adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

GECƏ GƏLƏN MüSAFiR KiM iDi?

12880 | 2009-05-02 00:44
(əvvəli ötən
   
   şənbə sayımızda)
   
   
   
    Maksim Qorki məşhur ingilis yazıçısı Herbert Uelslə (1866-46) Amerika səfəri zamanı tanış olmuşdu. Bir il sonra - 1907-ci ildə onlar yenidən görüşdülər. Bu dəfə Londonda. Realist əsərlər müəllifinin fantastik mövzulara müraciət edən ədibə qanı möhkəm qaynamışdı. Aralarında yaranan səmimi münasibətdə mütəmadi məktublaşmalar qırılmaz körpü rolunu oynayırdı.
   
   1914-cü ildə Uels ilk dəfə Rusiyaya gələndə Petroqradda "Astoriya" otelində yerləşmişdi. Qələm dostu Aleksey Maksimoviçin də pürrəngi çayını içmişdi. İngilislər yaxşı çayın ləzzətini yaxşı bilirlər. Mariya İqnatyevna bu işin ustası idi. Neçə vaxtdan bəri qürbətdə yaşayan Aleksey Maksimoviç İtaliyadan o vaxt yenicə vətənə qayıtmışdı. Düz 6 il sonra, 1920-ci ilin payızında təkrar gəlişində Rusiyada tam başqa mənzərə hökm sürürdü. Bir çox arzuların gerçəkləşdiyi ucsuz-bucaqsız məmləkətdə bir çox ümidlər də əbədi puç olmuşdu. İngilis fantastının hər nə desən uydurmağa qadir olan qələmi qaliblər ölkəsində yaxın gələcəkdə baş verəcəkləri təsvir etməkdə aciz qalmışdı. Ab-havası büsbütün dəyişən Neva sahilindəki şəhərdə dəyişməyən bir şey gördüsə, o da qələm dostunun səmimi münasibəti, ürəkdən gələn qonaqpərvərliyi idi. Uels böyük oğlu Ciplə bərabər gəlmişdi ki, yeni dünya barədə təsəvvürü yaransın. "Avrora" kreyserindən açılan top atəşindənmi, Qış sarayına hücuma keçən matrosların harayındanmı, yoxsa biganəlikdən, səriştəsizlikdən, sahibsizlikdənmi, dəqiq deyə bilmərəm, amma nəticədə şəhərin ən rahat mehmanxanası sayılan "Astoriya" düşdüyü vəziyyətdən qonaq-qara yanında üzü qara olmuşdu. Amma, bolşeviklərin Maksim Qorkiyə ayırdığı ev-eşik payı nəinki ailəsinə, hətta dost-aşnasına da gen-bol yetərdi. Bu cür hökumət qayğısının mayasında yazıçının şəxsi rahatlığından daha çox işin siyasi tərəfi dayanırdı. Ölkəyə gələn əcnəbi xadimlər gərək görəydilər, gedib hər yerdə danışaydılar, mümkünsə mətbuatda yazaydılar ki, sovet hökuməti istedadlı qələm sahiblərinə, görkəmli sənət adamlarına necə diqqət ayırır. O illərdə bu cür təbliğat tələsinə düşənlər az deyildi.
   
   Herbert də, oğlu da Qorkinin mənzilində özlərini çox rahat hiss edirdilər. Rus mətbəxini də ürəkdən bəyənmişdilər. Uelsin bu dəfəki səfəri bolşevik Rusiyasi ilə tanışlıq məqsədi daşıyırdı və ən həssas məqam Vladimir İliç Leninlə görüş olacaqdı.
   
