SƏMA KİMİ TƏMİZ...

FAİQ QİSMƏTOĞLU
57561 | 2015-02-04 09:10
... Stolunun üstündə qara bir bloknot var. Sanki hər tərəfə bir sükut çöküb. Elə bil bu stol da, o qara bloknot da qəm içindədir. Bəlkə də bloknotun qaralığı elə onun yoxluğunun bir rəmzidir. Dünya belədi, bir gün gələn, bir gün də köçünü götürüb Allahın dərgahına gedir.
Sükutu otaq yoldaşı və tələbəlik illərində yaxın dost olmuş jurnalist Ataş Cəbrayılov pozur. Deyir ki, mənim üçün çox sətindir bu otaqda əyləşib işləmək. Ondan sonra əlimə qələm alanda, yazı yazanda elə bilirəm ki, Xəlilin səsini eşidəcəm, nəsə mənimlə zarafat edəcək. Dönüb baxıram, gözüm qara bloknotda ilişib qalır. Bilmirəm, bu çətin anları kimlər necə yaşayıb, mənim üçün də çox ağırdır bu anları yaşamaq.
Gözləri dolur və yenidən öz stolunun arxasına keçir. Elə bil sakitlik tapa bilmir və ayağa qalxıb onun stolu tərəfə addımlayır. Stolun üstündəki qara bloknota ehmalca toxunur və yenidən həyəcanlı-həyəcanlı dillənir:
- Bu stola, bu bloknota heç kim əl vurmayıb. Yəqin ki, rəhmətliyin qırxı çıxandan sonra bu stolun üstündə səliqə-səhman yaranacaq. Amma hər halda Xəlil Cabbarovsuz yaşadığımız bu günlər bizim üçün çox ağırdı...
Xəlil Cabbarov! Mənim tanıdığım və heç kimdə görə bilmədiyim müsbət xüsusiyyətlər var idi onda. Son dərəcə təvazökar, son dərəcə təmiz və son dərəcə də halal bir ziyalı idi. Bəli, sözün həqiqi mənasında o, ziyalı idi. Onu hələ mən Azərbaycan Dövlət Universitenin (BDU-nun) jurnalistika fakültəsində oxuyanda tanıyırdım. Çox istedadlı, zəhmətkeş və bacarıqlı bir tələbə idi. Bizdən qabaq oxuduqlarına görə həmişə onlara hörmət və qibtəylə yanaşardım. Salam verəndə, sonra da heç kimə bənzəməyən bir səmimiyyətlə deyərdi: "Çətinliyiniz yoxdur ki? Kitab-zad tapa bilməsəniz mən kömək edərəm. Bizim fakültənin müəllimləri çox ədalətli və obyektiv müəllimlərdi. Qorxub-eləməyin, onlar savadlı tələbələri çox istəyirlər".
Xəlil Cabbarov jurnalistika fakültəsini 1976-cı ildə bitirib. O, burda çox böyük ziyalılardan və müəllimlərdən dərs alıb. Mir Cəlal Paşayev, Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Nurəddin Babayev, Famil Mehdi, Qulu Xəlilov, Əliş Nəbili... Bu ziyalılardan dərs almaq, elm öyrənmək və jurnalistikanın sirlərini əxz etmək özü bir qeyri-adi həyat idi. Çünki bu ziyalılar dünyanın ən təmiz, ən təmənnasız və ən vicdanlı insanları idi. Məhz Xəlil Cabbarov da bu ziyalıların əlindən su alıb içmişdi və onların göstərdiyi yolla getmişdi. O ziyalılar bizə həmişə Allah sevgisi, halallıq və ədalətli olmağı öyrətmişdilər. Təbii ki, Xəlil Cabbarov da belə bir sağlam, təmiz bir mühitdə böyümüş və cəmiyyət üçün gözəl bir ziyalı kimi yetişmişdi.
Dünyada çox təmiz adamlar olub. Amma bir onu deyə bilərəm ki, Xəlil Cabbarov kimi təmiz adamlar o qədər də çox deyil. Onun dünya malında gözü yox idi. Sadə və səmimi görkəmi ilə insana çox xoş təsir bağışlayırdı. Tanış olan kimi, bir kəlmə söhbət eləyən kimi bilirdin ki, bu insan əsl ziyalı, əsl jurnalist və əsl azərbaycanlıdır. Onun dünya malında heç vaxt gözü olmayıb. Bilmirəm, insan bu qədər tox olarmı və insan bu qədər dünyanın varlığından uzaq gəzərmi? Hər halda, Xəlil Cabbarov belə bir ziyalı idi.
