adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

ZƏLiMXAN YAQUBLA iŞIQ GƏLƏN TƏRƏFƏ

ETİBAR CƏBRAYILOĞLU
47492 | 2009-05-02 00:45
"Səməd Vurğuna, Məmməd Araza,
   
   Bəxtiyar Vahabzadəyə qarşı
   
   hansı hücumlar olmayıb?"
   
   "Bu poemanı oxuyan insan xəstədirsə
   
   şəfa tapacaq, qocadırsa cavanlaşacaq"
   
   "Son vaxtlar Türkiyədə Atatürkə qarşı olan münasibət məni çox narahat edir"
   
   "Sən demə, bu vaxta qədər yazdıqlarım böyük bir müharibənin xırda savaşları imiş"
   
   "İslam dini qumlu bir səhrada yarandı. Amma onu bütün dünyaya türk yaydı"
   
   
   
   "Peyğəm bər" əsərini yazmağa başlamazdan əvvəl hansı yükün altına girdiyimi, hansı şərəfli, mübarək və çətin bir işin məsuliyyətini çiyinlərimə aldığımı çox gözəl anlayırdım...".
   
   "...Zaman-zaman qəlbimdə, ruhumda, varlığımda yaşatdığım "Peyğəmbər"i yazmaq üçün ciddi yaradıcılıq işinə başladım. Xoşbəxtlikdən Ulu Tanrı səsimi eşitdi. "Qurani-Kərim"i dönə-dönə oxudum. Ürəyimin işığını zərrə-zərrə vərəqlərə köçürməkdə yardımçı oldu...
   
   "...Məni "Peyğəmbər"ə çəkib gətirən qüdrətin adı ilahi sevgi, Tanrı eşqi, tükənməz məhəbbət, ölçüyəgəlməz fikir axtarışlarıdır..."
   
   "...Əziz oxucu! Ürəyimin hərarətini, gözümün nurunu, qəlbimin atəşini, ilhamımın bərəkətini və səxavətini verdiyim bu əsər ürəyinizə yol tapa biləcəksə, öləndə qəbirdə sümüklərim də fəxr edər ki, mən də millətim, xalqım üçün Peyğəmbər eşqinə nəsə bir söz deyə bilmişəm.
   
   Ulu Tanrı Sizləri qorusun! Amin!"
   
   Bu fikirlər xalq şairi Zəlimxan Yaqubun yeni qələmə aldığı "Peyğəmbər" poemasına yazdığı ön sözdəndir. Şair dilində söz-söhbət, əlində yeni çapdan çıxan "Peyğəmbər" kitabı redaksiyamıza gəlmişdi. Xeyli söhbət etdik. Zəlimxan Yaqubun sözünə-söhbətinə o qədər başımız qarışdı ki, qonağın şəklini çəkməyi də unutduq.
   
   
   
   - Şair, qoy elə "Peyğəmbər"lə başlayaq ki, söhbətimiz uğurlu alınsın...
   
   - "Peyğəmbər" poeması 60 illik ömrümün bəhrəsidir desəm, heç bir mubaliğəyə yol vermərəm. Bildiyiniz kimi, Borçalıda, hələ o zaman 15 min əhalisi olan Kəpənəkçi kəndində doğulmuşam. Kənd ağsaqqallarının, namaz qılan insanların Peyğəmbərimizin mövludu günü təşkil etdikləri mərasimdə, həmin məclislərdə Yunis İmrədən, Süleyman Çələbidən oxunan ilahilər uşaqlıqdan məni "Quran", mərifət, söz, hikmət üstündə böyüdüb. Belə bir mühitdə böyüdüyümdən zaman-zaman üzümü haqqa tutub haqqa doğru yol getmişəm.
   
   
   
   Ulu Tanrı, olmazları ol eylə,
   
   Ulu Tanrı, məndən sənə yol eylə.
   
   Ulu Tanrı qismətimi bol eylə,
   
   Haqqa doğru yol gedirəm nə vaxtdı -
   
   
   
   deyib, həyatım boyu bu yolla addımlamışam. Haqqa doğru getdiyim yol "Peyğəmbər"ə qədər mənə "Yunis İmrə" dastanı, "Aşıq Hüseyn Bozalqanlı" dastanı, "Saz" dastanı verib. Belə əsərlərim çoxdur. Amma məni "Peyğəmbər"ə yaxınlaşdıran "Yunis İmrə" dastanım olub.
   