   Məlumdur kİ, İkinci Dünya savaşı, ölkədə gedən vətəndaş müharibəsi, fevral və oktyabr çevrilişləri, digər dağıdıcı hadisələr, pozucu proseslər iqtisadi cəhətdən Rusiyanı gücdən salmışdı. Nəqliyyat vasitələri çatışmışdı, dəmir yolları sıradan çıxarılmışdı. Kənd təsərrüfatı sahəsi bütünlüklə tənəzzülə uğramışdı. İldə cəmi 400 milyon kilovat/saat elektrik enerji istehsal edilirdi. Sənaye məhsullarının həcmi Uelsin ilk gəlişindəki dövrlə müqayisədə 7 dəfə azalmışdı. Küçə və meydanlar dağıntılardan təmizlənməmişdi, tikinti-bərpa işləri aparılmırdı. Bununla belə, qırmızıların xeyrinə müəyyən dəyişikliklər də baş vermişdi. Antanta ittifaqına daxil olan dövlətlər Rusiya blokadasına son qoymuşdu. Odessa ağqvardiyaçılardan, Kiyev polyaklardan yenicə azad olunmuşdu. Vrangelin ordusu Çənub cəbhəsində gedən həlledici döyüşlərdə darmadağın edilmişdi. Komissarlar Sibirdə admiral Kolçakı güllələmişdi. Qəribədir ki, qan su yerinə axan bir vaxtda saysız-hesabsız çətinliklərə rəğmən teatrların, konsert və sərgi salonlarının, nəşriyyatların, təhsil ocaqlarının fəaliyyəti günbəgün güclənirdi. Leninin təbirincə desək, incəsənətin kütləyə ən təsirli növü sayılan kinonun inkişafı ideoloji sahədə dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdi. Bu arada Nikolay padşahın Qış sarayı da uzun müddət sahibsiz qalmadı. İlk fəhlə-kəndli dövləti tezliklə orada İnqilab muzeyi yaratdı.
   
   
   
   LENİN FANTASTI DA
   
   HEYRƏTLƏNDİRDİ
   
   
   
   Oktyabrın 5-də Petroqraddan qatarla Moskvaya gələn Herbert Uels İngilis missiyasında gecələdi. Paytaxt həyatı ona daha canlı göründü. Dükan-bazar hərəkətli idi. Diqqətini çəkən məqamlardan biri də Kreml qüllələrində Romanovlar imperiyası rəmzinin ikibaşlı qartalın 3 il ötməsinə baxmayaraq, hələ də toxunulmaz qalması oldu. Kilsə qapılarına iman gətirən bəndələrin üzünə taybatay açıq ikən yaxınlıqdakı divarda iri hərflərlə "Din xalq üçün tiryəkdir "yazılmışdı. Çip rus dilində yazılan şüarı oxuyub atasına tərcümə etdi. Uelsi təəccüb bürüdü.
   
   Ertəsi gün səhər açılanda qara geyimli qırmızı matrosların müşayiəti ilə qonaq Kremlə gəldi. Leninin kabinetinə çatana kimi bir neçə otaqdan keçməli oldu. Hər keçiddə ciddi surətdə sənədlər və təhlükəsizlik baxımında aparılan yoxlamalar bir qədər canını sıxsa da, İliçlə şəxsən tanışlıq xoş ovqat yaratdı. Rəhbərin iş otağı geniş,işıqlı və olduqca sadə idi. Stolun üstü müxtəlif qovluqlarla, sənədlərlə doluydu. Hiss olunurdu ki, rəfdəki kitablar da bəzək əşyası deyil, gündəlik çalışmalarında ən çox istifadə olunan ədəbiyyatdır. İri pəncərələr birbaş Qızıl meydana açılırdı. Bu gözəl mənzərəni seyr etmək qonağa da nəsib oldu. İlk dəfə görüşsələr də aralarında çox tez ünsiyyət yarandı. Bunun bir səbəbi də tərcüməsiz anlaşmaları idi. Danışığında müəyyən ləhcə hiss olunsa da, İliçin səlis ingiliscəsi, zəngin söz ehtiyatı, cümlə quruluşunda qrammatik qaydaları gözləməsi Uelsin xoşuna gəlmişdi. Bütün bunlar barədə xatirələrində də ətraflı yazacaqdı.
   
   Özünü Rotşteyn kimi qonağa təqdim edən şəxs onlarla bərabər əyləşib arabir söhbətə müdaxilə edir, yeri gələndə bu və ya digər məsələyə münasibətini bildirirdi. Danışığin ahəngini pozmadan bəzən yerindən qalxıb əlindəki fotoaparatla onların şəklini çəkirdi. Uelsə elə gəldi ki, bu adam xüsusi xidmət orqanlarının əməkdaşıdır. O da ingiliscə həddənziyadə səlis danışırdı. Fyodor Aronov Rotşteyn 1901-ci ildən Rusiya Sosial Demokrat partiyasının üzvü idi. İyirmi ildən artıq Britaniyada yaşamışdı. Bir müddət Amerikada, Almaniyada çalışmışdı. 1920-ci ildə yenicə Moskvaya qayıdıb Xarici İşlər komissarlığında məsul vəzifə sahibi olmuşdu. Xüsusi etibar və səlahiyyət sahibi olmasaydı, ölkə başçısının, partiya liderinin kabinetində özünü belə sərbəst aparmazdı. Bu məqam Uelsin nəzərindən qaçmadı.
   
