YAĞIŞLI HAVALARDA ARA MƏSAFƏSİ SAXLAMAYANLAR

FAİQ QİSMƏTOĞLU
63474 | 2015-02-03 01:33
Möhkəm yağış yağır. Sanki göydən yerə suyu vedrə ilə tökürlər. Bu məqamlarda respublikanın avtomobil yollarında nəqliyyat vasitələrini idarə etmək bir qədər də çətinləşir. Ancaq buna baxmayaraq, Bakı-Quba avtomobil yolunda çoxlu sayda avtomobillər şimal istiqamətinə doğru hərəkət edir. Təbii ki, avtomobillərin sıx olduğu bir məqamda hərəkəti tənzimləmək və baş verə biləcək qəza şəraitini aradan qaldırmaq üçün yol polisinin üzərinə böyük məsuliyyət hissi düşür.
Yol Patrul xidməti Alayının 1-ci tağımının əməkdaşı, polis baş serjantı Tofiq Əhmədov mürəkkəb hava şəraitində xarici markalı avtomobili idarə edən sürücünün ara məsafəsi saxlamadığına görə ona "Dayanma" işarəsi verir. Çünki yağışlı hava şəraitində hər bir sükan arxasında olan sürücü daha diqqətli olmalı və digər nəqliyyat vasitəsi üçün qəza şəraiti yaratmamalıdır. Amma xarici markalı avtomobilin sürücüsü ara məsafəsi saxlamamaqla yağışlı havada qəza şəraiti yaratmışdı. Polis baş serjantı Tofiq Əhmədov sürücü barəsində inzibati protokol tərtib edir və ona məsuliyyətə cəlb olunduğunu bildirir.
Əlbəttə, bütün hallarda bu cür qayda pozuntularının qarşısının alınması bir qayda olaraq hərəkətin təhlükəsizliyinin təmin edilməsinə xidmət edir. Heç kim deyə bilməz ki, qayda pozuntusuna yol verən sürücü hansısa bir qəza şəraiti yaratmayacaq və digər hərəkət iştirakçısının həyatını təhlükə qarşısında qoymayacaqdır.
Şənbə-bazar günləri Bakı-Quba yolunda keçirilən reydlər zamanı bir daha aydın oldu ki, mürəkkəb hava şəraitində nəqliyyat vasitələrini idarə edən bir çox sürücülər kobud qayda pozuntularına yol verirlər. Belə ki, bəzi sürücülər meteoroloji şəraiti nəzərə almır, ara məsafəsi saxlamır və hətta bu cür havalarda sürət həddini aşırlar. Dəfələrlə olunan xəbərdarlığa baxmayaraq, sanki bir çox sürücülərin "Araz aşığından, Kür də topuğundandır". Başqa sözlə demiş olsaq, onlar nə özlərinin, nə də digər hərəkət iştirakçılarının taleyi haqqında fikirləşmək belə istəmirlər. Bu isə son nəticədə ağır qəzalara gətirib çıxarır.
Birinci tağımın komandiri, polis mayoru Mahir Məmmədyarov bildirir ki, şənbə-bazar günləri Bakı-Quba avtomobil yolunda xidmət daha da gücləndirilir. Üstəlik də hava şəraiti yağışlı, yağmurlu və mürəkkəb olanda sutkanın 24 saatı ərzində əməkdaşlarımız var qüvvə ilə çalışırlar. Sirr deyil ki, bir çox ağır qəzalar mürəkkəb hava şəraitində baş verir. Ən azından ona görə ki, bu cür havalarda təcrübəsiz və səriştəsiz sürücülər yol hərəkəti qaydasını kobud surətdə pozarkən idarəetməni itirir, ya nəqliyyat vasitəsini aşırır, ya da digər avtomobillərlə toqquşurlar. Məhz bunların qarşısını almaq üçün tağımımızın əməkdaşları xidmət apardıqları gündüz və gecə saatlarında qəza şəraiti yaradan sürücüləri aşkar edir, qabaqlayıcı tədbirlər və mövcud problemlərin zamanında həllinə nail olurlar.
Keçirilən reyd zamanı 1-ci tağımın əməkdaşları çoxlu sayda kobud qayda pozuntuları aşkarladılar. Sürət həddini aşanlar, ötmə əməliyyatını pozanlar, ara məsafəsi saxlamayanlar, qəza şəraiti yaradanlar, texniki cəhətdən nasaz avtomobilləri idarə edənlər məsuliyyətə cəlb edildilər. Elə sürücülər var idi ki, təkrarən qayda pozuntusuna yol verdiyi üçün onlar yenidən cərimə olundular. Bir çox sürücülər isə qadağanedici işıq lampalarından istifadə etdiklərinə görə saxlanıldılar. Onlar barəsində də inzibati protokol tərtib edildi. Bu zaman bəzi sürücülər yol polisinə etiraz edərək bildirdilər ki, bu lampalar zavod istehsalıdır. Ancaq yol polisinin müdaxiləsindən sonra məlum oldu ki, həmin işıq lampaları zavoda deyil, əlavə avadanlıq kimi sürücülərin istəyi ilə sonradan avtomobildə quraşdırılıb.
Bir çox ipə-sapa yatmayan sürücülər barəsində isə 1-ci tağımın əməkdaşlarından polis baş leytenantı Elşad İsmayılov, polis serjantları Rasim Əliyev, Tofiq Əhmədov, Hikmət Şükürov və başqaları məsuliyyətə cəlb etdilər. Sözün açığı, bəzi sürücülər elə təsəvvür edirlər ki, onlara "gözün üstə qaşın var" demək olmaz. Amma bu dəfə sürücülər bunu gördülər və qanunu pozduqlarına görə cərimə olundular.
Ümumiyyətlə, keçirilən reyd bir daha göstərdi ki, respublikanın avtomobil yollarında yol hərəkəti qaydasını kobud surətdə pozan çoxlu sayda sürücülər var. Onların qarşısını almaq üçün isə birmənalı olaraq qanunun gücündən istifadə olunmalıdır. Çünki qanun hamı üçündür və kimliyindən asılı olmayaraq hamı da bu qanuna tabe olmalıdır.

Reyddə iştirak edirdilər: Mahir MƏMMƏDYAROV- Yol Patrul Xidməti Alayının 1-ci tağımının komandiri, polis mayoru; Namiq ƏZİZOV - 1-ci tağımın naryad rəhbəri, polis kapitanı; Elşad İSMAYILOV - 1-ci tağımın baş inspektoru, polis baş leytenantı; Adil İSMAYILOV - 1-ci tağımın polis baş serjantı; Tofiq ƏHMƏDOV - 1-ci tağımın polis baş serjantı; Faiq QİSMƏTOĞLU - "Ədalət"in əməkdaşı.

TƏQVİM / ARXİV