   Bayaq dediyim kimi, Borçalıdan götürdüyüm ədəbi yük, yaddaş, söz ehtiyatı ilə təbiəti, dağı, daşı, yeri, göyü oxuya-oxuya Bakıya gəldim. Görün, Bakıda, universitetdə qarşıma kimlər çıxdı? Əli Fəhmi kimi nəhəng alim! Mən ona heyran oldum, o mənə. Öz evində verdiyi dərslərlə məni Allah, Peyğəmbər ruhunda köklədi. Tanrının xoşbəxtliyi ilə Ulu Öndərimiz Heydər Əliyevlə Məkkə ziyarətinə getdim. Bu ziyarət barədə silsilə şeirlər yazdım. Qismət elə gətirdi ki, bir də Məkkədə ziyarətdə oldum. Bütün bu hadisələr, şifahi xalq ədəbiyyatından, əhli-ürfanlarla bağlı öyrəndiyim ustadnamələr, vücudnamələr, cahannamələr, bağlamalar, qıfılbəndlər məni "Peyğəmbər" poemasını yazmağa hazırlayırdı. Sən demə, bu vaxta qədər yazdıqlarım böyük bir müharibənin xırda savaşları imiş. Ən böyük tale əsərimi - "Peyğəmbər"i Allah mənə 60 yaşımın ərəfəsində qismət elədi.
   
   - Bu da olsun Tanrının sizə göndərdiyi yubiley hədiyyəsi...
   
   
   
   - Bəlli toxum, bəlli sünbül, bəlli dən,
   
   Haqq özüdür müşkülləri həll edən.
   
   Yük bağladım, ayaq tutdum əllidən,
   
   Altmışa "Peyğəmbər"lə gəlmişəm.
   
   
   
   Şükür olsun Tanrıya ki, 63 fəsildən ibarət olan "Peyğəmbər" poemasını yaşımın bu mərhələsində ərsəyə gətirdim. Sizə maraqlı bir şey deyim. Mütəxəssislərin köməyi ilə hesablamışam ki, Məkkədə kəsdiyim qurbanla Peyğəmbərin Məkkədə vida mərasimində kəsdiyi qurban arasında 1363 il fərq var. Peyğəmbər də 63 yaşında vəfat edib.
   
   "Peyğəmbər"lə bağlı qələmə sarılanda böyük alimlərimiz Vasim Məmmədəliyevlə, Hacı Azər Turanla, Hacı Sabir Həsənliylə, Hacı Salmanla, Səlahəddin Xəlilovla və Camal Mustafayevlə söhbətləşmişəm. Çünki bu mövzuya müraciət etmək söz adamından böyük risk istəyirdi. İnanıram ki, artıq çap edilən bu əsər hər evdə stolüstü kitaba çevriləcək. Yeri gəlmişkən, onu da deyim ki, "Pedaqogika" nəşriyyatı bu kitabı 18 min tirajla Türkiyədə nəfis şəkildə çap etdirib. Bu məsələdə hörmətli prezidentimizin qayğısı olmasaydı, belə bir böyük tirajın altına girmək çox çətin idi.
   
   "Peyğəmbər"i yazmaqda məqsədim nə olub? Bu gün dünya getdikcə qarışır, tərbiyəsizləşir, cılızlaşır, haqqın dərgahından uzaqlaşır, simasızlaşır, kompüterləşir, robotlaşır və adamlıqdan çıxır. Belə bir məqamda bəşəriyyəti öz əslinə-kökünə qaytarmağın yeganə yolu dini, əxlaqi və mənəvi dəyərlərimizi dünyaya qaytarmaqdır. "Peyğəmbər"i qələmə alanda məsələyə türk-islam kontekstindən yanaşmışam.
   
   Türk dünyasının böyük şairi, bütün yaradıcılığını əzbər bildiyim Mehmet Akif Ərsoy necə də gözəl deyib:
   
   
   
   Türk ədəbsiz yaşamaz,
   
   Kimsə yaşar der, dəlidir.
   
