adalet.az header logo
  • Bakı 20°C

AğLAYAN BULUDLAR

ƏBÜLFƏT MƏDƏTOĞLU
36555 | 2009-05-02 08:11
Aran adamını deyə bilmərəm, amma dağlıq bölgələrdə yaşayanlar yəqin ki, müşaşidə edibdər. Göy üzünə əl içi boyda bulud gələndə adama elə təsir bağışlayır ki, sanki o bulud yavaş-yavaş yerə yaxınlaşır. Elə bil kimsə o buludun ətəyindən yapışıb onu üzüaşağı çəkir. Və bir də onu görürsən ki, o bulud ya dumana, ya çənə çevrilib enib ayaqlarının altına, dolub dərələrə, yarğanlara. Və hətta bəzən dağın əl çatmayan bir zirvəsinə qalxanda həmin o buludu rahatca ayaqlarının altında görürsən... göy üzü bəmbəyaz olur, amma aşağıda xalı kimi naxış-naxış buludlar...
   
   Mənə elə gəlir ki, son illərin qəribə təbiət hadisələri təkcə iqlim dəyişiklikləri ilə bağlı deyil. Burda nəsə qeyri-adi bir səbəb var. Lap ola bilsin ki, müəyyən kitablarda yazıldığı, bəzi münəccimlərin dediyi kimi, dünyanın sonu ilə bağlıdır, məhşər gününün yaxınlaşması ilə əlaqədardır. Məni ümidsizlikdə və yaxud da özünəqapanmaqda qınamayın. Doğrudan doğruya baş verənlər təbiətin təkcə şıltaqlığı deyil. Bu anomaliyalar, bu qeyri-adiliklər hardansa qaynaqlanır...
   
   Təkcə aprel ayının günlərini gözünüzün önündən keçirin. Bu otuz günün ərzində məmləkətimizin hava durumunu xatırlayın. Bir yanda qar yağdı, bir yanda güclü yağışlar, başqa bir tərəfdə külək, qasırğa... Baş aça bilmədik ki, ilin hansı fəslidi, hansı günüdü, hansı saatıdı. Bax bu baş aça bilmədiyimiz havanın içində də insanların öz havaları da var idi - cəmiyyətdən, siyasi durumdan gələn hava. İstər-istəməz bu havalar küləyin qovduğu buludlar kimi bir-birinə qarışırdı. Qarışdıqca da o bulud ağırlaşırdı. Yerə, bizim çiyinlərimizə daha çox yaxınlaşırdı. Sonuncu hadisəni xatırlayın...
   
   Deyəcəksiniz ki, hadisədi də baş verib, hər yerdə olur, indi də bizə üz verdi bu faciə. Canımızı ağrıtdı, ürəyimizi sızlatdı. Lakin bu deyilənlər nə qədər həqiqət olsa da və hər gün də biz o həqiqətləri telekanalların ekranında, dünyanın müxtəlif nöqtələrindən izləsək də, amma sonuncu olay qədər bizə təsir edəni yəqin ki, olmayıb. Ən azı ona görə ki, bu dərd bizim can yanğımız idi, bizə köynəyimiz qədər, bəlkə ondan da bir az artıq yaxın idi. Yaxınlığın təsirindən biz ağrını ilk anda o qədər də yaşaya bilmədik. Xəbərin şoku bizi sarsıtdı, duruxub cərəyan vurmuş adam kimi hərəkətsiz qaldıq. Amma günün sonunda artıq biz dərdlə-ağrıyla baş-başaydıq. Çünki onu eşitmə, görmə duyğularımızdan ürəyimizə, şüurumuza keçirmişdik. Nələr baş verdiyini, necə baş verdiyini, nələr itirdiyimizi artıq əməlli-başlı görüb-duyub yaşayırdıq.
   
   Bəli, insan bəlkə özü boyda da dözüm deməkdi. Daha doğrusu, özündə özü boyda dözüm ehtiva edir. Hər kəs gücü çatan qədər dözür. Mən inana bilmirəm ki, insandan dözümlü yer üzündə hansısa bir canlı ola bilsin. Biz 20 yanvarda, Qarabağda şəhid olanların acısına da dözdük. Sonuncu faciəmizə də dözəcəyik. Çünki bizim bir yarlığımız da, daha doğrusu, kimlərinsə haqqımızda dediyi və bizim də çox şəstlə təkrar etdiyimiz bir bənzərişimiz də var. Deyirlər ki, biz çox dözümlü xalqıq. Elə o dözümün günahındandır ki, Qarabağ itkisinə, torpaq itkisinə də oturub dözürük. Gözləyirik ki, lazım gələndə hərəkət edərik. Amma dözə-dözə də hər şeyə, o cümlədən də itkilərimizə qarşı laqeydləşirik. Çünki böyük səbr sonda bir laqeydlik, bir biganəlik də yaradır. Bax elə dözdüyümüz faciələr də bu dediklərimizi təsdiq edən adi bir məqamdır.
   
   Apreldə göy üzündə əlçim-əlçim buludların çoxluğunu hamımız gördük. O buludlar Azərbaycanın müxtəlif bölgələrində müxtəlif fəsadlar törətdilər, at oynatdılar. Elə Bakının özündə də buludların "ağladığını" tez-tez müşahidə etdik. Hətta düşündük ki, deyəsən, qış geri qayıdır. Yaxşı ki, fəsillər yerlərini dəyişik salmayıblar, yaxşı ki, qış geri qayıtmır və çox şükür ki, da bu nizam hələ pozulmayıb. Yoxsa:
   
   
   
   çox qəribədi,
   
   nədənsə
   
   bu qəfil yaz yağışı
   
   çəkilib bir xəlvətə
   
   gizlicə ağlayan
   
   anamı xatırlatdı...
   
   bu yaz yağışının altında
   
   məni tutub saxlayan
   
   damlalardakı istilik
   
   və bir də
   
   göz yaşlarının dadı
   
   uşaq kimi aldatdı...
   
   gölməçələri sümürdü
   
   şalvarımın balaqları
   
   göy üzünə boylandım
   
   sanki mənə göründü
   
   o qızın yanaqları
   
   bu yaz yağışında
   
   ilahi bir işıq vardı
   
   bir az inad göstərsəm
   
   saymaq olardı
   
   göz gilələri boyda damlaları...
   
   
   
   ... Ağlayan buludların sonundakı işığımız Tanrıdan kəsilməsin...

TƏQVİM / ARXİV