adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

QüRUR MƏNBƏYi

VAHİD ƏLİFOĞLU
20751 | 2009-05-09 07:21
... Kişilər varıdı, Babək, Koroğlu,
   Papağı, arvadı, atı kişiydi.
   Çoxları keçibdi bu uzun yolu,
   Kişilər varıdı, adı kişiydi...
   
   ... Çadıra şəhərdən tanınmış bir şəxs gəlmişdi. Ətrafına yığışmış köçkünlərin gileyi-güzarını, şikayətini dinləyib ümumi dilxorçuluğu aradan götürmək üçün belə bir zarafat etdi:
   - Yaxşı, deyin görüm bayramınız necə keçdi? ("Novruz" bayramı günləri idi - V.Ə) Axşam neçə qapıya papaq atdınız?
   Bir anlığa ortalığa ağır bir sükut çökdü. Nəhayət ağsaqqallardan biri dilləndi:
   - Hörmətli yoldaş! Səhər açılana qədər çadırı ələk-vələk elədik, bir dənə də papaq tapa bilmədik...
   ... 93-cü ildə rayonumuzun başçısı Nofəl bəy bütün vəzifə sahiblərinə göstəriş vermişdi ki, hamı işə maşınla deyil, atla gedib-gəlsin. Sovxoz direktorları, icra nümayəndələri, idarə müdirləri şəhərə iclasa çağırılanda atları maşina mindirib şəhərin kənarınacan aparırdılar, orda atları düşürdüb özləri minirdilər və gedirdilər tədbirə. Yığıncaqların birində hətta bir nəfər vəzifəli təklif etmişdi ki, icra hakimiyyəti binasının yaxınlığında atlar üçün xüsusi tövlələr tikilsin, aparatda mehtər ştatları təsis edilsin... Düzdü, ilk günlər az qala yatanda da maşından düşməyən "anadangəlmə" möhürlər üçün çox çətin oldu. Belə ki, atdan düşüb piyada ikincə addım atanda çox yöndəmsiz və əcaib vəziyyətə düşürdülər... Amma ata, papağa qayıdışa bir şey qalmamışdı ki, erməni başını bacadan soxdu içəri ki, kirvə, allah qüvvət versin...
   ... Papaq kişilik, at qeyrət, arvad namusdur. Bu müdrik və fəlsəfi kəlam köhnə kişilərə məxsusdur.
   
   ... Qeyrət sınağından keçib getdilər,
   Onların məzarı ziyarət yeri.
   Kişilər varıdı, köçüb getdilər,
   Qaldı qanımızda kişilikləri...
   
   Papağı müqəddəs ziyarətgahların önündə çıxararlar. Bizim ziyarətgahlarımız ayaqlarımızın həsrətini çəkən torpaqlarda qaldı. Qarabağ atları qarlı dağların ətəklərində kişnəmir, tay... Qulaqlarını sallayıb İmişlinin, Kürdəmirin yulğunluqlarında yabı kimi oxranırlar...
   ... Bilmirəm, mənim düşündüklərimin Vəsilə Usubovanın erməni gözəlləri ilə keçirdikləri günlərin xəyallarından doymayan kişilər haqqındakı qənaətlərinə nə qədər dəxli var? Nəzərə alsaq ki, Vəsilə xanım qadındır və mən şərəfsiz yudsuzluq həyatı yaşayan kişiyəm. Deməli, bu tamam haqlı qadın qınağının mənə, bütün olub-keçənlərə cavabdeh olan kişiyə bir başa dəxli var. Biz hamımız, qürurlu və başını dik tutub yeriyən qadınların kişisi olmağa borcluyuq. Və bu borcun ödənişi heç də erkəklik missiyası ilə yekunlaşmır...
   ... Papaq, arvad, at anlayışında bizdən ən azı min il geridə qalan ruslar xalası, əmisi qızları ilə evlənmirlər. Onlar xalaqızını, əmiqızını doğma bacı hesab edirlər...
   ... Papaqlarını alınmaz qala, atlarını etibarlı, vəfalı dost, arvadlarını dişi aslan hesab edən, tarixi qılıncları ilə yazan şahların saraylarında "bəslənən" oğlan uşaqları və axta xacələr...
   ... Artıq neçənci dəfədir ki, yaxın ətrafımdakı dostlarımdan biri ilə (O, ixtisasca tarixçidi- V.Ə) apardığım mübahisə dava-dalaş həddinə çatır. Dostum iddia edir ki, Babək bacısı ilə evlənib. Mən də az-çox oxuduğum, eşitdiyim məlumatlardan tutarlı bir sitat gətirirəm ki, elə deyil, evləndiyi atasının ikinci dəfə aldığı arvadın yanında gəlmiş qızdı...
   ...Yaxşı kişilər yaxşı atları minib getdilər... Bəs niyə onların yerində qalanlara yaxşı at, yaxşı papaq, yaxşı arvad qalmadı?...
   ... Tibbə görə qan qəbul edilmiş qidanın qara ciyərdə bir çox mürəkkəb proseslərdən sonra çevrilməsidi. Qan orqanizmin ən əsas həyat mənbəyidi. Qan yaddaşı, qan qohumluğu, qan düşməni... Bu yozumlar da bizim tapıntılarımızdı. Qanımıza qan qarışdı, zəhər hopdu, haramlıq damcıları və haramzadələr doğuldu. Təmiz qanlılar qan uddurdu, qarışıq qanlılar süfrə açdı düşmənlərə... Beli bizdən, bətni yaddan...
   ... Varı-dövləti, hökmü, qüdrəti arvad döşəklərinə xərclənən başı yaylıqlı kişilər... Atların doğduğu, atları eşşək olan qatırlar...
   ... Ən bahalı papaqları siçan-siçovul, qoyun-quzu dərisindən tikilir...
   ... Otuz il erməninin qoyunlarını otaranların uşaqlarının adı erməni adıydı, sir-sifəti də erməni sifəti... Di gəl ki, bir az yeyib-içib qızışanda fəxrlə deyirdilər:
   - Ferma müdirinin arvad cinsindən nə qədər qohum-əqrabası var idisə, hamısıynan gəzirdik...
   
   ... Bu dünya alandan, satandan doyub,
   Bütün bazarların sonu çadırdı.
   Birin də özünün başına qoyub,
   Bir arvad çadırda papaq satırdı...
   
   ... Belə xəcalətin, dərdin bəlkə də,
   Qabağına düşən elçisi olmur.
   Arvad papaq tikib satan ölkədə,
   Kişi başlarının ölçüsü olmur...
   
   ... Tuman bazarlarda satan kişidi,
   Bu səs kimə çatır, ay papaq alan.
   Çadırlar tökülmüş tuman kimidi,
   Arvad papaq satır, ay papaq alan...
   
   ... Gecə saat 2-də qəsəbənin aşağı başında bərk səs-küy, vay-şivən qopdu. Orta yola çıxıb qoşuldum üzü aşağı qaçanlara. Məmməd müəllim həyətində adam əlindən tərpənmək mümkün deyildi. Məmməd müəllimin arvadını huşsuz vəziyyətdə uzandırmışdılar palazın üstünə. Sifətində qanı qurumuş dırnaq izləri. Barmaqlarının arasında başından çıxardığı iki qom tük... Öyrəndim ki, bu bədbəxt "Ekstraseans" verilişinə "düşüb" və 93-də itkin düşmüş oğlunun indi harda olduğunu soruşub. Verilişdə iştirak edən "vergili" də əminliklə, bir başa deyib ki, bəs oğlunuz sağ deyil...

TƏQVİM / ARXİV