   Türk ədəbin həm sağ gözü,
   
   Həm də sağ əlidir.
   
   
   
   Yəni islam dini qumlu bir səhrada dünyaya gəlsə də, onu bütün dünyaya çəkən türk oldu.
   
   Bayaq dediyim kimi, belə bir böyük həcmli əsəri dünyaya gətirməkdə məqsədim ondan ibarət olub ki, insanları saflaşdıraq, duruldaq, onları haqqa qaytaraq, gəncləri parıltılardan, şoulardan, teleseriallardan yayındıraq.
   
   - Şairləri peyğəmbərlərin davamçıları adlandırırlar. Yəqin elə ona görə də bəşəriyyət bayaq sadaladığımız problemlərlə üz-üzə qalanda şair sözünə ehtiyac yaranır...
   
   - Nizami Gəncəvinin ruhu şad olsun, görün o, "Quran" ayəsini "Sirlər xəzinəsi" poemasına necə ustalıqla gətirib:
   
   
   
   Səfin önü - arxası,
   
   Nə zamansa düzəldi,
   
   Qabağa peyğəmbərlər,
   
   Sonra şairlər gəldi.
   
   
   
   - Hər şair də belə ağır yükün altına çiyin verə bilməz...
   
   - İçərimdə bir daxili arxayınlıq var. Çünki poemanın hər misrasını Allahın mənə verdiyi işıqla yazmışam. İnanıram ki, bu poemanı səbrlə, düşünə-düşünə oxuyan insan xəstədirsə sağalacaq, şəfa tapacaq, qocadırsa cavanlaşacaq, qəlbində çirkab varsa təmizlənəcək, saflaşacaq. Poemada bəlkə də zəif deyimlər var, amma qeyri-səmimi bir kəlmə belə yoxdur.
   
   - Bu günlərdə səsiniz-sorağınız Fransadan gəldi. Şair Zəlimxan qərib elə nə apardı, nə gətirdi?
   
   - Bu səfərimizin əsas məqsədi qədim mədəniyyətimizi, sazımızı, folklorumuzu dünyaya bir daha təqdim etmək idi. Prezident Aparatı, Mədəniyyət və Turizm Nazirliyi səfərimizi yüksək səviyyədə təşkil etmişdir. Çoxsaylı aşıqlar arasından seçdiyimiz beş nəfər Fransadakı Luvr sarayında möhtəşəm konsert sarayında çıxış etdi.
   
   Bizim bu dəqiqə istəyimiz odur ki, saz YUNESKO-nun qeydiyyatına düşsün. Ona görə də belə səfərlərə böyük önəm veririk. Zaldakı 500 nəfərin hamısı say-seçmə adamlar, musiqi mütəxəssisləri idi. Onların alqış sədaları Luvr sarayının divarlarını silkələdi. Hamı təəccüb edirdi ki, bir alət bu sarayı necə titrədə bilir. Strasburqda da çıxışlarımız oldu. Avropa Şurasının 60 illiyi ilə bağlı keçirilən silsilə tədbirlər çərçivəsində bizim nümayəndə heyəti də həmin şəhərdə konsert verdi. Proqramı elə tərtib etmişdim ki, sonda Səməd Vurğunun "Azərbaycan" şeiri ifa olunsun. Təsəvvür edin ki, sonda bütün tamaşaçılar ayağa qalxıb bizimlə birgə "Azərbaycan! Azərbaycan!" deyə səsləndilər. Belə anda şair Zəlimxanın gözü necə yaşarmasın? Çünki Zəlimxan sazın çanağından çıxan adamdır.
   
   
   
   Çiçəklər yazdan doğulub,
   
   Gözəllər nazdan doğulub,
   
   Zəlimxan sazdan doğulub,
   
   Sarıldığım sazdı mənim.
   
   
   
   Bayaq soruşduz ki, nə aparmışdız, nə gətirdiz? Qədim mədəniyyətimizi, sazımızı aparmışdıq. Gələndə də saza, sözə məhəbbət, vurğunluq gətirdik. Fransada elə bil mən saza təzədən vuruldum. Səfərdən qayıdan kimi sazımı bağrıma basıb duz kimi yaladım. Dedim ki, ey mənim sazım, ey doqquz simim, sən ki qərib eldə, Fransada mənim başımı belə uca etdin, gəl səni təzədən bağrıma basım.
   
   - Dədə-babalarımız da həmişə yaxın dostu uzaq yola çıxanda sınayıblar.
   
   - Saz adlı dostumu çox sınamışdım. Bu dəfə təzədən sınadım. Saz həmişəki kimi bu sınaqdan da üzüağ çıxdı.
   
   - Tədbirin Strasburqda keçirilməsində də bir rəmzi məna görünür. Bir neçə ildir ki, biz həmin şəhərdə siyasi diplomatiyamızı nümayiş etdirirdik. İndi isə haqq işimiz uğrunda mübarizəyə sazımız-sözümüz də qoşuldu...
   
   - XXI əsrin ilk onilliyini başa vurmaqdayıq. Bu gün bütün dünya xalqları yaxşı başa düşür ki, hər xalq öz mədəniyyəti ilə böyükdür, güclüdür. Zəlimxan Yaqub sazla danışır, alman skripkayla. Necə də gözəl və təbiidir. Kimisə yamsılayanda özüm olmuram, onun kimi olmaq istəyirəm, amma heç o da yaxın buraxmır. Bütün gənclərə, alimlərə, şairlərə, bəstəkarlara məsləhətim odur ki, böyümək, ucalmaq istəyirsinizsə kökə qayıdın. Bizim yazılı ədəbiyyat şifahi ədəbiyyatımızın yanında bir damladır. Bunu dərviş kimi xalqın içində dolaşan, aranı, yaylağı, kəndi, rayonu qarış-qarış gəzən Zəlimxan Yaqub deyir, həmin şifahi xalq ədəbiyyatımızı dünyaya tanıtmaqda sazın rolu əvəzsizdir.
   
   - Aşıqlar Birliyinin sədri kimi saz sizdə, aşıqlar ordusu sizdə...
   
   - Aşıqlar Birliyi böyük işlər görməyi qarşısına məqsəd qoyub. Çünki uzun illərdi bu qurum demək olar ki, heç bir iş görə bilməyib. Dedi-qodular, intriqalar, çəkişmələr, məhkəmə prosesləri qurumu öz işindən yayındırıb. Bu təşkilatla bağlı böyük arzularımız var. Dövlətin maddi və mənəvi dəstəyi, xalqın köməyi ilə bu arzuları inşallah həyata keçirəcəyik.
   
   - Şair Zəlimxan Yaqub qələmini heç vaxt dincə qoymur. "Peyğəmbər" poemasına nöqtə qoyan kimi yəqin ki, yeni bir əsər başlamısız...
   
   - Şairlər haqqında silsilə şeirlərim var. Bəlkə onu yaxın vaxtlarda "Ədalət"in redaksiyasına təqdim etdim. Ürəyimdə iki müqəddəs mövzu zaman-zaman qaynayır. Son dövrlər Türkiyədə Mustafa Kamal Paşa Atatürkə münasibət məni yaman narahat edir. Ürəyimdə Atatürklə bağlı yanıqlı bir mövzu var. Yazmaq istədiyim ikinci mövzu isə vətənimizin kənarda qalan bir yeri kimi qədim Borçalı mahalı ilə bağlıdır. Bu əsərdə Borçalının dərdləri, ağrıları, başına gətirilən müsibətlər, bugünkü vəziyyəti, söz və saz yaddaşı haqqında yazmaq istəyirəm. Qoy xalq bilsin ki, bütün bunların günahkarları kim olub, xilaskarları kim olub, suyu kim bulandırıb, kim duruldub. Həcminə görə böyük bir əsər olmalıdır. Bəlkə bu əsəri ölənə kimi yazdım. Bu iki müqəddəs mövzudan hansının qabağa düşəcəyini Allah bilir. Gələcək planlarım bu iki mövzu ilə məhdudlaşmır. İçərim böyük mövzularla qaynayır. Əsr, zaman, dövr, tarix, təcrübə göstərir ki, böyük mövzular müəllifin özünü də böyüdür. Yəqin mətbuatda sizə də rast gəlib, ara-sıra bostanıma daş atanlar olur. Amma Allaha and olsun ki, belə şeylərdən qətiyyən narahat deyiləm. Çünki içimdəki gücə, oda, alova bələdəm. Vaxtilə Səməd Vurğuna çəkdirmək istədiklərini indi də mənə çəkdirmək istəyirlər. Onu 50 yaşında xərçəng etdilər. Elə bilirlər ki, mənimlə də bacaracaqlar. Sizə rəhmətlik Süleyman Rəhimovdan eşitdiyim bir əhvalatı danışım. Süleyman Rəhimov danışırdı ki, bir gün beş-altı nəfərlə bulvarda gəzişirdik. Bir də gördük Səməd Vurğun gəlir. Özü də dümağ ağarıb. Siqareti elə çəkir, elə bil paravozdan tüstü qalxır. Şairin halını soruşanda Səməd Vurğun deyir ki, Yazıçılar İttifaqında məni yenə sürüdülər. Əvvəlcə əhəmiyyət vermədim, çünki xalqımın mənə münasibətindən narahat deyiləm. Lakin sonda şairlərdən biri durub dedi ki, ay camaat, Səməd Vurğun şairdimi, onun barəsində bu qədər danışırsınız? Bu sözdən sonra od götürdü məni, iclası yarımçıq tərk etdim.
   
