adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

QOYUN ƏFSANƏSi

VAHİD ƏLİFOĞLU
24498 | 2009-05-02 00:45
... Əgər qoç qoyundan erkəkliyinə görə fərqlənsəydi, ona qoç deyil, erkək qoyun deyərdilər...
   
   Müəllifi naməlum aforizm.
   
   
   
   Üstü zəmi biçərlər, altı bulaq içərlər.
   
   Tapmaca.
   
   
   
   ... Çadırda Məhərrəm müəllim oğlun evləndirirdi. Hər şey hazır idi. Bir cə toyun keçiriləcəyi yeri müəyyən etmək qalmışdı. Heç cür konkret bir qərara gələ bilmirdilər. Qohum-əqrabanın sayı qədər də variant mövcud idi. Düz bir həftə mübahisə getdi. Axırda Məhərrəm müəllimin atası,çadırın hörmətli, sayılıb-seçilən ağsaqqalı (mən qətiyyən o iddia da deyiləm ki, hörmətsiz, sayılıb-seçilməyən ağsaqqal da var - V.Ə.) Abbas kişi bütün məsuliyyəti öz üzərinə götürüb dedi:
   
   - Mənim kimi kişinin nəvəsinə yaraşmaz ki, toyu çadırda olsun. Toy Bakıda, ən məşhur şadlıq saraylarından birində olacaq...
   
   ... Elə Abbas kişi dediyi kimi də oldu. Amma gəlini şadlıq sarayından bir başa gətirdilər çadıra...
   
   ... Hər bir titul o anda inandırıcı olur ki, onun rəsmi təsdiqlənmiş, möhürlənmiş sənədi olsun. Anam qonşu kəndə, bibisi oğlanlarına qonaq getmişdi. Qayıdanda soruşdum ki, anna, bibin uşaqlarının vəziyyəti, dolanışığı necədi? Anam bir az fikirləşib məyus-məyus dedi:
   
   - Bala, camaatın qohumları vəzifələriynən, diplomlarıynan fəxr edir, mənimkilərində hərəsinin cibində bir "dəlilik kağızı" var, əllərində bayraq edib dolanırlar...
   
   ... Sovet dönəmində belə kağızı olanlara "devit be" deyirdilər...
   
   Aqil Abbas yazır:
   
   - Nikolay vaxtı çox adam paltarını-palazını satıb gedib Tiflisdən bir "bəylik kağızı" alırdı, olurdu bəy...
   
   ... Qarabağ savaşı başlanandan sonra "devit be"lərin sayı yaman çoxaldı...
   
   ... Mən çox şeyin "pripiska"sını görmüşəm, eşitmişəm. Sən demə, ölünün də saxtası, girdiməsi olurmuş. Yüz il heykəlləri önündə and içdiyimiz, şərəflərinə "26-lar" poeması yazdığımız "qəhrəmanlar" 26 deyil, 23 imiş. İndi ha qazırlar üç erməninin nə kəlləsi tapılır, nə də qolu, qıçı. Vaxtı ilə rəhmətlik Səməd Vurğunu da babat aldadıblar...
   
   ... Məşədi Əzizbəyov - quberniya komissarı, Mirhəsən Vəzirov - torpaq komissarı idi. "Azərbaycan tarixi" səh.16.
   
   Elə həmin kitabı yazan da yaxasını cırır ki, bəs azərbaycanlılar heç komissar olmayıblar... Qəribə millətik, vallah. Dərələr doludu qurdun-quşun təmizlədiyi at-it sür-sümüyü ilə. Yığ kisəyə, apar at sərhəddin o tayına, qoy qohumları gəlib aparsın...
   
   ... Kənddə Leninin heykəlinin necə olmuşdusa burnu qopub düşmüşdü. Sovxozun inşaat briqadası bir həftə işlədi. Briqadirlə kim ras tlaşanda soruşurdusa ki, əşi, nə işlə məşğulsunuz? Deyirdi ki, Lenini düzəldirik... "Burun" hazır olan kimi birinci katib gəldi "açılışa". Bir xeyli heykələ tamaşa edib sovxoz direktoruna dedi:
   
   - Bu nədi? Kişinin burnu niyə belə uzun alınıb?
   
