətənə dönərkən Maksim çox qiymətli şəxsi arxivini yalnız Mariyaya etibar etdi. Demək, bütün baş verənlərə rəğmən Qorki yenə də Mariyanın nərmin əllərini ən etibarlı sayırdı. Bəlkə buna görə xanımın əllərinin bürüncdən tökülmüş fiquru əsl sənət əsərinə çevrilərək onun yazı masasının bəzəyi olmuşdu?
   Beləliklə, Maksim Moskvaya, Mariya Londona yollandı. Niyə? Doğrudanmı, fantastın arzularını gerçəkləşdirmək üçün? İllər Herbertin içindəki aşiqlik alovunu nə qədər zəiflətsə də, tam söndürə bilmədi. Ayrılıq küləkləri adətən közərən məhəbbət ocaqlarını söndürər, tonqalların işığını isə bir az da gur edər. Bu tonqalın istisinə qızınan Uels, tüstüsünə boğulansa onun rusiyalı qələm dostu olacaqdı. O gündən Herbert dəvət aldığı mötəbər məclislərə Mariya ilə gedəcəkdi. Çəkinmədən etiraf edəcəkdi ki, siqaret tüstüsündən səsi xırıldayan, bəzən xəbər-ətərsiz qeybə çəkilib, bir müddət haralardasa dolaşıb, yenidən yatağında peyda olan, güclü-zəif cəhətlərini sonadək bəlli etməyən ərköyün xanım bütün qüsurlarına rəğmən ona qəbuldur. Xəyanəti də ona bağışlayırdılar. Çünki onu necə varsa, eləcə sevirdilər. 1946-cı il avqust ayının 13-də Uels rəhmətə gedəndə miras olaraq kimə nə nəzərdə tutulmuşdusa, yubanmadan çatdı. Varislər arasında mal varlığı bölgüsündə Mariya da vardı. Herbertin vəsiyyətinə əsasən, onun hesabına 100.000 köçürüldü. Bu pulla ömrünün sonuna kimi rahat yaşaya bilərdi. Qorki də Mariyanı quru düzdə qoymamışdı. 1936-cı ildə vəfat etməzdən öncə onun gələcəyini təmin etmək barədə tədbir görmüşdü. Ədib xaricdə dərc olunan bütün əsərlərindən ona çatan müəllif haqqının Mariyanın hesabına köçürülməsi barədə yazılı təlimat vermişdi. Ömür payı Lokkartdan 4, Petersdən 37, Bekkendorfdan 57, Qorkidən 38, Uelsdən 28 il uzun sürən Mariya İqnatyevnanın gördükləri, bildikləri haqqında danışılanlardan, yazılanlardan qat-qat çox idi. Bu vəfasız dünyanın yeni tarixinin 1974-cü ilində onun yatağına yaxınlaşmağa yalnız ölüm kabusu maraq göstərirdi. Bir axşam qulağına Əzrailin pıçıltı səsi dəyəndə evinin qarşısında saxladığı qoşqulu avtomobil bir göz qırpımında alışıb yandı. Maşının özündən qat-qat qiymətli içindəki arxiv sənədləri idi. O sənədlər ki, Sovet dövrünün ən mürəkkəb illərinin ən azından mürəkkəblə yazılan ədəbiyyat salnaməsinin nadir səhifələrini özündə cəmləyirdi. Bir çox sirlərin açarını onların içərisində tapmaq olardı. Müəmmalı yanğından sonra bu ehtimal da aradan qalxdı. Son səfərə çıxan Mariya İqnatyevna zəngin hafizəsində nə qalmışdısa, onları da özü ilə apardı.
   (ardı var)
   
   
   
   
   
   
   
   


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK