Ömürdən bir gün

ƏBÜLFƏT MƏDƏTOĞLU
34712 | 2009-05-09 07:28
Son günlər həyat yaman cansıxıcı olub. Hərə bunu bir səmtə yozur. Üz tutduğum, həmsöhbət olduğum insanlar müxtəlif səbəblər göstərir, amma onu da bəri başdan etiraf edim ki, bütün münasibətlərin mərkəzində daha çox iqlim dəyişikliyi, hava amili dayanırdı. Hər kəs sanki dəlinin yaxasını tanımışdı. Ağzını açan kimi birinci maqnit qasırğasını, havanın zəhərli olmasını və daha nə bilim hansısa təbii çatışmazlıqları vurğulayırdı. Bax bütün bunların içərisində canımı dişimə tutub nə qədər izah etmək istəsəm də heç kim fərqinə varmırdı ki, təbiət nə qədər amansız olur-olsun bir cəmiyyət faktoru da var, bir insan amili də var. Əgər həmin insan amili insanlıqdan çıxırsa və yaxud sözün bütün mənalarında insanlığı itirirsə, onda təbiət bədbəxt neyləsin. Və nəhayət, təbiəti də biz özümüz bədbəxt etməmişik? Niyə günahı yalnız atmosferdə baş verən hansısa yerdəyişmələrlə, axınlarla bağlayırıq?
   İnsan canını sıxan problemlərin içərisində başını itirəndə dərdini deməyə, həmsöhbət olmağa kimisə axtarır. Ən dəhşətli məqam odur ki, həmin o həmsöhbəti, həmdərdi tapa bilməyəsən və qalasan içində partlaya-partlaya, Sudan çıxmış balıq kimi çırpına-çırpına. Zənnimcə bu anı yaşamayan o partlayışları, o çırpıntıları çətin ki, dursun. Doğrudur, bəziləri təzə bir söz öyrəniblər. Nədənsə narazılıqlarını bildirəndə etinasız şəkildə türk qardaşlarımızın bir sözünü işlədirlir:
   - Bir tərəfini boş ver getsin!
   Bəli, görünür insan "boş" sözü ilə "borc" sözünü ya fərqləndirmək istəmir, ya da elə-belə, onu da taleyin ixtiyarına buraxmağa üstünlük verir. Bir sözlə, nə qədər qulaq qafiyəsi olsa da, amma özlərində ayrı-ayrı böyük mənaları ehtiva edirlər. Təkcə boş qalmaq, əli-ayağı boş olmaq və s. deyil. Həm də borclu olmaq, borclu qalmaq, borcu anlamaq, borcun yükünü çəkmək və s. də var. Deməli, boş əllə, boş cib üz utandırdığı kimi borcu anlamamaq da həm üz utandırır, həm vicdan. Təəssüf ki, indi bir tərəfini "boş verməklə" biz özümüz də bilmədən elə borcu da boşa qatırıq və...
   Dünən çox qəribə bir gün idi. Dünən deyəndə ki, bu mənim üçün dünən anlayışıdı. Ola bilsin ki, bu oxucu üçün başqa bir gündü - bir ay bundan öncədi və yaxud da bir həftə bundan öncədi, bilmirəm. Mən dünəni bir qəribə məqamla yadımda saxladım. Səhər gözünü yenicə açırdı ki, bir yaz yağışı başladı. Elə şıdırığı yağdı ki, bir anlıq nə onun səsini tutub saxlaya bildim, nə də onun qəfil başladığı kimi qəfil dayanacağını düşünə bildim. Amma doğrudan da çox qəribə yağış idi. Özümdən asılı olmayaraq evdən bayıra çıxdım, dayandım yağışın altında. Kimsə kənardan baxıb məni dəli də hesab edə bilərdi. Özünüz fikirləşin, səhər gözünü yenicə açır və sən də o gözünü yenicə açan səhərin yağışının altında dayanmısan...
   İlahi, möcüzələrinə şükür! Mən bu qəfil yağışı bir möcüzə sandım. Və elə o möcüzənin işığında da öz-özümə pıçıldamağa başladım:
   
   dünən
   hər şey gözəl idi
   hava da, əhvalım da...
   və mən də
   bu gözəl havada
   gözəl əhvalımla
   ancaq sənli anları
   təkrar yaşayırdım...
   heç bir kəslə bölmədən...
   dünən
   anladım ki,
   hər şeyin gözəlliyi
   bir də ondaydı ki,
   göstərişsiz-filansız,
   hətta
   xüsusi bir plansız
   yaşadıqlarımı
   dəli kimi
   danışdıqlarımı
   yanından ötənlər görmədi...
   eşitmədi...
   və başlarını bulayıb
   Mədətin oğlu
   əlli yaşında
   havalanıb demədi...
   
   Bəli, dünən ömürdən bir gün idi. Elə bir gün ki, onu unutmaq da çətindi, yaşamaq da. Nə isə...
   
   

TƏQVİM / ARXİV