   Görürsüz də Səməd Vurğun kimi şairə nələr çəkdiriblər? Onun ruhundan üzr istəyirəm, Allah Səmədə o imkanı vermədi. Versəydi Səməd Vurğun məndən on dəfə böyük işlər görər, öz haqqı uğrunda sona qədər vuruşardı. Vaxtilə Səməd Vurğun barəsində o sözləri deyən adamın adı indi heç it dəftərində də yoxdur. Amma Səməd Vurğun hələ min ildən sonra da göyün yeddinci qatında duracaq.
   
   Mənim ünvanıma, bostanıma atılan daşlara əhəmiyyət vermirəm. Böyük Nazim Hikmət demişkən, sizin iradlarınız mənə vız gəliyor. Zəlimxan Yaqubun yazdıqları, yaratdıqları yanında, "Əbədiyyət dastanı", "Yunis İmrə dastanı", "Peyğəmbər" poeması yanında onların dedikləri çox xırda məsələlərdir. Çünki içəri dünyam böyükdür. Bir para adamlar məni yolumdan, mövqeyimdən döndərə bilməz.
   
   - Səməd Vurğundan xeyli əvvəl də, sonra da şair və yazıçılar arasında belə mübarizələr olub. Təəssüf ki, bu gün də davam edir. Niyə qələm adamları bir-birinə belə qənim kəsilirlər?
   
   - Belə şeylərə təbii baxmalıyıq. Çünki Allah böyük istedadı hamıya vermir. Böyük istedadlar həmişə balaca istedadların hədəf nöqtəsi olub. Səməd Vurğuna, Məmməd Araza, Bəxtiyar Vahabzadəyə qarşı hansı hücumlar olmayıb. A kişi, Xəlil Rza Ulutürkü nə günə qoydular? Oğlu Təbriz onun qanının arasına girdi. Oğlu şəhid olandan sonra Xəlildən əl çəkdilər. Zaman-zaman belə şeylər olub. Bu da ondan irəli gəlir ki, istedadı, ürəyi, faktı, əsəri-kitabı, xalqın yaddaşında yeri olmayanlar Allahın istedad verdiyi insanlara həmişə paxıllıq ediblər. Füzuli, Üzeyir bəy, Cavid əfəndi, Səməd Vurğun paxıl ola bilərdimi?
   
