adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

BIçAQ KiMiN HARASINA DiRƏNiB?..

BABƏK YUSİFOĞLU
37766 | 2009-05-18 23:38
Son vaxtlar Azərbaycanın işğal olunumuş əraziləri ətrafında çox müxtəlif məzmunlu, çox müxtəlif mənalı fikirlər, açıqlamalar səsləndirilir. Müəyyən mənada buna haqq qazandırmaq da olar. Çünki problem ətrafında hərəkətlilik hiss olunur. Ağ Evin yeni sahibi Barak Hüseyn Obamanın özünü göstərmək təşəbbüsləri, Kremlin bölgədəki prosesləri öz nəzarətinə götürmək çabaları, Türkiyənin Ermənistanla dostlaşaraq "soyqırım" iddialarını neytrallaşdırmaq fəaliyyəti, Ermənistanın sosial-iqtisadi krizisdən çıxmaq üçün yeni hiylələr üzərində işləməsi... həqiqətən də fərqli situasiyanın yarandığından xəbər verir.
   
   Diqqət etsək görərik ki, proseslərin gedişatında bizim üçün kifayət qədər qanqaraldıcı elementlər var. Azərbaycanın bu kritik dövründə yeganə müttəfiqi, dayağı sayılan Türkiyənin də geriyə çəkilməsi "oyunda" bizim mövqelərimizi xeyli dərəcədə zəiflədib. Dünya yenə işğalçı ilə işğal olunan tərəflər arasında bərabərlik işarəsi qoymaqdadır. Və bu gün qardaş Türkiyəni də özlərinin sıralarına qatan xristian dünyası indi Azərbaycanın ərazi bütövlüyündən çox Dağlıq Qarabağ probleminin həllindən, özü də qeyri-müəyyən "həllindən" danışırlar.
   
   Bu günlərdə Medvedev bildirib ki, regionda gedən prosesləri Moskva DİQQƏTlə izləyir və Rusiya Dağlıq Qarabağ probleminin həlli üçün təşəbbüslərini daha da artıracaq. İki gün öncə də ABŞ-ın Azərbaycandakı səfiri, çox hörmət bəslədiyim xanım Enn Dörsi bildirib ki, Qarabağ Obamanın və Klintonun DİQQƏTindədir. Avropa Birliyinin təhlükəsizlik və xarici siyasət üzrə ali komissarı Havyer Solana da mətbuata verdiyi açıqlamada söyləyib ki, AB regionda sülhün yaranmasında çox maraqlıdır və proseslər onların DİQQƏTindədir.
   
   Əslində səsləndirilən bu cür diplomatik fikirlərin, bəyanatların sayını çox uzatmaq olar, amma mahiyyətcə eyni olan bu fikirləri sadalamağa heç bir lüzum yoxdur. Sadəcə olaraq xalqımızın yaşadığı bu uzun, məşəqqətli və qarışıq dövrlə bağlı yalnız bir nəticə çıxarmaq mümkündü. Bizim Dağlıq Qarabağ problemi ona görə bu günədək həll olunmamış qaldı ki, məhz situasiyaya Vaşinqton, Moskva, Strasburq, Brüssel, BMT, ATƏT, Minsk qrupu... nəzarət, DİQQƏT etməyə başladı. Məhz bundan sonra acı bağırsaq kimi uzanan sülh prosesi başladı, məhz bundan sonra işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycan arasında bərabərlik işarəsi qoyulmağa başladı.
   
   Həmin "DİQQƏTləri" də təsdiqləmək üçün aradabir qətnamə qəbul edib bildirdilər ki, görürsünüz, biz məsələ ilə necə məşğuluq? Görürsünüz, biz beynəlxalq qanunları necə nəzərə alırıq? Əslində münaqişənin bu cür ədalətsiz şəkildə uzanmasında elə BMT-nin fasilələrlə qəbul etdiyi cəfəng qətnamələrin də əvəzsiz rolu olub. Çünki hər dəfə qəbul olunan bu qətnamələrdən sonra Azərbaycan tərəfi düşünüb ki, ola bilməz bu boyda təşkilat öz yazdığı qanunları dalbadal zibil yeşiyinə atsın.
   
   BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi öz ekspertlərini işğal altında olan Azərbaycan ərazilərinə göndərib. Məqsəd həmin regionda narkotika alveri və cinayətkarlıqla vəziyyəti araşdırmaq olub. Lakin BMT-nin missiyası ermənilər tərəfindən həmin ərazilərə qəti şəkildə buraxılmayıb. Onlar da suyu süzülə-süzülə qayıdıb gediblər xarabalarına. Bunu mən demirəm. Həmin faktları adı çəkilən təşkilatın Mərkəzi Asiya üzrə regional nümayəndəsi Ceyms Kallahan söyləyir. Əlbəttə, mən demirəm ki, BMT bu hərəkətlərinə görə ermənilərlə müharibəyə başlasın. Mən deyirəm ki, ermənilər BMT-nin göndərdiyi nümayəndələrin ağzından vurub geri göndərirsə, biz niyə ümidimizi bizdəki "JEK" qədər hörməti olmayan təşkilata, yaxud onun qətnamələrinə bağlamalıyıq?
   
   Tam qəti şəkildə inanıram ki, bu ortalığa düşmüş yekə qaşıqlar arada olmasaydı Ermənistanla Azərbaycan ya müharibə yolu ilə, ya da sülh yolu ilə məsələni çoxdan həll etmişdilər. Və indi nə Medvedevin, nə Enn Dörsinin, nə də qeyrilərin palaz-palaz bəyanatlarına, "bizi DİQQƏTdə" saxlamalarına ehtiyac qalmışdı.
   
   Bu gün artıq yüz faiz əminlklə demək olar ki, yuxarıda adlarını çəkdiyimiz, yaxud ümumiyətlə, adını çəkmədiyimiz təşkilatlar, paytaxtlar Dağlıq Qarabağ probleminin onların DİQQƏT mərkəzində olduğunu bildirməklə Bakını həmin bərabərlik işarəsi ilə razı salmağa çalışırlar.
   
   Vallah, nə Ağ Evin, nə Kremlin, nə də digər ağ evlərlə kremllərin zərrə qədər də vecinə deyil ki, sülh, yaxud hərb azərbaycanlılara, ya ermənilərə xeyir gətirəcək. Və çox böyük təəssüflə deməli oluram ki, nə yazıqlar Ankara da özünü bu siyahıya qatdı.
   
   Çoxlu vaxt itkisinə yol versək də bu gün çalışmalıyıq ki, Dağlıq Qarabağ problemini həmin ikiüzlü, maygülü beynəlxalq təşkilatların, paytaxtların DİQQƏTindən qurtaraq. Əl çəksinlər bizdən də, Dağlıq Qarabağ problemindən də. Başımızın çarəsinə özümüz baxaq. Və bu torpağın sərvətini, malını, pulunu, imkanlarını onun özünün parçalanmış sinəsini sağaltmağa sərf edək.
   
   
   
   P.S. Bilirəm ki, bu fikirləri sadəlövhlük adlandıranlar da, populist sayanlar da olacaq. Hətta mənə "bizə kim icazə verər, özbaşınayıq bəyəm" deyib irad tutanlar da tapılacaq. Amma bıçaq sümüyə dirənəndə hamı nə edirsə, biz də onu etmək zorundayıq. Mənim qənaətim və gözlədiyim budur. Kimlərinsə bıçaq sümüyünə yox, alayı yerinə dirənibsə, əvvəlcə bunu etiraf eləsinlər, sonra da kimlərinsə "DİQQƏTində" qalmağa davam etsinlər. Dərddən bezənlərə ağız büzməsinlər.
   
   
   
   

TƏQVİM / ARXİV