adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

YENİ İLİN "AZƏRBAYCAN"I

ƏBÜLFƏT MƏDƏTOĞLU
15174 | 2015-02-04 09:41
Təbii ki, başlanan hər yeni il həm də özündən öncəki illərin davamıdı. Yəni təqvimdə günlər, aylar, illər bir-birini əvəz etdikcə, bu əvəzləmə özü ilə birlikdə biz insanların gördüyü işləri də davam etdirir, çeşidləyir. Bu mənada yaradıcı insanların, bütövlükdə yaradıcılıq mətbəxinin də iş planı həmin o günlər, aylar, illər istinadən tərtib edilir. Artıq 100 yaşına yaxınlaşmaqda olan "Azərbaycan" jurnalı da bütün bu illər ərzində məhz həmin o üsluba sadiq qalaraq oxucu qapısını vədəsində döyməyə tələsiyib. Doğrudu, müəyyən zamanlarda ölkə həyatı ilə bağlı olaraq jurnalın da dünyaya gəlişi bir az axsasa da, amma o, öz dövrülüyünü saxlaya bilib. Sevindirici haldır ki, son iki-üç ildə artıq jurnalın gözlənilən məqamda biz oxuculara gəlib çatması istiqamətində aparılan işlər öz bəhrəsini verib. Bax elə artıq yeni ilin ilk ayında, yəni yanvarın ikinci ongünlüyündən bir qədər sonra Azərbaycanın bu il üçün ilk sayı biz oxuculara təqdim edildi.
Jurnal yenə öz sifətini olduğu kimi qoruyubdu. Gözümüz onun çöhrəsinə alışdığından çoxlu sayda dərgilər arasında onu dərhal seçib ayırmaq mümkündü. Mən şəxsən jurnalın bu xarici görkəminə, yəni üz qabığına bir növü vurulmuşam və həmin tərtibatı görəndə dərhal anlayıram ki, qarşılaşdığım bu jurnal mütləq "Azərbaycan"ın hansısa bir sayıdı. Əgər onun üzərində əks olunan mənzərələri diqqətli oxucu kimi bir-birinin ardınca, yəni nömrələrə uyğun düzsək, zənn edirəm ki, bu mənzərələr ümumilikdə bizə bir Azərbaycan adlı məmləkəti təqdim edər. Deməli, tərtibatın özü də mətbu məhsulun artıq nədən, hardan, kimdən xəbər verdiyini, nəyi əks etdirdiyini az-çox söyləmiş olur.
Bu gün ilk sayını oxuculara təqdim etdiyim bu ilin "Azərbaycan" jurnalı ən böyük ağrımız və ən böyük qələbəmiz olan 20 Yanvar şəhidlərinin anımı ilə başlayır. Redaksiyanın 25 illik ağrımıza, şəhidliyimizə, qəhrəmanlığımıza ünvanlanan təqdimatı bizi həmin o illərə aparır. Və biz o şəhidliyin qarşısında baş əyməklə yanaşı, qazandığımız müstəqilliyin əzəməti önündə də qürur hissi keçiririk. Jurnal ənənəsinə uyğun olaraq yenə müxtəlif bölümlərdə oxucu qarşısına çıxır. Poeziya sevənlər ilk sayda tanınmış şairimiz, hər kəsin yaradıcılığına hörmətlə yanaşdığı dəyərli Vaqif Bəhmənlinin "İyirmi beş şeir" adlı poeziya çələngi ilə qarşılaşacaq.
Bu şeirlərin hər birində Vaqif Bəhmənlinin özünə və sözünə sadiqliyi, səmimiyyəti, bütün çalarlarıyla diqqəti çəkir. Həmin poeziya dünyasının nümunələri ilə tanış olduqca şəxsən mən daxilən bir rahatlıq, bir dinclik tapdım. Çünki bu misralar həm üslubuna, həm təqdimatına, həm də daşıdığı yükə görə mənə çox doğmadı. Vaqif Bəhmənli yazır:

Ağlatma anamı, ağrı,
bir də gördün yox olmuşam...
Ağrıtma canımı, ağrı,
mənki səndən doğulmuşam!

Ağrı, nəfəs də, köks ötub,
bir az soyutsun hirsin.
Verdiyin bir candı, götür,
canım gözünə girsin.

Və yaxud başqa bir şeirində Vaqif Bəhmənli yazır:

Şeir göydən tökülmür,
yerdən yığılmır şeir.
daşa çal tikələnmir
qığılcım çaxır şeir.

Sanma şeirdi hər yan,
sanma hər çuxur şeir-
axır damardan qan-qan
ciyərdən çıxır şeir.

Bir kimsəni aldatmır,
gözə düz baxır şeir.
nadan başına çaxmır,
havayı axır şeir.

Şeir Allahın adı-
dərgaha qalxır şeir.
qəmlini güldürür,
şadı
yandırıb-yaxır şeir.

Jurnalın bu sayında əyalətdə yaşayan, amma şeiri ilə hər gün hər birimizin qonağı olan Barat Vüsalın yeni söz çələngiylə qarşılaşırıq. Onun özünəməxsus şeirləri bu dəfə də oxucuya dəyərli bir hədiyyədi. Mən poeziyasının daimi izləyicilərindən biri olduğum Barat Vüsalın bu saydakı şeirlərini də birnəfəsə oxudum və gördüm ki, Barat Vüsal yenə öz şeir dünyasının mütləq hakimidi.

Sən verib hər şeyə əvvəl can, sonra...
Dedin Barata da adamsan, sonra...
Mənə də rəhm edib adımdan sonra
Üç nöqtə qoymusan, sağ ol İlahi!

Jurnalın bu sayında Balayar Sadiqin, Ziyəddin Qafarlının da şeirlərinin oxucular üçün mütləq maraqlı olacağına inanıram. O ki, qaldı Zirəddin Qafarlının 60 yaşına, biz də onu təbrik edirik.
Jurnalın daimi oxucuları nəsr bölməsində Məmməd Orucun "Qısa qapanma" romanının əvvəlini, həmçinin dramaturgiya bölümündə Mehman Musabəylinin "Yük vaqonu" dramını, yeni tərcümələri, xatirələri, tənqid və ədəbiyyatşünaslığa dair Nərgiz Cabbarlının fikirlərini və ümumiyyətlə jurnaldakı bir-birindən maraqlı yazıları mütaliə edəndə yəqin ki, bu saydan məmnun qalacaqlar. Çünki jurnalın yaradıcı kollektivi, yəni baş redaktor İntiqam Qasımzadə, onun müavinləri Südabə Ağabalayeva və Əsəd Cahangir, həmçinin məsul katib Tofiq Mahmudov yeni ilin ilk "Azərbaycan"ını biz oxuculara rəngarəng söz çələngi ilə təqdim ediblər. Üstəlik, jurnaldakı kitab rəfi, eləcə də Adil Babayevin xatirəsinə Vaqif Yusiflinin ünvanladığı "Təzədən doğulur şair ölən gün..." yazısı və bir də Qəşəm Nəcəfzadənin "Şəkillər"i şəxsən mənim bir oxucu kimi diqqətimi çəkdi. Düşünürəm ki, jurnalın növbəti sayı bundan da maraqlı olacaq.

TƏQVİM / ARXİV