adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

GORSUZ ADAM...

BABƏK YUSİFOĞLU
45873 | 2009-05-18 23:34
Əslində bu yazını dünən yazmalıydım ki, bu gün qəzetimizin oxucuları bundan xəbərdar olaydılar. Çünki sovet dönəmində yaşyan insanlar çox gözəl bilir ki, hər il 1 May günü təntənli surətdə qeyd olunardı və proletariat olan da, olmayan da təzə paltarlarını geyinib çıxardılar zəhmətkeşlərin 1 may nümayişinə. Və kimin nəyə gücü çatardısa elə də kef eləyərdi. Heç nəyə imkanları çatmayanlar da qayıdıb gələrdilər evlərinə. İndiki məqamda belə hesab edirəm ki, bu köşə yazımı 1 maydan bir gün sonra oxusalar da dünya dağılmayacaq. Əksinə 1 Mayda bayramı qeyd edənlər səhəri ayıq başla yazdıqlarımdan xəbər tutsa, daha yaxşı olar. Çünki söhbət proletariatın dahi rəhbəri Vladimir İliç Lenindən gedir.
   
   Lap gənc nəsil bu 1 nömrəli proletarı yaxşı tanımasa da əksəriyyət onun nəşinin hələ də torpağa tapşırılmadığından xəbərdardır. Özü də heç kəs elə düşünməsin ki, Volodya Ulyanov, yəni Lenin öləndə kimlərəsə vəsiyyət eləyib ki, onu torpağa basdırmasınlar. Xeyr. "Prosto" Leninin xətrini dünyalar qədər istəyən Stalin razı olmayıb ki, onun əziz dostu torpağa qarışıb yox olsun. Və bu səbəbdən də demək olar ki, o, yer üzünə gəlib-gedən milyardlarla insanların arasında yeganə şəxsdir ki, goru yoxdur. Bəlkə də elə buna görədir ki, sovet quruluşunun xosunbay olmasını həzm edə bilməyənlər hər sözü işlətsələr də, təkcə onu deyə bilmirlər ki, ayə Lenin, gorun çatlasın.
   
   Bəziləri də deyir ki, Lenin o qədər günahlar işlədib ki, torpaq onu qəbul etməyib. O fikirdə olanlarda var ki, guya Lenin torpağa basdırılsaymış, ondan sonra yeni bir Lenin doğulasıymış. Bir sözlə? o bədbəxt oğlu bədbəxt üçün hər cür söz danışırlar. Hələ özgə millətlər bir yana dursun, urusların özü də get-gedə nəinki onu adam yerinə, heç meyit yerinə də qoymurlar. Mən də bu yazımla MDB məkanında fəaliyyətdə olan kommunist partiyalarına, ümumiliydə bütün dünyanın proletariatına xəbərdarlıq elmək istəyirəm ki, Leninin başında daha ciddi təhlükələr dolaşmaqdadır. Vaxt varkən bir əlac qılsınlar, çünki birdən onun başına bir iş gələr, proloteriat bütün dünyada biyabır olar. Bu gün 1 May nümayişi keçirməyin zəruri olduğunu ispatlamağa çalışan adamlara, proletariat nümayəndlərinə demək istəyirəm ki, öncə o Leninin işini həll edin, sonra bayram davasını edərsiniz, bayram qaçmır.
   
   Urusların hökuməti Leninin saxlandığı o məşhur mavzoleyə dövlət büdcəsindən verilən paraları yavaş-yavaş azaldır. 2003-cü ildən başlayaraq isə "vobşe" oranın pulunu xeyli kəsib. İndi məlum olur ki, Leninin əynindəki kostyum axırıncı dəfə elə 2003-cü ildə dəyişdirilib. Başqalarını deyə bilmərəm, şəxsən mən urus hökumətinin yerinə utanıram. Vallah, ayıbdı. Əlim o Putinə çatsaydı deyərdim ki, ə Volodya, hər cür işə, hər cür kefə, lap elə Gürcüstana hücum etməyə pul tapırsan, ermənilərə "krupnı partiya" müftə-müsəlləh silah bağışlayırsan, amma Leninə təzə bir kostyum aldıra bilmirəsən? Eyni kostyumu 8 il geyinmək olar? Özünüz bir kostyumu heç 8 gün də geyinmirisinz.
   
   Hələ bilmək olmaz, o bədbəxtin maykası, digər alt paltarları nə gündədi. Uzandığı taxtın halı nə təhərdi. Ayıb döyül sizə? Tutaq ki, bahalı kostyum ala bilmirsiniz, əliniz aşağıdı, gedin "tolkuşka"dan-zaddan heç olmasa ucuzvari bir kostyum alın geyindirin də bu zalım balasına. Orada işləyənlərin dediyinə görə, kostyum, alt paltarı, ayaqqabı cəhənnəm olsun, heç dərman - xloramin də ala bilmirlər. Bə bu dərmansız nə təhər olsun?
   
   Deyilənə görə, bir müddət öncə mavzoleyin gözətçilərindən birinin Leninə yazığı gəlib, evdən geyinmədiyi kostyumu gətirib ki, rəhbərə geyindirsin. Məlum olub ki, onun kostyumu Leninin "razmer"inə uyğun gəlmir. Nə isə bu cür faktları sadalayıb proletariatın qanını qaraltmaq istəmirəm. Onsuz da indi o qədər dərdləri var ki, vallah, bədəbəd ayaqda heç Lenin də yadlarına düşmür.
   
   Sadəcə olaraq proletariata məlumat verirəm ki, proletariatın rəhbərinin vəziyyətindən xəbərdar olsunlar və kütləvi şəkildə hökumətə müraciət eləsinlər ki, o gorsuz adama beş-on rubl maya qoyulsun. Yoxsa Lenin təmiz əldən gedəcək. ə
   
   

TƏQVİM / ARXİV