   Direktor da kefkom adam idi. Qayıdırdı ki, yoldaş katib, nümunə tapa bilmədik. Usta briqadirin burnuna baxıb, düzəldib...
   
   ... Qabaqlar qoyunlarının sayı əllidən aşağı olanların adı-sanı da çox yüksək olmazdı... Elə ki qoyunların sayı olardı əlli, deyərdilər filankəs oldu bəlli... Hörmətin, fərqlənməyin dərəcə ölçüsü-qoyun...
   
   Tarixdən iki yarpaq:
   
   ... Qara Yusif mərkəzi Van olmaqla Qaraqoyunlu dövlətini yaratdı... 1468-ci ildə Qaraqoyunlu dövləti süqut etdi və Uzun Həsənin rəhbərliyi altında Ağqoyunlu dövləti meydana gəldi...
   
   Qaraqoyunlu dövlətinin banisi Qara Yusif idisə nə əcəb Ağqoyunlularınkı da Ağ Həsən olmayıb? Tarixin sirli səhifələri...
   
   ... Məlik Məmməd atılıb mindi ağ qoçun belinə. Ağ qoç onu tulladı qara qoçun belinə və qara qoç onu apardı qaranlıq dünyaya...
   
   ... Qıpçaq Məliyi Qaraca Çoban, Qaraçı çobanı Eldar məhv etmədimi?..
   
   Ağ qoyunun yunu, qara qoyunun südü. Qoyun pendiri, qoyun qaymağı, qoyun qatığı...Bəs bizi inandırırlar ki, türkün totemi qurdu. Qurd hara, qoyun hara...
   
   ... Şadlıq sarayları var, toylar kralı da ki, taxtı-tacında bərqərar. Gündəlik çörək pulunu qazana bilməyən millət milyondan çox "SMS" göndərdi... Qaldı nə? Toylar yengəsinin seçilməsi üçün əsil məqamdı. Ən baxımlı kanalda... hər bölgənin ən tanınmış, ən "stajlı" yengələrini yarışa çağırmaq sizdən, SMS-də bizdən...
   
   ... Millətimizin işıqlı, nurlu gələcəyi meyxanadı və yaxud Şeyx Əbdül deimşkən bədiyyədi...
   
   İndi meyxana deyənlər şairdən, yazıçıdan elm adamından daha hörmətli, daha populyardı...
   
   ... Bu rabitəsiz düşüncələrimi bir tərəfə qoyub, bir qatar bədiyyəni ərməğan edirəm "Sözüm var"ın münsiflər heyətinə:
   
   
   
   Az deyil ki, məmələkətdə səy kişi,
   
   Dünən qarğa, bü gün olub ley, kişi.
   
   Xanhüseyn, Şahbəndalı, Bəykişi,
   
   Yüz qoyunla özün tutdu, vəssalam.
   
   
   
   Boş lülənin çaxmağına inanma,
   
   Can deyənin axmağına inanma.
   
   Quzu kimi baxmağına inanma,
   
   Vur boynunu, köhnə qurddu, vəssəlam.
   
   
   
   Xaşal qarın çevrildikcə xəndəyə,
   
   Dünya malı şələ oldu bəndəyə.
   
   Ac it kimi elə cumdu cəmdəyə,
   
   Çeynəməmiş lum-lum uddu, vəssalam.
   
   
   
   Minillərin umacağı nədi ki,
   
   Mərifəti, qanacağı nədi ki?
   
   Eşşəklərin yanacağı nədi ki,
   
   Bir az saman, bir az otdu, vəssalam...
   
   
   
   Bir aydı evdə qanqaraçılıq hökm sürür. Arvad iki ayağın bir cüt İran qaloşuna dirəyib ki, get, bazardan sən də iki-üç qoyun al... Qəsəbədə qapısında qoyun mələməyən tək-tük ev qalıb... Qoyun bərəkətdi, qoyun dövlətdi... həm də, qoyundu də...
   
   
   
   P.S. Yazdığım bədiyyə ev tapşırığı qismində qəbul olunsa duelə çıxmağa hazıram.
   
   P.P.S. Başlıqdakı tapmacanın cavabı qoyundu...
   
   

TƏQVİM / ARXİV