adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

SIğINACAQ

VƏSİLƏ USUBOVA
24605 | 2009-04-25 00:31
Sizləri bilmirəm, mən yaşımın bu çağında da nağıllara inanıram. Bu dünyanın qarışıq, dolaşıq işlərindən, siyasi hoqqabazlıqlarından, şişirdilmiş məlumatlarından şişmiş, bezmiş beyinlərimizin, ürəklərimizin şirin, aldadıcı təsəllisi kimi dinləyirəm sirli-sehrli nağılları, rəvayətləri. Keçən il, inişil olanların çoxunu ya unutmuşam, ya da dumanlara bürünərək yaddaşımın hansı qatındasa gizləniblər. Ancaq lap uşaq yaşlarımda eşitdiyim nağıl və rəvayətlərin parlaq işığı, xoş istisi hələ də canımdadı və zaman keçdikcə daha da artaraq ruhumu anbaan təzələyir. Qəribədir, daha oxumaqdan çox dinləməyi xoşlayıram nağılları. Lap balaca uşaqların öz şəkilli kitablarından oxuyub əzbərlədikləri ən bəsit nağıllara belə maraqla qulaq asıram. Onlar da bunu görüb özlərinə məxsus müdrik bir görkəm alır, özlərindən qat-qat yaşlı birisinə hansısa vacib mətləbləri anlatdıqlarını güman etdikcə, onsuz da saf və məsum olan çöhrələri bir az da nurlanır. Daha bilmirlər ki, biz zavallılar nağıllara inana-inana, həyatdan qəfil olacaqlar uma-uma bu günə qalmışıq. Əlacsızlıqdan təzədən nağıllara üz tutmaqdan başqa çarəmiz qalmayıb...
   
   Nağıllara inanmağa da dəyər, üstəlik onları uydurmağa da...
   
   Çünki nağılların sonu xoşluqla bitir...
   
   Çünki nağıllarda Ümid var!
   
   Nağıllarda ümiddən də güclü İnam var!
   
   
   
   ***
   
   
   
   Uşaqlıqda eşitdiyim bir rəvayət də elə inam dolu işığıynan yadımda qalıb:
   
   Olduqca mehriban iki qardaş varmış. Kiçik qardaş yataq xəstəsi olan böyük qardaşın yolunda girinc-giriftarmış. Avtomobilin, qatarın, təyyarənin olmadığı bir dövrdə ətrafda əli çatan, ünü yetən bütün təbibləri, loğmanları qardaşının üstünə gətiribmiş, onların məsləhət bildiyi bütün dava-dərmanları da alıbmış. Amma xəstəlik böyük qardaşın yaxasından əl çəkmirmiş. Elə vəziyyət yaranıbmış ki, kiçik qardaş hər qapıdan girəndə xəstə onun əlinə baxırmış ki, görsün bu dəfə hansı dərmanı gətirib. Bir gün evə əliboş qayıdır, qardaşının ümid dolu baxışlarına dözə bilməyib dabanı üstə geri qayıdır. Daha üz tutulası yer qalmadığından bir xeyli çöl-biyabanda dolaşır. Birdən heyvan ləpirinə yığılmış sarı, bulanıq su gözünə sataşır. Həmişə cibində gözdirdiyi boş dərman şüşəsini çıxarıb sudan doldurur, evə gətirib intizarla yolunu gözləyən qardaşına verir. Rəvayətə görə, həmin suyu içən xəstə sağalıb birdəfəlik yataqdan durur...
   
   Xəstəni heyvan ləpirindən yığılmış su yox, inam sağaldır!
   
   Bu, inandırıcıdı...
   
   
   
   ***
   
   Nəyəsə inanmaq yaxşı şeydi. Təsəlliverici, ruhlandırıcı duyğudu. İnsan övladının bir qəribəliyi də ondadı ki, öz uğurunu da, uğursuzluğunu da nəyəsə bağlamaqda maraqlıdı. Yaranmışların ən şüurlusu özündən zəifə belə pənah gətirməyi, ondan məsləhət almağı, zülmlə, zillətlə qazandıqlarını da onun adına çıxmağı sevir. Yəqin, bunu ona görə edir ki, özünü, heç olmasa, fikrən də təklənmiş hiss eləməsin- başının üstündə, yanında kimlərinsə durduğunu həmişə duysun...
   
