adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

QAPILAR DÖYÜLÜR

FAİQ QİSMƏTOĞLU
25299 | 2015-02-05 08:25
Yəqin sizin də qapınızı tez-tez döyürlər. Bəzən görürsən ki, bu qapını döyənlər ya müxtəlif xidmət sahəsinin əməkdaşları olur, ya da dilənçilər. Şübhəsiz ki, qapı döyülən zaman mənzilin sahibi çox narahatlıq keçirir. Ən azından əsəbiləşir və hirsini kiminsə üstünə tökmək istəyir. Amma elə ki, görürsən qapını döyən müxtəlif xidmət sahəsinin əməkdaşlarıdır, bax onda bir balaca sakitləşirsən. Yəni sənə deyirlər ki, suyun, qazın, telefonun və digər kommunal xərclərin pulunu ödəməyin vaxtı çatıb.
Bunları başa düşmək olur. Çünki o adamlar öz vəzifələrini icra edirlər və tapşırılan işi yerinə yetirmək üçün qapı-qapı gəzirlər. Və bəzən də görürsən ki, qapını elə möhkəm döyürlər ki, az qala yerindən çıxa. Qapını açırsan və tanımadığın adamı görürsən. Bax onda dişinin dibindən çıxanı ona söyləmək istəyirsən. Əsəbləri möhkəm olanlar sakitləşir, bir söz demir, əsəbləri zəiflər isə qəzəbini elə həmin adamın üstünə tökürlər.
Bir neçə gün bundan əvvəl yaxın dostum və ziyalı insan olan Səməndər Məmmədov mənə telefon açdı. Dedi ki, bayaqdan iki nəfər gəlib az qala qapını dağıdırlar. Açıb görürəm ki, bir qız, bir də oğlan. Başlayırlar danışmağa, deyirlər ki, biz özəl təşkilatdanıq və içməli suyun tərkibini analiz etməliyik. Mən də bildirirəm ki, ay balam, bu içməli suyun tərkibini siz niyə müəyyənləşdirirsiniz? Bunun üçün dövlət qurumları var və onlar da pis-yaxşı bu işin öhdəsindən gələ bilirlər.
Amma onlar yenə əl çəkmək istəmir, iki ayaqlarını bir başmağa dirəyib bildirirlər ki, suyun tərkibini analiz etməliyik, vəssalam. Səməndər Məmmədov mənim yaşadığım 13 nömrəli binada yaşayır. O qədər əsəbləşmişdi ki, birtəhər onu sakitləşdirdim və dedim ki, həmin adamların hərəkəti tamamilə qanunsuzdur. Sonra da Səməndər müəllim əlavə edib bildirdi ki, vallah, mən bunların işindən baş aça bilmirəm. O günü qardaşımgildə də olublar və onları da dilə-tavazıya tutublar ki, bəs sizin içdiyiniz suyun tərkibi çox pisdir. Hətta evdə olan və Gədəbəydən, Qaxdan və digər yerlərdən gətirilmiş suları cihazla ölçəndən sonra deyirlər ki, bunların tərkibi normadan artıq iki-üç dəfə çirklidir. Belə çıxır ki, həmin suları içmək insan üçün böyük təhlükə mənbəyidir.
Sən demə, özəl qurumun əməkdaşları ev-ev gəzərək bu fikirləri mənzil sahiblərinə çatdırmaqla onların mənzillərində qiyməti 500 manatdan 700 manatadək olan su təmizləyici qurğu quraşdırmaq istəyirlər. Təbii ki, onların fikirləri ilə heç də hər sakin razılaşmır. Amma buna baxmayaraq, bu özəl şirkətin nümayəndələri mənzil sahiblərini elə dilə tuturlar ki, həmin adamlar çox asanlıqla onların toruna düşürlər.
Hətta mənzillərə verilən suyu analiz edərkən onun da tərkibində normadan artıq ağır metalların olmasını bildirirlər. Bu xəbəri eşidən sakinlər isə çıxılmaz vəziyyətə düşür və problemin həlli kimi sutəmizləyici qurğunun quraşdırılmasına razılıq verirlər. Əlbəttə, bir şey könüllülük prinsipi əsasında olmalıdır. Əgər bir sakin istəyirsə ki, mənzilində su təmizləyici qurğu quraşdırılsın, ona heç bir söz demək olmaz. Ancaq kimisə şirin dili işə salıb yola gətirmək istəyirsənsə və onu aldatmağa cəhd edirsənsə, bax bunun axırı heç də yaxşı olmayacaq.
Təbii ki, bəzi özəl şirkətlərin mənzillərə gedərək ev sahiblərinin qapısını döyməsi və onları narahat etməsi heç bir məntiqə, insanlıq normasına sığmır. Bu addımı atanlar kimə və nəyə arxayındır, başa düşmək olmur. Aydındır ki, hər bir qanunsuz addımın məsuliyyəti və cəzası da var. Ona görə də özəl şirkətlərin nümayəndələri mənzillərin qapısını döyərkən etik normalara əməl etməli və kimlərinsə əsəbləri ilə oynamamalıdır.

TƏQVİM / ARXİV