   Leninin söylədiklərini yazıçı həvəslə dinləsə də, eşitdiklərinin hamısı ona inandırıcı təsir bağışlamadı. Sanki xoşbəxt gələcək barədə xoşniyyətli xəyalpərvər insanın nağıllarını dinləyirdi. Təsadüfü deyil ki, İngiltərəyə dönəndən sonra nəşr etdirdiyi kitabında səfər təəssüratlarını geniş qələmə alan Uels Vladimir İliçi "Kreml xəyalpərvəri" adlandırmışdı. Rusiyanın qısa müddətdə elektrikləşdirilməsi planı fanfastın fantaziyasına heç cür sığmırdı. QOELRO layihəsi ona şirin xəyal kimi görünürdü. Səfərdən öncə oxuduqlarından, eşitdiklərindən, uzaqdan-uzağa bildiklərindən, öyrəndiklərindən Lenin haqqında onda müəyyən təsəvvür vardı. Amma bu görüşdən, ətraflı söhbətdən sonra Kremli tam başqa təəssüratla tərk etdi. Siyasətçi gücünün, professionallığının əsas göstəricilərindən biri də budur ki, qarşında istər çoxsaylı xalq kütləsi dayansın, istər bir nəfər otursun, heç fərq etməz, gərək həmsöhbətini inandırmağı, özünə həmrəy, həmfikir etməyi, onun şüuruna emosional-ideoloji təsir göstərməyi bacarasan. Lenin bunu məharətlə bacarırdı. Uels bunun canlı şahidi oldu.
   
   FANTASTDAN NƏ DESƏN GÖZLƏMƏK OLARMIŞ
   
   
   
   Moskva görüşlərini başa vuran Uels yenə Petroqrada qayıtdı. Səbrsizliklə onun yolunu gözləyən Aleksey Maksimoviç evdə gözəl süfrə açmışdı. Masa üzərində hər nə desən tapılardı. Uels təəssüratları səxavətlə bölüşürdü. Moskva görüşləri barədə onun fikirləri Qorki üçün də çox maraqlı idi. Danışa-danışa ləziz təamlardan yedilər, içdilər. Cipin bəzi rus kəlmələri işlətməsi söhbətə özəl rəng qatır, şirinlik gətirirdi. Axı uzaqgörən atanın təkidi ilə sözə baxan oğul neçə vaxtdır rus dilini öyrənirdi.
   
   Qeyri-adi əsərlər müəllifi qeyri-adi güçə, görkəmə malik olmasa da, qeyri-adi sevgi-məhəbbət macəralarının qəhrəmanı kimi seçilirdi. 40 roman müəllifini bu məsələdə tələb olunan tərəfmüqabil eləyən təkcə sevən qəlbi yox, həm də sevilən qələmi, aləmə yayılan şan-şöhrəti idi. Şöhrət, dövlət insanın bəxtinə yar olanda yarası yox, yarı çoxalır. İki nəfərlik sevgi ümmanının sevincdən təlatümə gələn dalğaları gah şaxə qalxar, gah da ləpədöyəndə sakitçə pıçıldaşar ki, kənardan nəzər dəyməsin. Dəniz suyu kimi bəzən duzlu, bəzən duzsuz olsa da, sevgi ümmanı heç vaxt sükuta qərq olub dinməz dayanmaz...
   
   İllər boyu qələmə sarılan xəyalpərvər ingilisin o gecə qoynuna bir rus gözəli möhkəm sarılıb sabahadək hisslərini paylaşdı... Yuxusunu qaçıran mələk onun röyalarını canlandırdı. Adına inqilab beşiyi deyilən qədim şəhərdə özünün sonuncu məhəbbətinə ilk dəfə laylay çaldığı unudulmaz anlarda heç bilmədi nə vaxt, necə gecə sabaha qovuşdu. Alatoranda sevda dolu otaqdan oğrun-oğrun çıxıb dəhlizin o başına tərəf yollanan bəxtəvər vardı...
   
   O gecə Qorkinin müsafiri Herbert Uelsin ismipünhan müsafiri görən kim idi?
   
   

TƏQVİM / ARXİV