Xəlil Əliabbas oğlu Cabbarov 1954-cü ilin may ayının 17-də Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirəndən sonra "Kənd həyatı" jurnalında işləyib. Sonradan isə "Respublika" qəzetində fəaliyyətə başlayıb. Orda məsul katib və redaksiya müdiri vəzifələrində çalışıb. Özünün gözəl yazıları, gözəl məqalələri və analitik yazıları ilə oxucuların yadında dərin izlər qoyub. Xəlil Cabbarov heç kimin minnətini götürməyib. Jurnalist adını və jurnalist ünvanını həmişə uca tutub. Sadəliyi, səmimiliyi ilə böyük jurnalist dostlarının arasında qeyri-adi bir hörmət qazanıb. Bu da təsadüfi deyil, çünki Xəlil Cabbarov heç vaxt balalarına və ailəsinə haram tikə yedizdirməyib. Əziyyətli, əzablı anları çox olub. Dərdini, qəmini kiminləsə bölüşməyə can atmazdı, amma gözlərinə baxanda görürdün ki, onun gözlərinin dərinliyində çox böyük bir kədər var. O bu dərdi-kədəri heç kimə bildirmədən yaşayardı...
Dəfələrlə onunla metronun "Elmlər Akademiyası" stansiyasının yaxınlığındakı dayanacaqda görüşərdik. Elə bil həmişə onunla bu yerdə vədələşmişdik. Dayanacağa gələn kimi bir az hal-əhval tutar, 39 nömrəli avtobusa minib işə gələrdik. Yolboyu da həmişə deyərdi ki, özündən və sağlamlığından muğayat ol! Amma özü haqqında və ağrı-acısı barəsində bir kəlmə belə danışmazdı. Sonra da avtobusdan düşüb liftlə yuxarıya qalxar, mən 6-cı mərtəbədə, o isə 7-ci mərtəbədə düşərdi.
Ölümündən bir neçə gün əvvəl liftin qarşısında tələbə dostu Ataş Cəbrayılovla dayandığını gördüm. Elə bil Allah mənə dedi ki, sən Xəlili danışdır. O danışmadı, ancaq mən dedim ki, Azərbaycan jurnalistikasında sənin və Ataş kimi jurnalistlər çox azdır. Allah hər ikinizi qorusun. Bir dəfə də iş yoldaşı Kamalla yolda gedəndə hal-əhval tutduq. Onda da bir balaca söhbət elədik və ona cansağlığı arzuladım.
Xəlil Cabbarov 2015-ci ilin yanvarın 19-da Allahın dərgahına qovuşub. Bu xəbəri eşidəndə sözün düzü, çox pis hiss etdim özümü. Hətta təzyiqim kəllə-çarxa qalxdı. Çünki Xəlil kimi təmiz və istedadlı jurnalistləri itirmək tək mənim üçün deyil, elə bu millət və xalq üçün də böyük itkidi. O, "Əməkdar jurnalist" adına layiq görülmüşdü. Ölkə prezidentinin jurnalistlərə həddiyə etdiyi mənzildən də ona pay düşüb. Elə həmişə Xəlil deyirdi ki, şükür Allaha, axır ki, ev aldım, bir az ürəyim sakit olar. Qızını köçürmüşdü, bir nəvəsi də var. Deyəsən, oğlunu hələ evləndirməmişdi. Ancaq səhv eləmirəmsə, ona da hazırlıq işləri görürdü. Deyirdi ki, bu gün-sabah təzə evə köçəcəm...
İş stolunun üstündəki külqabı, eynək və ilin təqvimi sanki onun yoxluğunu duyub. Oğlu dünən gəlib bu eynəyi aparıb. Bunu da tələbə dostu Ataş Cəbrayılov deyir və gözləri yaşarır.
O, təzə evdən əvvəl Allahın dərgahına köçdü. Çünki Allah sevdiyi adamları öz dərgahına daha tez aparır. Xəlil Cabbarov elə bir ömür yaşadı ki, o ömür onu çox ürəklərdə yaşatdı. Təmiz, vicdanlı və səmimi bir insan kimi Xəlil Cabbarov neçə-neçə dostlarının qəlbində və yaddaşında əbədi iz qoyub. Qəbrin nurla dolsun, Xəlil qardaşımız. Allah sənə rəhmət eləsin!

TƏQVİM / ARXİV