   Bəlkə özü-özünü aldadır insan?!
   
   Bəlkə öz içindjə xəyalı bir nur yaradır ki, qaranlıq yollarına işıq saçsın, dar ayaqda , büdrəyəndə qolundan tutsun, qəlbinə təpər olsun?!
   
   Bütün inanclar ilahi qüvvələrlə bağlı olmur. İnsan inamı öz əliynən becərdiyi bir ağaca da pənah gətirə bilər. Düşüncə və xəyallarını kiminsə, nəyinsə adına ünvanlayıb güc, təsəlli, rahatlıq tapa bilər. İnsan daşın bağrında çiçək bitirən təbiətə də, qarşısına çıxan adamın ona uğur gətirəcəyinə də, ömürlük məhkum olunduğundan da bir gün qurtulacağına inanır. Bu inam onu sınmaqdan, qırılmaqdan qoruyur!
   
   İnsan hətta real , məntiqi olmayanlara da özünü inandırmağı bacarır. Gözünü dünyaya açandan saysız-hesabsız ölümlərin şahidi olsa da, özünün də bir gün bu həyatdan köçəcəyinə inanmır. Diliynən desə də, gördüyü-eşitdiyi hər şey bu acı həqiqəti təsdiq eləsə də, inanmır. İnandırıcı olmayan çox şeylərə inanır, amma öz ölümünə inanmır. Yaxşı ki, inanmır. Yoxsa, bütün ömrü boyu əlini əlinin üstünə qoyub oturar, bir çöpü də yerindən tərpətməzdi...
   
   
   
   ***
   
   
   
   İnanmaq bəsitlik deyil. İnam insanın azadlığını da əlindən almır. Əksinə, həyatını daha da dolğun və məzmunlu edir. Bir parça daşa, ağaca inam gətirən insan öz sinirlərinə sakitlik, duyğularına sərinlik bəxş etmiş olur. Arzularının çin olacağına, mətləbinə, muradına yetəcəyinə özünü inandırır. Və bu inam möcüzələr yaradır. Deyirlər, xoş duyğular qanda xoşbəxtlik hormonları yaradır, ruha təzəlik gətirir.
   
   Lap elə ilahı qüvvələrə inam da ( fanatiklik yox) insanın gücünü artırır, bir işin arxasınca əminliklə getməsinə yardımçı olur. Bəzən çabalarımız heçliyə, puçluğa tuşlansa da, içimiz boşalmır, inamın işığında irəliyə getməkdə israrlı oluruq. Sırf ateist böyümüş müəlliməm bundan ancaq uduzduğunu təəssüflə mənə danışırdı. Şəxsi həyatındakı bütün uğursuzluqları özünün inamsız böyüməsiynən bağlayırdı. Ona qulaq asanda həyat təcrübəm az idi, mən də hər şeyin insan iradəsindən asılı olduğunu güman edirdim. Amma bir də belə söhbətlər etmək fürsəti düşsə, artıq özümün də taleyə, alın yazısına inandığımı ona deyərəm. İnananda qəribə rahatlıq tapırsan. Anlayırsan ki, sənin bütün çarpışmaların, üzüntülərin, nələrisə sübut eləmək inadın əbəsdi. Bu gün yaşadıqların sənlik deyil. Sənin üçün yazılmış ssenaridi ki, sən də onu oynamağa məhkumsan... İstəsən də, istəməsən də...
   