   Bu günə kimi Zəlimxan Yaqubun dilindən kiminsə ünvanına xoşagəlməz ifadə eşidən olubmu? Ola da bilməz. Çünki mən özümdən əvvəlki şairlərin qarşısında ehtiramla baş əymişəm. Günü bu gün də məndən əvvəlki nəslin nümayəndələrini - Anarı, Əkrəmi, Vaqif Səmədoğlunu görəndə özümü yığışdırıram. A kişi, bunlar yazıçıdı, şairdi, xalqın sərvətidi. Ramiz Rövşən kimi sərvəti biz qorumasaq, kim qoruyacaq? Ramiz Rövşənlə, Vaqif Bayatlı ilə yaradıcılıq stilimiz fərqlidir. Amma bu vaxta qədər mən Ramizin, Vaqifin dilindən ünvanıma xoşagəlməz bircə ifadə də eşitməmişəm. Çünki onların səviyyəsi var, bilirlər ki, Zəlimxan Yaqub kimdir. Zəlimxanın bostanına daş atanlar isə onun yaradıcılığını bilməyən, oxumayan çayxana-meyxana həvəskarlarıdır. Bunlar ötüb keçəcək.
   
   Sizə şahidi olduğum dəhşətli bir hadisəni danışım. Universitetdə oxuyanda rektorumuz, yarımkeçiricilər üzrə tanınmış alim, yaxşı insan Mehdi Əliyev idi. Rəhmətlik haqqında beş-altı adam həmişə ora-bura yazırdı. Bir dəfə universitetdə toplantı keçirilirdi. Mərkəzi Komitədən də nümayəndələr gəlmişdi. Tribunaya çıxanlar Mehdi Əliyevi tənqid etdilər. Sonda Mehdi müəllimə söz veriləndə dedi ki, kimin ürəyində mənə qarşı söz qalıbsa desin. Rəhmətlik dedi ki, camaat, mənim əleyhimə danışanları gördünüz də. Onların dedikləri bu qədər sözün bircəsini mənə Mahmud Cavadov kimi böyük alim desəydi, bu gün gedib özümü kəndirlə asardım.
   
   Yenə deyirəm, zaman-zaman belə olub. İstedadsızlar istedadlı insanları məhv etmək üçün növbəyə dayanıblar. Mənim haqqımda elə ağ yalanlar danışılıb ki, ayağımın altından yel qaçıb.
   
   Görürəm ki, söhbətimiz maraqlı alınır. Gəlin sizə bir əhvalat da danışım. Konservatoriyanın qarşısında Üzeyir Hacıbəyova qoyulan heykəlin açılışı imiş. Jurnalistlərdən biri görür ki, açılış mərasimində Üzeyir bəyin xanımı Məleykə xanım iştirak etmir. O Məleykə xanım ki, yetimlər anası olub, böyük işlər görüb. Jurnalist Məleykə xanımı tapır, görür ki, Üzeyir bəyə heykəl qoyulmasından sevinmir. Səbəbini soruşanda Məleykə xanım deyir ki, neynirəm quruca daşı? Üzeyir bəy xəstə yatanda 6 ay qapıları döydüm. Nə qədər dedim ki, a kişilər, gəlib Üzeyir bəyi lentə alın, qoy gələcək nəsillər görsün ki, Üzeyir bəy nə yeyib, nə geyinib, necə oturub-durub. Amma heç kim gəlib çəkmədi ki, tarixdə qalsın. İndi heykəl qoymağın nə mənası?
   
   Azərbaycanın böyük istedad sahibləri tarix boyu cılız insanlardan müsibətlər görüblər. Bu dünən də belə olub, bu gün də belədir, sabah da belə olacaq. Həmişə bir tərəfdə Peyğəmbər, bir tərəfdə Əbu-Süfyan, bir tərəfdə İmam Hüseyn, bir tərəfdə Yezid olub. Allah varsa, digər tərəfdə də şeytan var. Mən niyə həmişə meydandayam? Çünki heç kimin xətrinə dəyməmişəm, heç kimin şəxsiyyətini aşağılamamışam. Həmişə insanı böyük görmək istəmişəm. Bu gün bostanıma daş atanların kürəyində həmişə mənim əlim olub. Amma belələri haqq yoluna gəlsələr yaxşı olar. Belələri nurla, işıqla, məhəbbətlə gəlsinlər. Dədə-babalarımız bizə həmişə işıq gələn tərəfə getməyi məsləhət görüb. İşıq tərəfə gedəni işıq, zülmət tərəfə gedəni zülmət-qaranlıq qarşılayacaq.
   
   - İşıq gələn tərəfdə görüşənədək, şair.
   
   - İşıqda görüşək!
   
   

TƏQVİM / ARXİV