   
   
   ***
   
   
   
   Nə edəsən ki, inam deyilən o şirin duyğunu bütün ömrün boyu qoruyub saxlaya bilmirsən. Və bu itki sənlik olmur. Onu elə qırıq, elə parçalayıb məhv edirlər ki, bir zaman içində belə şirin, möhtəşəm bir yaşantının olmasına özün də şübhə edirsən. Həyat cansıxıcıdı, xəyanətlərlə doludu. Sənə öyrədilənlərin, oxuyub eşitdiklərinin həyatın türlü sərtliklərində gündən-günə əridiyini, itdiyini görüncə, paralel olaraq özünün də quruduğunu, sərtləşib qabalaşdığını hiss edirsən.
   
   Bütün aldanışlar inamdan doğur. İnanmasan, özünü aldanmış da saymazsan. İnamın son ucu xəyal qırıqlığıdı. Bir filmdə Yuli Sezar "inam" sözündən qorxduğunu deyir. Güclü fəhm sahibi haqlı çıxır: onu məhz ən çox inandığı adam qətlə yetirir. Bəzən inamın kökündə inmsızlıq dayanır və ya əksinə, inana-inana göz qırpmadan inamsızlığın üstünə gedirsən. İnanmadığın bir şeyin altında isə böyük bir inam gizləndiyinin günlərin birində şahidi olursan...
   
   İnanmaq bəzən ( əslində çox zaman) aldanışa, təhlükə və faciəyə gətirib çıxarır. Şekspirin " Otello" faciəsində olduğu kimi. Uşaq kimi saf, saf olduğu qədər də igid olan bir insan hiylə və məkrin qurbanına çevrilir. Özündən də pak və məsum olan sevgilisinin qatilinə çevrilir. Belə faciələrdən nə tarix və zaman utanır, nə də insanlar öyüd alırlar. Yalnız özləri etibarsız olanlar heç kəsə bel bağlamır, ürək qızdırmırlar. Hamını özləri kimi görürlər. Belələriyçin yaşamaq asandı: heç kəsə inanmırsansa, arxa çevirmirsənsə, deməli aldanmayacaqsan da. Vay qəlbi sevgi, ümid və inamla dolu olanların halına. Bunların qarşılığını görməyəndə, bu yetməzmiş kimi əvəzində etibarsızlıq və xəyanətlə üzləşəndə ömürləri cəhənnəm əzabına dönür. Ən çox pisliklərlə üzləşəndə həyat təcrübən artır. Ancaq bu təcrübə çox acı, göynərtili bir şeydi. Bunu qazanmamaq daha yaxşı olardı. Bəzən hətta qürurla deyirik: " Daha mən heç kəsə inanmıram. Hamının etibarını görmüşəm". Çox təəssüf! Burda güvənməli heç nə yoxdu...
   
   İnamsızlıq qəlbin faciəsidi!..
   
   
   
   ***
   
   
   
   Bu yazının adını elə " İnam" və ya " Etibar" da qoya bilərdim. Qoymadım. Sadəcə " Sığınacaq" adlndırdım sizinlə bölüşmək istədiyim fikirlərimin cəmini. İnsanlar göylərdən gələn bəlalardan- ildırımdan, doludan, qasırğadan, tufandan qorunmaqçın sığınacaqlar qururlarsa, İnam və Etibar da qəlbimizin, ruhumuzun Sığınacağıdı. Bunlarsız insan övladı quru ağacdan və köhnə pal-paltardan düzəldilmiş bostan qorxuluğundan başqa bir şey deyil.
   
   Özümüzü qorumaqçın inama sığınırıq. İnanmaq bəzən peşimançılıq gətirsə də...
   
   İnamımızı diriltmək, qaytarmaq, yaşatmaqçın yaşımızdan asılı olmayaraq nağıllara inanmalıyıq. Lap balaca uşaqların bəsit nağıllarına da. Nağıllara inansaq, çox şeyi qaytaracağıq. Nağıllara inanmasaq Qarabağı qaytara bilməyəcəyik. Çünki o yurdu qaytara biləcək Ağ atlı oğlan da, Məlikməmməd də, adıynan öyündüyümüz tarixi və əfsanəvi ərənlərimiz də bu günümüzə ancaq nağıllardan dönəcəklər...
   
   

TƏQVİM / ARXİV